Məhkəmə qərarları › İş №2(104)-348/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-348/2024

19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-348/2024 19.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(045)-1340/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əlyazmadan görünür ki, Cavabdeh1 03 oktyabr 2022-ci il tarixdə 1 ay müddətinə qaytarmaq şərtilə İddiaçı 5000 manat borc almışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair Goranboy Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 5300 manat və ödənilmiş 74 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 3 ildən çox müddətdir ki tanıyır. Cavabdeh 01 oktyabr 2022-ci il tarixdə ona zəng edərək Gəncə şəhərində torpaq sahəsi almaq üçün 5000 manat borc istəmiş və borcu 1 ay müddətində geri qaytaracağını bildirmişdir. 03 oktyabr 2022-ci il tarixdə Gəncə şəhərində görüşmüşlər və cavabdeh pulu alması barədə əlyazma tərtib etmişdir. Həmin gün axşam cavabdeh əlavə olaraq 300 manat istəmiş, terminal vaisitəsi ilə 300 manatı da göndərmişdir. Lakin cavabdeh vədd verdiyi vaxtda borcu qaytarmaqdan imtina etmişdir.

4. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasını, və cavabdehlərdən müştərək qaydada 5300 manat və ödənilmiş 74 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Goranboy Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(045)- 1340/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 5000 manat və 70 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulması; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2, 740.1, 740.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 216-220, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, Cavabdeh1 boşandıqdan sonra təxminən 2017-ci ildə İddiaçı oğlu ilə tanış olmuş və 6 il Tərtər rayonunda birlikdə yaşamışlar. İddiaçı ailə qurduğu üçün ondan ayrılmaq qərarına gəlmiş, lakin onu döyüb təhqir etmiş və buna görə dəfələrlə 102 qaynar xətt xidmətinə müraciət etmişdir. Sonuncu dəfə Elçindən uzaqlaşmaq üçün Gəncə şəhərinə getsədə, onu tapmış və bu zaman yazılı qəbz vermişdir ki, onu bir daha narahat etməsin. 2022-ci ilin sentyabr ayının axırları, oktyabır ayının əvvəlləri iddiaçı dostu İlqarla birlikdə onu zorla Tərtər rayonuna aparmaması üçün 5000 manat borc alması barədə qəbz yazmışdır. 3-4 gün sonra Elçinlə barışıb yenidən birlikdə yaşamışlar və uşaqların məktəb geyimləri üçün mağazaya 300 manat borcunu ödəmək üçün onun kartına pul köçürmüşdür. Bir neçə ay birlikdə yaşadıqdan sonra Elçinin yenidən evləndiyini bilmiş və onunla birlikdə yaşadığı evdən çıxaraq Gəncə şəhərinə getmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 5000 manat borc alımnması barədə onun tərəfindən yazılan qəbzi İddiaçı təzyiqi (hədəsi) altında yazsada bu barədə hüquqmühafizə orqanlarına müraciət etməmişdir. Belə bir qəbz olsada, əslində Elçindən 5000 manat borc almamışdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin təmin olunması hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və həmin hisədə də iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 da Cavabdeh1 ilə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, sonra əlavə olaraq bildirmişdir ki, cavabdehlə ailə münasibətləri olmamışdır. Ərindən boşandığı üçün onun yanında işləmiş və maddi imkanı olmadığından daima ona maddi köməklik göstərmişdir. Hətda kirayədə yaşadığı evin pulunuda ödəmişdir. Qəbz yazarkən cavabdehə heç bir təsir göstərməmişdir. Əksinə etdiyi yaxşılıqlara baxmayaraq cavabdeh aldığı 5300 manat borcu qaytarmaqdan imtina edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

17. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. İşin müəyyən olunmuş faktik hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 03 oktyabr 2022-ci il tarixdə 1 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat, eləcədə həmin gün əlavə olaraq 300 manat borc verməsini, Cavabdeh1 isə aldığı borcu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.

27. Kollegiya hesab edir ki, iddianın qismən təmin edilməsi hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsaslar yoxdur.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslində nəzərdə tutulan xüsusi müddəaları açıq və tərəddüdsüz şəkildə göstərir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Belə ki, həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, qanunda borc müqaviləsinin bağlanmış hesab olunması üçün pul və digər əvəz edilən əşyanının verilmiş olması ilə yanaşı verilməsi öhdəliyinin götürülməsi şərt olaraq qeyd olunmuşdur.

29. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh1 03 oktyabr 2022-ci il tarixli əlyazmada 1 ay müddətinə qaytarmaq şərtilə İddiaçı 5000 manat borc almasını qeyd etmişdir. Cavabdeh1 izahatında, eləcədə apellyasiya şikayətində həmin qəbzi İddiaçı təsiri altında (hədəsi) ilə yazdığını qeyd etsədə, lakin kollegiya onun bu dəlilini inandırıcı saymır. Belə ki, qəbz hədə qorxu altında yazılmış olsaydı, bu halda Cavabdeh1 sonradan hüquqmühafizə orqanlarına müraciət etməsi də istisna olunmurdu.

30. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh1 5000 manat alınıb İddiaçı verilməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(045)-1340/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh1 5000 manat alınıb İddiaçı verilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar