Məhkəmə qərarları › İş №2(104)-279/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-279/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-279/2025 13.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xocalı Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 2(070)-238/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Goranboy RPŞ-nin 12 aprel 2024-cü il tarixli, 3-13-75/2-C-66xx/xx/2024 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir;

2. 01 iyul 2024-cü il tarixli, 4701 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən vəkilin sorğusuna görə 50 manat xidmət haqqı ödənilmişdir;

3. 04 iyul 2024-cü il tarixli, 12836 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin tərtib edilməsinə görə 50 manat vəsait ödənilmişdir;.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mebelə görə 300 manat, hüquqi xidmət haqqına görə ödədiyi 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mətbəx mebeli hazırlanması üçün 2023-cü ildə Cavabdeh müraciət etmişdir. Cavabdeh onun istədiyi mətbəx mebeli hazırlayacağına vədd vermiş və bunun müqabilində ondan 1600 manat almışdır.Buna bvaxmayaraq onun istədiyi mebeli hazırlamamışdır. Mebelin yararsız vəziyyətdə düzəldilməsi barədə iradını bildirmiş, cavabdeh isə onun istəyinə uyğun hazırlanması üçün əlavə 100 manat istəmişdir. Cavabdehə əlavə 100 manat vermişdir. Həmçinin evdə olan oturacaq stulların üzərinin parçasını dəyişmək üçün 200 manat vermişdir. Lakin, cavabdeh nə mətbəx mebelini yenidən düzəltmiş, nə də oturacaq stullarının parçasını dəyişmişdir. Dəfələrlə tələb etsə də cavabdeh nə pulu qaytarmış, nə də üzərinə götürdüyü işləri başa çatdırmışdır. Cavabdeh onun 300 manat pulunu özündə saxlayaraq qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də 04 aprel 2024-cü il tarixdə Goranboy rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh barəsində tədbir görülməsini və ödədiyi pulun geri qaytarılmasını xahiş etsədə, lakin ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür.

6. Xocalı Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 2(070)-238/2024 nömrəli qətnaməsi ilə (hakim T.Ələkbərov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməsi; İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.1, 448.3, 448.4, 752.1, 753.1, 753.2, 756.1, 759.1, 773 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 216-220, 360 maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, mətbəx mebelini 1500 manata razılaşmışlar, sonradan da əlavə işlərin görülməsinə görə 100 manat vermişdir. Buna baxmayaraq cavabdeh onun verdiyi sifarışə uyğun mebel hazırlamamışdır. Bundan əlavə oturacaq stullarınında örtüyünü dəyişdirmək üçün cavabdehə 200 manat vermiş, sonuncuda parçanın bir metrini 10 manat 80 qəpikdən almışdır. Cavabdeh parçanın vurulması üçün pistolet lazım olduğunu və bunun üçün ondan 35 manat istəmişdir. Eləcə də 1 stulun parçasını dəyişməyə görə də 35 manat tələb etmişdir. Cavabdehlə razılıq əldə etmədiyindən parçanın geri qaytarmasını bildirmiş, cavabdehdə onunla razılaşmışdır. Ramin özünün etirafına görə parçaya 170 manat vermişdir. O isə parçaya görə 200 manat vermişdir. 170 manat parçaya verildiyindən Raminin ona qaytarmalı olduğu məbləğ 30 manat edir. 6 metr əvəzinə 5,6 metr mebel düzəldildiyindən 0,4 metr çatmayan mebelin dəyəridə qaytarılmalıdır. Cavabdeh görülməyən işlərə görə ona 300 manat qaytarımalkıdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, mebelin qiymətini 1500 manata razılaşmışlar, əvvəl 800 manat, daha sonra isə 700 manat vermişdir. Əlavə işin, yəni mebelə əlavə şüşənin qoyulması üçün də 100 manat vermişdir. Həmçinin stolların üstünə parça çəkilməsi üçün cavabdehə 200 manat vermiş, o da parçanın alınmasına 170 manat xərcləmişdir. Ramin parçanın çəkilməsinə görə hər stola görə 35 manat tələb etdiyindən onunla razılaşmamış və parçanı qaytarmasını tələb etmişdir. Ramil isə parçanı qaytarmayacaqlarını ona demişdir. Parça hazırda Ramildədir. Cavabdehin atası vastəsilə göndərdiyi 100 manat isə ərinin sonuncunun anasının qəbri üstünə düzəltdirdiykləri reşotkanın pulu olmuşdur. İddiaçı sonda məhkəmə kollegiyadan apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

22. Maddə 755 Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

23. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

31. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında mətbəx mebelinin hazırlanması barədə razılıq əldə olunmuş və bu işin görülməsi üçün iddiaçi cavabdehə 1500 manat vermiş, əlavə işlərin, yəni mebelə əlavə şüşənin qoyulmasına görə isə sonradan 100 manat vermişdir. Eləcədə iddiaçı otracaq stolların üstünün parçasının dəyişdirilməsinə görə cavabdehə parçanın alınması üçün 200 manat vermişdir. Cavabdeh parçanın alınmasına 170 manat vermiş, həmin işin görülməsinə, yəni stolun birinin üstünün dəyişdirilməsinə görə 35 manat istəmiş, İddiaçı onunla razılaşmamış və alınmış parçanı da qəbul etməkdən imtina etmiş və cavabdehdən yerinə yetirilməmiş işlərə görə 300 manat tələbi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.

37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı görülməyən işlərə görə cavabdehdən 300 manat tələb edir. Yəni mebelin 1500 manat razılaşdırılmış dəyərindən əlavə (əlavə şüşənin qoyulması üçün) verdiyi 100 manat, eləcədə otracaq stollarının üzərindəki parçanın dəyişdirilməsinə görə (parça alınması üçün) 200 manat.

39. Mülki Qanunvericiliyə görə, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.(mad.755)

40. Cavabdeh parçanın alınmasına 170 manat vermiş, parçanın çəkilməsi üçün isə hər bir stola görə iddiaçıdan 35 manat tələb etmişdir. İddiaçı bununla razılaşmadığından həmin işin görülməsindən imtina etmiş, sifarişi əsasında alınmış parçanıda qəbul etməyərək cavabdehdən tələb etmişdir ki, parçanı qaytarıb pulunu alsın. Cavabdehdə öz növbəsində ona bildirmişdir ki, parçanı geri qaytarmayacaqlar.

41. Göründüyü kimi Cavabdeh parçanın alınmasına 170 manat vermiş, 30 manatı isə onda qalmışdır. Belə olan təqdirdə kollegiya iddianı bu hissədə qismən əsaslı sayır və hesab edir ki cavabdehdən 30 manat alınıb iddiaçıya verilməlidir. Parçanın alınması üçün verilən 170 manata münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı parçanın pulunu deyil, həmin əmlakın özünü cavabdehdən tələb edə bilər. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı da iddiaçı izahatında bildirmişdir ki, parça onun sifarışı əsasında və onun verdiyi nümunədə alınmışdır. Stolların təmiri baha başa gəldiyi üçün işin görülməsindən, eləcədə parçanı qəbul etməkdən imtina etmişdir.

42. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh əlavə işlərin görülməsinə görə (mebelə əlavə şüşə qoyulması ilə bağlı) iddiaçı tərəfindən verilmiş 100 manatın atası vastəsilə iddiaçının ərinə qaytarıldığını, sonuncununda pulu iddiaçıya verdiyini bildirmişdir. İddiaçı isə həmin pulun cavabdehin atasının sifarişi əsasında əri tərəfindən Raminin anasının qəbrinin kənarına çəkilmiş hasar (reşotka) üçün ödənildiyini bildirsədə, lakin onun bu dəlili cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi Cavabdeh əlavə işin görülməsi üçün (mebelə əlavə şüşə qoyulması ilə bağlı) verilən 100 manatı iddiaçıya qaytardığını bildirsədə, lakin bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Ona görədə kollegiya hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.

43. 100 manat xidmət haqqına münasibətdə kollegiya hesab edir ki, tələb həmin hissədə də təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin tərtibinə və vəkil sorğusuna görə ümumilikdə 100 manat (50+50=100) ödəniş barədə işə iki ədəd qəbz əlavə edilsədə, lakin həmin ödənişlər vəkil bürosunun hesabına deyil, hansısa fiziki şəxsin kart hesabına ödənilmişdir.

44. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Xocalı Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 2(070)-238/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiaçı qismən təmin edilməli, Cavabdeh 130 manat alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.

46. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in, 372-376, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 2(070)-238/2024 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 130 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar