Məhkəmə qərarları › İş №2(104)-276/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-276/2025

07.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-276/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rza qızı və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: pəncərənin bağlanması; qonşuluq hüququ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2, cavabdehlər Cavabdeh2 Rza qızı və Cavabdeh3, həmçinin digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rza qızı və Cavabdeh3 qarşı fərdi yaşayış evinin həyətinə çıxan pəncərələrin bağlanması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(125)-232/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 07 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7741/2023 nömrəli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1930-cu ildə aparılan inventarlaşdırma zamanı Məşədi X1 adına qeyd edilmiş, Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1977-ci il tarixli, 2- 235 nömrəli qətnaməsinə əsasən Hüseynova Məşədi X4 ilə X2 eyni olması faktı təsdiq edilmiş, mülk 1986-cı ildə aparılmış inventarlaşdırma zamanı 33.0 kv.m, 21.5 kv.m və 23.6 kv.m üç yaşayış otağından, 17.2 kv.m, 9.1 kv.m örtülü eyvandan, 4.2 kv.m açıq eyvandan, 28.8 kv.m, 20.6 kv.m, 21.9 kv.m, 12.9 kv.m və 11.0 kv.m zirzəmidən və yerləşdiyi torpaq sahəsi 700.0 kv.m-dən ibarət olmuşdur. Fərdi yaşayış evinə dair X2 adına xx.xx.1989-cu il tarixli, 1797 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/8178 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin, eləcə də digər cavabdehlərin faktiki istifadəsində olmaqla mərhum X2 mülkiyyəti kimi qeydiyyatdan keçən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinə aid texniki pasportun və plan-sxemin məlumatları ilə faktiki vəziyyət (pəncərələrin yerləşdiyi otaqlar) müqayisə olduğu zamanı mübahisəli pəncərələrin texniki pasportun və plansxeminə məlumatlarında öz əksini tapdığı müəyyən edilmişdir. Rəyə görə, pəncərələrin quraşdırılması ilə bağlı hər hansı tələblər (normalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri ilə tənzimlənmir. Qərardadın ikinci sualı üzrə müəyyən edilmişdir ki, iddiaçının inşa edəcəyi hasar özünə məxsus torpaq sahəsinin hüdudları daxilində inşa olunmaqla hasarın (cavabdehlərin) yaşayış evindən Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən (yaşayış evlərinin) divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi saxlamaqla hasarın (barı) çəkilməsi mümkün ola bilər. Qərardadın üçüncü sualı üzrə qeyd edilmişdir ki, pəncərələrin bağlanması cavabdehlərin müvafiq olaraq mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evlərindən onların istifadəsinə (havalanmasına, işıqlanmasına və s.) hər hansı maneələrin yaradılıb-yaradılmaması məsələsi, tikinti-texniki ekspertizanın həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Qərardadın dördüncü və beşinci sualları üzrə müəyyən edilmişdir ki, iddiaçıya məxsus, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə cavabdehlərin müvafiq olaraq mülkiyyətində və istifadəsində olan həmin fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri (yerində) üst-üstə düşüb düşməməsini və torpaq sahələrinin tərəflərin hər hansı biri və ya başqa şəxslər tərəfindən istifadə olubolmamasası məsələsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müəyyən edilə bilər.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rza qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin faktiki yaşadıqları evlərin onun həyətinə çıxan pəncələrinin bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin oktyabr ayında alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanda yerləşən evi almışdır, evə dair ona xx.xx.2022-ci il tarixli çıxarış verilmiş və o ailəsi ilə birlikdə həmin evə köçüb yaşamağa başlamışdır. Evdə uzun müddət, yəni təxminən 16 il yaşayış olmadığı üçün 2022-ci ilin noyabr ayında o, evdə təmir işləri etməyə başlamışdır. Evin qonşuluğunda olan Gəncə şəhəri, Məhəmməd Pişnamazzadə küçəsi, ev 14 ünvanda yerləşən ev X8 və X3 adınadır və onlar hazırda həmin ünvanda yaşayırlar, ünvan 6 Hüseynov Cehrun (Ceyhun) Mirzə oğlunun adına olmasına baxmayaraq hazırda orada faktiki olaraq Cavabdeh1 yaşayır, ünvan 7 ünvanda yerləşən ev X2 adına olmasına baxmayaraq həmin evdə hazırda faktiki olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Rza qızı yaşayırlar. O, evi təmir edərkən cavabdehlərin evlərinin pəncərələri onun evinin həyətinə düşdüyündən və onların pəncərələrindən onun həyəti göründüyündən cavabdehlərdən xahiş etmişdir ki, razılıq versələr, həmin pəncələri bağlasın. Bundan sonra, cavabdehlərin razılığı ilə o, öz vəsaiti hesabına həmin pəncələri bağlamışdır. X12 və X5 pəncərənin bağlanmasına heç bir etiraz bildirmirlər. Lakin 10 ay keçdikdən sonra, cavabdehlər narazılığını bildirərək pəncərələri vurub açmışlar və hazırda onların pəncərələrindən iddiaçının həyəti görünür və bu da iddiaçını, eləcə də ailəsini narahat edir, onlar, sərbəst öz həyətində oturub-dura, rahat hərəkət edə bilmir, cavabdehlərin evində dava-dalaş olarkən səs-küyü iddiaçının həyətindən görünür və eşidilir. Hətta cavabdehlərdən Cavabdeh2 Rza qızı pəncərəsindən onun həyətinə zibil atır, iddiaçı və ailəsi ağır qoxudan həyətdə otura bilmir. O, dəfələrlə cavabdehlərə pəncərələrini açmamalarını bildirsə də onlar iddiaçının sözlərinə məhəl qoymayaraq pəncərələri açmışlar. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.

5. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(125)-232/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rza qızına və Cavabdeh3 qarşı "cavabdehlərin faktiki yaşadıqları evinin onun həyətinə çıxan pəncərələrinin bağlanması" tələbinə dair iddiasının təmin edilməməsi; Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X6; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 152.9, 157.4, 170.2, 171.1 və 176-cı maddələrinə, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1 və 70.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlərin evlərinin arxa divarının pəncərələri onun evinin həyətinə baxir və həmin pəncələrdən onun evinin həyəti görsənir. Bu da onu və ailəsini narahat edir, öz həyətlərində sərbəst hərəkət edə bilmirlər. Cavabdeh1 evində kirayədə 5 oğlan saxlayır və onlar evdə dava-dalaş salıb, nalayiq söyüşlər edirlər, uca səslə mahnılar qoyub səs-küy yaradırlar. Həmin səslər onların həyətində eşidilir və pəncərədən onların dava-dalaşları aydın şəkildə görünür. Hətta cavabdehlərdən Cavabdeh2 Rza qızı pəncərəsindən onun həyətinə zibil atır və ağır iyqoxu ucbatından həyətdə otura bilmirlər. Bundan başqa, cavabdehlərdən Cavabdeh1 evindən guya oğurluq olmuşdur, həmin oğurluq hadisəsinin baş verməsində şübhəli şəxs kimi Cavabdeh1 onu günahlandıraraq polisə şikayətlə müraciət etmiş, polis tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Eyni zamanda, onlar “münaqişəli tərəflər” kimi qeydiyyata alınmışlar. Ekspertin rəyi məhkəmə üçün məcburi deyil, məhkəmə cavabdehlərin evində olan pəncərələrin otaqlarına baxış keçirərək otaqların bağlanması nəticəsində otaqların havalandırılmasının və işıqlandırılmasının qarşısının alınmasını və yaxud alınmamasını müəyyən edə bilərdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yaşadığı evin əvvəlki mülkiyyətçisi cavabdehlərlə razılaşmış və onun vəsaiti hesabına pəncələlər betonla bağlanmışdır. Hazırda həmin yerə taxta qoysa da, lakin həyətdən barı çox bərbad vəziyyətdə görünür. Cavabdehlərin öz evlərindəki danışıqları onların evində eşidilir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehlərin evlərinin havalandırılması və işıqlanması ilə əlaqədar suallara cavab verilməsi üçün yenidən ekspertiza keçirilməlidir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, əvvəlcə tərəflər arasında olan razılaşmaya əsasən pəncərələr bağlanmış, lakin 10 ay sonra narazılıqlar olduğundan pəncərələr yenidən açılmışdır. Hətta Cavabdeh1 polisə müraciət edərək guya İddiaçı və arvadının onun evinə oğurluq etmək üçün girdiklərini bildirmiş, onun şikayətinə əsasən araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Hazırda da cavabdehlər öz yaşadıqları evdə səs-küy edir, nalayiq ifadələr işlədir, iddiaçının evinə zibil atırlar. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisəsi gedən pəncərələr əvvəllər orada olmamışdır, sonradan açılmışdır. İş üzrə verilmiş ekspert rəyi də düzgün deyildir. Çünki, hazırkı vəziyyətdə iddiaçının evində sərbəst və rahat şəkildə yaşamaq mümkünsüzdür. Ona görə də iş üzrə yenidən ekspertiza keçirilməli, ya da mübahisəli ərazi yerində müayinə edilməlidir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi pəncərələr həmişədən mövcud olmuşdur. Onlar pəncərələrin bağlanmasına o şərtlə razılaşmışlar ki, pəncərələr bağlandığı təqdirdə onların evinə işıq düşsün və evə hava gəlsin. Buna baxmayaraq, iddiaçı pəncərələri bütövlükdə hördürmüşdür. O da məcbur qalıb hörülmüş yeri dağıtmışdır. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh3 bildirmişdir ki, yaşadıqları evin şüşəbənd otağının pəncərəsi var. Oradan evə işıq gəlsə də, lakin həmin pəncərə evin havalandırılması üçün yetərli deyildir. Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, yaşadığı evin hər iki pəncərəsini əvvəlcə içindən hörmüşlər, lakin pəncərə hörülmüş vəziyyətdə olduğundan evin qapısını örtəndə evin içərisi qaranlıq olmuşdur. Zəhərli zob xəstəsi olduğuna görə evin içərisi qaranlıq olanda çox əziyyət çəkmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, hazırda yaşadığı evə 23 ildir gəlin köçmüşdür. Əvvəlki qonşularla çox yaxşı yola getmişlər. Ondan sonra həmin həyətə köçən qonşularla razılaşmışlar, orada evə hava həlməsi üçün nəfəslik qoymuşlar, lakin sonradan iddiaçı gəlmiş və pəncərəni bütövlükdə bağlamışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, bacısı 9 ildir ki ev alıb. Həmin zaman iddiaçının hazırda sökülməsini tələb etdiyi pəncərə mövcud olmuşdur. Bacısının evi iç-içə 3 otaqdan ibarətdir, arxa otaqda olan pəncərələr bağlandığına görə ev zirzəmiyə oxşayır. Bacısıgil evdə olmayanda iddiaçı tərəf evin pəncərəsini hördürmüşdür. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, bacısı Cavabdeh1 işi ilə əlaqədar hazırda başqa yerdə yaşayır, lakin bacısına məxsus evdə yaşayan şəxslər öz qohumlarıdır. İddiaçı tərəf aradan məsafə saxlamaqla öz evinə barı çəksin ki, bacısına məxsus evdə də havalanma sistemi pozulmasın və evə günəş işığı düşsün. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

20. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

21. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən həmin Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi ara məsafəsi müəyyən edilir.

22. Maddə 70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Məcəllənin 71-ci maddəsində qeyd olunur ki, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Məcəllənin 72-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər qonşudurlar. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi isə Cavabdeh1 mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi isə mərhum X2 mülkiyyətindədir və sonuncu xx.xx.1958-ci il tarixdə ölmüşdür. Sözügedən fərdi yaşayış evi faktiki olaraq cavabdehlər Cavabdeh2 Rza qızı və Cavabdeh3 istifadəsindədir. İddiaçı cavabdehlərin müvafiq olaraq mülkiyyətində və faktiki istifadələrində olan fərdi yaşayış evlərinin pəncərələrinin onun mülkiyyətində olan fərdi yaşayış evinin həyətinə baxdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

34. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlərin müvafiq olaraq mülkiyyətində və faktiki istifadələrində olan fərdi yaşayış evlərinin pəncərələrindən iddiaçının evi görünür. Həmin pəncərələr evin texniki pasportunda göstərilən tikinti layihəsinə uyğun quraşdırılmışdır. Qeyd edilən pəncərələr iddiaçıya məxsus fərdi yaşayış evinə hər hansı formada zərər yetirmir, iddiaçının fərdi yaşayış evindən istifadə etməsinə hər hansı formada maneçilik törətmir. İddiaçı sadəcə cavabdehlərin müvafiq olaraq mülkiyyətində və faktiki istifadələrində olan fərdi yaşayış evlərinin pəncərə yerindən onun həyətinin görünməsinə əsaslanaraq, həmin pəncərə yerlərinin bağlanmasını tələb etməsi qonşuluq hüququnu tənzimləyən Mülki Məcəllənin 170-171-ci maddələrinin tələbinə ziddir. Bundan əlavə, sözügedən pəncərələrin mövcudluğunun iddiaçının öz əmlakından sərbəst istifadə etmək hüquqlarını hər hansı qaydada məhdudlaşdırdığı, hər hansı qaydada ziyan vurduğu, istismara mane yaratdığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, sözügedən fərdi yaşayış evlərinə aid pəncərələrin bağlanması həmin evlərin havalandırılmasının və işıqlandırılmasının qarşısını ala bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərin müvafiq olaraq mülkiyyətində və faktiki istifadələrində olan fərdi yaşayış evlərinin pəncərələri normativ sənədlərə, tikinti norma və qaydalarına cavab verdiyindən, habelə həmin pəncərələrin inşa edilməsi nəticəsində iddiaçının öz mülkiyyətində olan evdən sərbəst istifadə etmək hüquqları cavabdehlər tərəfindən pozulmadığından iddia tələbi təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

36. Hazırkı iddia tələbinin əsaslığının araşdırılması bəzi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

37. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

38. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

39. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/8178 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin, eləcə də digər cavabdehlərin faktiki istifadəsində olmaqla mərhum X2 mülkiyyəti kimi qeydiyyatdan keçən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evlərinə aid texniki pasportun və plan-sxemin məlumatları ilə faktiki vəziyyət (pəncərələrin yerləşdiyi otaqlar) müqayisə olduğu zamanı mübahisəli pəncərələrin texniki pasportun və plan-sxeminə məlumatlarında öz əksini tapdığı müəyyən edilmişdir. Rəyə görə, pəncərələrin quraşdırılması ilə bağlı hər hansı tələblər (normalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri ilə tənzimlənmir; İddiaçının inşa edəcəyi hasar özünə məxsus torpaq sahəsinin hüdudları daxilində inşa olunmaqla hasarın (cavabdehlərin) yaşayış evindən Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən (yaşayış evlərinin) divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi saxlamaqla hasarın (barı) çəkilməsi mümkün ola bilər; İddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə cavabdehlərin müvafiq olaraq mülkiyyətində və istifadəsində olan həmin fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri (yerində) üst-üstə düşüb-düşməməsini və torpaq sahələrinin tərəflərin hər hansı biri və ya başqa şəxslər tərəfindən istifadə olub-olmaması məsələsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müəyyən edilə bilər.

40. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

41. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək qeyd edir ki, ekspert rəyi əsaslıdır. Çünki, ekspert rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar ekspert rəyində öz əksini tapmışdır. Ekspert rəyinin mötəbərliyi ilə məhkəmə kollegiyasında hər hansı şübhə yaranmamışdır. Bu qənaətinə uyğun olaraq kollegiya əlavə ekspertiza təyin edilməsi barədə cavabdeh tərəfin vəsatətini əsassız saymışdır.

43. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının sökülməsini tələb etdiyi pəncərələr Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin, eləcə də digər cavabdehlərin faktiki istifadəsində olmaqla mərhum X2 mülkiyyəti kimi qeydiyyatdan keçən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evlərinə aid texniki pasportun və plan-sxeminə məlumatlarında öz əksini tapır.

44. Digər tərəfdən iş üzrə müəyyən edilən hallardan göründüyü kimi, mübahisə predmeti olan pəncərələrin bağlanması cavabdehlərin əmlak hüquqlarının maneəsiz həyata keçirilməsinə maneçilik yaradır, bununla belə həmin pəncərələrin mövcudluğu iddiaçının istifadə hüquqlarının pozulmasına səbəb olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı sayılaraq təmin edilə bilməz.

45. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir iddia tələbinin təmin edilməməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(125)-232/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar