Məhkəmə qərarları › İş №2(104)-2736/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2736/2023

06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2736/2023 06.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin (bundan sonra İB) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1100/2023 nömrəli qətnaməsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktan görünür ki, sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plombu kəsilmişdir.

2. 03.04.2023-cü il tarixli abonent saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və abonentin 544.8 manat borcunun olması müəyyən edilmişdir (518.4 manat akt üzrə, 26.4 manat debitor borcu).

3. 05.09.2023-cü il tarixli abonentin saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və abonentin 506.64 manat borcunun olması müəyyən edilmişdir (akt üzrə).

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 544.8 manat məbləğində təbii qazın dəyərinin, həmçinin 30.4 manat ödənilmiş dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X1 X2 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2022-ci il tarixli, 65xx.xx.2022 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçi ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X2 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvana quraşdırılmış qaz sayğacı şəbəkədən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. ******* saylı qaz sayğacı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində yoxlamadan keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plombun kəsici alətlə kəsilməklə müdaxilə edildiyi məlum olmuşdur. Bu barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MSK-29/1710-00288-1 saylı akta əsasən sayğaca müdaxilə edildiyi təsdiqini tapdığından qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək 4320 m3 itirilimiş qazın bərpası üçün 518.4 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Həmçinin, cavabdehin istifadə edilmiş təbii qazın dəyəri vaxtında tam ödənilməmiş, nəticədə 26.4 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə göndərilən TŞ-xx/xx-0536 saylı, xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Hal-hazırda cavabdehin “Azəriqaz” İstehsalat Birliyinə ödənilməmiş 544.8 manat borcu vardır. Borc əsaslıdır və ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal-hazırki vaxta qədər ödəniş etməməsi “Azəriqaz” İstehsalat Birliyinin maliyyə dayanıqlığına mənfi təsir göstərir və götürülmüş öhdəliklərin vaxtında icra olunmasına maneə yaradır.

6. Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1100/2023 nömrəli qətnaməsi (hakim Tural Ələkbərov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7, 4.8 və 4.9-cu bəndlərinə və Mülki Prosessual Məcəllənin 119, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı “Azəriqaz” İB apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1100/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi iddiaçıya 2022-ci ilin aprel ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək cavabdehin abonent hesabına işlənmişdir. Lakin, məhkəmə qaz sayğacının texniki baxışdan keçirilməsi üçün şəbəkədən açılarkən sayğacda olan qüsurun, yəni sayğacın hesablama mexanizminin ekranının zədələndiyi, əməliyyatların aparılmasının mümkün olmadığıMSK-29/1710-02288-1 saylırəylə təsdiqini tapsa da məhkəmə buna qiymət verməmişdir. Bildirirlər ki, iş materiallarından da göründüyü kimi İddiaçı iddianın təmin edilməyən hissəsi ilə bağlı, yəni sayğaca müdaxilə faktını təsdiqləyəcək MSK-29/1710- 02288-1 saylı aktı əlavə edilmiş, lakin məhkəmə bunu sübut kimi qəbul etməmişdir. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK xx.xx.2021-ci il tarixli, MSK-29/1710-02288-1 saylı aktına əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plombun kəsici alətlə kəsilməklə sayğaca müdaxilə edildiyi təsdiqini tapmışdır. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə 4320 m3 itirilmiş qazın bərpası üçün 518.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin aprel ayında sayğac üzrə müəyyən edilmiş məbləğin təmin edilməməsi və ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçıya aid olunmasını qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İş üzrə iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları

14. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

16. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə 13. 8-ci bənd. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar” təsdiq edilməsi haqqında Qərarı

18. Maddə 5. 1-ci bənd. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)- 1100/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İlk növbədə nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu, delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

35. Belə ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaşadığı Goranboy rayonu, Eyvazlılar kəndində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə iddiaçı qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin cavabdeh və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da cavabdehə borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur sonuncuya əsas vermir ki, cavabdehin sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.

36. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, cavabdehə qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və cavabdehin abonent hesabına işlənilmişdir.

37. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.

38. Göründüyü kimi, iddiaçının nümayəndəsi bildirmişdir ki, borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır. Lakin, buna dair sübut təqdim etməmiş və cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə faktlar nöqteyinəzərindən düzgündür və qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

40. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

43. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)- 1100/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar