Məhkəmə qərarları › İş №2(104)-2679/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2679/2023

20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2679/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2081/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2081/2023 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 14800 manat və gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 740 manat olmaqla cəmi 15540 (on beş min beş yüz qırx) manat pulun alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 250 manat pulun 100 (bir yüz) manat hissəsinin əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və İddiaçı iddiasının 2023-cü ilin yay aylarında cavabdeh tərəfindən 5.000 manat məbləğ ödənildiyi üçün bu hissədə və əssasız olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 740 manat hissəsində təmin edilməməsi, iddia tələbinin yerdə qalan 9.800 (doqquz min səkkiz yüz) manat hissəsində isə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh real zərərin əvəzi olaraq 14800 manat pulun, başqa şəxsin pul vəsaitini əsassız olaraq saxlamaq və ondan faydalanmağa görə 740 manat pulun, mənəvi zərərin əvəzi kimi 2000 manat pulun, vəkil xərcinə görə 250 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17820 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1642/2021 saylı qiyabi qətnaməsi ilə (hakim N.Mustafayev) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qeyd olunan qiyabi qətnamənin ləğv olunmasına dair Cavabdeh tərəfindən verilmiş ərizə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Moskva vilayətinin Domodedova şəhərində yerləşən “4 Sezona” meyvə bazasında bazanın qeyri-rəsmi direktoru olan X5 onu və bir neçə sahibkarı İlham Rəhimovun adından aldadaraq söz vermişdir ki, onlara kafe-restoran açmaq və meyvə ticarəti üçün yer verəcəkdir. Bu səbəbdən ona 500.000 ABŞ dolları nağd pul vermişdir. Sonra isə onu və digərlərini həmin obyektlərdən çıxararaq külli miqdarda ziyan vurmuşlar. Bu barədə yüzdən çox insan X11 Nazirliyinin Moskva vilayəti Baş İdarəsinə şikayət ərizəsi vermiş, hazırda da araşdırılma aparılır. 2020-ci ilin fevral ayında dostu X1 onu özünü İlham Rəhimovun bacanağı kimi təqdim edən, bu iş üzrə Cavabdeh yanına aparmışdır ki, o məsələni həll edəcək. O, oğlu İsgəndər və Elçin ünvan 1 ünvanında yerləşən İlham Rəhimovun ofisinə getmiş, orada Müşfiqlə görüşmüş, bütün məsələləri ona danışmışlar. Müşfiq onlara demişdir ki, İlham müəllim deyir ki, “ərizə yazanlardan 3-4 nəfər gəlsin mən qulaq asım”. Ona görə də Moskva şahərindən X2 (+7***-***-**-**) gəlmiş, olanları yəni Teyyub tərəfindən necə aldadıldığını danışmışdır. Müşfiq də qulaq asmış və demişdir ki, “İlham müəllimə deyəcəyəm”. Bundan sonra Moskvadan ikinci adam Namiq gəlmiş, o da aldadıldığını danışmış, Müşfiq də o deyənləri özündə qeyd etmişdir. Bundan sonra Cavabdeh (***-***-**-**) onu çağırmışdır ki, “dediklərinizi İlham müəllimə dedim o, Teyyubu çağırdı, məsələ 10 günə həll olur. X12 müəllimlə görüşünüz və məsələnin həlli üçün əvvəlcə ümumi məbləğin 50 faizini verməlisiniz”. O 30 faiz təklif etmişdir. Sonra isə demişdir ki, hələlik 50.000 ABŞ dollları verin. Onunla razılaşmamış və bildirmişdir ki, pul yoxdur, əvəzində maşın və ya ev versin. Lakin cavabdeh razılaşmamış, daha sonra ona bildirmişdir ki, “heç olmasa 20.000 ABŞ dolları ver”. Bunun da mümkün olmadığını ona bildirdikdə, cavabdeh demişdir ki, “onda heç olmasa 10.000 ABŞ dolları gətir”. Cavabdehlə razılaşmış və pulu sabah verəcəyini bildirmişdir. Cavabdeh razılaşmamış və bildirmişdir ki, “yox, elə bu gün gətir, mən axşam İlham müəllimlə görüşəcəm, İlham müəllim Teyyubu çağırıb, fevralın 25-də Teyyub Bakıda olacaq.” Həmin günü, təxminən 2020-ci ilin fevralın 10-da oğlu İsgəndərlə İlham müəllimin ünvan 2 ünvanında yerləşən ofisində 10.000 ABŞ dolları pulu Cavabdeh vermişdir. Fevral ayının 25-də Müşfiq ona zəng vurmuşdur ki, “İlham müəllim gedib, o qayıdandan sonra bir həftə ərzində məsələ həll olunacaq”. Bundan sonra hər həftə Müşfiq demişdir ki, “narahat olma, görüşürəm, danışıram, məsələ həll olunur”. 2020-ci ilin mart ayının 18-də Müşfiq ona zəng vuraraq çağırmış və o ofisə getmişdir. Müşfiq demişdir ki, “hər şey əladır, martın 25-də Teyyub Bakıda olacaq, İlham müəllim də məsələni həll edəcək”. Mart ayının 25-də Müşfiqə zəng vurmuş, onun telefonu cavab verməmişdir. Ofisə getmiş, orada növbətçi polisdən onun iş yoldaşları Afiq və Vasif vasitəsi ilə Müşfiqi tapmışdır. Yenə söz vermişdir ki, “bir həftəyə həll olur”. Müşfiq onu aldatdığı üçün onun evinin yerini öyrənmiş, bu zaman yenə də demişdir ki, “narahat olma yaxın vaxtda həll olur”. Çox söz-söhbətdən sonra Müşfiq ona 2200 manat qaytarmış və demişdir ki, “ya məsələ həll olunacaq, ya da pulunu qaytaracam”. May ayının 5-də isə telefonda demişdir ki, “pul da yoxdur, Teyyub da gəlmir”. Müşfiq ona hədə qorxu gəlmiş və demişdir ki, “gəl Qızıltac şadlıq sarayının yanına”. Oraya getmiş və orada Müşfiqi gözləmişdir. Müşfiqə zəng vurmuş, lakin telefonu açmamışdır. Həmin vaxt ona tanımadığı nömrədən zəng gəlmiş və bildirilmişdir ki, “biz Yasamal Polis bölməsindənik, sən bu şəxsi silahla hədələmisən”. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gəlmiş, orada yuxarıda göstərilən qaydada ətraflı izahat vermişdir ki, bu şəxs onu aldadaraq 10.000 ABŞ dolları pulunu ələ keçirmişdir. Müşfiq onu yalandan şərləyir ki, “guya mən onu öldürməklə hədələyirəm, məqsədi də pulumu qaytarmaq istəməməsidir”. Bundan bir gün sonra olanları dostu Elçinə demiş, Elçin isə ona bildirmişdir ki, “Müşfiq təklif edir ki, o bir şərtlə polisə verdiyi ərizəni geri götürəcək ki, Tofiq, İlham müəllimin adını unutsun, o barədə danışmasın, məndə olan pul barədə də danışmasın, onda mən gedib ərizəmi geri götürərəm, yoxsa Tofiqin evindən silah çıxartdıracam”. Yenə Müşfiqə mesai yazmış və zəng etmiş, lakin o telefonu götürməmişdir. Bundan sonra may ayının 8-dən 9-na keçən gecə ünvan 3 ünvanında yeləşən evinə gələndə maşını qaraja qoyanda hiss etmişdir ki, kimlərsə onu izləyir. Evə qalxmamış, telefonla uşaqlara zəng vurmaq istəmişdir. Həmin şəxslərdən biri onu evin qabağında olan qarajın yanına çağırmış və demişdir ki “Müşfiqlə bağlı məsələni unut, İlham müəllimin də qapısına gedə bilməzsən, onun ofisinə getmə, övladların var, yaxşı fikirləş”. Yuxarıda qeyd edilənlərə uyğun olaraq tərəfindən xx.xx.2020-ci ildə Bakı şəhər prokuroruna ərizə ilə müraciət olunmuş, ərizə Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinə göndərilmiş, materiallar üzrə təhqiqatçı araşdırma aparmış və yekunda xx.xx.2020-ci il tarixli HK-1/358 saylı materialların ərazi aidiyyatı üzrə Nəsimi rayon Polis İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Qərardan göründüyü kimi, Cavabdeh etiraf edir ki, “2020-ci ilin fevral ayında şəxsi problemləri ilə bağlı Tofiqdən xahiş etmişdir ki, ona borca 15000 ABŞ dolları pul versin. Həmin vaxt Tofiq qısa müddət ərzində qaytarmaq şərti ilə ünvan 4 ünvanında yerləşən ofisdə ona 10000 (on min) ABŞ dolları pul vermişdir. O, Tofiqdən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, Covid-19 pandemiyası ilə bağlı maddi durumu ağırlaşmış, pulu qaytara bilməmişdir. Tofiqə bu barədə məlumat verib və möhlət istəmiş, 2020-ci ilin sonlarında sələmə pul götürüb Tofiqə 2200 manat pul qaytarmış, həmin pulun 1000 manatını Tofiqə, 1200 manatını isə Tofiqin göstərişi ilə oğlu İsgəndərə vermişdir. Hazırda onun İddiaçı 14800 manat pul borcu var, borcunu maddi vəziyyəti yaxşılaşında qaytaracaq”. Bundan əlavə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polisi bölməsində də toplanmış materiallar üzrə araşdırılma aparılmış, həmin materiallar üzrə də təhqiqatçı tərəfindən xx.xx.2020-ci il tarixli HK-1/608 saylı materialların aidyyətı üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinə verildikdən sonra, müstəntiq X3 icraatına verilmiş, müstəntiq onu, dostu Elçin Mirzəliyevi, oğlu İsgəndər Əliyevi və Cavabdeh dindirmiş və yekunda onun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci və 182-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul etmişdir. Qərardan göründüyü kimi Cavabdeh yenə də təhqıqatda olduğu kimi ifadə vermiş, pulu aldığını etiraf etmiş və təhqiqatda dediklərini təkrarlamışdır. Həmin qərarlarla bağlı Azərbaycan Respublikaıs Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə şikayətlər göndərilsə də, həmin qərarlar ləğv olunmamış, ona görə də məhkəməyə müraciət etmişdir. Bundan başqa cavabdeh onun pulunu əsassız olaraq saxladığı üçün ona illik beş faiz hesablanmaqla 740 manat məbləğdə və keçirdiyi mənəvi sarsıntıya görə 2000 manat mənəvi ziyan ödəməlidir. Habelə, məhkəməyə müraciət etmək üçün vəkilə ödədiyi 250 manat pulun və iddianın verilməsi üçün büdcəyə ödənilmiş 30 manat pulun qarşılığı cavabdehdən alınaraq ona verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iş materiallarıilə müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ilin fevral ayında ünvan 5 ünvanında yerləşən ofisdə İddiaçı 10.000 ABŞ dolları (17.000 manat) məbləğdə borc pul almışdır. Göstərilən faktiki durum Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Altay Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar ilə təsdiq edildiyi üçün mübahisələndirilməyən haldır. Tovuz Rayon Məhkəməsinin 2(062)-2081/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh həmin puldan 2020-ci ilin mart ayında İddiaçı 2200 manat pul qaytarmışdır. Onun hazırda cəmi 14800 manat borcu vardır. Lakin bildirmişdir ki, 2200 manatdan əlavə 2023-cü ilin yay aylarında Cavabdeh tərəfindən 5.000 (beş min) manat məbləğində pul İddiaçı qaytarılmışdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsində bu fakt qeyd edilməmişdir. Bu səbəblə bildirilir ki, hal hazırda Cavabdeh İddiaçı olan borcu 14.800 manat deyil, 9.800 (doqquzmin səkkiz yüz) manat təşkil edir. Ona görə də iddia tələbi 5.000 manat məbləğində hissədə əsassızdır. Tovuz Rayon Məhkəməsinin 2(062)-2081/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 740 manat məbləğdə pul da tutularaq iddiaçıya verilməlidir. Bununla bağlı bildirmişlər ki, tərəflər arasında borc müqaviləsi şifahi qaydada bağlanılmışdır. Belə ki, onlar arasında borcun qaytarılması üçün müddət müəyyənləşdirilməmişdir. Borcun icrasının gecikdirilmiş sayılması üçün MM-in 445.2.1-ci maddəsinə müvafiq olaraq borc məbləğinin ödənilməsi üçün müddətin müəyyənləşdirilməsi və bu müddətin ötürülməsi zəruridir. Halbuki İddiaçı tərəfindən Müşviq Abbasova borc məbləği verilərkən onlar arasında heç bir müddət müəyyənləşdirilməmişdir. İddiaçının başqa şəxsin pul vəsaitini əsassız olaraq saxlamaq və ondan faydalanmağa görə 740 manat məbləğində pul vəsatini tələb etməsi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı Cavabdeh onun pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalandığını qeyd etsə də, bu barədə təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Yəni əgər iddiaçı cavabdeh Müşviq Abbasovun pul vəsaitindən faydalandığını iddia edirsə və buna görə faizin hesablanaraq ödənilməsini tələb edirsə bu barədə, yəni Abbasov Müşviqin pul vəsaitindən faydalanaraq qazanc əldə etdiyini təsdiq edən sübutlar əlavə etməli idi. Bu səbəblə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum Qərarına uyğun olaraq onun pul vəsaitini əsassız olaraq saxlamaq və ondan faydalanmağa görə 740 manat məbləğində iddia tələbi əsaslı hesab edilə bilməz. Cavabdeh qeydiyyatda olduğu hüquqi ünvanı - ünvan 6 Xəlilov küçəsi, “Renessans palace”, mənzil 714-dir. Lakin Tovuz Rayon Məhkəməsi tərəfindən iclasın vaxtı və yeri barədə Cavabdeh qeyd olunan ünvanlarından heç birinə hər hansı bir bildiriş ünvanlanmamış, bu səbəbdən cavabdeh məhkəmə iclasında iştirak edə bilməmişdir. Bu da ədalət mühakiməsinin çəkişmə prinsipi əsasında həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Apelyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və cavabdeh təkrar məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, şikayətlə mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində bütünlükdə yox, yalnız iddianın təmin edilmiş 5.000 manat borc hissəsində və əssasız olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 740 manat hissəsində mübahisələndirmiş, tutulması qət edilmiş qalan məbləğlı razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını mübahisələndirilən hissədə yoxlayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Aydın Zeynalov tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, İddiaçı ərizəsi üzrə toplanmış HK1/358 saylı material ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nə göndərilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2020-ci ilin fevral ayında ünvan 5 ünvanında yerləşən ofisdə İddiaçı ona 10.000 ABŞ dolları məbləğdə borc pul vermişdir. Aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, “Covid-19” pandemiyası ilə əlaqədar maddi durumu pisləşmiş və borcunu qaytara bilməmişdir. Həmin puldan 2020-ci ilin mart ayında İddiaçı 2200 manat pul qaytarmışdır. Onun hazırda cəmi 14800 manat borcu vardır və maddi durumu yaxşılaşacağı halda qaytaracaqdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Altay Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178 və 182-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2020-ci ilin fevral ayında ünvan 5 ünvanında yerləşən ofisdə İddiaçı ona özünün razılığı ilə 10.000 ABŞ dolları məbləğdə borc pul vermişdir. Həmin puldan İddiaçı cəmi 2200 manat pul qaytarmışdır. Hazırda sonuncuya 14800 manat borcu vardır. İş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh 2020-ci ilin fevral ayında ünvan 5 ünvanında yerləşən ofisdə İddiaçı 10.000 ABŞ dolları (17.000 manat) məbləğdə borc pul almışdır. Həmin puldan 2020-ci ilin mart ayında İddiaçı 2200 manat pul qaytarmışdır. Onun hazırda cəmi 14800 manat borcu vardır. Həmin fakt Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Altay Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar ilə təsdiqin tapmışıdir. Qərardan göründüyü kimi Cavabdeh yenə də təhqıqatda olduğu kimi ifadə vermiş, pulu aldığını etiraf etmiş və təhqiqatda dediklərini təkrarlamışdır. Həmin qərarlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxil İşlər Nazirliyinə şikayətlər göndərilsə də, həmin qərarlar ləğv olunmamış, ona görə də məhkəməyə müraciət etmişdir. Bundan başqa cavabdeh onun pulunu əsassız olaraq saxladığı üçün ona illik beş faiz hesablanmaqla 740 manat məbləğdə və keçirdiyi mənəvi sarsıntıya görə 2000 manat mənəvi ziyan ödənilməsini, həmçinin , məhkəməyə müraciət etmək üçün vəkilə ödədiyi 250 manat pulun və iddianın verilməsi üçün büdcəyə ödənilmiş 30 manat pulun qarşılığı cavabdehdən alınaraq ona verililməsini xahiş etmiş, iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə 10.000 ABŞ dolları (17.000 manat) borc verməsi, həmin puldan cavabdehin yalnız 2200 manat qaytarması, hazırda cavabdehin iddiaçıya 14800 manat borclu olması iş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Altay Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarında təsdiqini tapdığından və iddiaçı tərəfindən sübuta yetirildiyindən Cavabdeh 14800 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Həmçinin cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində də pul tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Ona görə də cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 740 manat məbləğdə pul da tutularaq iddiaçıya verilməlidir. Bundan başqa iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdeh orqanın təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qətnaməni tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Qeyd olunanlarla yanaşı məhkəm kollegiyası aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi fiziki və hüquqi şəxslər müqavilələr bağlamaqda sərbəst olsalar da, lakin müəyyən kateqoriya əqdlərin bağlanması üçün qanunvericilik yazılı formanı, həm də notariat qaydada təsdiq olunmanı mühüm şərt kimi müəyyən etmişdir. Ona görə də Mülki Məcəllənin 337.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə iddiaçı tərəfindən cavabdehə 10.000 ABŞ dolları (17.000 manat) borc verməsi, həmin puldan cavabdehin yalnız 2200 manat qaytarması və cavabdehin iddiaçıya 14800 manat borclu olması öz təsdiqini tapdığından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməkdə haqlı olmuşdur. Bundan başqa cavabdeh borcun ödənilməsini gecikdirdiyindən birinci instansiya məhkəməsi cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 740 məbləğində pul tutmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətində 5000 manat məbləğində pulun iddiaçıya qaytarılmasını göstərsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız sayır. Cavabdehin iddiaçıya məxsus pul vəsaitini özündə uzun müddət saxlaması, iddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq qaytarmaması işin mübahisələndirilməyən hallarıdır. Belə olan halda kollegiya belə hesab edir ki, məhkəmə iddia tələbini gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 740 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində də iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarının 95-ci səhifəsindəki məhkəmə qəbzindən görünür ki, Cavabdeh 18 iyul 2023-cü il tarixdə qəbzə imza edərək xx.xx.2023-cü il saat 11.15-də keçiriləcək məhkəmə iclası barədə xəbərdar olunmuşdur. Bundan başqa iş materillaırnın 94-cü səhifəsində olan bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il saat 11.15-də keçiriləcək məhkəmə iclası barədə bildiriş AZEMİS vasitəsilə SMS xəbərdarlığı göndərilmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin o, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2081/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2081/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar