Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-281/2025 23.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı1, onun nümayəndəsi (vəkil) X5, İddiaçı2, Cavabdeh iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-106/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Çaykənd kəndində Cavabdeh məxsus olan torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı evin və həyətyanı sahədə inşa edilmiş hamamın yerində müayinə edilməsi, tikilinin qiymətləndirilməsi və evin dəyərinin yarısının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-106/2024 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-106/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, onun Cavabdeh ilə nikahları 30 oktyabr 2007-ci il tarixdə məhkəmə qaydasında pozulmasına baxmayaraq, 2023-cü ilin sentyabr ayına kimi 2 nəfər uşaqları ilə bir yerdə Cavabdeh məxsus 0.10 ha torpaq sahəsində tikdirdikləri 1 mərtəbəli, 2 otaq, bir mətbəx və bir zaldan ibarət olana fərdi yaşayış evində yaşamışlar. Həmin fərdi yaşayış evinin tikintisinə sərf olunan xərcin çox hisəsini isə onlar çəkmişlər. Bundan başqa, Göygöl rayonu Çaykənd bələdiyyyəsi tərəfindən 0,10 hektar torpaq sahəsinə dair 1551 nömrəli “Torpaqların alqı-satqı” aktı 30 noyabr 2007 -ci il tarixdə tərtib edilməsinə baxmayaraq, Cavabdeh 2006-cı ildə həmin torpaq sahəsinə ona satılması ilə Göygöl rayonu Çaykənd bələdiyəsinə müraciət etmişdir. Lakin məhkəmə bütün bu halları araşdırmamış, 0.10 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaq, bir mətbəx və bir zaldan ibarət olana fərdi yaşayış evinin onlar tərəfindən tikilməsini təsdiq edən şahid ifadələrini nəzərə almamış, yalnız cavabdehin fərdi yaşayış evini özü tikməsi və bütün xərcləri özü çəkməsi ilə bağlı heç bir sübuta əsaslanmayan izahatına əsaslanaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, onlar faktiki barışmış və mübahisə edilən evi 2008-ci ildə tikmişlər. Usta kimi qardaşı Qələndar olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)- 106/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, evin tikintisi ilə bağlı tikinti materialları almasına dair heç bir sənədi yoxdur. İddiaçı1 onun nümayəndəsi (vəkil) X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-106/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, usta kimi tikinti işləri ilə məşğul olur. İddiaçı1 onun bacısdır. Bacısı Cavabdeh ilə evli olmuş və boşanmışlar. Onlar boşanmış olsalar da, 2023-cü ilin sentyabr ayına kimi 2 nəfər uşaqları ilə bir yerdə yaşmışlar. O, mübahisəli evin tikintisini bacısının vəsaiti ilə 2008-ci ildə tikmiş, usta pulu almamışdır. Apellyasiya şikayətininin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-106/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək, göstərdi ki, onlar boşanmadan sonra, faktiki olaraq ayrılmışlar və mübahisə edilən evi öz vəsaiti hesabına tikdirmişdir. Lakin iddiaçının başqa yaşayış yeri olmadığına görə, uşaqların xatirinə onlara gəlib evdə yaşamalarına razılıq vermişdir. O, hərbidə işləməklə bərabər, həm də, evdə mal-qaraya baxmış və iddiaçı evdən gedərkən 20 baş iribuynuzlu heyvanları da aparmış və o, uşaqlana görə etiraz etməmişdir. Bununla belə, uşaqlarına 5 sot torpaq sahəsi verəcəkdir. Onlar bir evdə yaşasalar da, ər-arvad münasibətlərində olmamışdır. O, başqa qadınla evlənmiş və hazırda evdə həmin qadınla yaşayır. Apellyasiya şikayətininin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(066)-106/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-106/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 15 nömrəli sərancamışdan, Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 1551 nömrəli “Torpaqların alqı-satqı aktından” görünür ki, Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsi tərəfindən Cavabdeh 0,10 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında 18 may 2004-cü il tarixdə Xanlar rayon VVADQ şöbəsində qeyd edilmiş 69 nömrəli nikah akt qeydi ləğv edilmiş, onların uşaqları 18 fevral 2004-cü il təvəllüdlü X2 və 02 noyabr 2005-ci il təvəllüdlü X3 analarının yanında saxlanılmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(040)-343/2018 saylı qətnaməsindən məlum olur ki, 18 fevral 2004-cü il təvəllüdlü X2 və 02 noyabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 2(066)-300/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimrntin məbləği artırılaraq hər ay, hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. 14 fevral 2014-cü il tarixli UNİ/F xx-xx/2024 nömrəli ekspert rəyindən məlum olur ki, Cavabdeh məxsus olan Xanlar (indiki Göygöl) rayonu Çaykənd kənd ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsində tikilmiş 1 mərtəbəli 2 otaqlı evin real bazar dəyəri 45600 manat, likvid qiyməti isə 39000 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı1 və Cavabdeh 18 may 2004cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından 2 nəfər uşaqları olmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2007-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və məhkəmə qətanamələrinə əsasən 2 nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 1551 nömrəli “Torpaqların alqı-satqı aktına” əsasən Cavabdeh Xanlar (indiki Göygöl) rayonu Çaykənd kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsi almışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin 0,10 hektar həyətyanı torpaq sahəsində İddiaçı1 ilə Cavabdeh boşandıqdan sonra 1 mərtəbəli 2 otaqlı ev tikmələrini bildirmiş olsalar da həmin halı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan ailə və mülki qanunvericiliyə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə digər əmlaklarla birgə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar da daxil edilir. Göründüyü kimi, qanunvericilik daşınmaz əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın ümumi gəlirlər hesabına və birgə nikah dövründə əldə edilməsi şərtinin olmasını müəyyən etmişdir. Halbu ki, yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi mübahisəli fərdi yaşayış evi birgə nikah dövründə əldə edilməmiş, iddiaçı tərəfindən də ümumi gəlirlər hesabına əldə edilməsinə dair sübut təqdim etməmişdir. Əksinə, iş materiallarından göründüyü kimi, mübahisəli evin tikildiyi torpaq sahəsi tərəflərin birgə nikah dövründə deyil, nikahları pozulduqdan sonra cavabdeh tərəfindən Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsinin 2007-ci il tarixli 1551 nömrəli “Torpaqların alqısatqı aktı əsasında əldə edilmiş və həmin torpaq sahəsi xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası MPM-nin: 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İddiaçı1 mübahisəli tikililərin cavabdehlə faktiki olaraq birgə yaşayış müddətində yaşadıqları dövrdə onların vəsaiti hesabına tikildiyini göstərsə də, bununla bağlı mötəbər sübutlarını kollegiyaya təqdim etməmişdir. Əksinə, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının izahatı ilə müəyyən olunur ki, onlar iddiaçı ilə rəsmi qaydada boşandıqdan sonra iddiaçı torpaq sahəsi almış, orada fərdi yaşayış evi tikdirmişdir. Onlar iddiaçı ilə boşandıqdan sonra faktiki ər-arvad münasibətlərində yaşamamış, iddiaçının uşaqları ilə bir müddət ona məxsus evdə müvəqqəti yaşamasına icazə vermişdir. Ona görə də, kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrini mötəbər sübut növü kimi qəbul etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-106/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-106/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-281/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-281/2025
23.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver