Məhkəmə qərarları › İş №2(104)-2801/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2801/2023

21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2801/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar söz: (borcun tutulması tələbi) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-989/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 07 may 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-791 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanını Cavabdeh İddiaçı satmışdır. Real vəziyyət rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********NO33106 olan çıxarışa əsasən müqavilə bağlananadək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 59000 manat 00 qəpik (əlli doqquz min manat 0 qəpik) qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı İddiaçı satıcı Cavabdeh satdığı tam hissəni (27 kv/m) ondan 59000 manat 00 qəpik (əlli doqquz min manat 0 qəpik) qiymətinə aldı. Alqı satqı müqaviləsinin 10-cu bəndinə əsasən “alıcının sahibliyinə verilənədək, əmlakın vergisi, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. xx.xx.2022-ci il tarixli, **********303-05101-093002 reyestr nömrəli, ********** nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. "xxxx" ASC Gəncə “Sukanal” TSC-i tərəfindən verilmiş abonent kartından çıxarışlardan görünür ki, abonentin sudan istifadəyə görə "xxxx" ASC Gəncə “Sukanal” TSC-yə borcu 1487,88 manat təşkil edir. “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi” tərəfindən verilmiş abonent kartından çıxarışlardan görünür ki, abonentin “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nə borcu 118,99 manat təşkil edir. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, 134 nömrəli bildirişdən görünür ki, ünvan 1 ünvanının abonentinə bildirilmişdir ki, Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi nəzərə çatdırır ki, dekabr 2022-ci il tarixinədək yaşadığı ünvanın mənzil istismar haqqı və məişət tullantılarının daşınıb, zərərsizləşdirilməsi üzrə yaranan borcu, eyni zamanda cari ayın ödənişini MKTİBnin yuxarıda qeyd olunan abonent kodu vasitəsi ilə MİLLİÖN terminalında və ya mobil tətbiq üzərindən ödənişlərini həyata keçirə bilər. Borc və ödənişlə bağlı yarana biləcək suallarını MKTİB-nin yuxarıda qeyd olunan ünvan və ya telefonlarına müraciət edə bilər.Ödəniş müəyyən olunan müddətdə aparılmadığı təqdirdə barəsində mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin 03 dekabr 2022-ci il tarixli, 11/32 nömrəli xəbərdarlığından görünür ki, ünvan 4 ünvanının abonentinə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə "xxxx" ASC-yə 1573,28 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu vardır. Qeyd edilənləri nəzərə alaraq, 3 (üç) iş günü ərzində borcun ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulması təmin ediləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh (üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZ 2012 ünvan 1 ünvanında Cavabdeh tərəfindən yaşadığı müddət ərzində, su sərfiyyatına görə yığılmış borca görə 1487,88 (bir min dörd yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat məbləğində pulun, MKTİB-ə yaranmış borca görə yığılmış 118,99 (bir yüz on səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pulun müvafiq olaraq cavabdehdən “Gəncə Sukanal” TSC-nin hesabına və “MKTİB” hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında cavabdehlə onun arasında satılmış və 07 may 2022-ci il tarixdə 1 saylı Gəncə Regional “ASAN” xidmət Mərkəzində Notariat Ofisinin Xüsusi X1 tərəfindən həmin AN-1 nömrəli, ******* saylı alğı-satqı müqaviləsi ilə təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixində DƏDRX tərəfindən ona - İddiaçı adına çıxarış verilmişdir. Müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş öhdəliyə əsasən “alıcının sahibliyinə verilənədək, əmlakın vergisi, qaz, elektrikenerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Müqavilənin şərtlərinin tələbləri cavabdeh tərəfindən qərəzli surətdə pozulmuşdur. Baxmayaraq ki, hər dəfə borcun ödənilməsi tələb edilir, lakin cavabdeh tərəfindən qəsdən həmin borc ödənilmədiyindən hazırda qalmaqdadır. xx.xx.2022-ci il tarixində "xxxx" ASC Gəncə Sukanal TSC-i tərəfindən çıxarılmış saldo sənədinə əsasən cavabdehə qarşı borc 1487,88 manat məbləğində və MKTİB tərəfindən çıxarılmış saldo sənədinə əsasən cavabdehə qarşı 118,99 manat məbləğində borc tələbi qoyulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-989/2023 nömrəli nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yaşadığı müddət ərzində su sərfiyyatına görə yaranmış borcun əvəzi qismində 1487,88 (bir min dörd yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, Cavabdeh ünvan 1 ünvanında yaşadığı müddət ərzində mənzil istismar haqqı və məişət tullantılarının daşınıb, zərərsizləşdirilməsinə görə yaranmış borcun əvəzi qismində 118,99 (bir yüz on səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutulub Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ödənilməsi, məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanını Cavabdeh satın almışdır. Hazırda həmin evin mülkiyyətçisi iddiaçıdır. Tərəflər arasında mənzil alğı satqısına dair müqavilənin şərtinə əsasən satıcı, yəni cavabdeh “alıcının sahibliyinə verilənədək, əmlakın vergisi, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcı, yəni hazırki iş üzrə cavabdeh öz üzərinə götürmüşdür. Lakin cavabdeh mənzildə yaşadığı dövrdə kommunal xidmətlərə görə vaxtaşırı ödənilməli olan öhdəlikləri icra etmədiyinə görə hazırda iddiaçının mülkiyyətinə keçmiş mənzildə həmin borclar qalmışdır. Bu hal özlüyündə iddiaçının gələcəkdə hazırkı iş üzrə üçüncü şəxslərlə aralarında mübahisələrin yaranmasına və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-989/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ünvan 5 ünvanında yaşamışdır. Yaşadığı müddət ərzində istifadə etdiyi suyun pulunu hər ay qismən ödənişini təmin etmişdir.Sonradan ona məxsus ünvan 5 ünvanını satmaq qərarına gəlmiş və həmin evi 07 may 2022-ci il tarixdə İddiaçı notarial qaydada satmışdır.O, özünə məxsus mülkiyyətini satan müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunu tam ödəyərək təmizlik kağızı əldə etmişdir.Borcunun olmaması barədə evi alan İddiaçı təmizlik qəbzi verilmişdir.Buna görə də hesab edir ki, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmiş, məhkəmədə iştirak etməsi barədə ona məlumat verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yaşadığı müddət ərzində su sərfiyyatına görə 1487,88 manat məbləğində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə borcu yaranmışdır, lakin həmin borc cavabdeh tərəfindən ödənilməmişdir. Həmin borc 2011-ci ildə yaranmış, evin alqı-satqısına qədər olan borcdur.Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-989/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə İddiaçı, Cavabdeh və üçüncü şəxs Gəncə şəhər Mənzil-Kommunal İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq işə məhkəmə iclasına gəlməyən şəxlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 58ci maddəsinə görə, ödənişlər müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə və icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.ödənişlər müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə və icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, yəni şikayət qətnamənin ləğv edilməsinə yönəldikdiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-989/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının tələbinin qanuni əsası mövcud deyildir. Belə ki, İddiaçı tələb etmə hüququnun əsası kimi cavabdehlə aralarında bağlanmış ünvan 1 ünvanında yerləşən evə dair Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin 10-cu bəndinə istinad etməklə, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yaşadığı müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə 1487,88 manat ,“Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nə 118,99 manat borcu qalmasını əsas gətirmişdir. İddiaçının tələbi öz-özlüyündə əsassız olduğuna görə məhkəmə kollegiyası cavabdehin apellyasiya dəlillərini araşdırmadan iddianın rədd edilməli olması qənaətinə gəlir. Çünki, tərəflər arasında öhdəliklə bağlı mülki hüquq münasibətləri yaranmadığından cavabdehin iddiaçı qarşısında borcun tutulmasına dair vəzifəsi də mövcud olmamışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını, o cümlədən iş üzrə əhəmiyyətli olan halları, tərəflər arasında mülki-hüquq münasibətlərinin yaranıbyaranmamasını müəyyən etmədən mülki qanunvericiliyin öhdəlik haqqında ümumi müddəalarına istinad etməklə, iddianı təmin etmişdir. Halbu ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı və cavabdeh arasında heç bir müqavilə münasibətləri mövcud olmamışdır. Yəni 07 may 2022-ci il tarixli AN-1 nömrəli, ******* saylı alğı-satqı müqaviləsinin 10-cu bəndində nəzərdə tutulmuş öhdəliyə əsasən “alıcının sahibliyinə verilənədək, əmlakın vergisi, qaz, elektrikenerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür ifadəsindən göründüyü kimi, alıcı həmin müqaviləni bağlamazdan əvvəl kommunal borcların həmin tarixədək tam ödənilməsi barədə arayışlar almalı və bundan sonra müqaviləni imzalamalı idi. Hazırkı vəziyyətdə isə, borc məbləğini müvafiq təşkilat tələb etməli və ya iddiaçı ödəmədən sonra, reqres qaydasında iddia qaldıra bilərdi. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası «Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yaranmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-989/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh (üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”) qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar