Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-326/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul və heyvan” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(042)-863/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul və heyvan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5250 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 80 manatın, həmçinin 25 baş xırdabuynuzlu heyvanların alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus iri və xırdabuynuzlu mal-qara saxlayır. Cavabdeh ilə 2021-ci ilin 18 iyun tarixində şifahi qaydada razılaşaraq aylıq əmək haqqı 300 manat olmaq şərti ilə onun qoyunlarını otarmağa gəlmişdir. O, cavabdehin əvvəlcə Qazax rayonunun Daş Salahlı kənd sakini X2 olan 3600 manat borcunu vermişdir. Bundan başqa cavabdeh müxtəlif vaxtlarda ondan 1650 manat nağd şəkildə pul almışdır. Cavabdeh onun heyvanlarını 2 ay 5 gün otardıqdan sonra 2021ci ilin avqust ayının 23 də onun xəbəri olmadan çıxıb getmişdir. O, Cavabdeh onun gəlib qoyunlarını otarmasını və ya onun pulunu verməsini bildirmişdir. Cavabdeh onun pulunu verəcəyini bildirmiş, lakin bugünkü günədək onun pulunu verməmişdir. Cavabdeh onun qoyunlarını otardığı müddətdə 25 baş qoyununu naməlum şəraitdə məhv olmasını bildirmişdir. O, həmin heyvanların necə ölməsini və itməsini soruşduqda, cavabdeh ona müxtəlif bəhanələr gətirmişdir. O, cavabdehi çoban aparan zaman və həmin məbləğdə pulu cavabdehin borcu olan Gəray Əmrahova verən zaman onların yanında əlavə iki nəfər şəxs olmuşdur. Həmin vaxtdan 7 ay keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. O, cavabdehin evinə bir neçə dəfə getməsinə və mobil telefonuna zənglər etməsinə baxmayaraq, cavabdeh onun pulunu verməmişdir. Cavabdeh ona çatası 5250 manat pulun, 25 baş xırdabuynuzlu heyvanın və dövlət rüsumu olaraq ödəmiş olduğu 80 manat pulun alınıb ona verilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Gədəbəy Rayon Məhkməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(042)-863/2022 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2700 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Cavabdeh Qalib oğlu tərəfindən notarial qaydada təsdiq edilmiş 07 aprel 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh Qalib oğlu İddiaçı təsərrüfatında işləmək üçün ondan 3900 manat pul götürməsini, hal-hazırda ona 3250 manat borcunun qalmasını, həmin məbləği xx.xx.2022-ci ilədək ödəməyi öz öhdəsinə götürməsini bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gədəbəy Rayon Məhkməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(042)-863/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(042)-863/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında hakimə iddiası ilə bağlı kifayət qədər sübut təqdim etsə də hakim yalnız öz mülahizəsinə uyğun olaraq qətnamə qəbul etmişdir. Belə ki, onun təqdim etdiyi iş üzrə Cavabdeh notariusda təsdiq edilmiş ərizəsində Cavabdeh ona 3250 manat borcu qaldığını etiraf etsə də, hakim guya Mülki Məcəllənin normalarına istinad edərək, iddiasını pulla bağlı hissədə qismən 2700 manat təmin etmişdir. Bunu onunla əsaslandırmışdır ki, cavabdeh izahatında onun heyvanlarını 4 ay otardığını demişdir. İddiaçının ona verdiyi 3900 manat pulun 1200 manatını cavabdehin əmək haqqısı kimi müəyyən etmişdir. Hakim burda bir məsələni unutmuşdur ki, Cavabdeh Qalib oğlu özü iddiaçıya 3250 manat borcunun olduğunu etiraf edib və bu barədə notariusda təsdiq edilmiş ərizə verib. Məhkəmə bir halı nəzərə almamışdır ki, Cavabdeh 2021-ci ilin iyun ayının 18-də onunla heyvanlarını saxlamaq barədə razılaşmışdır. Bundan sonra cəmi 2 ay 5 gün onun heyvanlarını otarmışdır. Ona görə də 30 may 2022-ci il tarixdə notariusda verdiyi ərizəsində ona 3250 manat borcu olduğunu qeyd etmişdir. Belə olan halda cavabdehin 4 ay heyvan otarması barədə izahatını mötəbər sübut kimi qəbul edilməsi əsassızdır. Hesab edir ki, işin bu halı məhkəmə kollegiyası tərəfındən nəzərə alınacaq. Cavabdeh Qalib oğlu məhkəmə iclasında ona məxsus olan 14 baş xırda buynuzlu heyvanı itirdiyini, 1 baş heyvanı isə kəsdiyini etiraf etmişdir. Əgər hakim cavabdehin izahatını mötəbər sübut kimi qəbul edirdisə, onda həmin heyvanlarla bağlı hissədə onun iddiasını guya onun həmin heyvanların cavabdehin təqsiri ucbatından məhv olması barədə sübut təqdim etmədiyini əsas gətirərək rədd etmişdir. Halbuki cavabdeh özü həmin heyvanların onun çobanlıq etdiyi vaxtından itdiyini etiraf etmişdir. Həmçinin bir baş heyvanı kəsdiyini də etiraf etmişdir. Bu halın da məhkəmə kollegiyası tərəfindən nəzərə alınacağına ümid edir. Məhkəmə qətnaməsində nə səbəbdənsə cavabdehin izahatı təhrif olunmuş formada qeyd edilib. Qeyd etmək istəyir ki, şahidləri var. Məhkəmədə həmin şahidlərin dinrilməsinin vacib olmasını və iş üzrə ədalətli qərarın qəbul edilməsinə köməklik edəcəyini düşünür. Məhkəmə tərəfındən təqdim edilən sübutların mötəbərliyi düzgün araşdırılmayıb. Belə ki, məhkəməyə təqdim olunan ərizəyə qiymət verilməyib. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı cavadbehin yazılı etirazı: Cavabdeh apellyasiya şikayətinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf edir və bildirir ki, o Gədəbəy rayon Samanlıq kənd sakini İddiaçı məxsus 900 baş xırda buynuzlu heyvanlarına 18 iyun 2021-ci ildən çobanlıq etmişdir. O, iddiaçı ilə əvvəl şifahı, sonra isə yazılı əmək müqaviləsi bağlayaraq heyvanların otarılması üçun aylıq 300 manat məbləğində əmək haqqı qarşılığında razılaşmışlar. Bundan sonra o, Ağstafa rayonun Ceyrançöl ərazisində iddiaçının xırdabuynuzlu heyvanlarına normal baxmışdır. O ümumiiikdə iddiaçının heyvanlarını dörd ay otarmışdır. İddiaçı isə ona ümumilikdə 3900 manat məbləğində pul vermişdir. Bundan başqa iddiaçının tələb etdiyi 25 baş heyvan isə naməlum səbəbdən ölmüşdür. Heyvanların ölməsində onun heç bir təqsiri olmamışdır. Hazırda onun iddiaçıya 2700 manat məbləğində borcu qalmışdır. Həmin pulun və əmək müqaviləsinin mübahisəsinə görə iddiaçı sərxoş olub onu döymüş və o DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş, şikayəti ilə əlaqədar Ağstafa rayon Polis şöbəsində araşdırma aparılmışdır. Bundan başqa o aprel ayında iddiaçını iri-xırda davarlarını qırxmış, eyni zamanda onun oğlu iddiaçının 30 baş iribuynuzlu inəklərini və xəstə xırda buynuzlu heyvanlarını 15 gün otarmışdır. İddiaçı tərəfindən ona xeyli ziyan dəymişdir. İddiaçı onunla yazılı əmək müqaviləsi bağlamır, müxtəlif mənalarlarla vaxt keçirir, sonradan isə şər-böhtan atır. Gədəbəy Rayon Məhkəməsinin hakimi ədalətli qətnamə çıxarmışdır. Xahiş edir ki, onun etiraz ərizəsi nəzərə alınsın. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 442-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və apellyasiya şikayətinə qarşı yazılı etirazı mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gədəbəy Rayon Məhkməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(042)-863/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(042)-863/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin 25 baş xırdabuynuzlu heyvanların alınıb ona verilməsinə dair hissədə qərardad çıxarılaraq həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmalı, pul tələbi hissəsində isə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı cavadebhin başqa kreditor qarşısında olan 3600 manat məbləğində borc öhdəliyini icra etmiş və həmin öhdəlik üzrə tələb hüququ ona keçmişdir. Həmçinin, iddiaçı cavadbehə 1650 manat borc verdiyini iddia etsə də cavadbeh tərəfindən həmin məbləğin yalnız 300 manatı etiraf edilmişdir. Cavabdeh isə tələb hüququ keçmiş öhdəliyin və öz öhdəliyinin bir hissəsini iddiaçıdan alacağı əmək haqqı hesabına əvəzləşdirmiş, nəticədə cavadbehin iddiaçı qarşısından 3250 manat məbləğində pul öhdəliyi qalmışdır. İşin qeyd olunan halı cavadbeh tərəfindən notarial qaydada təsdqilənmiş 07 aprel 2022-ci il tarixli ərizə ilə sübut olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş həmin ərizədən görünür ki, cavadbeh iddiaçıya 3250 manat borcu qalmasını və həmin borcu xx.xx.2022-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya 2700 manat borcunun qaldığını iddia etsə də xx.xx.2022-ci il tarixdən sonra, yəni notarial qaydada iddiaçıya 3250 manat borcunun qaldığını etiraf edən ərizəni təsdqilədikdən sonra iddiaçıya hər hansı bir qaydada və məbləğdə ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə işdəki qeyd olunan yazılı sübuta düzgün qiymət verməyərək, cavadbehin iddiaçının təsərrüfatında 4 ay işləməklə, aylıq 300 manatlıq əmək haqqısına münasibətdə 1200 manat məbləğini 3900 manat məbləğdən çıxmaqla, cavabdehdən 2700 manat pul məbləğinin tutulması ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin iddiaçının təsərrüfatında işləməsi 2021-ci il tarixdə olmuş, borcun etirafı barədə ərizə isə 07 aprel 2022-ci il tarixldə təsdqilənmişdirş İddiaçı 3250 manat məbləğindən artıq olan hissədə isə iddia tələbini sübut edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, biricni instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, pul tələbi hissəsində yeni qətnamə çıxarılmalı, həmin hissədə iddia qismən təmin edilərək, Cavabdeh 3250 manat pul alınaraq İddiaçı verilməli, qalan pul tələbi hissəsində isə iddia təmin edilməməlidir. Həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi, yəni 50 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, q ə t e t d i:
Gədəbəy Rayon Məhkməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(042)-863/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(042)-863/2022 saylı qətnaməsi ləğv edilsin və pul tələbi hissəsində yeni qətnamə çıxarılsın. İddia pul tələbi hissəsində qismən təmin edilsin. Cavabdeh 3250 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 manatı, cəmi 3300 (üç min üç yüz) manat alınaraq, İddiaçı verilsin. İddia qalan pul məbləği hissəsində təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin olunmasın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.