Məhkəmə qərarları › İş №2(104)-2810/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2810/2023

19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2810/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: cərimə məbləğinin silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Goranboy Rayon Məhkəməsinin 2(045)-1637/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 19 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir.

2. İş materiallarında olan, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı evə gedən qaz xəttinin üzərində olan qaz sayğacına baxış keçirilmiş, qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeydə almadığı, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

3. İşdə olan Abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və abonentə 518,40 manat məbləğində borc yazılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Cavabdeh əməkdaşları tərəfindən hesablanmış 518.40 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunda, yuxarıda qeyd etdiyi ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Yaşadığı ərazidə Cavabdeh abonomenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu həmişə vaxtlı-vaxtında, gecikdirmədən ödəmişdir. Heç vaxt Cavabdeh əməkdaşları ilə arasında mübahisə və yaxud narazılıq olmamışdır. Bu ilin fevral ayında Cavabdeh İstehsalar Birliyinin əməkdaşları tərəfindən Goranboy rayonunun İrəvanlı kəndində, o cümlədən onunda yaşadığı evdə qaz xətlərində yenidən qurma işləri görmüşdülər. Bu işləri görüb qurtardıqdan az sonra, daha doğrusu mart ayında onun ərazisinə nəzarət edən nəzarətçi ona bildirdi ki, qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeydə almır. Bundan sonra Cavabdeh İstehsalar Birliyinin əməkdaşları tərfindən sayğac dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Bu günlərdə ona nəzarətçi tərəfindən bildirilib ki, sayğaca müdaxilə etdiyi üçün 518 manat dəymiş zərər hesablanmışdır. O, bunu aydınlaşdırmaq üçün Cavabdeh Goranboy şöbəsində olmuş və orada ona məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ******* və xx.xx.2023-cü il tarixli ******* saylı tərtib olunmuş aktların surətləri verilərək bildirilib ki, sayğacdan qaz keçsə də hesablama mexanizmi keçən qazın həcmini qeydə almır, guya ki, o, təbii qazdan istifadə qaydalarını pozmuşdur. O, barəsində yazılmış borcu qanunsuz hesab edir və aşağıdakı səbəblərə görə hesab edir ki, borc ləğv edilməlidir. Əlavə olaraq qeyd edir ki, o, fəhlə kimi qapılarda işləyir, sabah tezdən işləməyə gedir, axşam gəlir. Heç evdə də çox vaxt olmur. Onun tərtib edilmiş aktların heç birindən xəbəri belə olmamışdır. Sayğac Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən dəyişdirilmiş və dəyişdirilərkən də ona hər hansı bir irad, nöqsan tutulmamışdır. Ona hərhansı bir qərarın, baxış aktının sürəti verilməmişdir. Hesab edir ki, o təbi qazdan istifadə edərkən heç bir qanun pozuntusuna yol verməmiş, ümumiyyətlə nə o, nə də onun ailə üzvülərindən kim heç vaxt sayğacın yaxınına belə getməmişlər. Çünki sayğac həyətdən çox uzaqda, çöldə quraşdırılmışdır. Ona nəzarət etmək isə onların vəzifəsi deyildir.

6. Goranboy Rayon Məhkəməsinin 2(045)-1637/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: T.Mustafayev) iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı (Goranboy rayonunun İrəvanlı kəndi) hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun onun hesabından silinməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-1637/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının mənzilində quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş və sayğacın hesablama müxanizmindən keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Buna görə də iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilərək, ona 518.40 manat borc hesablanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin 2(045)-1637/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:

12. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:

13. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Tətbiq edilməli olan prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

17. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

27. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadə etməsinə görə borcunun olması barədə heç bir sübut yoxdur. Hesablanmış borc isə qaz sayğacına müdaxilə edilməsi əsası ilə hesablanmışdır. Həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.

28. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.

30. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 518.40 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-1637/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar