Məhkəmə qərarları › İş №2(104)-2712/2022

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2712/2022

26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2712/2022 26.10.2022 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin, “Azəriqaz” İstehsalat Birliyinə və Cavabdeh2 İdarəsinə qarşı “tərtib olunmuş aktın ləğv olunması və onun əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(062)-1331/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə və Cavabdeh2 İdarəsinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək tərtib olunmuş aktın ləğv olunması, həmçinin ona yazılmış 1710,72 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(062)-1331/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin, “Azəriqaz” İstehsalat birliyinə və Cavabdeh2 İdarəsinə qarşı “tərtib olunmuş aktın ləğv olunması və onun əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(062)-1331/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonu Hacıhəsənli kəndində yaşayır. Qaz İdarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacının kənarından qeyri-qanuni qaz xəttinin mövcud olmasını bildirərək akt tərtib etmişlər. Nəticədə qaz itkisinin yarandığına əsas göstərərək cərimə yazmışlar. Həmçinin onun heç bir təqsiri olmadığı halda qaz idarəsinin əməkdaşlarının səhlankarlığı ucbatından ona cərimə yazılmışdır. Halbuki, qeyri-qanuni deyə qeyd olunan xətt, daha əvvəl sayğac dəyişdirilərkən orada olmuşdur. Qaz işçiləri özləri çıxarmamışlar. Həmin sayğaca heç bir müdaxilə edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, guya həmin evdə onlara məxsus cörək bişirmə sexi vardır. Bu tamamilə yanlışdır. Onlar şəxsi istifadələri üçün cörək bişirirlər. Onların çörək bişirmə sexləri yoxdur. Bir necə aydan sonra qaz pulu ödəyəndə bilmişlər ki, onlara 1710.72 manat cərimə gəlmişdir. O, bununla bağlı qaz idarəsinə müraciət etmişdir. Lakin heç bir müsbət nəcicəsi olmamışdır. O, həmin cərimə ilə tamamilə razı deyildir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli 2(104)-2712/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(062)-1331/2022 saylı qətnaməsi “Azəriqaz” İstehsal Birliyinin xx.xx.2022-cu il tarixli ******* saylı aktın ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Tovuz rayonu Hacıhəsənli kəndində yerləşən fərdi yaşayış evi mövcuddur. Qaz İdarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacına kənardan qeyri-qanuni qaz xətti mövcud olduğunu, bununla da sayğaca kənar müdaxilə edilmişdir deyə akt tərtib etmişlər və nəticədə qaz itkisinin yarandığını əsas göstərərək cərimə yazılmışdır. Həmçinin onun heç bir təqsiri olmadığı halda qaz idarəsinin əməkdaşlarının səhlənkarlığı ucbatından ona cərimə gəlmişdir. Həmin qeyri qanuni deyə qeyd edilən xətt, daha əvvəl sayğac dəyişdirilərkən orada olmuşdur, qaz əməkdaşları onu özləri çıxarmamışlar. Həmin sayğaca heç bir kənar müdaxilə edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, guya həmin evdə onalra məxsus çörək bişirmə sexi mövcuddur. Bu tamamilə yalnışdır, onlar şəxsi istifadələri üçün, evləri üçün çörək bişirirlər, onların heç bir çörək sexi yoxdur. Bir neçə aydan sonra qaz ödənişi etdikləri zaman onlara məlum oldu ki, 1710.72 manat məbləğində cərimə gəlmişdir. O, bununla bağlı Qaz İdarəsinə müraciət etmişdir. Lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. O, həmin cərimə ilə tamamilə razı deyil. Ona görə ki, əgər o, sayğaca kənar müdaxilə etsəydi bunu daha əvvəl baxış keçirən əməkdaşlar onu bilər aşkarlayardı və akt tərtib edərdilər. Əlavə olaraq qeyd etmişdir ki, o, hər ay qaz pulunu vaxtı-vaxtında ödəmişdir. O, qaz sayğacını qırmamış, müdəxilə etməmişdir. Ona görə də hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-1331/2022 saylı qətnaməsi əsassızdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci intansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, evində istifadə etdiyi 1 ədəd sac istisna olmaqla digər qaz işlədicilərində sayğac vasitəsi ilə gələn qazdan istifadə edilmişdir. Sacdan isə bir neçə gündən bir özləri üçün çörək bişirəndə istifadə etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı işdə iştirak etmiş iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus qaz sayğacından əvvəl kənar xətti aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı qaz işlədicilərindən PQ2-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 90 gün, sac sobasının maksimal qaz sərfi 1,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobasının (2 ədəd) maksimal saatlıq qaz sərfi 1,4 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan 14256 m3 müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı qazdan istifadəyə görə 2021-ci il üzrə cəmi 187,0 manat, 2022-ci ilin ilk dörd ayı üzrə cəmi 50,0 manat ödəniş etmiş, 2022-ci ilin fevral ayında tərtib edilmiş akt üzrə 1710,72 manat borcu vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi sayğaca qədər xəttin çəkilməsi və həmin xəttdən istifadə edilməsi işin mübahisələndirilməyən halıdır. Belə olduğu halda qaz paylayıcısı dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd edir ki, belə olduğu halda sayğacdan kənar xəttin hansı vaxtda çəkilməsi və orta gündəlik sərfin nə qədər olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə zərərin əslində nə qədər olması, kənar xətt vasitəsilə nə qədər qaz sərfinin olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcisı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməkdə haqlı olmamışdır. Belə ki, İddiaçı tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilmiş Tovuz RİHB-nin Kirən kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 966 nömrəli və Tovuz rayon Kirən bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 44 nömrəli arayışlarından görünür ki, Tovuz rayonu Hacıhəsənli kənd sakini İddiaçı məxsus yaşayış evində heç bir çörək bişirmə və qutab bişirmə sexi olmayıb və hal-hazırda da yoxdur. İddiaçının sayğacdan kənar xətdən istifadə etməsi işin mübahisəsiz halıdır. Mübahisələndirilən hal onun həmin xətdən günün 24 saatı ərzində, yaxud günün müəyyən hissəsi və bütün qaz cihazlarında sayğacdan kənar xətdən istifadə etməsidir. İddiaçının bildirdiyinə görə sayğacdan kənar qaz xəttindən yalnız müəyyən günlərdə və öz ehtiyacları üçün sacda çörək bişirərkən istifadə etmişlər. Cavabdeh tərəf isə yoxlama keçirərkən bütün qaz cihazlarının, yoxsa onların bir qisminin kənar qaz xəttinə qoşulmuş vəziyyətdə olduğunu aydınlaşdırmamışdır. Kollegiya göstərilənlərə rəğmən qeyd edir ki, cərimənin tətbiqi itirilmiş qazın dəyərinin bərpası ilə yanaşı həm də istehlakçını bu kimi qanuna zidd əməllərdən çəkindirmək məqsədi daşıyır. Lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan, yəni çörək və ya da qutab bişirib satmaqla məşğul olmadığı halda çörək bişirmə sacını və ya da digər qaz işlədicilərini hər gün fasiləsiz işlətməsi inandırıcı deyildir. Digər tərəfdən iddiaçının iş materiallarında olan saldosundan göründüyü kimi o, qazdan istifadəyə görə ödənişlər də etmişdir, yəni qaz işlədicilərinin bir hissəsi sayğacdan keçən qazla qidalanmışdır. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən göründüyü kimi İddiaçı iş rejimi 24 saat, hesabat dövrü 90 gün götürülməklə vurulmuş zərər hesablanmışdır. Göründüyü kimi iddiaçıya qaz işlədicilərinin maksimum gündəlik 24 saat götürülməklə zərər hesablanmışdır. İş materiallarından da göründüyü kimi iddiaçıya məxsus qaz işlədiciləri ona məxsus fərdi yaşayış evində quraşdırılmışdır. Həmin qaz işlədicilərinin iddiaçı tərəfindən gündəlik 24 saat müddətində işlətməsi ağlabatan deyil. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, gündəlik iş rejimi 12 saat, hesabat dövrü 90 gün götürülməklə cavabdeh tərəfindən İddiaçı hesablanmış 855,36 manat zərər onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tələblərdən biri, yəni akt əsasında hesablanmış borcun silinməsi ilə bağlı qətnamə çıxarmamaqla prosessual hüquq normalarının pozulmasına yol verdiyindən həmin qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(062)-1331/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2022-cu il tarixli akta əsasən hesablanmış 1710,72 manat borcdan 855,36 manat hissəsi İddiaçı **********01200 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakim Şamil Rzaquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar