Məhkəmə qərarları › İş №2(104)-2704/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2704/2023

20.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2704/2023 20.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilmiş pulun paylı mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)-1094/2023 saylı qərardadından birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilmiş pulun paylı mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0,0756 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,4, yaşayış sahəsi 40,8, yardımçı sahəsi 35,6 kvadrat metr olan fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin mülkiyyət paylarına uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)-1094/2023 qərardadı (hakim Nemət Musayev) ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)-1094/2023 qərardadından narazı qalan birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 220.6-cımaddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İddiaçılar, mülkiyyətlərində olan əmlak payının dəyərinin hərrac vasitəsilə əldə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə qərardadı ilə, Mülki Məcəllənin 220.6-cı maddəsindən irəli gələn hüquqları pozulmuşdur. Məhkəmə, MPM-in 259.0.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, həmin maddəyə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından göründüyü kimi onlar cavabdehlərə paylarının dəyərinin onlara ödənilməsi müqabilində, mülkiyyət paylarından imtinaya dair təklif göndərmişlər. Cavabdehlər isə eyni məzmunlu təklifi iddiaçılara göndərmişlər. İddiaçıların belə təklif göndərmələri, cavabdehlər tərəfindən onlara ünvanlanmış təkliflə də təsdiq olunur. Beləliklə, iddiaçılar və cavabdehlər arasında mövcud olan hüquq münasibətlərində, MPM-nin 259.0.1-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə həmin normaya istinad etməklə ərizənin baxılmamış saxlamaqla, normanı düzgün tətbiq etməmişdir. Qərardadda göstərilmişdir ki, Cavabdeh2, Cavabdeh1 və İddiaçı2 ərizənin baxılmamış saxlanılmasına etiraz etməmişlər. Bununla bağlı bildirilir ki, İddiaçı2 ərizənin baxılmamış saxlanılmasına dair ərizə verməmiş, bununla bağlı iradəsini şifahi qaydada da olsa ifadə etməmişdir. Bundan başqa “Elektron məhkəmə” portalı vasitəsilə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edilmiş və məhkəmə iclasının iddiaçıların iştirakı olmadan keçirilməsi ilə iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Beləliklə, İddiaçı2 ərizənin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirməmiş, İddiaçı1 məhkəmə iclasında iştirak etməmiş, hər iki iddiaçı nümayəndəsi vasitəsilə iddiaya onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Bu hal ərizənin baxılmamış saxlanılmasını tamamilə istisna edir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(023)-1094/2023 qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)- 1094/2023 qərardadı və həmin qərardadla bağlı 20 oktyabr 2023-cü il tarixli, 2(023)- 1094/2023 qərardadı ləğv edilməli və iş baxılması üçün Qazax Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 220.1-ci, 220.2, 220.3 220.4, 220.5-ci və 220.6-cı maddəsinə, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 ve 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarın istinad edərək qeyd etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək mkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı asasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Buna görə də Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, yəni məhkəməyə müraciət etmiş iddiaçıların mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl etməməsi qənaətinə gəlməklə iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, iş materiallarına əlavə olunmuş Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-368/2014 saylı qətnaməsindən görünür ki, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh lər Cavabdeh1 və X2, Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 76,4 kv.m olan fərdi yaşayış evinin real bölgüsünun aparılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin vaxt, evin paylı mülkiyyətçiləri 2/4 hissə üzrə İddiaçı1n və İddiaçı2, 1/2 ( və ya 2/4) hissə üzrə isə X3 olmuşdur. Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(023)-1351/2021 saylı qətnaməsinə əsasən X1 ölümü ilə ondan miras qalmış əmlakın 5/12 hissəsi üzərində Cavabdeh1, 1/12 hissə üzərində isə Cavabdeh2 payı müəyyən edilməklə, ümumi əmlakın 3/12 hissəsi üzərində İddiaçı1, 3/12 hissəsi üzərində İddiaçı2, 5/12 hissəsi üzərində Cavabdeh1 və 1/12 hissəsi üzərində isə Cavabdeh2 payı müəyyən edilərək daşınamz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bundan başqa mülki işin 41-ci səhifəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 ünvanladığı 10 iyun 2023-cü il tarixli təklifindən görünür ki, onlar İddiaçı1 və İddiaçı2 təkliflərini almış və payların dəyərinin ödənilməsi ilə bağlı mülkiyyətçilər arasında razılıq əldə olunmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi işdəki qeyd olunan sübutlara qiymət vermədən iddia ərizəsini əsassız olaraq baxılmamış saxlamışdır. Hərçənd ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 ve 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyi bir icraat çərçivəsində də həll etmək mümkündür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)-1094/2023 qərardadı və həmin qərardadla bağlı 20 oktyabr 2023-cü il tarixli, 2(023)-1094/2023 qərardadı ləğv edilməli və iş baxılması üçün Qazax Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 154, 155 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)-1094/2023 qərardadı və həmin qərardadla bağlı 20 oktyabr 2023-cü il tarixli, 2(023)-1094/2023 qərardadı ləğv edilsin. İş baxılması üçün Qazax Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar