Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2732/2023 15.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “itirilmiş təbii qazın və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(045)-1405/2023 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1602,52 manat məbləğində itirilmiş qazın, həmçinin 36.14 manat ödənilmiş dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, iddiaçı “Azəriqaz” X1 X2 İdarəsi ilə Cavabdeh (kod: **********00840) arasında xx.xx.2022-ci il tarixli qazın alqı-satqısı dair müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.) Belə ki, Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı 24 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın MSK 29/1710-00947-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən aralanması halı aşkar edilmişdir. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 12960m3 hesabat aparılaraq və 0.12 qəpiyə vurularaq 1555.20 manat dəyərində dəymiş ziyan hesablanmış, həmçinin cavabdeh hər ayın sonuna istifadə etdiyi təbii qazın dəyərini ödəmədiyinə görə 47.32 manat debitor borcu da yaranmışdır. Bununla da abonentin “Azəriqaz” İB-nin X4 İstismarı İdarəsinə ümumilikdə 1602.52 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal-hazır ki, vaxta qədər qismən ödəniş etsə də borcunu tam ödəməmişdir. Dəymiş ziyanın tam ödənilməsinə dair xx.xx.2023-cü il tarixli TŞ-xx/xx-0541 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən tam ödəniş həyata keçirilməmişdir. Goranboy Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(045)-1405/2023 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddia qismən təmin edilərək, Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 23 manat debitor borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin hesabına tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: “Azəriqaz” İB-nin Gəncə RQİİ (paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış XS-29-00929/22 saylı, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri Dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın MSK 29/1710-00947-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən aralanması halı aşkar edilmiş və sayğacın istismara yarasız olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən sayğaca müdaxiləyə görə dəymiş ziyanın həcmi 12960 m3 hesablanmışdır; xx.xx.2023-cü il tarixli abonentin saldosu sənədindən görünür ki, **********00840 saylı abonent Cavabdeh qızının 2023-cü il iyul ayı üzrə akta görə 1555,20 manat, istehlak etdiyi qaz sərfiyyatına görə isə 23 manat debitor borc olmaqla, ümumilikdə 1578,20 manat borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: Goranboy Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(045)- 1405/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK 29/1710-00947-1 saylı aktına əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən tamamilə aralandığı təsdiqini tapmişdir. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş qazın bərpası üçün 1555.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddianın təmin edilməyən hissəsi ilə bağlı - yəni sayğaca müdaxilə faktını təsdiqləyəcək 29/1710-00947-1 saylı aktı əlavə edilmiş, lakin məhkəmə bunu sübut kimi qəbul etməmişdir. Məhkəmə qaz sayğacının texniki baxışdan keçirilməsi üçün şəbəkədən açılarkən sayğacda olan qüsurun-yəni sayğacın hesablama mexanizminin ekranının zədələndiyi, əməliyyatların aparılmasının mümkün olmadığı barədə 29/1710-00947-1 saylı rəyə qiymət verməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verib bildirmişdir ki, təxminən bir il əvvəl qaz idarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayağcının mexaniki sayğacla əvəzlənməli olduğunu bildirmiş və elektron sayğacı müxaniki sayğacla əvəz etmişlər. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin izaahtını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. Bundan başqa iddiaçı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK 29/1710-00947-1 saylı rəyinə istinad etsə də iş materiallarında belə bir rəy mövcud olmamışdır. Digər tərəfdən iddiaçının iddiasından göründüyü kimi həmin rəydə iddiaçıya məxsus sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən aralanması halının aşkarlanması müəyyən edilmişdir ki, bu faktın mövcudluğu qəbul edildiyi təqdirdə belə buna görə sayğacın keçən qazın həcmini qeyd etməməsi və ya düzgün qeyd etməməsi anlaşılan olmamışdır. Belə ki, sayğac o zaman keçən qazın həcmini düzgün qeyd etməyə bilər ki, sayğacın hesablama mexanizmi və ya digər əsas elementləri zədələnmiş və ya korlanmış olsun. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Goranboy Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(045)- 1405/2023 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(045)- 1405/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.