Məhkəmə qərarları › İş №2(104)-330/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-330/2024

12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-330/2024 12.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1n və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların xeyrinə 1200 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, tanışı digər İddiaçı2 2022-ci ilin aprel ayında ona yaxınlaşaraq onun tanışı olan Ağstafa Rayon Köçəsgər kənd sakini hazırda cavabdeh olan Cavabdeh heyvan alveri etmək məqsədi 1.200 (min iki yüz) manat borc pul istəmişdir. Bundan sonra Tehranla əlaqə saxlamış, Tehran isə qonşusunda iri buynuzlu mal-qara (dana) olmasını, onu alıb-satacağını və gəlir əldə etdikdən sonra onların pulunu qaytaracağını bidirmişdir. Bu zaman onlar Tehrana pulun 400 manatını tanışı Pərvizin Tovuz şəhərində yerləşən mağazasından götürməsini, qalan 800 manatı isə səhərisi gün özləri verəcəklərini bildirmişlər. Bundan sonra Tehran 400 manatı tanışları Pərvizin mağazasında götürmüş, 800 manatı isə özləri vermişlər. Sonradan Pərvizin 400 manatını qaytarmışlar. Tehrana umumilikdə 1200 manat pul versələr də cavabdeh həmin pulu qaytarmamışdır. Bundan sonra onlar dəfələrlə cavabdehdən pullarını tələb etsələr də cavabdeh müxtəlif bəhanələr gətirərək, borcu qaytarmaqdan imtina etmişdir. Bunula bağlı polis şöbəsinə də müraciət etsələr də onlara məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbinin təmin edilməsi və Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı əsassız və sübutsuz olan iddia tələbi üzrə məhkəmə iclasında verdiyi etirazda iddiaçılara pul borcunun olmamasını bildirmişdir. O, qaynatasının yanında pulu qaytarsa da və məhkəmədə qaynatasının şahid qismində dindirilməsini istəsə də məhkəmə onu şahid qismində dindirməmişdir. Sonra isə hazırda sözügedən qətnamə çıxarılaraq onun huquqlarını birbaşa pozmuşdur. Onun iddiaçılara heç bir borcu yoxdur. Məhkəmə onun sübutunu məhkəməyə tədqim etmək hüququndan məhrum etmişdir. Belə ki, məhkəmə işə baxarkən birtərəfli qaydada baxmış onun vəsatətini təmin etməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, ona 1200 manat pul lazım olduğundan İddiaçı2 müraciət etmiş, İddiaçı2 isə tanışı Ədalət adlı şəxsin faizlə pul verdiyini ona bildirmişdir. Daha sonra İddiaçı2 pulu verməsi üçün tanışı Ədalət adlı şəxsə zəng etmiş, o isə İddiaçı1 pulu götürmüşdür. Bundan sonra İddiaçı2 İddiaçı1 ona verdiyi 1200 manat pula görə üç gün üçün əlavə 70 manat da qaytarmalı olduğunu bildirmişdir. O isə aldığı borc pulu qaytaranda həmin borcun faizi olan 70 manat pulu da qaytarmışdır. Pulu qaytaran zaman Nazim ona Ədalətə bu barədə heç nə deməməyi məsləhət görmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, pulu qaytaran zaman qayınatası onun yanında olmamışdır. Sadəcə qaytardığı borc pulun 200 manatını o, qayınatasından alıb qaytarmışdır. O, alıdığı borcu kəndin çayxanasında Nazimə qaytarmış və pulu qaytaran zaman yanlarında heç kim olmamışdır. Pulu təxminən aldığı vaxtdan iki ilə yaxın müddət keçdikdən sonra qaytarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 izaht verib bildirmişdir ki, iddiaçı Nazim onun bacısı oğludur. Nazim ona zəng edərək dostuna üç günlük borc pul lazım olduğunu bildirmişdir. O, cavabdehə ümumilikdə 1200 manat borc pul vermişdir. Həmin məbləğin 400 manatını cavabdeh Pərviz adlı şəxsin mağazasında götürmüş, qalan 800 manatını isə özü cavabdehə vermişdir. Pulu 3 gündən sonra qaytarmamış, bundan sonra bir neçə dəfə cavabdehin evlərinə getsələr də cavabdehi tapa bilməmiş, atası ilə danışmışlar. Lakin, borcu ala bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 izahat verib bildirmişdir ki, cavabdeh ona qonşuda iribuynuzlu heyvan olduğunu, əgər ona borc pul verərsə həmin heyvanı alıb qazanc əldə edəcəklərini bildirmişdir. O isə ona özündə pul olmadığını bildirib, dayısı Ədalətə müraciət etmiş, dayısı da cavabdehə lazım olan məbləği vermişdir. Cavabdeh aldığı pulu üç günə qaytaracağını bildirmişdir. Lakin cavabdeh pulu geri qaytarmamışdır. Cavabdehin pulu ona qaytarması ilə bağlı göstərdikləri yalandır. Belə ki, 3 gündən sonra pulu cavabdehdən tələb edəndən sonra telefon zənglərinə cavab verməmişdir. İki-üç dəfə də dayısı ilə cavabdehin evlərinə getsələr də cavabdeh onlardan qaçıb gizlənmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, onun hazırki iddianı qaldırmaqda məqsədi onun İddiaçı1lə Cavabdeh arasında vasitəçi olması olmuşdur. Belə ki, İddiaçı1 tələb etdiyi pulu Cavabdeh onun tanışı olması səbəbindən vermişdir. Onun özü tərəfindən cavabdehə borc pul verilməmişdir.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 493.1. Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. 493.2. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsi qismən, yəni Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı2 ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməli, İddiaçı1 iddia tələbinə münasibətdə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İşə baxan birinci instansiya məhkəməsi İddiaçı2 ilə cavabdeh arasında mülki-hüquq münasibətlərinin yaranıb-yaranmamasını müəyyən etmədən hər iki iddiaçıya münasibətdə iddia tələbinı təmin etmişdir. Hərçənd ki, iddia ərizəsinin məzmunundan və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi borc müqaviləsinin tərəfləri İddiaçı1 ilə Cavabdeh olmuş, İddiaçı2 isə müqavilənin tərəfi olmamaqla, yalnız borcun İddiaçı1 tərəfindən Cavabdeh verilməsi üçün vasitəçi qismində onları tanış etdirən şəxs olmuşdur ki, bununla da onun İddiaçı1 ilə birgə kreditor qismində çıxış etmək səlahiyyəti yaranmamaqla, hazırkı iddianı qaldırmaq üçün də subyektiv hüquqa malik olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarı, İ.Şabanovanın şikayəti ilə əlaqədar 27 avqust 2012-ci il tarixli qərarı) formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Buna görə də Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsi Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı2 ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Cavabdeh 2022-ci ilin aprel ayında İddiaçı1 1200 manat borc pul alması və borc pulun 400 manatının iddiaçının tapşırığı əsasında Pərviz adlı şəxsin mağazasından götürülməsi, 800 manatının isə cavabdehə iddiaçı tərəfindən şəxsən verilməsi işin mübahisə edilməyən halı olmuşdur. Cavabdeh iddiaçıdan aldığı pulu iddiaçıya geri qaytardığını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdehin borcunu qaytarması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyasının iclasında verdiyi izahat arasında ziddiyyətlər olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində pulu qaynatasının yanında qaytardığını, qaynatasının isə birinci instansiya məhkəməsində şahid qismində didirilməsinə dair vəsatət versə də qaynatasının şahid qismində dindirilmədiyini, bununla da prosessual hüquqlarının pozulduğunu göstərsə də məhkəmə kollegiyasının iclasında pulu qaytaran zaman qayınatasının onun yanında olmadığını, sadəcə qaytardığı borc pulun 200 manatını qaynatasından alıb qaytatarmasına dair izahat vermişdir. Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillə hazırkı izahatının ziddiyətli olmasına isə hər hansı bir açıqlama verə bilməmişdir ki, bununla da məhkəmə kollegiyası cavabdehin pulun qaytarması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsi ilə Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsi Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı2 ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(015)-305/2023 saylı qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar