Məhkəmə qərarları › İş №2(104)-273/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-273/2024

12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-273/2024 12.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(045)-1456/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi borca görə 2400 manat, maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 3000 manat və dövlət rüsumuna görə ödədiyi 44 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tanıdığı Cavabdeh aralarında bağlanmış borc müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 2400 manat pul vermişdir. Cavabdeh həmin borcu qaytaracağına dair qəbz yazaraq söz vermişdir ki, xx.xx.2011-ci il tarixdə ondan borc götürdüyü 2400 manat pulu xx.xx.2011-ci il tarixdə, yəni bir ay müddətinə qaytaracaqdır. Dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh onun pulunu qaytarmır, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir. Cavabdeh ona olan borcunu qaytarmadığından onun barəsində Naftalan Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Naftalan Şəhər Polis Şöbəsindən ona Cavabdeh barəsində məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. O, 2011-ci il tarixdə verdiyi pulu başqa şəxsdən alıb cavabdehə vermişdir. Buna görə də 26 qramlıq boyunbağısını sataraq həmin şəxsə ödəmişdir. Cavabdeh hər dəfə onu aldadaraq, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır. Cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o, 10 ildən çox müddətdir ki, hər dəfə taksi tutaraq cavabdehin yaşadığı rayona getmiş, bundan başqa keçən bu müddət ərzində manatın məzənnəsi artmış və ona maddi ziyan dəymişdir. Cavabdeh hər gedişində yaxın müddətdə pulu qaytaracağını, ailələrində xəstə olduğunu, maddi cəhətdən çətin vəziyyətə düşdüyünü bildirmişdir. Cavabdehlə aralarında yaranmış mübahisələrə görə səhhəti pisləşmiş və dəfələrlə həkimə müraciət etməli olmuşdur. Goranboy Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(045)-1456/2023 saylı qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia tələbi rədd edilmişdir. İşdə olan subutlar: İş materiallarında olan əlyazmadan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı xx.xx.2011-ci il tarixədək qaytarmaq şərti ilə 2400 manat borc olaraq götürdüyünü qeyd etmişdir. Apellyasiya şikayətinin dəlilləri. Goranboy Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(045)-1456/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(045)-1456/2023 saylı qətnaməsinin əsassız olduğu üçün ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə əsasən məhkəmə iddia müddətini tətbiq etməklə iddiasını rədd etmişdir. Halbuki iddia müddətinin axımı onun hüququnun pozulmasını bildiyi haldan başlayır. O da hüququnun pozulmasını bu yaxınlarda yəni cavabdehin onun pulunu verməkdən imtina etdiyi halda bilmişdir. Onda da məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə iddia müddətini tətbiq edən zaman onun iddia müddətini ötürüb ötürməməyini onun hüququnun pozulmasını bu yaxınlarda pozulmasını bildiyi andan sonra məhkəməyə müraciət etməyini tam araşdırıb müəyyən etmədən iddiasını düzgün olmayaraq rədd etmişdir. İşə baxan məhkəmə iddia müddətini tətbiq edərkən Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, məhkəmə bu maddənin tələbinə görə iddia müddətinin axımı onun hüququnun pozulduğunu bilməli olduğu andan başlayır. O da hüququnun pozulduğunu iddia ərizəsi verdiyi tarixdən bir qədər əvvəl bilmişdir. Bu da onu sübut edir ki, o iddia müddətini ötürməmişdir ki, bununla da məhkəmə iddia müddətini tətbiq edərkən düzgün nəticəyə gəlməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borcun qaytarılması görə müddətin belə uzun olmasına cavabdeh özü şərait yaratmışdır. O, dəfələrlə pulunu tələb etsə də onun pulunu qaytarmamışdır. Belə ki, o, hər dəfə cavabdehdən pulunu tələb etdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək gah əməliyyat olunduğunu, gah ailəsinin dağıldığını bildirmiş, ona görə də hər dəfə ona güzəşt etmişdir. İndi isə pulunu məhkəmə qaydasında tələb etməsinin səbəbi təxminən 1 il olar ki, cavabdehin lotoreya oyunlarında pul qazanması olmuşdur. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, məhkəməyə təqdim etdiyi qəbzin əsli uzun müddət keçdiyi üçün itirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil izahat verib bildirmişdir ki, cavabdeh əslində iddiaçıdan əslində 400 manat borc pul almış və götürdüyü borcun təminatı kimi isə video kamera girov qoymuşdur. Pulu ödəyə bilmədiyindən isə girov geri qaytarılmamışdır. Hesab edir ki, qəbzin əsli məhkəməyə təqdim edilsə borcun 400 manat olması təsdiq olunar. Bununla belə iddia müddəti də ötürülmüşdür. Cavabdeh keçən müddət ərzində borcunu qaytarmasına dair hər hansı bir öhdəlik götürməmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı:

Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(045)-1456/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi 10 yanvar 2011-ci il tarixdə bağlanmış, müqavilə üzrə öhdəliyin icrasının müddəti 1 ay, yəni 10 fevral 2011-ci il tarixinədək şərtləndirilmişdir. İddiaçı tərəfindən isə 13 iyun 2023-cü il tarixdə iddia qaldırılmaqla, iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsinin də iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun hüququnun pozulması iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən az əvvəl bilməsi ilə bağlı dəlilini əsassız hesab etmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı keçən 12 il ərzində cavabdehdən pulunu tələb etdiyini, lakin cavabdehin pulu ödəyəcəyinə dair vəd verməklə möhlət istəməsini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut da təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, borc müqaviləsi üzrə pulun 10 fevral 2011-ci il tarixinədək qaytarılması şərtləndirilmişdir ki, bununla da 3 illik iddia müddəti 10 fevral 2014-cü il tarixdə bitmiş hesab olunmuşdur. İddiaçının cavabdehin keçən illər ərzində borcunu etiraf etməsi, dolayısı ilə bununla da iddia müddətinin axımının kəsilməsi və nəticədə iddia müddətinin ötürülməməsi ilə bağlı dəlillinə münasibətdə isə qeyd edilir ki, iddia müddətinin axımının kəsilməsi iddia müddətinin daxilndə edilmiş hərəkətlərə şamil olunmaqdadır. Cavabdehin iddia müddəti daxilində yəni, 10 fevral 2014cü il tarixədək borcunu etiraf edici hərəkətlər etməsi qəbul edildiyi təqdirdə belə, ən yaxşı halda iddia müddətinin axımı 10 fevral 2017-ci il tarixədək davam edə bilərdi ki, iddiaçı həmin müddətdə də məhkəməyə müraciət etməmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Beləliklə, qeyd olunanlara əsasən Goranboy Rayon Məhkəməsinin 22 avqust 2023cü il tarixli, 2(045)-1456/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Goranboy Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(045)-1456/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(045)-1456/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar