Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-309/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: paylı mülkiyyətin naturada bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)- 1267/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı2 paylı mülkiyyətində ünvan 1 ünvanında 0.0891 ha torpaq sahəsi üzərində tikilmiş 124.50 kv.m yaşayı evi var. Həmin evin 10/12 hissəsi Cavabdeh, 1/12 hissəsi İddiaçı1 və 1/12 hissəsi isə İddiaçı2 mülkiyyətindədir.
2. Tovuz Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hərracdan satılması, Hərracdan əldə olunan vəsait paylara mütənasib olaraq 5/6 hissə Cavabdeh, 1/12 hissə İddiaçı2 və 1/12 hissə İddiaçı1 olmaqla tərəflər arasında bölünməsi qət edilmişdir.
3. Tovuz Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlakdan payların naturada ayrılması tələbinə dair iddisı təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7754 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sahəsi 0.0891 ha olan torpaq sahəsində tikilmiş tikilinin üzərində olan “B” və “C” tikilisi nəzərə alınmamaqla torpaq sahəsinin iddiaçıların paylarına uyğun naturada təcrid şəkildə iki hissəyə bölünməsi Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1-də yerləşən torpaq sahəsinin naturada bölünərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124,5 kv.m yaşayış sahəsi 48,3 kv.m olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı2 və İddiaçı1 məxsusdur. Həmin daşınmaz əmlakın 10/12 hissəsi mülkiyyət hüquqları əsasında Cavabdeh adına, 1/12 hissəsi mülkiyyət hüquqları əsasında İddiaçı2 adına, 1/12 hissəsi mülkiyyət hüquqları əsasında İddiaçı1 adına qeydə alınmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXH-nın Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********24-10301 reyestr nömrəli çıxarış da verilmişdir. Əmlak sahiblərindən Cavabdeh iddiaçı qismində çıxış edərək, İddiaçı2 və İddiaçı1 qarşı daşınmaz əmlakın hərracda satılması və satışdan əldə olunan vəsaitin paylara müntənasib qaydada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir.Tovuz Rayon Məhkəməsinin 2(062)-1172020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən evi açıq hərracda satılması, hərracdan əldə olunan paylara müntənasib olaraq tərəflər arasında bölünməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər olaraq apellyasiya şikayəti vermişlər. X3 Məhkəməsinin qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXH-nın Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********24-10301 reyestr nömrəli çıxarışdan görünür ki, həmin ünvanda fərdi yaşayış evi ilə bərabər sahəsi 0,0891 ha olan torpaq sahəsi də mövcüddür və xüsusi mülkiyyətdədir. Lakin Tovuz Rayon Məhkəməsinin qətnaməsində yalnız fərdi yaşayış evinin hərrac vasitəsilə satılaraq hərracdan əldə olunan pul vəsaitinin paylara bölünməsi qeyd edilmişdir. Belə ki, torpaqla bağlı məsələ mübahisələndirilməmişdir. Hətta sözügedən məsələ ilə bağlı xx.xx.2017-ci il tarixlidə ünvan 2 saylı evin və torpaq sahəsinin naturada bölünərək paylara ayrılması tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-3600/2017 saylı qərardadı ilə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1. Hüquqların dövlət qediyyatı haqqında daşınmazdövlət reyestrindən MN ******* saylı çıxarışada gösərilmiş, ünvan 3 ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 124,5 kv.m olan fərdi yaşayış evinin naturada mülkiyyətçılərin paylarına uyğun bölünməsi mümkündürmü? 2. Əgər mümkündürsə hansı qaydada? Tovuz Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(062)-80/2018 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlakdan payların naturada ayrılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Yalnız iddianın evlə bağlı hissəsinə toxunulmuşdur. Göründüyü kimi məhkəmə tərəfindən torpaqla bağlı məsələ mübahisələndirilməmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində torpağın naturada bölünməsi istənilmişdir. Hazırda paylı mülkiyyətdə olan torpağın naturada bölünməsi zərurəti vardır. Belə ki, onlar xüsusi paylı mülkiyyətlərində olan torpağın sərhədlərini müəyyən edə bilmirlər, buna görə də mülkiyyətlərinin istifadəsində manelər yaranır. Həmin əmlakdan istifadə zamanı münaqişə və mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı cavabdehə müraciət etmişdir. Lakin heç bir razılıq əldə edə bilməmişlər. Bunları nəzərə alaraq bildirmək istəyir ki, hazırkı iddia üzrə mübahisə eyni tərəflər arasında olasa da, eyni predment deyildir. Belə ki, 2017ci il tarixdə qaldırılan iddiada hazırki mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Lakin, hazırdakı iddia ərizəsi üzrə mülki mübahisədə yuxarıda qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyətdədir.
7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1267/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov), iddianın qismən təmin edilməsi, ünvan 1-də yerləşən və Cavabdeh, İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətlərində olan torpaq sahəsi tiklinin üzərində olan “B” və “C” tikililəri nəzərə alınmamaqla 1/12, 1/12 və 5/6 hissə olmaqla iddiaçıların paylarına uyğun naturada təcrid şəklində iki hissəyə bölünməsi, iddianın qalan hissəsi təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1267/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun və ailəsinin hüquqları pozulmasına gətirib çıxaracaqdır. Həmin qətnamə qanunsuz olduğundan ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməlidir. Həmçinin, məhkəmə qətnamədə cavabdehi məlumatlandırdığını bildirsə də, lakin məhkəmə prosesinin keçirildiyi vaxt barədə cavabdehə heç bir rəsmi bildiriş göndərilmədiyindən cavabdehin xəbəri olmamış və prosesdə iştirak etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1-də yerləşən və ona, İddiaçı2 və İddiaçı1 məxsus paylı mülkiyyətlərində olan torpaq sahəsi tikilinin üzərində olan “B” və “C” tikililəri nəzərə alınmamaqla 1/12, 1/12 və 5/6 hissə olmaqla iddiaçıların paylarına uyğun naturada təcrid şəklində iki hissəyə bölünməsinə razı deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və onun vəkilinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
17. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
18. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
19. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
20. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
21. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
22. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
23. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
24. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
25. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
33. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
41. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
43. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
44. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
45. Bənd 3.3. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
46. Bənd 6.2. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir.
47. Bənd 6.5. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir.
Apellyasiya baxışının hədləri
48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
53. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
54. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 1də yerləşən torpaq sahəsinin 10/12 hissəsi Cavabdeh, 1/12 hissəsi İddiaçı1 və 1/12 hissəsi isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Hazırda iddiaçılar əmlakın paylara uyğun naturada ayrılmasını tələb edir. Lakin, ekspertin rəyi ilə müəyyən edilir ki, əmlakın tərəflərin payına uyğun ayrılması yalnız torpaq sahəsi üzərində olan “B” və “C” tikililəri nəzərə alınmamaqla texniki cəhətdən mümkündür.
55. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
56. Mülki qanunvericiliyin tələbinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
57. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
58. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
59. Kollegiya göstərir ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın naturada bölünüb ayrılması hissəsinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir.
60. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
61. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. (Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri)
62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
63. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər payın həcmində müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə ve istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyanın ödənilməsidir.
64. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
65. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarda həmçinin qeyd olunur ki, əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.”
66. İş materialları ilə müəyyən edilir ki, torpaq sahəsinin üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi torpağın paylara uyğun bölünüb ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçılara düşən hissəsinin paya uyğun naturada ayrılması istifadə qaydalarına və paylara tənasübsüz zərər vurmadan mümkün deyildir.
67. Bu hal, Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqinə imkan vermir və iddianın əsassızlığına dəlalət edir.
68. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7754 nömrəli ekspert rəyi ilə əsaslandırmışdır.
69. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də həmin rəyin mötəbərliyini əsaslandırmamışdır.
70. Belə ki, ekspertin xx.xx.2023-cü il tarixli, 10/7754 nömrəli rəyi ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sahəsi 0.0891 ha olan torpaq sahəsində tikilmiş tikilinin üzərində olan “B” və “C” tikilisi nəzərə alınmamaqla torpaq sahəsinin iddiaçıların paylarına uyğun naturada təcrid şəkildə iki hissəyə bölünməsi Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.
71. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə əsasən, ekspertizanın məqsədi Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.
72. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
73. Qeyd edilən normaların tələblərindən göründüyü kimi ekspert iş üzrə tədqiqat aparmalı və apardığı tədqiqat nəticəsində qarşısına qoyulmuş suallara cavab verməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sahəsi 0.0891 ha olan torpaq sahəsində tikilmiş tikilinin üzərində olan “B” və “C” tikilisi nəzərə alınmamaqla torpaq sahəsinin iddiaçıların paylarına uyğun naturada təcrid şəkildə iki hissəyə bölünməsini mümkün hesab etmişdir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 124,5 m2 olan fərdi yaşayış evinin kimin mülkiyyətində olması və torpaq sahəsinin hansı hissəsinə düşməsi, habelə liter “B” və “C” tikililərin kimin torpaq sahəsində yerləşməsi barədə heç bir araşdırma aparmamış, ümumilikdə tikililərin hüquqi vəziyyəti barədə araşdırılma aparılmadan, sadəcə ekspert rəyində yazılanları sadalamaqla kifayətlənmişdir.
75. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (30-33 paraqraflar).
76. Göründüyü kimi, bu bölgü mülkiyyətçilərin əmlakdakı paylarına uyğun bölgü deyildir. Çünki, torpaq sahəsinin bölünməsinin mümkünyülü yalnız həmin sahədə yerləşən tikililərin (liter “B” və “C”) olmadığı halda mümkün olduğu bildirilmişdir. Həmin bölgü mülkiyyətçi olan Cavabdeh payını azaltmaq və ya təsir göstərməklə onun mülkiyyət hüquqlarını pozur. Ona görə də birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslı hesab oluna bilməz.
77. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi).
78. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının tətbiqini elə tərzdə şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Eyni zamanda, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «N.Əbilovun şikayəti üzrə» xx.xx.2008-ci tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
80. Məhkəmə icraatının başlıca vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və vəzifələrinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-nin 2-ci maddəsi). Bu normadan da göründüyü kimi, məhkəmə ictimai qaydanın bərqərar edilməsi üçün çalışmalıdır və məhkəmənin qəbul etdiyi qərarlar yeni mübahisələrə, anlaşılmazlıqlara yol açmamalıdır.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
82. MPM-nin 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
83. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
84. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
85. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
86. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
87. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
90. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
91. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
92. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin ödənilmiş dövlət rusumu iddiaçılara aid edilməlidir.
93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1267/2023 nömrəli nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rusumu iddiaçılara aid edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.