Məhkəmə qərarları › İş №2(104)-2670/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2670/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2670/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X4 və İddiaçı2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçılar X2 və İddiaçı2 iştirakı ilə, Samux Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(058)-946/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Samux Rayon İcra Başçısının Qaraağaclı qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışıdan görünür ki, X1 rayonu Köbər kəndində yerləşən fərdi yaşayış evinə məxsus qaz sayğacının xx.xx.2022-ci ildə qeyri müəmmalı şəkildə sınması barədə nümayəndəliyə məlumat vermişdir.

2. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 06 mart 2022-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Samux rayonu Lüksemburq kəndində yerləşən X2 yaşadığı ünvana quraşdırılmış “mex” G-4 markalı, **********5 nömrəli sayğac “mex” G-4 markalı, **********8 nömrəli sayğacla əvəz olunmuşdur.

3. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 307833 nömrəli 30 mart 2023-cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış X2 yaşadığı ünvanda quraşdırılmış **********5 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun sınması müəyyən edilmiş, buna görə də dəymiş ziyanın abonent tərəfindən ödənilməsi qərara alınmışdır.

4. 295104700000020 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, ünvan 2 ünvanda yaşayan abonent X3 akt üzrə 1555.20 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar X4 və İddiaçı2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İB tərəfindən əsassız hesablanmış 1585.88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar Samux rayon Köbər (köhnə Lüksemburq) kəndində yaşayırlar. Qonşu evdə yaşayan qardaşına məxsus iri buynuzlu heyvan onların yaşadığı evə məxsus sayğacı zədələmişdir. Onlar bu məsələ ilə əlaqədar “Azəriqaz” İB-nə qaynar xətt nömrəsi ilə, həmçinin Qaraağaclı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məlumat vermişlər. Onların müraciətindən sonra Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuş, köhnə qaz sayğacı isə onlar tərəfindən aparılmışdır. Bundan sonra 2023-cü ilin aprel ayında onlara həmin sayğacda aşkar olunmuş müdaxilə halına görə borc hesablanmasına dair xəbərdarlıq bildirişi gəlmişdir və müəyyən olmuşdur ki, “Azəriqaz” İB tərəfindən onlara 1585.88 manat borc hesablanmışdır. Hesab edirlər ki, həmin borc əsassız hesablanıb, belə ki, o və bacısı tərəfindən sayğaca heç bir müdaxilə edilməyib, sərf etdikləri qazın hesablanmış aylıq ödənişlərini isə hər zaman vaxtında ödəyiblər. Bu səbəbdən də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.

7. Samux Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(058)-946/2023 nömrəli qətnaməsi ilə (hakim Tərifə Kərimova) iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə X3 cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1555,20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc məbləğinin silinməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5, 4.1, 4.8 və 4.9-cu bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(058)-946/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, X7 İstismarı İdarəsinin Samux xidmət sahəsinin nümayəndələri tərəfindən iddiaçının mənzilində quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyinə gorə sayğac sökülərək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akt tərtib edilərək sayğac quraşdırıldığı yerdən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”na göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın rəyində qeyd edilmişdir ki, sayğacın çıxış plastmas borusu sınıqdır. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 mart 2023-cü il tarixli №0307833 nömrəli Akta əsasən itirilmiş təbii qazın hesabatı aparılmışdır. Hesabata əsasən G-4 markalı qaz sayğacının nominal saatlıq qaz sərfi 6 m /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 12960m3 itirilmiş qazın bərpası üçün hesabat aparılaraq rəy verilmişdir. Belə olan halda 4320m təbii qaz 0.12 qəpiyə vurularaq 1555.20 manat hesablanmışdır. Bununlada abonentin “Azəriqaz” İB-nin X7 İstismarı İdarəsinə 1555.20 manat borcu yaranmışdır. İş materiallarından da göründüyü kimi iddiaçınin qaz sayğacına müdaxilə etməsi və bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 mart 2023-cü il tarixli №0307833 saylı akt da qeyd edilməsi barədə kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

14. İş üzrə cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları

17. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, iddiaçılar X2 və İddiaçı2 təbii qazdan istifadəyə görə yaşadıqları Samux rayonu, Köbər kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.

33. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.

34. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.

35. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(058)-946/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar