Məhkəmə qərarları › İş №2(104)-33/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-33/2024

20.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-33/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: payların naturada ayrılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı mülkün naturada bölünməsi və onun istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-47/2021 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 20 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2017-ci il tarixli seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev 3/4 hissə payı ilə İddiaçı1, 1/4 hssə ilə payı Cavabdeh2 adlarına qeyd edilmişdir.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2v-41 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və xx.xx.2017-ci il tarixli 3M-168 reyestr nömrəli miraq payın bağışlanma müqaviləsinə əsasən İddiaçı1 (3/4 hissə) və Cavabdeh2 (1/4 hissə) payları göstərilməklə adlarına **********98-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2019-cu il tarixli 6250 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iki hissəyə 1/3 və 2/3 paylara uyğun şəkildə iki hissəyə bölünlməsi, inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin metodik tovsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, yaşayış evinin texniki pasportda göstərilən birinci mərtəbəsində yerləşən 1, 2 və 3-cü tikililər cavabdehin istifadəsinə, 2-ci mərtəbəsində yerləşən 4, 5, 6, 7, 8 və 9 saylı tikililər iddiaçının istifadəsinə verilməlidir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazası ümumi istifadədə saxlanılmalıdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-6923/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, X2 və X3 qarşı “mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və mirasın faktiki qəbulı edilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2310/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6923/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1202/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 284/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1501/2024 nömrəli qərarından görünür ki, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1202/2023 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı1 Cavabdeh1 qarşı mülkün naturada bölünməsi və onun istifadəsinə verilməsi qarşı iddia ərizəsi ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.016 ha olan fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında ona məxsus olan 3/4 hissədə payın natura qaydasında bölünərək onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3/4 hissəsi onun 1/4 hissəsi isə Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq, cavabdeh tərəf 2-ci qrup əlil olan bacısına orada yaşamağa imkan vermir. Cavabdehin payı süzi hissəni təşkil etdiyindən onun həyat yoldaşı ondan iki otaqlı mənzil tələb edir və hazırda onun maddi imkanı cavabdehin istədiklərini təmin etməsinə imkan vermir. Eyni zamanda mübahisəli mənzildə sözügedən bağ sahəsinin ümumi sahəsi 0.016 ha təşkil edir və həmin sahənin 1/4 hissəsinin ayrılaraq istifadə olunması imkan xaricindədir.

10. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-47/2021 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov), iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2019-cu il tarixli 6250 saylı rəyinə uyğun şəkildə bölünməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən birinci mərtəbədə yerləşən 1, 2 və 3 saylı tikililər Cavabdeh2 istifadəsinə, 2-ci mərtəbədə yerləşən 4,5,6,7,8 və 9 saylı tikililər İddiaçı1 istifadəsinə verilməsi, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazası ümumi istifadədə saxlanılması, iş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh2 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2 və 223.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-47/2021 nömrəli qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mülkdə yerləşən yaşayış binası yalnız “A” literdən ibarət olduğuna görə onu texniki cəhətdən bölmək mümkün deyildir. Buna baxmayaraq, məhkəmə iş üzrə verilmiş ekspert rəyini əsas götürməklə tamamilə əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Halbuki, sözügedən ekspert rəyi kifayət qədər qeyri-müəyyəndir və məhkəmə yalnız bu rəyə əsaslanaraq iddianı təmin edə bilməzdi. Çünki, uzun illərdən bəri biz mülkdə yerləşən yaşayış binasının 2-ci mərtəbəsində yaşamış və müxtəlif vaxtlarda burada təmir işləri aparmışlar. Mülkün 1-ci mərtəbəsi isə iddiaçı tərəfin istifadəsində olmuşdur. Belə olan halda, nəyə görə mülkün məhz 2-ci mərtəbəsinin iddiaçının istifadəsinə verilməsi başa düşülən deyildir. Bu zaman ekspert mülkün faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu göstərsə də, mülkdə hər hansı bir formada bölgü aparılmamışdır. Həmçinin, sözügedən rəydə tikililərin ayrı-ayrılıqda girişçıxış yolunun olduğu göstərilməsinə baxmayaraq, faktiki olaraq bu belə deyildir. Bundan başqa, ekspert rəyində mülkdə yerləşən həyət tikililərinin də taleyinə aydınlıq gətirilməmişdir. Ona gərə də iş üzrə əlavə ekspertiza təyin edilməli idi. Lakin məhkəmə bunu etmək əvəzinə, iddianin təmin olunması barədə qətnamə çıxarmış və bunula da mülkiyyət hüquqlarımızı kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı1 cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı məhkəmə kollegiyasına etiraz verərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-47/2021 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunur ki, mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin onun tərəfindən alınmasının qanunverciliyə uyğun olaraq yerinə yetirilmişdir. Həmçinin, qətnamə miras payın bağışlanma müqaviləsinin ləğv edilməsi üçün qanunverciliklə müəyyən edilmiş hər hansı əsas müəyyən edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. İş üzrə İddiaçı1 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

23. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

24. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

25. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

26. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolu

27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-47/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə, işin halları ondan ibarətdir ki, ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2017-ci il tarixli seriya RX ******* saylı ünvan 1 ünvanda yerləşən ev 3/4 hissə payı ilə İddiaçı1, 1/4 hssə ilə payı Cavabdeh2 adlarına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha torpaq sahəsi hər birinə 1/3 hissə payı olmaqla X5, X4 və X6 adlarına qeyd edilmişdir. İddiaçı onun paylı mülkiyyətdə olan əmlakının naturada bölünməsini istəyir. Hazırda iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iki hissəyə 1/3 və 2/3 paylara uyğun şəkildə iki hissəyə bölünlməsi, inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin metodik tovsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, yaşayış evinin texniki pasportda göstərilən birinci mərtəbəsində yerləşən 1, 2 və 3-cü tikililər cavabdehin istifadəsinə, 2-ci mərtəbəsində yerləşən 4, 5, 6, 7, 8 və 9 saylı tikililər iddiaçının istifadəsinə verilməlidir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsi və girişçıxış darvazası ümumi istifadədə saxlanılmalıdır. Bu hal ekspert rəyləri ilə təsdiq edilir. İddiaçının payının naturada ayrılması ümumi mülkiyyətin digər mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmur, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş–çıxış yolu olduğundan ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə zidd deyildir.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması ilə bağlı yaranmış mübahisədir və qeyd olunan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir.

47. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

48. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

49. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

50. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

51. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir.

52. Kollegiya göstərir ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın ayrılması hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir.

53. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

54. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri).

55. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mülk üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi mülkün naturada ayrılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mülkün naturada bölgüsünün mümkün olubolmamasının müəyyən edilməsi üçün ekseprtiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, naturada bölgü mümkündür.

56. Belə ki, iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki sahə üzrə ekspertiza keçirilmiş və ekspertin 23 iyul 2019-cu il tarixli 6250 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iki hissəyə 1/3 və 2/3 paylara uyğun şəkildə iki hissəyə bölünlməsi , inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin metodik tovsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, yaşayış evinin texniki pasportda göstərilən birinci mərtəbəsində yerləşən 1, 2 və 3-cü tikililər cavabdehin istifadəsinə, 2-ci mərtəbəsində yerləşən 4, 5, 6, 7, 8 və 9 saylı tikililət iddiaçının istifadəsinə verilməlidir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazası ümumi istifadədə saxlanılmalıdır.

57. Qeyd olunmalıdır ki, ekspertiza tədqiqatı ekspert qarşısında qoyulan suallar əsasında aparılmaqla, onun əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir və ekspertin verdiyi rəy kompleks şəkildə qiymətləndirilməlidir. Ekspertin müəyyənləşdirdiyi faktların mübahisənin hüquqi həlli üçün əhəmiyyətini, habelə bu faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunu yoxlamaq isə məhkəmənin vəzifəsidir və məhkəmə bu zaman ekspertin müəyyən etdiyi faktlara müxtəlif standartlarla yanaşmamalıdır.

58. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

59. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Qeyd olunan Məcəllənin 206.1-ci maddəsinə görə də, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

60. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, 23 iyul 2019-cu il tarixli 6250 nömrəli ekspertiza rəyi mübahisəli torpaq sahəsinə baxış keçirilməklə və sahənin bölgü sxeminə uyğun olaraq verilmiş, həmin rəylərin qeyri-mötəbər olması, o cümlədən torpaqla iddiaçının payının planda göstərilən koordinatlara əsasən naturada ayrılmasının qeyrimümkünlüyü barədə məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır.

61. Göründüyü kimi, ekspertin qeyd edilən rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, mülkün naturada hansı qaydada bölünməsi açıq-aydın göstərilmişdir.

62. Eyni zamanda, iddiaçı Cavabdeh2 cavabdehlər X7, X8, Bakı şəhəri 9 saylı Notariat ofisi və Gəncə “Asan Xidmət” Mərkəzinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

63. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-284/2023 nömrəli qətnaməsi ilə, iddia təmin edilməmişdir.

64. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1202/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 284/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

65. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1501/2024 nömrəli qərarından görünür ki, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1202/2023 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

66. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 payı tanınmamış və həmin xüsusat qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqini tapmışdır.

67. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər işin faktiki halları ilə bağlı olaraq həm də apellyasiya şikayətinin dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi məhz həmin dəlillərə qiymət verməklə birinci instansiya məhkəməsini qətnaməsini cavabdehin şikayəti üzrə dəyişdirmədən saxlamışdır.

68. Ekspertiza rəylərinin düzgün olmaması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Azərbaycan Respublikasının MPM-in 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

69. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlərini müəyyən etmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Azərbaycan Respublikasının MPM-in 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

71. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

75. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

76. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 47/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar