Məhkəmə qərarları › İş №2(104)-2649/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2649/2023

04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2649/2023 04.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(058)-797/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 02 mart 2021-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC tərəfindən Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kvm əmlak kompleksi İddiaçı satılmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 mart 2021-ci il tarixli ********** nömrəli çıxarış və Əmlak kompleksinin Texniki Pasportundan görünür ki, Samux şəhərində 0,4 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 2162,7 kvm olan əmlak kompleksi İddiaçı mülkiyyətindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kv.m əmlak kompleksindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kvm əmlak kompleksini "xxxx" QSC-dən 02 mart 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin əmlaka dair ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 10 mart 2021-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. Əmlak kompleksini "xxxx" QSC-dən aldıqdan sonra həmin əmlakın əvvəlki sahibi olmuş Cavabdeh əşyalarını aparmaq üçüqn bir həftə vaxt istəmiş və qeyri-yaşayış sahəsinə daxil olduqdan sonra əmlak kompleksinin qıfıllarını dəyişmiş və oradan çıxmayacağını bildirmişdir. Dəfələrlə cavabdehdən qeyri-yaşayış sahəsini boşaltmağı tələb etsə də, sonuncu buna əhəmiyyət verməmiş və əmlakdan qanunsuz istifadə etməyə davam etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 10 mart 2021-ci il tarixdən mülkiyyət hüququ pozulmuşdur.

5. Samux Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(058)-797/2023 nömrəli qətnaməsi ilə (hakim T.Kərimova) iddia tələbi təmin edilərək, Cavabdeh iddiaçıya məxsus, Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən, sahəsi 2162,7 kvm olan əmlak kompleksindən çıxarılması və həmin əmlak kompleksi boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 357-360-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, alqısatqı müqaviləsi əsasında 0,15 ha torpaq sahəsini və orada yerləşən 72 kv.m metal konstruksiyadan ibarət ticarət köşkünü almış və buna dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi əldə etmişdir. Mübahisəli torpaq sahəsi onun mülkiyyətində olduğuna görə iddiaçının adına verilmiş çıxarışın ləğvinə dair iddia ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, 0,4 ha torpağın iddiaçının mülkiyyətində olmasını deyil, alqı-satqı müqaviləsi əsasında alınmış 0,15 ha torpaq sahəsi və orada yerləşən qeyri-yaşayış sahəsini mübahisələndirmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 0,4 ha torpaq sahəsi iddiaçıya satılsada həmin ərazidə mülkiyyətində 0,15 ha torpaq sahəsi və onun üzərində 72 kvm. metal konstruksiyadan ibarət ticarət köşkü var. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayəti qətnamənin icrasına mane olmaq üçün formal verilmişdir. Vəkil sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında nümayəndəsi (vəkil) ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

15. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı xüsusi mülkiyyətində olan Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kv.m sahədən ibarət əmlak kompleksindən Cavabdeh çıxarmaqda düzgün nəticəyə gəlmişdir.

28. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, 02 mart 2021-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kvm əmlak kompleksi "xxxx" QSC tərəfindən İddiaçı satılmışdır. Həmin əmlaka dair İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 mart 2021-ci il tarixli ********** nömrəli çıxarış və Əmlak kompleksinin Texniki Pasportu tərtib olunmuş və onun mülkiyyət hüquqları qanunvericiliyin tələblərinə uyğun olaraq qeydə alınmışdır. İddiaçı Cavabdeh heç bir hüquqi əsas olmadan mülkiyyətində olan torpaqdan və onun üzərində yerləşən əmlak kompleksindən istifasdə etməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də iddianı təmin etmişdir.

30. Bu qətnamənin 27-ci bəndində də qeyd olunduğu kimi məhkəmə kolelgiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin alqı-satqı müqaviləsi əsasında 0,15 ha torpaq sahəsini və orada yerləşən 72 kv.m metal konstruksiyadan ibarət ticarət köşkünü almış və buna dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi əldə etmişdir. Mübahisəli torpaq sahəsi onun mülkiyyətində olduğuna görə iddiaçının adına verilmiş çıxarışın ləğvinə dair iddia ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, 0,4 ha torpağın iddiaçının mülkiyyətində olmasını deyil, alqı-satqı müqaviləsi əsasında alınmış 0,15 ha torpaq sahəsi və orada yerləşən qeyri-yaşayış sahəsini mübahisələndirmişdir dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.

31. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

32. Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kvm. əmlak kompleksinin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır bu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 mart 2021-ci il tarixli ********** nömrəli çıxarışla təsdiq olunur. Müılki qanunvericiliyə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Birinci instansiya məhkəməsi də Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsində İddiaçı mülkiyyətində olan 0,4 ha torpaq sahəsi və üzərində olan 2162,7 kvm əmlak kompleksindən çıxarılmasını qət etmişdir.

33. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarıilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(058)-797/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar