Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-296/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul tələbi, sübutetmə yükü Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)- 1436/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ilə Azərbaycan Beynəlxalıq Bankı ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən iddiaçıya 36 ay müddətinə illik 17 % olmaqla, 5000 manat kredit verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5617 manat 34 qəpik məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 77 manat pulun alınıb ona verilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü ildə "xxxx"ASC-dən 5000 manat məbləğində kredit götürərək Cavabdeh vermişdir. Cavabdeh onun baldızıdır. Ona 5000 manat məbləğində pul lazım idi və ondan xahiş etmişdir ki, bankdan pul götürüb ona versin, o özü faizləri ilə birlikdə banka olan borcunu ödəyəcəkdir. Cavabdeh ilk vaxtlarda ödənişləri ödəmişdir. Belə ki, o, 800 manat ödəniş etmişdir. Hazırda o, ödənişləri ödəmir və məcbur qalıb həmin ödənişləri özü ödəyir. Bildirir ki, cavabdehə bankdan götürüb verdiyi 5000 manat pulun üzərinə 1417 manat 34 qəpik faiz borcu da hesablanmışdır. O həmin pulu da ödəməyə məcburdur. Çünki müqavilə onun adınadır. Yəni cavabdehin ödədiyi 800 manat pulu onun əsas borcundan çıxmaqla ondan 4200 manat (borc verdiyi) və 1417 manat 34 qəpik(əsas borca hesablanmış faiz) tələb edir. Hesab edir ki, cavabdeh onu əlavə olaraq ziyana saldığından həmin faiz məbləği də cavabdehdən alınıb ona verilməlidir.
4. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçının baldızıdr. Aralarında mübahisə olmuş və o buna görə də ona şər-böhtan atır. O, özü xadiməçi işləyir, aylıq əmək haqqı vardır. Ona pul lazım olsa idi o öz adına kredit götürə bilərdi. İddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
5. İddiaçı məhkəmə iclasının yeri və vaxtə barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Mülki prsseual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır.
6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-1436/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə borc verilməsi ilə bağlı nə yazılı, nə şifahi müqavilənin olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. iddiaçı ərizəsində şahidlərin pulun verilməsi faktını təsdiq etdiklərini qeyd etsə də, həmin şahidlərin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. İddiaçının vəkilinin şahidlərin yazılı ifadələrinin məhkəməyə təqdim edilməsinə dair dəlillərinə münasibətdə onu qeyd etçmişdir ki, o şahidin ifadəsi sübut növü kimi qəbul edilir ki, həmin şahidin ifadəsi məhkəmə iclasında alınmış olsun. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1 və 386.1-ci maddəsinə, və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 141, 14.2, 76.1, 77.1, 88, 105.2, 167.1, və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
9. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun bankdan 5000 manat pul vəsaiti, götürüb cavabdehə verdiyini və cavabdeh həmin pul vəsaitni faizləri ilə birlikdə banka ödəyəcəyini təsdiq edən şahidləri də vardır. Həmin şahidlər əri X1, bacısı X5, bacısı qızları X3, X4 və X6. Onlar bu fakları təsdiq edirlər. İddia ərizəsindən görünür ki, onların hazırkı iş üzrə yeganə sübutları şahidlərdir. Lakin, məhkəmə qərəzli şəkildə həmin şahidlərin dindirilməsinə şərait yaratmamışdır. Belə ki, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü ildə saat 11:00-a təyin olunmuşdur. Həmin tarixdə məhkəməyə şahidlərinin olması və onların yazılı ifadələrinin məhkəməyə təqdim olunması məqsədi ilə məhkəmə iclasının təxirə salınması barədə ərizə ilə müraciət etmişdir. Lakin məhkəmə həmin ərizəni nəzərə almayaraq mülki işi xx.xx.2024-cü il tarixdə saat 12:50-yə məhkəmə baxışına təyin etmişdir. Halbuki ərizə ilə müraciət edib hazırlıq iclasının təxirə salınmasını xahiş etmişlər. Maraqlıdır ki, məhkəmənin mülki işi tez-tələsik yekunlaşdırmaqda məqsədi nə idi ? Nəzərə alsaq ki, sübutlar məhkəmə baxışına qədər təqdim olunmalıdır, o zaman məhkəmə onlara sübutlarını təqdim etmək üçün vaxt verməli və hazırlıq iclasını təxirə salmalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
17. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya).
18. Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya).
19. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya).
20. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya).
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
34. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-1436/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə borc verilməsi ilə bağlı nə yazılı, nə şifahi müqavilənin olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. iddiaçı ərizəsində şahidlərin pulun verilməsi faktını təsdiq etdiklərini qeyd etsə də, həmin şahidlərin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. İddiaçının vəkilinin şahidlərin yazılı ifadələrinin məhkəməyə təqdim edilməsinə dair dəlillərinə münasibətdə onu qeyd etmişdir ki, o şahidin ifadəsi sübut növü kimi qəbul edilir ki, həmin şahidin ifadəsi məhkəmə iclasında alınmış olsun.
39. Məhkəmə sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
40. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
41. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
42. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
43. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
44. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
45. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
46. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
47. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı öz adına kredit götürərərək cavabdehə borc verdiyini iddia edir. Yalnız, cavabdehə borc verilməsi iddiaçının subyektiv izahatı ilə öz təsdiqini tapmış və cavabdeh birinci instansiyası məhəməsində verdiyi izahatında iddia dəlillərini qəbul etməmişdir. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
49. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
50. Məhkəmə qeyd ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
51. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
52. Məhkəmə apellyatorun birinci instansiya məhkəməsi tərəfindən şəraitin yaradılmamasını və buna görə də şahidləri təqdim edə bilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, göstərilən dəlil əsassızdır. Çünki, şahidlərin məhkəmə iclasında dindirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən yetərli prosessual imkanlar yaradılmışdır.
53. Eyni zamanda işə apellyasiya baxışı zamanı məhkəmənin ilk iclası məhz iddia tərəfinin şahidlərin təqdim edilməsinə imkan yaradılması barədə vəsatətinə əsasən təxirə salınsa da iddia tərəfi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və qeyd edilən şahidlər apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Bundan başqa birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə tapşırığının verilməməsi ilə bağlı qeyd edilməlidr ki, şə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır (MPM maddə - 83.1).
54. Qeyd edilən prosessual qanunvericilik norması məhkəmə tapşırığının verilməsini işə baxan məhkəmənin üzərinə vəzifə olaraq qoymamış və məhkəmənin hüququ olaraq müəyyən etmişdir ki, şahidlərin dindirilməsi ilə bağlı məhkəmə tapşırığının verilməsi qanunvericilikdə nəzərdə tutulamışdır.
55. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid ifadəsi məhkəmə üçün məcburi deyildir, şahid məhkəmə iclasında dindirilməli və şahid ifadəsi sübut növü qismində məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirlir.
56. İddiaçı tərəfin bildirdiklərinə görə şahid qismində dindirilməsi istənilən şəxslər iddiaçının əri, bacısı, bacısı qızları olmaqla iddiaçının qohumlarıdır. İddiaçı tərəf sübutunu özü məhkəmə təqdim etməli olduğu halda istər birinci, istəsə də apellyasiya baxışında şahidlərini məhkəməyə təqdim etməmişdir.
57. Eyni zamanda qeyd edildiyi kimi, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı tərəflər arsında balanmış yazılı borc müqaviləsini məhkəməyə təqdim etməmişdir ki, tərəflər arasında borc müqaviləsinin bağlanması şahid ifadələri ilə təsdiq edə bilməz.
58. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
59. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
62. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-1436/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.