Məhkəmə qərarları › İş №2(104)-308/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-308/2025

14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-308/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X8 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi (oğlu) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Cinayət işinin rədd olunması barədə” qərardan görünür ki, İddiaçı məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

2. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq özündə saxladığı ona məxsus 1000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şamaxı şəhəri Nizami küçəsi 8-də yaşayır. xx.xx.2022-ci il tarixdə “tap.az” saytında Kamaz markalı avtomaşın satıldığını görmüşdür. Həmin elanda əlaqə nömrələri də, göstərilmişdir. O, həmin şəxsə zəng etmiş və Kamazla maraqlanmışdır. Cavabdeh avtomaşının ideal vəziyyətdə olduğunu demişdir. Demişdir ki, bayramdan sonra gəlib maşına baxacaq. Cavabdeh isə ondan 2000 manat beh göndərilməsini tələb etmişdir. O, MilliÖn aparatı vasitəsilə 2000 manat pulu Nürəddinə göndərmişdir. xx.xx.2023-cü il tarixdə maşına baxmaq üçün Tovuz rayonuna getmiş və baxmışdır. Maşın internetdə göstərilən vəziyyətdə olmamışdır. Yəni əksər detalları yox idi. Təkərləri yararsız vəziyyətdə idi. O bildirmişdir ki, bu maşın tam yararsız bir maşındır. Ona lazım deyil və pulunun qaytarılmasını xahiş etmişdir. Bundan sonra Nürəddin pulu qaytara bilməyəcəyini demişdir. O, polisə şikayət etmiş, bundan sonra o, pulunun 1000 manatını kart vasitəsilə ona göndərmişdir. Qalan 1000 manatını isə ödəməmişdir. Ona son dəfə rəsmi xəbərdarlıq etmiş, lakin pulu qaytarmamışdır. Ona görə də, Cavabdeh əsassız olaraq özündə saxladığı ona məxsus 1000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tovuz Rayon Məhkəməsinin 2(062)-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın təmin edilməsi, Cavabdeh 1000 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında yazılı beh müqaviləsi bağlanmamışdır. Bu da, onu deməyə əsas verir ki, tərəflər arasında hər hansı hüquq münasibəti olmadan cavabdeh iddiaçıya məxsus 2000 manat pulu əldə etmiş, 1000 manatını qaytarmış, qalan 1000 manatı özündə saxlamaqla hər hansı hüquqi əsas olmadan varlanmışdır.

6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1., 491.2, 386.1 və 1091-1092-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

7. Tovuz Rayon Məhkəməsinin 2(062)-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı cavabdehə tap.az saytında satışa qoyduğu Kamaz markalı maşına görə telefon zəngi etmişdir. İddiaçı maşın haqqında ətraflı məlumat aldıqdan sonra maşının şəkil və video görüntülərini istəmişdir. Daha sonra yenidən telefon zəngi edərək 15.000 manata satışa qoyduğu maşını 11.500 manata ona satmağını istəmişdir. Çox təkiddən etdikdən sonra razılaşmış və maşını heç kəsə satmamağı üçün ona 2000 manat beh göndərəcəyini söyləmişdir. Həmin günü 1000 manat beh göndərmiş və sabahı günü ona yenidən zəng edərək maşını niyə internet saytından çıxarmamıasını, maşının onun olduğu üçün çıxartmağını demişdir. O, X2na zəng edərək maşını internet saytından çıxarmasını istəmişdir. Həmin günü yəni, xx.xx.2022-ci il tarixdə iddiaçı ona yenidən 1000 manat beh göndərmiş və xx.xx.2023-cü il tarixdə maşını aparmağa gələcəyini demişdir. xx.xx.2023-ci il tarixdə taksi ilə Bakı şəhərindən Tovuz rayonuna maşını satmaq məqsədilə getmiş və həmin günü maşının yanında İddiaçı ilə görüşmüşdür. İddiaçı maşının hər yerini yoxlamış və maşının 2(iki) təkərinin zəif olduğunu söyləmişdir. Daha sonra ona verəcəyi puldan 2(iki) təkərin pulunu çıxacağını demiş, o isə bununla razılaşmamışdır. Həmin günü İddiaçı bu barədə ondan Tovuz rayonu Qovlar polis şöbəsinə şikayət etmişdir. Polis əməkdaşları hər ikisi ilə görüşmüş və ona veriləcək puldan 1000 manatı silərək 10.500 manata razılaşmışlar. Sonra İddiaçı X2ndan xahiş edərək, 200 manatda pulu əskik vermək istəmiş və oğlu da ona deyərək razılaşmışdır. Daha sonra İddiaçı ilə maşının yanına ordan isə Asan xidmətə “etibarnamə” vermək üçün getmiş ama saat gec olduğundan Asan xidmətdə növbə tuta bilməmişlər. Bu zaman İddiaçı onun oğluna yaxınlaşaraq hər ikisinində ziyanlıq etdiyini söyləmiş və ona verilən behin 1000 manatının qaytarılmasını istəmişdir. X2 bununla razılaşmış və pulu xx.xx.2023-cü il tarixdə göndərəcəyini demişdir. Bu təklifin İddiaçı tərəfindən irəli sürüldüyünü təsdiqləyən vatsapp səs yazmalarıda var. Beləliklə razılaşmışlar və sağollaşaraq ayrılmışlar. xx.xx.2023-cü il tarixdə naməlum şəxslər tərəfindən satışa qoyduğu Kamaz markalı maşının 2(iki) ədəd 500 manat dəyərində akumlyatoru oğurlanmış və 2(iki) ədəd 600 manat dəyərində təkərləri partladılmışdır. Bu barədə Tovuz rayonu Qovlar Polis şöbəsinə məlumat vermiş və araşdırılma açılmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı yenidən onun oğluna zəng edərək “1000 manat pulu nə vaxt göndərəcəyini söyləmişdir” və oğlu da “danışdığımız kimi xx.xx.2023-cü il tarixdə göndərəcəm demişdir. xx.xx.2023-cü il tarixdə hər iki tərəfdə ziyanlıq olmağını nəzərə alaraq, razılaşdıqları kimi 1000 manat pulu oğlu, X1 Səxavət Xeyrulla oğlunun hesabına göndərmişdir və İddiaçı razılıq hissi ilə sağollaşmışdır. Əgər İddiaçı onun maşınına beh verməsəydi o, maşınını başqa şəxslərə satardı və onun da maşınına 1100 manat dəyərində ziyan dəyməmiş olardı. Bu hadisənin üzərindən 16 ay keçmiş və 2024-cü ilin aprel ayında bu barədə yenidən Məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Tovuz rayon Məhkəməsində onun iştirakı olmadan və ona heç bir rəsmi xəbərdarlıq etmədən Məhkəmə qərar vermişdir. Məhkəmə onun iştirakını təmin etmədiyi üçün iş üçün əhəmiyyətli olan halları düzgün araşdırmamış, yalnız iddiaçının yalançı mülahizəsinə uyğun qətnamə qəbul etmişdir. Məhkəmə prossesində iştirakı təmin olunmadığına görə sübutlarını yəni cavabdehin səs yazısını təqdim edə bilməmişdir.

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

10. Etiraz onunla əsaslandırılmışdır ki, o, cavabdeh X7 verdiyi apellyasiya şikayətinə etiraz edir. Əvvəla birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni qüvvəyə minib icraya yönəldilmişdir və bu fakt elektron məhkəmə portalından aşkar görünür. Ona görə də, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamədən hansı əsasla apellyasiya şikayətini icraata qəbul ediblər bu qaranlıqdır. İş materiallarında ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpasına dair də, heç bir qərardad yoxdur. Çox müəmmalıdır ki, Tovuz rayon Məhkəməsi iddia ərizəsini təmin edib və qətnamə qanuni qüvvəyə mindiyindən bir tərəfdən onu icraya yönəltmiş, digər tərəfdən isə cavabdehin apellyasiya şikayətini Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu yolverilməzdir və belə səhv olmaz. Digər tərəfdən isə - işin mahiyyətinə gəlincə onu bildirir ki, cavabdeh yalandan təkrar-təkrar yazmışdır ki, guya o ona olan 1000 (min) manat borcunu qaytarıb və guya o, da buna görə ondan razılıq etmişdir. Halbuki, belə hal olmamışdır. Cavabdeh iş üzrə istinad etdiyi halın sübutunu istər birinci instansiya məhkəməsinə, istərsə də Gəncə Apellyasiya Məhkəməsinə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Amma cavabdeh belə sübutunu təqdim etməyib yalandan cəfəngiyyat sözlər uydurmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (oğlu) X10 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı söyləmişdir ki, göndərdiyi behin 2000 manatının ziyanlıq olduğu üçün 1000 manatını keçir, yerdə qalan 1000 manatı isə göndərmişdir. Yerdə qalan 1000 manatı qaytarmağa razı deyillər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyasına ünvanladığı etirazda göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti vaxtı uzatmağa xidmət etdiyindən təmin olunmamalıdır. Gəncə Apellyasiya Məhkəməsindən cavabdeh X7 verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini və iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

15. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

17. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir

18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

26. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

33. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iş üzrə tərəflər Kamaz markalı avtomaşının alqı-satqısı üçün razılaşmışlar. İddiaçı maşına baxmadan əvvəlcədən 2000 manat pulu cavabdehə göndərmişdir. xx.xx.2023-cü il tarixdə maşına baxmaq üçün Tovuz rayonuna getmiş və baxmışdır. Maşını bəyənməmiş, pulunu geri tələb etmiş cavabdeh pulu qaytara bilməyəcəyini demişdir. İddiaçı polisə şikayət etmiş, bundan sonra cavabdeh pulunun 1000 manatını kart vasitəsilə ona göndərmişdir. Qalan 1000 manatını isə ödəməmişdir. Cavabdehə xəbərdarlıq etmiş, lakin pulu qaytarmamışdır. Ona görə də, Cavabdeh əsassız olaraq özündə saxladığı ona məxsus 1000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər əvvəlcədən bir-birini tanımamış, aralarında olan razılıq avtomobilin alqı-satqısına görə xx.xx.2022-ci il tarixdə olmuşdur. Avtomobili başqa şəxsə satmamaq məqsədi ilə tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı əvvəlcədən 2000 manat pulu cavabdehə göndərmişdir. xx.xx.2023-cü il tarixdə hər iki tərəfdə ziyanlıq olmağını nəzərə alaraq, razılaşdıqları kimi 1000 manat pulu cavabdehin X2 İddiaçı hesabına göndərmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ödənilməmiş 1000 manat pulu tələb etmişdir. Bu hal isə onun iddia tələbində göstərdiyi əsasları şübhə altına alır və xx.xx.2023-cü il tarixdə 1000 manat pulu aldıqdan sonra, hər iki tərəfdə ziyanlıq olmağını nəzərə alaraq, yerdə qalan 1000 manat pulun cavabdehdə qalmasına razılıq verdiyini sübut etmişdir. Belə ki, tərəflər arasında həm ilkin, həm də sonrakı razılaşma şifahi olmuşdur. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün kollegiya hesab edir ki, tərəflərin izahatı mötəbər sübut kimi qiymətləndirilməli və hüquqi qiymət verilməlidir.

35. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında beh müqaviləsinin yazılı formasına riayət etməmələri, bu baxımdan həmin əqd etibarsız əqd olduğundan cavabdehin əsassız olaraq varlanması və tərəflərin əqd üzrə aldıqlarını bir-birinə qaytarmalı olmaqları ilə bağlı düzgün nəticəyə gəlsə də, birinci instansiya məhkəməsi iddiaçının Mülkü Məcəllənin 354.1-ci maddısində nəzərdə tutulmuş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etməsini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il Qərarında qeyd edilir ki, beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, HK-1/35 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə DİN 102 xidmətinə zəng edərək, şikayət etmişdir. Bu isə onun hüquqlarının pozulmasını həmin tarixdə bilməsini göstərir. Lakin iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Tovuz rayon Məhkəməsinə müraciət etmiş, qanunvericiliklə müəyyən edilən bir illik müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də, kəsici müddəti tətbiq edərkən səhvə yol vermişdir.

36. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və 1 illik kəsici müddət tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi :

Tovuz Rayon Məhkəməsinin 2(062)-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar