Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-319/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: evin tikinti və təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evin tikinti və təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(062)-850/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3299 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında tikintisi tam başa çatmamış tikilinin inşası üçün görülmüş tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 8696 manat məbləğində olduğu müəyyən olunmuşdur;
2. xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətçisidir;
3. "xxxx" MMC-nin smetasından görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən yarımçıq yaşayış evinin qiymətləndirilməsi üçün cəmi 17200 manat təşkil edir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu “Avaztəpə” adlanan ərazidə yerləşən Cavabdeh1 məxsus olan torpaq sahəsində evin tikilməsi üçün çəkilmiş xərc olan 15228 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı X3 Cavabdeh2 ilə el adəti ilə ailə qurmuş, nikahlarını 29 noyabr 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 03 mart 2018-ci ildə Əsma adlı uşaqları anadan olmuşdur. Həmin vaxt qızı özünə məxsus əmlakını, cehizini cavabdehin istifadəsində olan evə aparmışdır. Bundan əlavə Tovuz rayonu Avaztəpə adlanan ərazidə yerləşən Cavabdeh1 adına olan fərdi yaşayış evinin tikintisi üçün o xərc çəkmişdir. Çəkilmiş xərclərin ona geri verilməsi ilə bağlı cavabdehlərlə razılığa gələ bilmir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ümumi dəyəri 7700 manat olan 11000 ədəd kubik, ümumi dəyəri 400 manat olan 4 maşın çay daşı, ümumi dəyəri 600 manat olan 3 maşın qum, ümumi dəyəri 1350 manat olan 180 ədəd sement, ümumi dəyəri 1350 manat olan 440 metr armatur, ümumi dəyəri 200 manat olan 400 ədəd xamut, ümumi dəyəri 10 manat olan 10 metr sim, ümumi dəyəri 20 manat olan reyka, ümumi dəyəri 100 manat olan taxta apalofka, usta üçün zəhmət haqqı 3700 manat, usta üçün ət 30 kq dəyəri 300 manat, cəmi dəyəri 15228 manat təşkil edir. Sözügedən evin tikintisinə ümumilikdə 15228 manat xərc çəkmişdir. Həmin xərci ekspertiza təyin olunsa bəlli olacaqdır. Bundan əlavə həmin evin tikintisinə usta və fəhlələr məhkəmə iclası zamanı dəvət olunacaq və işin ədalətli hallarını təsdiq edəcəklər.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Tovuz memarlıq layihə şirkətində direktor vəzifəsində işləyir. Vətəndaş, yəni iddiaçının müraciəti əsasında evin ölçülərini götürmüşdür. Memar da smeta işlərin görmüşdür. Tikinti qaydalarına uyğun olaraq ölçülər aparılmışdır. Smetanı memar tərtib etmiş, o isə sadəcə inzalamışdır. Yarımçıq tikili 17200 manat qiymətləndirilib. Smetanı nəyin əsasında tərtib etdiyini bilmir, o sadəcə imzalamışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o iddiaçının qardaşıdır. O evin hörgü işlərini görmüşdür. Qardaşı ona işlərin görülməsi üçün 3640 manat pul vermişdir. 25 manata 3 qatlı 4 kvadrat, 28 manata da tək qat mişar daşı hörmüşdü. Onunla bərabər başqa yoldaşlar da işləmişlər. Pulu 3 nəfər şəxs arasında bölmüşlər. 334 kv.m cüt, 120 kv.m tək divar hörülüb. İşlərin içərisində beton işləri də var idi. Beton işlərinin asma betonun kvadratı 5 manat idi. 20 sm beton işinin də hər kv.metri 10 manat təşkil edir. 74 metr beton işi görüb. 74-də 10 manata verəndə 740 manat təşkil edir. Təxminən 10000 minə yaxın mişar daşı istifadə edilmişdir. (şahid görülmüş işlər barədə qeydi məhkəməyə təqdim edir və bildirir ki, qeydlər iddiaçı tərəfindən edilərək ona verilmişdir.)
8. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh2 onun keçmiş həyat yoldaşı olub. Birgə nikah dövründə olarkən onunla yoldaşının əlində cəmi 2500 manat pul olub. Evin tikilməsinə çəkilən xərci atası çəkmişdir. O ustaların yeməklərini hazırlamışdır. Əri cəmi 2500 manat pul verib. Həmin 2500 manatı da atasına vermişdir. Evin təmirinə təxminən 17000-18000 manat pul xərclənibdir.
9. Tovuz Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(062)-850/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat və ödənilmiş dövlət rüsumunun 70 manatı alınaraq İddiaçı Mədəd oğluna verilməsi; İddianın qalan hissədə təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, həmçinin Mülki Məcəllənin 157.4, 225.1, 225.3, 397 və 666.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlərdən Cavabdeh2 qızı X1 həyat yoldaşıdır. Qızı Cavabdeh2 ilə evləndikdən sonra onların yaşaması üçün Cavabdeh1 məxsus torpaq sahəsində ev tikdirmək qərarına gəlmişlər. Həmin vaxt qızı üçün evin tikinti xərclərini çəkmək qərarına gəlmişdir. Yəni, həmin evi qızı üçün inşa etdirmişdir. Məhkəmənin qətnamədə cavabdehlər tərəfindən evin tikintisi üçün ona heç bir tapşırıq verməməsi barədə qeyd etdikləri tam əsassız bir mövqedir. Cavabdehə məxsus torpaq sahəsində onların icazəsi olmadan necə ev tikdirə bilərdi. Bundan başqa, məhkəmənin qətnamədə qızı və kürəkəninin birgə nikah dövründə çəkdikləri xərci istədiyini qismən haqlı hesab edib. Burada kürəkəni barədə evə çəkdiyim xərci ona bağışladığım qənaətinə gəlmişdir. Bir daha qeyd edirəm ki, mən qızım üçün ev inşa etdirmişəm. Qızımın ailəsi dağıldıqdan sonra mənim tikdirdiyim evin cavabdehlərdə qalması ədalətsizlik olardı. Burada heç bir bağışlamadan söhbət gedə bilməz. Məhkəmənin evin tikinti xərclərinə çəkilən xərclə bağlı istinad etdiyi ekspert rəyi ilə bağlı bildirmək istərdim ki, həmin ekspert rəyi, hazırkı iş üzrə təyin olunmuş ekspert rəyi deyil. Həmçinin məhkəməyə "xxxx" MMC-nin smetası sübut növü kimi təqdim edilmişdi. Həmin smetada yarımçıq yaşayış evinin qitmətləndirilmsinin 17200 manat olması qeyd edilib. Məhkəmə iclasında iştirak edib ifadə verən şahid X6 evin tikintisinin onun tərəfindən həyata keçirildiyini və xərclənmiş pul barədə dedikılərini də nəzərə alsaq əvvəlki bir işdə təyin edilmiş ekspertin rəyinə əsaslanaraq məhkəmə tədqiqatında araşdırılmış sübutlar arasında ziddiyəti aradan qaldırmadan cavabdehin etirafına uyğun qətnamə qəbul etmək ən azından ədaləsiz bir yanaşmadır. Hesab edirəm ki, işin bu halıməhkəmə kollegiyasının nəzərindən qaçmayacaq. qızım üçün tikilmiş evə çəkilmiş xərcləri cavabdehlərdən tələb etmişəm. Bu qızım kürəkənimin birgə nikah dövründə əldə edilmiş əmlakı baxımından qızıma etdiyim hədiyyədir. Mən Cavabdeh1 məxsus torpaq sahəsində onun icazəsi olmadan ev inşa etdirə bilməzdim. Yəni tapşırıq verməslərdən onların icazəsi ilə qızım üçün ev tikdirmişəm. Məhkəmənin evə çəkilmiş xərclərin kürəkəninə aid hissədə ona bağışlamğım barədə da qətnamədə qeyd etdikləri də tam əsassızdır. İş materillarında evin tikintisinə çəkilmiş xərclərin iddiada qeyd edilən məbləğə uyğun olması ilə bağlı smetanın mövcud olmasına, şahid ifadəsi ilə evin tikintisinə çəkilən xərcin məbləğinin sübut olunmasına baxmayaq məhkəmə həmin sübutları mötəbər sübut kimi qəbul etmədən yalnız cavabdehin etirafına uyğun qətnamə qəbul etmişdir ki, bu da həmin nəticənin işin hallarına uyğun olmamasıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Prosessual məsələlər
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
19. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
20. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
29. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat alınaraq İddiaçı Mədəd oğluna verilməsi» hissədə dəyişdirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Mədəd oğlunun xeyrinə tutulan məbləğ 6196 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı qızı Aytəkin İsmayılova Cavabdeh2 nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh1 mülkiyyətində Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0.06 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin üzərində İddiaçı, habelə onun kürəkəni olan Cavabdeh2 vəsaiti hesabına tikili inşa edilmişdir. Sonradan iddiaçının qızı ilə Cavabdeh2 ailə münasibətləri pozulduğundan ayrılmışlar. İddiaçı sözügedən tikilinin inşasına çəkilmiş vəsaitin cavabdehlərdən tutulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bu qətnamənin 26-cı bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılır.
32. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
33. İşin mübahisə olunmayan hallarıdır ki, iddiaçının qızı Aytəkin İsmayılova ilə Cavabdeh2 birgə ailə münasibətlərində olan zaman Cavabdeh2 anası olan digər Cavabdeh1 məxsus torpaq sahəsində tikili inşa edilmişdir.
34. Bununla belə, işin faktiki halları ilə müəyyən olunur ki, həmin tikili İddiaçı və Cavabdeh2 vəsaiti hesabına inşa edilmişdir. Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında mübahisəli tikilinin inşa edilməsinə 7000 manat vəsait sərf edildiyini, iddiaçı tərəfindən tikilinin inşa edilməsinə 7000 manat xərc çəkdiyini, özünün də tikilinin inşası üçün iddiaçıya 2500-2600 manat verdiyini bildirmişdir.
35. Göründüyü kimi, cavabdehlər mübahisəli tikilinin inşa edilməsinə iddiaçı tərəfindən vəsait sərf edildiyini qəbul edirlər. İşin mübahisə doğuran tərəfi sözügedən tikilinin inşa edilməsinə görə iddiaçı tərəfindən nə qədər vəsait sərf edilməsidir. Çünki, iddiaçı tikilinin inşasına 15228 manat sərf etdiyini iddia edir, cavabdeh isə tikilinin inşasına 7000 manat sərf edildiyini və həmin vəsaitin də 2500-2600 manatının onun tərəfindən iddiaçıya verildiyini bildirir.
36. İddiaçı mübahisəli əmlakın inşasına 15228 manat vəsait sərf etdiyini iddia etsə də, lakin tikilinin inşasına iddiaçının məhz həmin məbləğdə vəsait sərf etdiyi işin faktiki halları ilə öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadəsi də iddianın həlli baxımından mötəbər sübut hesab edilə bilməz. Ona görə ki, adları qeyd olunan şahidlərdən Sahib Niyazov iddiaçının qardaşı, digər X8 isə iddiaçının qızıdır. Bu halda həmin şahidlərin işin iddiaçının xeyrinə həllində maraqlı olmaları istisna edilən hal deyil. O cümlədən, iş üzrə dindirilmiş digər şahid Cavidan Salmanlının ifadəsində tikiliyə çəkilmiş xərcin 17200 manat qiymətləndirildiyini lakin, smetanın nəyin əsasında tərtib etdiyini bilmədiyini, sadəcə imzaladığını bildirilmişdir. Bir sözlə, həmin şahidin ifadəsində, ümumiyyətlə, iddiaçının tikilinin inşasına vəsait sərf edib-etməməsi, habelə bu vəsaitin əsası kimi mühüm əhəmiyyət kəsb edən hallar yer almamışdır.
37. Qeyd edilməlidir ki, tikilinin inşasına çəkilmiş xərcin qiymətləndirilməsi əmtəəşünaslıq fəaliyyəti aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
38. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-482/2023 nömrəli qərardadından görünür ki, iddiaçı X2 Cavabdeh2 Əli oğluna qarşı cehiz əşyalarının qaytarılması, pul və evə çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin mülki işə baxılan zaman məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3299 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında tikintisi tam başa çatmamış tikilinin inşası üçün görülmüş tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 8696 manat təşkil edir.
39. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
40. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirir və qeyd edir ki, rəyin obyektivliyini şübhə altına alacaq hər hansı hal mövcud deyildir. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə apellyatorun dəlillərini əsassız saymışdır.
42. Beləliklə, əmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli tikilnin inşasına 8696 manat vəsait sərf edilmişdir. Bununla belə, Cavabdeh2 həmin vəsaitin 2500-2600 manatının onun tərəfindən iddiaçıya verildiyini bildirmişdir. Diqqət yetirilməli haldır ki, birinci instansiya məhkəməsində icraat zamanı Aytəkin Niyazova iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmişdir. O, İddiaçı qızı, Cavabdeh2 da keçmiş arvadıdır. X8 verdiyi ifadəsində «Birgə nikah dövründə olarkən onunla yoldaşının əlində cəmi 2500 manat pul olub. Evin tikilməsinə çəkilən xərci atası çəkmişdir. O ustaların yeməklərini hazırlamışdır. Əri cəmi 2500 manat pul verib. Həmin 2500 manatı da atasına vermişdir» deyə bildirmişdir.
43. Məhkəmə kollegiyası işin şərh olunan hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək «evin inşasına görə iddiaçıya 2500 manat vəsait vermişdir» barədə Cavabdeh2 izahatını səmimi və inandırıcı hesab edir. Odur ki, tikilinin inşasına çəkilmiş 8696 manat vəsaitin 2500 manat hissəsinin Cavabdeh2 məxsus vəsait olması qəbul edilməli və iddiaçı tərəfindən tikilinin inşasına çəkilmiş xərc məbləği (8696-2500=6196) 6196 manat məbləğində müəyyən edilməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli tikilinin inşasına görə İddiaçı tərəfindən 6196 manat vəsait sərf edilmişdir. İddiaçı qızı və onun əri Cavabdeh2 birgə ailə təsərrüfatı kimi mənzil ehtiyaclarını qarşılamaları məqsədilə həmin tikilinin inşasına 6196 manat vəsait sərf etmişdir. Lakin, sonradan onlar arasındakı narazılıqlar səbəbindən onların ailə münasibətləri pozulmuş və ayrılmışlar. Beləliklə, nəticə gözlənilən məqsədə uyğun olmamış, iddiaçının qızı A.Niyazova əri Cavabdeh2la ayrılmışdır və onlar mübahisəli tikili yaşayış sahəsi kimi ərsəyə gətirərək birgə ailə təsərrüfatı kimi orada yaşamamışlar. Bu hal da ona dəlalət edir ki, cavabdehlər onlara məxsus torpaq sahəsinin üzərində iddiaçı tərəfin vəsaiti hesabına tikinti işləri aparılmasından əvvəlcədən məlumatlı olmuş, həmin vəsaitlər sərf edilməyə başlanandan tikilinin inşa işlərinin bitməsinədək ötən müddət ərzində buna susaraq əmlakın dəyərini artıran yaxşılaşdırma işlərini qəbul etmiş, göstərilən hərəkətlərin həyata keçirilməsinə heç bir etiraz etməmişlər. Buna baxmayaraq, cavabdehlər iddiaçının məhrum olduğu 6196 manat vəsaiti geri qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışlar.
45. Birinci instansiya məhkəməsi isə mübahisəli tikilinin inşasına görə cavabdehlərdən iddiaçının xeyrinə 5000 manat vəsait tutmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi «cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat alınaraq İddiaçı Mədəd oğluna verilməsi» hissədə dəyişdirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Mədəd oğlunun xeyrinə tutulan məbləğ 6196 manat məbləğində müəyyən edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(062)-850/2024 nömrəli qətnaməsi «cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat alınaraq İddiaçı Mədəd oğluna verilməsi» hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Mədəd oğlunun xeyrinə tutulan məbləğ 6196 (altı min bir yüz doxsan altı) manat müəyyən edilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.