Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-307/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-1295/2023 saylı mülki iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı borc aldığı 20.000 (iyirmi min) manat pulu xx.xx.2022-ci il tarixədək qaytaracağına söz vermişdir. Müqaviləni tərəflər şahidin iştirakı ilə imzalamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.800 (on min səkkiz yüz) manat borcun və 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun cəmi 10.923 (on min doqquz yüz iyirmi üç) manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tanışı olan Cavabdeh iddiaçıdan 20.000 (iyirmi min) manat borc pul istəmiş və aldığı borcu 01 iyul 2022-ci il tarixədək qaytaracağını bildirmişdir. İddiaçı cavabdehə inanıb 27 mart 2019-cu il tarixdə təsərrüfatla məşğul olaraq topladığı 20.000 (iyirmi min) manat pulu ona borc vermişdir. İddiaçı pulu cavabdehǝ verərkən müqavilə yazılmışdır. Həmin müqaviləni iddiaçı özü, Cavabdeh və eləcə də şahidlər imzalamışlar. Müqavilədə göstərildiyi kimi cavabdeh iddiaçıya olan borcunu xx.xx.2022-ci il tarixə kimi tam şəkildə ödəməli olduğu halda hal-hazıra kimi borcundan cəmi 9200 (doqquz min iki yüz) manat pulunu müxtəlif vaxtlarda hissə-hissə ödəmişdir. İddiaçı dəfələrlə cavabdehdən borclu qaldığı 10.800 manat pulu könüllü olaraq ödəməsini tələb etmişdir. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu tezliklə ödəyəcəyi barədə yalan vədlər vermişdir. İddiaçı cavabdeh tərəfindən ona olan borcunu könüllü olaraq ödəmədiyindən məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-1295/2023 saylı mülki iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia tələbi təmin edilmiş, Cavabdeh 10.800 (on min səkkiz yüz) manat pulun və 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassızdır. Belə ki, qəbzdə borcun məbləği 20000 manat göstərilsə də, əslində iddiaçıdan 10000 manat məbləğində borc pul almış, həmin borcdan 9200 manatını ödəmişdir. Hazırda iddiaçıya 800 manat məbləğində borcu qalmışdır. Məhkəmə qətnamə qəbul edərkən həmin halları araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı 10000 manat məbləğində borc pul almış və həmin borcdan 9200 manatını qaytarmışdır. Hazırda iddiaçıya 800 manat məbləğində borcu qalmışdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirdi ki, əslində cavabdehə 18000 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdeh borcu vaxtında qaytara bilmədiyindən ona 20000 manat pul qaytaracağına söz vermişdir. Ona görə də qarşılıqlı razılaşmaya əsasən aralarında bağlanmış müqavilədə həmin məbləği 20000 manat göstərmişlər. Cavabdeh aldığı borcundan ümumilikdə 9200 manat məbləğində pul qaytarmışdır. Sonda iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır: Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, mülki işin materiallarında olan, əlyazma ilə tərtib edilmiş borc müqaviləsinə görə, İddiaçı Cavabdeh 20000 manat borc vermişdir. Lakin, məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehə 20000 deyil 18000 manat məbləğində borc pul verdiyini, cavabdehin həmin borcdan ona 9200 manat məbləğində pul qaytardığını etiraf etmişdir. Tərəflər arasında borc münasibətlərinin mövcud olması işin mübahisəsiz halıdır. Belə ki, borc verən İddiaçı götürdüyü öhdəlikləri tam icra edərək, 18000 manatı qaytarmaq şərti ilə borc alan Cavabdeh mülkiyyətinə vermiş, lakin, Cavabdeh borc aldığı pulu xx.xx.2022-ci il tarixədək qaytaracağı öhdəliyini götürsə də, həmin öhdəliklərini tam icra etməmiş, həmin borcdan 9200 manatı qaytarsa da, qalan borcu qaytarmamışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan 10000 manat borc almasını və hazırda iddiaçıya cəmi 800 manat məbləğində borcunun qalmasını iddia etsə də, kollegiya onun bu dəlilərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə cavabdeh iddiaçıdan 10000 manat borc almasını iddia etsə də, onun bu dəlilini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı borcun məbləği barədə daha mötəbər sübut növünü-tərəflərin hər ikisinin imzaladığı əlyazma ilə tərtib edilmiş borc müqaviləsini məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin iddiaçıdan 20000 deyil, 10000 manat borc alması barədə olan dəlilərini əsassız sayır. Belə olan kollegiya hesab edir ki, şikayət qismən təmin edilməklə, iddia tələbi qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin olunmalıdır. Bundan başqa mülki işin materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı 123 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də kollegiya belə qərara gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan110,7 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1295/2023 saylı mülki iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110,7 (bir yüz on) manat 70 qəpik məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-307/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-307/2024
06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver