Məhkəmə qərarları › İş №2(104)-325/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-325/2025

03.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-325/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “vurulmuş zərərin və icarə haqqının ödənilməsi” tələbinə dair mülki işi üzrə Ağdam Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları 05 noyabr 2021-ci il tarixdə iddiaçı(X2 adından) ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 402,7 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2025-ci il tarixə qədər cavabdehin icarəsinə verməyi, cavabdeh isə hər ay icarə haqqı olaraq 2.000 manat ödəməyi öhdəsinə götürmüşdür. 05 may 2022-ci il tarixdə iddiaçı (X2 adından) ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 402,7 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2025-ci il tarixə qədər cavabdehin icarəsinə verməyi, cavabdeh isə hər ay icarə haqqı olaraq 15.000 manat ödəməyəi öhdəsinə götürmüşdür. 12 iyun 2023-cü il tarixdə X1 rayonu, Cəfər Xəndan küçəsi 42 ünvanında yerləşən, ümumi sahəsi 402,7 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya bağışlamış və sözügedən əmlaka iddiaçının mülkiyyət hüququ 14 iyun 2023-cü il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu zərərə görə 10.546 manat, icarə müqaviləsi üzrə 52 gün üçün ödənilməmiş 22.516 manat - cəmi 33.062 manat və ödənilmiş dövlət rüsumu əvəzində 190 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəlcə qardaşının olan, sonra isə onun mülkiyyyətinə keçən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.m olan qeyriyaşayış sahəsini xx.xx.2021-ci ildə bağlanmış icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə vermişdir. Daha sonra 05 may 2022-ci il tarixdə icarə müqaviləsi təzələnmiş və yeni şərtlərlə əmlak təkrarən cavabdehə icarəyə verilmişdir. İcarəyə verilən zaman əmlak tam təmir olunmuş vəziyyətdə cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarəyəverənin razılığı olmadan icarəyə götürülən sahədə təmir tikinti işləri apara bilməzdi. Buna baxmayaraq cavabdeh qeyri-yaşayış sahəsində bir sıra təmir və yenidən qurma işləri apararaq obyektin təmirini yararsız hala salmışdır. Bu səbəbdən cavabdehlə aralarında mübahisələr olmuş, zərər vurulan hissələrin təmiri olunması tələb olunsa da, cavabdeh tələbini yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh 25 noyabr 2023-cü ildən obyekti özündə saxlamış və icarə haqqını həmin tarixdən xx.xx.2024-cü ilədək ödəməmişdir. Ekspert tərəfindən aparılmış ekspertiza nəticələrinə görə obyektin təmirinə 10.546 manat ziyan vurulmuşdur. Cavabdeh noyabr ayının 5 günü, dekabr ayını tam, yanvar ayının isə 16 gününü, ümumilikdə 52 günün icarə haqqını ödəməkdən qəsdən yayınır. Cavabdehin ümumilikdə 22.516 manat icarə haqqı borcu yaranmışdır. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(013)- 1172/2024 nömrəli iş üzrə qəbul etdiyi 04 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh vurduğu zərərə görə 10.546 manat, icarə müqaviləsi üzrə 52 gün üçün ödənilməmiş 22.516 manat - cəmi 33.062 (otuz üç min altmış iki) manat və ödənilmiş dövlət rüsumu əvəzində 190 (yüz doxsan) manatın alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.metr olan qeyri-yaşayış sahəsini digər şəxsin adından xx.xx.2021-ci ildən cavabdehin icarəsinə verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin obyekti xx.xx.2024-cü il tarixə qədər istifadəsində saxlamış, 52 gün üçün müqavilə üzrə hesablanan 22.516 manat məbləği ödəməyərək öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Cavabdeh iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.metr olan qeyri-yaşayış sahəsində icarəyə götürdüyü xx.xx.2021-ci ildən iddiaçıya təhvil verdiyi xx.xx.2024-cü ilədək iddiaçının razılığı olmadan dəyişikliklər apararaq sonuncunun əmlakına 10.546 manat məbləğində ziyan vurmuşdur. Belə olan halda cavabdeh vurduğu 10.546 manat zərərin əvəzini ödəməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1,675, 684.1, 697.2, 697.4, 700.1, 700.2, 700.3, 704.1, 1096, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi iddia tərəfini dinləmiş, cavabdeh tərəfin sübutları olmadan birtərəfli işə baxaraq iddiaçının iddia tələbini təmin etmişdir. 05 noyabr 2021-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən noyabr ayı üçün ödəniş edilmiş və 1 ay əvvəlcədən, yəni 01 noyabr 2023-cü il tarixdə rəsmi qaydada məlumat verərək sözü gedən icarə müqaviləsinin 01 dekabr 2023-cü il tarixdən xitam verilməsi barədə iddiaçıya bildiriş ünvanlanmışdır. Buna baxmayaraq, müqavilə öhdəliklərini pozaraq icarə müqaviləsi üzrə icarəyə verən verilmiş obyektin açarlarını təhvil almamışdır. Bununla bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. 01 dekabr 2023-cü il tarixinədək faktiki olaraq müqavilə üzrə öhdəliklərini cavabdeh tam icra etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını iddia tələbinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, cavabdehin məhkəmə iclaslarından məlumatı olmuş və onun iştirakını təmin etmək üçün məhkəmə iclası 4 dəfə təxirə salınmışdır. Cavabdeh icarə müqviləsinə xitam verilməsi barədə guya iddiaçıya bildiriş göndərdiyini bildirir, halbuki bu, doğru deyil. Cavabdeh apellyasiya şikayətini prosessual müddəti ötürərək vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.5. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən işin mübahisə doğurmayan hallarından müəyyən edilir ki, iş üzrə iddiaçı, qardaşı Etibar Əkbərovun adından sonuncuya məxsus qeyri-yaşayış sahəsinə dair cavabdehlə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə icarə müqaviləsi bağlamışdır. Notarial qaydada təsdiq olunmuş birinci müqavilə üzrə icarə haqqı 2.000 manat, müqavilə müddəti 4 il, ikinci müqavilə üzrə isə icarə haqqı 15.000 manat, müqavilə müddəti 3 il müəyyən edilmişdir. İcarə müqavilələri qüvvədə olan müddətdə, yəni xx.xx.2023-cü il tarixdə qeyriyaşayış sahəsinin mülkiyyətçisi dəyişmiş, bağışlama müqaviləsi əsasında keçmiş mülkiyyətçi həmin əmlakı qardaşı olan iddiaçıya bağışlamışdır. İddiaçının bu əmlak üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tərəflərin məhkəmələrə bildirdiklərindən həmçinin o da müəyyən edilir ki, tərəflər arasında yazılı formaya riayət etməklə bağlanmış icarə müqavilələrində aylıq icarə haqı müvafiq olaraq 2.000 manat və 15.000 manat qeyd olunsa da, icarədar olan cavabdeh, icarə müddəti ərzində hər ay iddiaçıya 13.000 manat icarə haqqı ödəmişdir. Hazırda tərəflər arasında mübahisə doğuran hal, 2023-cü ilin noyabr ayının 25-dən 2024-cü ilin yanvar ayının 17-dək icarə haqqının ödənilməli olması ilə bağlıdır. Belə ki, iddiaçı bildirir ki, icarə obyekti olan qeyri-yaşayış sahəsinə dair təhvil-təslim aktı xx.xx.2024-cü il tarixdə tərtib olunduğundan və o, əmlakını həmin tarixdə cavabdehdən təhvil aldığından, cavabdeh 52 gün üçün icarə haqqı ödəməlidir. İddiaçının dəlillərinə etiraz edən cavabdeh isə bildirir ki, onun tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş və həmin bildirişdə onunla iddiaçı arasında olan icarə münasibətlərinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini qeyd etmişdir. Məhkəmə, tərəflər arasında mübahisə doğuran bu halla bağlı bildirir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “icarə müqaviləsinə xitam verilməsi” adı altında tərtib edilmiş xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunur ki, tərəflər arasında anlaşılmazlıqlar yarandığına görə, cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsini xx.xx.2023-cü il tarixdən boşaldacağı barədə iddiaçını məlumatlandırmışdır. Məhkəməyə təqdim olunmuş “Mega Ekspress” poçt xidmətinin 363458 №-li qəbzindən görünür ki, cavabdehin iddiaçıya ünvanladığı yuxarıda qeyd olunan bildiriş xx.xx.2023-cü il tarixdə poçt xidməti tərəfindən qəbul edilmiş, lakin icarə müqavilələrində iddiaçının ünvanı kimi göstərilmiş ünvan 3lı olması səbəbindən bildiriş ünvan sahibinə təqdim olunmamışdır. Tərəflər arasında icarə münasibətlərinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə bildiriş iddiaçıya çatdırılmasa da, iddiaçı 06 yanvar 2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, cavabdeh ona icarə münasibətlərinin davam etdirməyəcəyini və qeyri-yaşayış sahəsini 25 noyabr 2023-cü il tarixdə boşaltdığını şifahi qaydada bildirmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh müqaviləyə xitam vermək niyyətində olması barədə iddiaçıya yazılı bildiriş göndərmiş, habelə onu bu barədə şifahi məlumatlandırmış və 25 noyabr 2023-cü il tarixdən icarəyə götürdüyü əmlakdan faktiki istifadə etməmişdir. Cavabdeh tərəfindən icarəyəverən olan iddiaçıya hər hansı maneələr törədilmədiyi halda, sonuncu icarə obyektini xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə təhvil-təslim aktı tərtib edərək qəbul etmişdir. Bu baxımdan, Məhkəmənin qənaətinə görə, cavabdehin icarə öhdəlikləri, o cümlədən, icarə haqqı ödəmək öhdəliyi xx.xx.2023-cü il tarixdən bitmişdir. Belə olan halda, iddiaçının cavabehdən 22.516 manat icarə haqqının ödənilməsi barədə tələbi əsassızdır və təmin edilməməlidir. Lakin işə baxan Rayon Məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, müzakirə olunan tələbi təmin etməklə, həmin hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi yuxarıda qeyd olunan hissədə iş üzrə səhv nəticəyə gəlsə də, iddiaçının digər tələbini- icarə obyektində aparlımış dəyişikliklərlə bağlı dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələbi təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş üzrə tərəflərin izahatlarında bildirdiklərindən məlum olur ki, cavabdeh, qeyri-yaşayış sahəsini icarəyə götürdükdən sonra, iddiaçının razılığını almadan, ona bu barədə məlumat vermədən həmin obyektdə dəyişikliklər etmişdir. İş üzrə tərəflərin və Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda icarə obyektinin vəziyyətinin qənətbəxş olmadığı qeyd olunmuşdur. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 2 №-li hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.m olan qeyri-yaşayış sahəsinə (icarə obyekti) 10.546 manat ziyan dəymişdir. Qeyd olunanlarla bağlı Məhkməmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hazırki işdə cavabdeh, onun tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində aparılmış dəyişikliklər nəticəsində iddiaçıya maddi zərər vurulmamasını, habelə həmin zərərin mütəxəssis rəyində göstərilənlərdən az olmasını təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab oluna bilməz. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə olunan hissədə iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Rayon Məhkəməsi iddianı tam həcmdə təmin etdiyinə görə, iddianın verilməsi üçün ödənilmiş 190 manat məbləğində dövlət rüsumunu cavabdehə aid etmişdir. Lakin hazırda Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbləri qismən əsaslıdır. Bu səbəbdən Rayon Məhkəməsinin qətnaməsi müzakirə olunan hissədə də ləğv edilməli, ödənilmiş dövlət rüsumu hər iki tərəfə aid edilməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianın tam həcmdə təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Həmin nəticə iş üzrə tərəflərin arasında yaranmış hüquq münasibətlərə uyğun deyil. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni icarə haqqının tutulması barədə tələbin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə Ağdam Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2024-ci il tarixli qətnamə qismən, “Cavabdeh icarə müqaviləsi üzrə 52 gün üçün ödənilməmiş 22.516 manat və ödənilmiş dövlət rüsumu əvəzində 190 manatın alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 190 manat dövlət rüsumunun 70(yetmiş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun kəsir hissəsi 5(beş) manat 50(əlli) qəpik pul Cavabdeh dövlət büdcəsinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar