Məhkəmə qərarları › İş №2(104)-2887/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2887/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2887/2023 18.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Vahid oğlu və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Vahid oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl (Xanlar) rayonu Qarabulaq kəndində yerləşən 2 yaşayış otağından ibarət yaşayış sahəsi 47,0 kv.m, 80,9 kv.m açıq eyvan, 30,4 və 16,7 kv.m tövlə, ümumi torpaq sahəsi 7541,8 kv.m olan əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli (hakim Ə.Kərimov) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş və Göygöl Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadı ilə verilmiş şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərinə uyğun hesab edilərək, baxılması üçün mülki işə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli 2(104)-1944/2023 nömrəli qərardadı ilə həmin məhkəmənin 07 iyul 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı həmin iş üzrə 20 iyun 2023-cü il tarixli qərardadından verdiyi şikayətə mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadı ilə həmin məhkəmənin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş material ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli 2(104)-2447/2023 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadı ilə həmin məhkəmənin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. İddiaçı Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 2(104)-2887/2023 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş və şikayətə yazılı icraat qaydasında baxılması 18 dekabr 2023-cü il tarixə təyin olunmuşdur. Kollegiya hesab edir ki, aşağıda qeyd olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 2(104)-2887/2023 nömrəli qərardadı ləğv olunmalı, Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından verilmiş şikayətə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün iş baxışdan çıxarılaraq həmin məhkəməyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda da qeyd olunduğu kimi, Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından ilkin verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli 2(104)- 2447/2023 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadı ilə də şikayət geri qaytarılmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından verdiyi şikayətə birinci instansiya məhkəməsi baxmadan həmin ikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi mülki prosessual qanunvericiliyə görə, qərardaddan verilmiş şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Birinci instansiya məhkəməsi şikayətə baxılmasının nəticəsi kimi: qərardadın dəyişdirilməsi haqqında, qərardadın ləğv edilməsi haqqında və ya şikayətin təmin edilməməsi haqqında qərardad çıxara bilər. Şikayəti əsaslı hesab edən hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qərardad çıxardıqdan sonra mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi sonuncu qərardaddan şikayət verilib-verilməməsindən asılıdır. İşdə iştirak edən şəxs bu qərardaddan şikayət verdikdə hakim mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini deyil, həmin şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsində göstərilən qaydada baxılmasını təmin etməlidir. Şikayətə baxılmasının nəticəsi kimi qərardad ləğv edilmədikdə və ya qərardad dəyişdirilmədikdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qərardaddan verilən şikayətin təmin olunmaması haqqında birinci instansiya məhkəməsinin qərardadından şikayət verilə bilməz. Çünki bu qərardad çıxarıldıqdan sonra 7 gün müddətində iş apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda qərardaddan verilən şikayətin təmin olunmaması haqqında birinci instansiya məhkəməsinin qərardadından şikayət verilməsinə ehtiyac qalmır. Şikayətdən imtina olunduqda isə həmin şikayət üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 2(104)-2887/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Vahid oğlu və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)-2887/2023 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(066)-924/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267, 269 maddələrinin tələblərinə uyğun baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar