Məhkəmə qərarları › İş №2(104)-2739/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2739/2023

15.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2739/2023 15.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1104/2023 nömrəli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 677.94 manat məbləğində borcun, həmçinin 30.4 manat ödənilmiş dövlət rüsumunun alınaraq, “Azəriqaz” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X1 X2 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2022-ci il tarixli qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X2 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvana quraşdırılmış qaz sayğacı şəbəkədən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. **********6 saylı qaz sayğacı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində yoxlamadan keçirilərkən sayğacın qoruyucu şüşəsinin istilik nəticəsində əridilməklə müdaxilə edildiyi məlum olmuşdur. Bu barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MSK-29/1710-01845-1 saylı akta əsasən sayğaca müdaxilə edildiyi təsdiqini tapdığından qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək 4320 m3 itirilimiş qazın bərpası üçün 518.4 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Həmçinin, cavabdehin istifadə edilmiş təbii qazın dəyəri vaxtında tam ödənilməmiş, nəticədə 159.54 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə TŞ-xx/xx-0537 saylı, xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Hal-hazırda cavabdehin “Azəriqaz” İstehsalat Birliyinə ödənilməmiş 677.94 manat borcu vardır. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1104/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh 20.3 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “Azəriqaz” İBnin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 04 aprel 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus G-4 markalı, **********6 nömrəli qaz sayğacı yenisi ilə əvəzlənmişdir. “Qaz sayğacının yoxlanılması haqqında” 24 may 2022-ci il tarixli, 29/1710-01845-1 nömrəli rəydən görünür ki, yoxlama zamanı **********6 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu plasmas şüşəsinin istilik nəticəsində əriməsi və hesablama mexanizminin işinə maneə törətməsi, sayğacdan qazın keçməsi, lakin sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2022ci il tarixli aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi istilik nəticəsində ərimişdir. Hesablama mexanizminin iş prinsipinə maneə törədilib. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. xx.xx.2023-cü il tarixli abonentin saldosuna əsasən (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və abonentin 538.7 manat borcunun olması müəyyən edilmişdir (518.4 manat akt üzrə, 20.3 manat debitor borcu). Apellyasiya şikayətinin dəlilləri: Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1104/2023 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1104/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK xx.xx.2021-ci il tarixli, MSK- 29/1710-01845-1 saylı aktına əsasən istismardan çıxarılmış qaz sayğacına müdaxilə edildiyi təsdiqini tapmışdır. Qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə 4320 kubmetr itirilmiş qazın bərpası üçün 518.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə qaz sayğacının texniki baxışdan keçirilməsi üçün şəbəkədən açılarkən sayğacda olan qüsurun, yəni sayğacın hesablama mexanizminin ekranının zədələndiyi, əməliyyatların aparılmasının mümkün olmadığı MSK-29/1710-01845-1 saylı rəylə təsdiqini tapsa da məhkəmə buna qiymət verməmişdir. İş materiallarından da göründüyü kimi iddianın təmin edilməyən hissəsi ilə bağlı - yəni sayğaca müdaxilə faktını təsdiqləyəcək MSK-29/1710-01845-1 saylı aktı işə əlavə edilmiş, lakin məhkəmə bunu sübut kimi qəbul etməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verib bildirmişdir ki, 2022-ci ilin aprel ayında qonşuda yanğın olmuş, bir müddət sonra bilmişlər ki, yanğın zamanı onların da sayğacının üst plasmas şüşəsi ərimişdir. Bu barədə məlumatları olduğu vaxt isə sayğacın şəklini çəkib qaz idarəsinə məlumat vermişlər. Qaz idarəsinin əməkdaşları isə gələrək sayğacı dəyişmişlər. Onlar tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, yanğının mart və ya aprel ayında olmasını və sayağcın hansı müddətdə işləməməsini xatırlamır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 04 aprel 2022-ci il tarixli, ******* nömrəli akta əsasən yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğac yoxlamaya göndərilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının yoxlanılması haqqında” 24 may 2022-ci il tarixli, 29/1710-01845-1 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu plasmas şüşəsi istilik nəticəsində ərimiş və hesablama mexanizminin işinə maneə törətməsi, sayğacdan qaz keçməsi, lakin sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia edərək iddiaçıya 4320 kubmetr həmində 518,40 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş abonentin saldosu adlı sənəddən görünür ki, iddiaçı 2020-ci ilin mart ayında 195 kubmetr, 2021-ci ilin mart ayında 250 kubmetr, 2022-ci ilin mart ayında 78 kubmetr, 2023-cü ilin mart ayında isə 182 kubmetr qazdan istifadə etmişdir. Göründüyü kimi qeyd olunan illərin mart ayında ən aşağı istifadə göstəricisi 2022-ci ilin mart ayında olmuşdur ki, bu da sayğacın istilik nəticəsində 2022-ci ilin mart ayında istismara yararsız hala düşməsi ilə bağlı işin faktiki hallarına uyğun olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat itirilmiş qazın həcmini 518,40 manat dəyərində müəyyən etməsi əsaslı olmamışdır. Belə ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə qaydalarında sayğaca müdaxilə ilə əlaqədar itirilmiş qazın həcminin müəyyən edilməsi ilə bağlı konkret normalar nəzərdə tutulmasa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli, 218 nömrəli qərar ilə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi yeni redaksiyada verilmişdir ki, yuxarıda qeyd edilən həmin norma ilə sayğaca edilmiş müdaxilə nəticəsində itirilmiş qazın həcminin müəyyən edilməsinin meyarları və qaydası müəyyən edilmişdir. Hazırkı işin hallarından görünür ki, cavabdeh təşkilat tərəfindən saatlıq qaz sərfi 12 kubmetr saat olmaqla, 90 gün müddəti üçün 12 saat vaxt hesabı ilə hesabat aparılaraq, 4320 manat məbləğində ititirlmiş qaz həcmi müəyyən edilmişdir. Halbuki, qaydaların 5.4-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmçinin, qaydaların 6.5-1.1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü nəzərə alınmalıdır. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, cavadbehin qaz sayğacının işləmədiyi müddət 1 aydan çox olmaqla, yalnız 2022-ci ilin mart ayının bir neçə gününü (yanğın nəticəsində sayğacın hansı gündə yararsız olmasını müəyyən etmək mümkün olmamışdır) və aprel ayının ilk 4 gününü əhatə etmişdir. Belə olduğu təqdirdə isə iddiaçı təşkilatın itirilmiş qazın həcmini müəyyən etməsi ilə bağlı hesabatı qaydaların tələbinə uyğun olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, sayğacın keçən qazın həcmini qeydə almadığı bir ay üçün hesablaşma sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. 2022-ci ilin fevral ayında iddiaçının istifadə etdiyi qazın həsmi 259 kubmetr olmuşdur ki, 2022-ci ilin bir neçə günü ərzində istifadə edilmiş qazın həcminin 78 kubmetr olması nəzərə alındıqda, itirilmiş qazın həcminin qaydaların tələbinə uyğun olaraq, 180 kubmetr olması müəyyən edilməkdədir. Buna görə də sayğacın işləmədiyi dövr üzrə itirilmiş qazın dəyəri 21,6 (180 kubmetr x 0,12 manat=21,6) manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan faktiki halını nəzərə almadan hesablanmış məbləği tam olaraq əsassız hesab etməklə, yalnız sayğac göstəricisinə görə olan borc məbləğini tutmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1104/2023 nömrəli qətnaməsi dəyişdirilərək, Cavabdeh 41,90 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “Azəriqaz” İB-nin xeyrinə tutulması qət edilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1104/2023 nömrəli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(045)-1104/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 41,90 (qırx bir manat, 90 qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, “Azəriqaz” İB-yə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar