Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-293/2024 29.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra MMC) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: təsisçi olaraq işlə təmin olunma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X16, cavabdeh "xxxx" MMC-nin direktoru X11 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı təsisçi, iştirakçının sürücü işi ilə təmin edilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1389/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X16 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin 09 may 2022-ci il tarixli 44 saylı ümumi yığıncağının qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində ********** nömrəli qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni redaksiyada Nizamnaməsinin 2-ci bəndindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan və əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsidir. Nizamnamənin 3-cü bəndində: 1. İddiaçı, 2. X8. 3. X19, 4. X29, 5. X17, 6. X12, 7. X35, 8. X13 Cəmiyyətin təsisçiləri (iştirakçıları) kimi göstərilmişdir. Nizamnamənin 10.1.1-ci bəndindən görünür ki, Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. Nizamnamənin 16.1 və 16.2-ci bəndlərindən görünür ki, Cəmiyyətdə işəgötürmə və işdən azad edilmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək haqqı, Cəmiyyətin işçilərinin sosial təminatı məsələləri, məzuniyyətin verilməsi işçilərlə bağlanan əmək müqavilələri əsasında qanunvericiliyə uyğun qaydada həll edilir.
2. "xxxx" MMC-nin müdiri X19 tərəfindən 25 yanvar 2023-cü il tarixdə İddiaçı ünvanlanmış 55 nömrəli məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-də işlə təmin olunması üçün lazımi sənədləri "xxxx" MMC-yə təqdim etməklə əmək müqaviləsi bağlayıb, həmin gündən iş fəaliyyətinə başlaya bilər.
3. "xxxx" MMC-nin təsisçilərinin 25 yanvar 2023-cü il tarixli 47 saylı protokolundan görünür ki, 31 yanvar 2012-ci il tarixdə İddiaçı rəhmətlik atası X9 ilə X20 arasında olan alqı-satqı notarial qaydada olmadığı üçün X20 01 fevral 2022-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri arasında bağlanan Əmək müqaviləsinə xitam verilməsi və qüvvədən düşmüş hesab edilməsi, vərəsə İddiaçı isə səhmçi olduğu üçün 25 yanvar 2023-cü il tarixdən lazım olan sənədləri "xxxx" MMC-yə təqdim etməklə işlə təmin edilmək üçün Əmək müqaviləsi bağlanması qərara alınmışdır.
4. "xxxx" MMC-nin təsisçilərinin 03 fevral 2023-cü il tarixli 48 saylı protokolundan görünür ki, İddiaçı vərəsəlik haqqında aldığı Şəhadətnamə "xxxx" MMC-nin yeni redaksiyada təsdiq edilmiş Nizamnaməsinin ümumi müddəalarının 7-ci bəndində Cəmiyyətin təsisçilərinin Nizamnamə kapitalındakı paylarının özgəninkiləşdirilməsi qaydasının 7.1 və 7.2-ci maddələrinə zidd olduğu üçün "xxxx" MMC-nin təsisçilərinin 25 yanvar 2023-cü il tarixli 47 saylı protokolunun ləğv edilməsi qərara alınmışdır.
5. "xxxx" MMC-nin digər təsisçiləri X19, X29, X13, X14 əvəzinə X18, X17, X12 tərəfindən məhkəməyə təqdim edilən notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar İddiaçı "xxxx" MMC-də sürücü kimi əhaliyə sərnişin daşıma xidməti göstərməsinə qəti etirazlarını bildirir və iddianın rədd olunmasını xahiş edirlər.
6. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təsisçi, iştirakçının sürücü işi ilə təmin edilməsi” tələbinə dair iddiası geri qaytarılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı təsisçi, iştirakçının sürücü işi ilə təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, onun "xxxx" MMC-də təsisçi, iştirakçı olmaqla sürücü işi ilə təmin edilməsi, müvafiq əmək müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonunda Goranboy- Naftalan məntəqələrarası marşrutunda avtobus sürücüləri olan X9, X8, X21, X29, X30, X12, X35, X13 təsisçilər (iştirakçılar) olmaqla xx.xx.2006-cı il tarixli 01 saylı ümumi yığıncağın qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaratmış, Cəmiyyətin Nizamnaməsini təsdiq etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində xx.xx.2006-cı il tarixdə 0306-Q3- 591 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Avtobus sürücülərinin (təsisçi, iştirakçıların) Cəmiyyəti yaratmaqda əsas məqsədi ilk olaraq iştirakçıların özlərinə daimi iş yeri təşkil etmək və ehtiyac yarandıqda digərlərini əmək müqaviləsi əsasında işə cəlb etməklə əhaliyə sərnişin daşıma xidməti göstərməkdən ibarət olmuşdur. Sürücülər - təsisçi, iştirakçılar özlərinə məxsus şəxsi avtobusları ilə Goranboy-Naftalan-Tapqaraqoyunlu məntəqələrarası marşrutu ilə əhaliyə sərnişin daşıma xidməti göstərmiş və göstərirlər. Sürücülər-təsisçilər, iştirakçılar özləri yuxarıda qeyd edilən marşrutda işlətdikləri avtobuslarını köhnəldikcə, yararsız vəziyyətə düşdükcə dəyişdirmiş, yenisi ilə əvəzləmişlər. Cəmiyyətdə vəfat etmiş və ya cəmiyyətdən çıxmış sürücülər - təsisçilər, iştirakçıların yerinə yeni sürücülər - təsisçilər, iştirakçılar daxil olmuş və İddiaçı, X8, X19, X29, X17, X12, X35, X13 təsisçilər olmaqla xx.xx.2022-cı il tarixli, 44 saylı ümumi yığıncağın qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsini yeni redaksiyada təsdiq etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində 2022-ci ildə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin iştirakçılarının əsas fəaliyyəti, işi, qazancı yalnız cəmiyyətin əhatə dairəsinə daxil olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X15 Xidmətinin 1 saylı “X24” MMC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun məktubu əsasında təsisçi, iştirakçı - sürücülərin adına yazılan “Fərqlənmə” nişanın əsasında Goranboy-Naftalan-Tapqaraqoyunlu marşrutunda öz avtobusları ilə əhaliyə sərnişin daşıma xidməti göstərməkdən yaranır. Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. Ümumi yığıncaq Cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. O - İddiaçı, ilkin sürücü - iştirakçı X6 (və onun həyat yoldaşı - X7) varisi olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vərəsəliklə sürücü - təsisçi, iştirakçıdır. Mərhum atası X9 xəstə olduğuna görə işlətdiyi avtobusu satmış, sonra vəfat etmişdir. Onun öz avtobusu ilə sürücü kimi marşrutlar üzrə Cəmiyyətdə fəaliyyət göstərməsi bir problemə çevrilmişdir. Belə ki, onun avtobusla marşruta buraxılması üçün “Fərqlənmə nişanı” almaq barədə müvafiq adlı məktub AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X15 Xidməti 1 saylı “X24” MMC-yə təqdim edilmir. Sürücü kimi işlə təmin edilmir və marşruta buraxılmır. Əksinə “D” kateqoriyası olmayan sürücülük vəsiqəsi ilə təsisçi - iştirakçı olmayan şəxs işçi kimi işə götürülür, onun istifadəyə yararsız, təhlükəli avtobusu ilə əhaliyə Goranboy-Naftalan- Tapqaraqoyunlu marşrutunda sərnişin daşıma xidməti göstərilir. Sürücü - təsisçi, iştirakçılar 3-cü və ya başqa şəxslərə münasibətdə işə qəbul edilməkdə, işlə təmin edilməkdə üstünlük hüququna malikdirlər. O, cavabdeh "xxxx" MMC-yə lazımı, müvafiq sənədlər təqdim etməsinə baxmayaraq, cavabdeh tərəfindən sürücü kimi işə qəbul edilmədiyindən, müvafiq əmək müqaviləsi bağlanmadığından, marşruta buraxılmadığından işləyə bilmir. Bu isə özünün və ailəsinin maddi vəziyyətinə çox pis təsir göstərir. Cavabdeh "xxxx" MMC-nin təsisçiləri, iştirakçıları, ümumi yığıncaq bu məsələyə laqeyd qalmış, etinasız münasibət bəsləmişdir. xx.xx.2022-ci il tarixdə rəsmi qaydada cavabdehə müraciət etmiş, ona xx.xx.2022-ci il tarixli, 54 nömrəli məktubla cəfəngiyat olan bir cavab yazılmışdır. Həmin qanunsuz, əsassız və cəfəngiyat olan cavab məktubunu iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa, cavabdeh "xxxx" MMC-yə dəfələrlə şifahi, yazılı müraciətlər etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli 55 nömrəli cavab məktubunda göstərmişdir: "xxxx" MMC-nin rəhbəri Sizin yazılı və şifahi sorğunuzu nəzərə alıb "xxxx" MMC-də işlə təmin olunmağınız üçün 25 yanvar 2023-cü il tarixdə təsisçilərin ümumi yığıncağı keçirilmişdir. Təsisçilərin ümumi yığıncağının qərarında qeyd olundu ki, Siz səhmçi olduğunuz üçün işlə təmin olunmalısız. Ona görə də "xxxx" MMC-də işlə təmin olunmağınız üçün lazımi sənədləri "xxxx" MMC-yə təqdim etməklə əmək müqaviləsi bağlayıb, həmin gündən iş fəaliyyətinə başlaya bilərsiniz.
9. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1389/2023 nömrəli qətnaməsi (hakim Toğrul Məmmədov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 45.2, 47.1, 87.1 və 89-cu maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5 və 42.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.1, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı nümayəndəsi və vəkili X16 apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1389/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, MMC-nin yaranmasında əsas məqsəd ilk öncə təsisçilərə (iştirakçılara) daimi iş yerinin yaradılmasıdır. Adından da göründüyü kimi MMCnin əsas məqsədi sərnişinlərin daşınmasıdır. Bundan əlavə cavabdehin nümayəndəsi onun işlə təmin olunmamağının əsası kimi guya ki, onun düzgün əsaslarla təsisçi olmadığı və digər təsisçilərin onun işləməyinə etiraz etməkləri olmuşdur. Birinci instansiya məhkəməsi bu hallı araşdırmalı olduğu halda öz qətnaməsini bir-iki cümlə ilə əsaslandıraq MMC-nin Nizamnaməsində təsisçinin işlə təmin olunmasında üstünlük hüququnun olmamasını və MMC ilə onun arasında əmək münasibətlərinin yaranmasını və əmək münasibətindən irəli gələn qanunvericiliyin pozulmasını təsdiq edən sübutun məhkəməyə təqdim etməməyi bildirməklə iddianı rədd etmişdir. Göründüyü kimi, MMC-nin təsisçilərinin (iştirakçılarının) 25 yanvar 2023-cü il tarixdə təsisçilərin ümumi yığıncağı keçirilmiş və qərara alınmışdır ki, o səhmçi olduğu üçün işlə təmin olunmalıdır. Ona görə də "xxxx" MMC-də işlə təmin olunmağı üçün lazımi sənədləri MMC-yə təqdim etməklə əmək müqaviləsi bağlayıb işlə təmin olunmalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı məhkəməyə etiraz təqdim edərək, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1389/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin keçmiş təsisçilərindən biri X10 (iddiaçının anası) xx.xx.2021-ci il trixdə vəfat etdiyi üçün "xxxx" MMC-nin Nizamnaməsindən Cəmiyyətin təsisçilərin tərkibindən xx.xx.2022-ci il tarixli, 44 saylı təsisçilərinin ümumi yığıncağının Protokolu və Qərarı ilə çıxarılaraq, qanun üzrə 2V-159 nömrəli, xx.xx.2022-ci il tarixi Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, Nizamnamə kapitalındakı payı (iki pay) Nizamnamə kapitalındakı faizi 12,5% olan payı mərhumun vərəsəsi İddiaçı qanunsuz və əsassız olaraq öhdəsinə verilsə də və təsisçi kimi Cəmiyyətə üzv seçilsə də faktiki olaraq "xxxx" MMC-də yalnız Nizamnamədə formal olaraq kağız üzərində təsisçi kimi adı qeyd edilmişdir. Həmçinin iddiaçının "xxxx" MMC ilə heç vaxt heç bir əlaqəsi olmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, atası X9 xəstə olduğuna görə işlətdiyi avtobusu satmış, sonra vəfat etmişdir. Xüsusilə qeyd etmək istəyir ki, "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının bütün iştirakçılarının razılığı ilə xx.xx.2012-ci il tarixli, 10 saylı Protokolu və həmin tarixli Qərarına əsasən X1 ağır olması və işləyə bilməməsi səbəbindən öz razılığı ilə öz təsis payını, öz avtomobilini və marşrutunu X4 və "xxxx" MMC-nin təsisçilərinin tərkibindən çıxmaqla xx.xx.2012-ci il tarixli 11 saylı Əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz ərizəsi ilə işdən azad olunmuşdur. Göründüyü kimi "xxxx" MMC-nin təsisçilərindən biri olmuş iddiaçının atası X9 "xxxx" MMC-də özünə məxsus Nizamnamə kapitalındakı payını (iki pay) Nizamnamə kapitalındakı faizi 12,5% olan payını bütün təsisçilərinin yekdil razılığı ilə X2. X34 "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2012-ci il tarixli, 10 saylı Protokolu və həmin tarixli Qərarına əsasən, iddiaçının atası X6 yerinə Cəmiyyətə üzv olaraq qəbul edilmişdir. Lakin, X34 zamanında X5 aldığı təsis payını, avtomobilini və marşrutunu rəsmi qaydada alqı-satqı etmədiyindən Cəmiyyətə üzv ola bilməmişdir. "xxxx" MMC-nin məktubu əsasında X3 adına yazılan “Fərqlənmə nişanı” əsasında 11 ildir ki, Goranboy-Naftalan- Tapqaraqoyunlu marşrutunda bugünədək öz avtobusu ilə əhaliyə sərnişin daşıma xidməti göstərir. Bir daha qeyd etməyi zəruri hesab edirik ki, X34 "xxxx" MMC-də X6 Nizamnamə Kapitalındakı payını alsa da, notarial qaydada rəsmiləşdirilmədiyindən bu günədək Nizamnamədə təsisçi kimi təsdiq edilməmişdir. X34 bu günədək "xxxx" MMC-də fəaliyyət göstərir və Əmək müqaviləsi əsasında sürücü kimi işləyir. İddiaçı iddia ərizəsində daha sonra qeyd edir ki, Sürücü-təsisçi, iştirakçılar 3-cü və ya başqa şəxslərə münasibətdə işə qəbul edilməkdə, işlə təmin edilməkdə guya üstünlük hüququna malikdirlər. Halbu ki, xx.xx.2022-ci il tarixində ********** nömrə ilə Dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin yeni redaksiyada təsdiq edilmiş Nizamnaməsinin 16-cı bəndinə əsasən, Cəmiyyətdə işə götürmə və işdən azad etmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək haqqı, Cəmiyyətin işçilərin sosial təminatı məsələləri, məzuniyyətlərin verilməsi, işçilərlə bağlanan əmək müqavilələri əsasında qanunvericiliyə uyğun qaydada həll edilməsi qeyd edilmişdir. Həmçinin onu da qeyd etmək istəyirik ki, “işə qəbul edilməkdə üstünlük hüququ” anlayışı nə Əmək Məcəlləsində nə də ki, digər qanunvericilik aktlarında öz əksini tapmışdır. İşə qəbul edilməkdə hamı bərabər hüquqlara malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.9-cu maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. İddiaçı iddia ərizəsində bildirir ki, "xxxx" MMC-yə dəfələrlə şifahi və yazılı müraciətlər etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli, 47 saylı Protokolu və Qərarı ilə təsdiq edilmiş və xx.xx.2023-cü il tarixli, 55 nömrəli cavab məktubu ilə İddiaçı səhmçi olduğu üçün işlə təmin olunması və əmək müqaviləsi bağlayaraq həmin gündən iş fəaliyyətinə başlaya bilməsi qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, "xxxx" MMC-nin bütün təsisçilərinin razılığı iə xx.xx.2023-cü il tarixli 48 saylı Protokoluna və həmin tarixli Qərarına əsasən, Vərəsəçi İddiaçı vərəsəlik hüququ haqqında aldığı Şəhadətnamə "xxxx" MMC-nin yeni redaksiyada təsdiq edilmiş Nizamnaməsinin ümumi müddəalarının 7-ci bəndində Cəmiyyətin təsisçilərinin Nizamnamə Kapitalındakı paylarının özgəninkiləşdirilməsi qaydasının 7.1 və 7.2-ci maddələrinə zidd olduğu üçün "xxxx" MMCnin təsisçilərinin xx.xx.2023-cü il tarixli 47 saylı Protokolu və həmin tarixli Qərarı ləğv edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, İddiaçı "xxxx" MMC-də heç vaxt hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmamışdır və "xxxx" MMC ilə onun arasında hər hansı bir əmək müqaviləsi bu günədək bağlanmamışdır. İddiaçı hal-hazırda "xxxx" MMCnin Nizamnaməsində təsisçi kimi qeyd olunsa da, lakin onun Vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Cəmiyyətə üzv seçilməsi qanunsuz və əsassız olduğundan Cəmiyyətin bütün təsisçilərinin yekdil razılığı ilə xx.xx.2023-cü il tarixli, 48 saylı Protokolu və Qərarı əsasında təsisçi kimi Cəmiyyətin üzvlüyündən çıxarılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X16 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya mhəkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin direktoru X19 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.
20. Maddə 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
21. Maddə 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.
22. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
23. Maddə 89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 6. 1-ci hissə. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
25. Maddə 42. 1-ci hissə. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı
26. Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərində gələn tələblərə ümumi məhkəmələr baxır. İddia ərizəsinin məzmunundan göründüyü kimi burada hüquqi şəxsin fəaliyyəti və ya idarə edilməsi ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə mövcud deyildir. Mübahisənin sahibkarlıq subyektinin fəaliyyətinin həyata keçirilməsindən meydana çıxmasını göstərən hallar mövcud deyildir. İddiaçı hüquqi şəxsin təsisçilərindən olsa da, onun tələbi konkret olaraq işlə təmin edilməkdən və əmək müqaviləsi bağlamaqdan ibarətdir. İddiaçı öz tələbində təsisçiliklə bağlı məsələləri sadəcə bir üstünlük meyar kimi təqdim etmişdir.
27. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
36. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Apellyasiya baxışının hədləri
39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
43. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
45. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)- 1389/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı təsisçisi (iştirakçısı) olduğu "xxxx" MMC-də sürücü işi ilə təmin olunmaqdan və müvafiq əmək müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını istəyir. İddiaçı tələbini onunla əsaslandırır ki, Cəmiyyətin təsisçisi (iştirakçısı) olduğundan orada sürücü kimi işlə təmin olunmalıdır. Lakin, Cəmiyyətin nizamnaməsində təsisçilərin (iştirakçıların) Cəmiyyətdə işlə təmin olunmaqda üstünlük hüququnun olması barədə heç bir müddəa öz əksini tapmamışdır. Həmçinin, Cəmiyyətin digər təsisçiləri (iştirakçıları) iddiaçının "xxxx" MMC-də işlə təmin edilməsinə etirazlarını bildirərək bu barədə notarial qaydada təsdiq edilmiş etirazları birinci instansiya məhkəməsinə təqdim edilmişdir.
48. Qanunvericiliyin yuxarıda qeyd göstərilən müddəalarından göründüyü kimi, təsisçinin müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərinin müəyyənləşdirməsi onun hüquqi şəxsin üzərinə işə götürülməsi ilə bağlı öhdəlik qoyulmasına və bununla bağlı üstünlük hüququnun olmasına əsas vermir (23-24-cü paraqraflar).
49. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, "xxxx" MMC-nin nizamnaməsində təsisçinin (iştirakçının) Cəmiyyətdə işlə təmin olunmaqda üstünlük hüququnun olmasına dair heç bir müddəa əks olunmamış, həmçinin, Cəmiyyətin digər təsisçiləri (iştirakçıları) da İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü kimi işlə təmin olunmasına öz etirazlarını bildirmişlər. Bundan başqa, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək münasibətlərinin yaranmasını və ya əmək münasibətlərindən irəli gələn qanunvericiliyin pozulmasını təsdiq edən sübut da məhkəməyə təqdim edilməmişdir.
50. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi göstərdiyi halları təsdiq edən mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir(MPM-nin 77.1 mad).
51. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
52. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
53. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
54. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
55. Həmçinin, sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(MPM-nin 76.1 mad).
56. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
60. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
61. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas, Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1389/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.