Məhkəmə qərarları › İş №2(104)-343/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-343/2025

06.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-343/2025 06.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(076)-1795/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-218/2023 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılması və üzərində 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin, həmin hökmlə Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onun şəriki İddiaçı1 etibarından suiistifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 1 ünvanda yerləşən «SUBERSPACE», hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014- cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməsi müəyyən edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1994/2023 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)- 218/2023 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi, zərərçəkmiş şəxslər və onların nümayəndələri tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 1080/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-1994/2023 nömrəli qərarından məhkum Cavabdeh müdafiəçisi Nümayəndə3, zərərçəkmiş şəxs İddiaçı1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi və qərarın kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafael oğlu tərəfindən vurulmuş ziyana görə 182.836 (bir yüz səksən iki min səkkiz yüz otuz altı) manat, dövlət rüsumu kimi ödənilmiş 473 manat məbləğində, cəmi 183309 (bir yüz səksən üç min üç yüz doqquz) manat məbləğində pulun ondan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X2 (sədrlik edən), X3 və X1 ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli hökmü ilə Cavabdeh Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmə əsasən, Cavabdeh Rafael oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onun şəriki olan digər İddiaçı1 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 2 ünvanda yerləşən “SUBERSPACE”, hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmü müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Lakin nə ibtidai istintaq, nə də işin məhkəmə baxışı zamanı Cavabdeh iş üzrə zərərçəkmiş kimi onlara vurduğu maddi ziyanı ödəməmiş, bu istiqamətdə heç bir addım atmamışdır. Cinayət mühakimə icraatı zamanı İddiaçı1 və İddiaçı2 zərərçəkmiş şəxs kimi tanınmalarına baxmayaraq, onların tərəfindən mülki iddia verilməmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(076)-1795/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 182 836 (bir yüz səksən iki min səkkiz yüz otuz altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 473 (dörd yüz yetmiş üç) manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 2 ünvanda yerləşən “SUBERSPACE”, hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən 12 mart 2015- ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib onlara qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçılar dəymiş ziyanın qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehin etirazının əsasları ilə bağlı məhkəmə qeyd edir ki, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər .

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.2, 1096.1-1096.2, 1097.1, 1113.1,113.2, 1114.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(076)-1795/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız hökmə istinad etməklə bütün məbləği Cavabdeh tutmuşdur. Məhkəmə heç bir araşdırma aparmamış, qabaqcadan əlbir olan bir qrup şəxs dedikdə bunun kim olması, onun hansı məbləğdə pulu ələ keçirməsinə hüquqi qiymət verməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli № 7 saylı Qərarında qeyd edilir ki, “Məhkəmələrə tövsiyə edilsin ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Bununla bağlı məhkəmə heç bir araşdırma aparmamış yalnız hökmə istinad etməklə ittihamda göstərilmiş büün pul vəsaitini Cavabdeh tutmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçılar tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburdidir. Bakı Aöır Cinayətlər Məhkəməsinin cavabeh Cavabdeh barəsində olan hökmü ilə onun həmin hadisəyə aidiyyətinin olması, hadisənin məhz onun tərəfindən törədilməsi, həmin hadisədə təqsirli olması təsdiq edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14.İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı1 vəkili Nümayəndə1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmdan baxılmasını xahiş etmişdir. Digər İddiaçı2 vəkili Nümayəndə2 da məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası MM-i: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2-ci maddəsinə əsasən, zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. 1114.2-ci maddəsinə əsasən, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

17. Azərbaycan Respublikası MPM-nin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(076)- 1795/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür.

24. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.

25. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 26.Qanuni qüvvəsini almış məhkəmə hökmü üzrə Cavabdeh Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılması və üzərində 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 27.Həmin hökm üzrə müəyyən edilmişdir ki, Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onun şəriki İddiaçı1 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 1 ünvanda yerləşən«SUBERSPACE», hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014- cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməsi müəyyən edilmişdir. 28.MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 29.Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 30.Göründüyü kimi, Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onun şəriki İddiaçı1 etibarından sui-istifadə edib 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğində maddi ziyan vurması müəyyən edilmişdir.

31. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçılara məhkəmə hökmü ilə qeyd edilən zərərin bir qrup şəxs tərəfindən törədilməsi qeyd olunsa da, hökm yalnız cavabdeh barəsində çıxdığından, ittiham qeyd edilən digər təqsirləndirilən şəxs barəsində istintaqda araşdırma getdiyindən, zərər bir qrup şəxs tərəfindən törədilirsə ayrı-ayrılıqda vurulan ziyanlar müəyyən edilməlidir. 32.Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərində münsibətdə qeyd edir ki, həmin dəlil əsassız olmaqla, qətnamənin ləğvinə hüquqi əsas vermir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1114.2-ci maddəsinin tələbinə əsasən, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(076)-1795/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392- 393, 402, 403, 404, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(076)-1795/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar