Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-370/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları 14 avqust 2024-cü il tarixdə cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində hərəkətdə olarkən manevretmə qaydasını pozaraq yol-nəqliyyat hadisəsi tərətmişdir. Yol nəqliyyatı hadisəsi zamanı iddiaçıya məxsus “VAZ 21074” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-707/2024 nömrəli qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. “Avtoservis 444” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 125 nömrəli arayışdan görünür ki, “VAZ 21074 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirə ehtiyacı olan ehtiyat hissələrinin dəyəri və təmiri ümumilikdə 3241 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurulmuş ziyanın əvəzi kimi 3241 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52,41 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində “VAZ 21074 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2024-cü ildə saat 20:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində qeyd olunan nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman cavabdeh idarə etdiyi “VAZ 21011 minik” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə manevretmə qaydasını pozmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində avtomobilinə 3241 manat məbləğdə maddi ziyan dəymişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir . Tovuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(062)- 2643/2024 nömrəli iş üzrə qəbul etdiyi 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş ziyana görə 3241 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,41 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində hərəkətdə olan zaman manevretmə qaydasını pozmuş və iddiaçıya məxsus” VAZ 21074” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Tağıyev X3 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı tərəfindən avtomobilə dəymiş maddi ziyanın hansı məbləğdə olması barədə “Avtoservis 444” tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 125 nömrəli arayış məhkəməyə təqdim edilmişdir. Həmin arayış ilə müəyyən edilir ki, “VAZ 21074” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirə ehtiyacı olan ehtiyat hissələrinin dəyəri və zəhmət haqqı ümumilikdə 3241 manat təşkil edir. Məhkəmə “Avtoservis 444” tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 125 nömrəli arayışı sübut kimi qəbul edir. Cavabdeh tərəfindən vurulmuş ziyan məbləği ilə bağlı başqa rəy, arayış və.s. təqdim edilməmişdir. Ona görə də avtomobilə dəymiş ziyan məbləğinin tələb olunan həddə qəbul edilməsi və cavabdehdən tələb edilməsi qanunamüvafiqdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 217.1, 217.4, 218-cü maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli bilmir, hadisə nəticəsində cavabdehin də avtomobili yararsız hala düşmüşdür. İddiaçı daha sayıq olsaydı bu hadisə baş verməzdi. Məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları nəzərə almayaraq qanunsuz və əsassız qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün yanaşmamış, gəlinən nəticə işdə olan mötəbər sübutlarla təsdiq edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, hesablanmış ziyanın məbləği çoxdur, cavabdehin həmin pulu ödəməyə maddi imkanı yoxdur. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulacaq pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatları əsasən müəyyən olunur ki, iddiaçının mülkiyyətində “VAZ 21074” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində qeyd olunan nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman cavabdeh idarə etdiyi “VAZ 21011” minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə manevretmə qaydasını pozmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində iddiaçının avtomobilinə ziyan dəymişdir. “Avtoservis 444” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 125 nömrəli arayışdan görünür ki, “VAZ 21074 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirə ehtiyacı olan ehtiyat hissələrinin dəyəri və təmiri ümumilikdə 3241 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya vurulmuş zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2024cü il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsində mülki hüquq pozuntusu (delikt) məsuliyyəti daşıyan şəxs cavabdehdir və o, iddiaçının avtomobilinə dəymiş ziyanın əvəzini ödəmək vəzifəsini daşıyır. Məhkəmə iddiaçıya vurulmuş zərərin məbləği ilə bağlı aşağadıkıları bildirir. Rayon Məhkəməsi iddiaçıya vurulmuş maddi zərərin həcmini “Avtoservis 444” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 125 nömrəli arayış əsasında 3241 manat məbləğində müəyyən etmişdir. İddiaçıya məxsus nəqliyyat vasitəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə Məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspertiza tədqiqatını aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli, 9/1297 №-li rəyindən görünür ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün 2943 manat məbləğində pul vəsaiti tələb olunur. Məhkəmə həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləği ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, sözügedən rəy analoji əmlaka dəymiş zərərə dair internet saytlarında mövcud olan müvafiq məlumatlardan, avtoservis müəssisələrindən və məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə edilməklə verilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi zərər 2943 manatdır. Lakin işə baxan Rayon Məhkəməsi həmin zərəri 3241 manat məbləğində qiymətləndirməklə səhv nəticəyə gəlmişdir. Ona görə də qətnamə cavabdehdən tutulmuş pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Beləliklə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulacaq pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək 2943 manat müəyyən edilməlidir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2024cü il tarixli qətnaməsi “Cavabdeh avtomobilə vurulmuş maddi ziyana görə 3241 (üç min iki yüz qırx bir) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh avtomobilə vurulmuş ziyana görə 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-370/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-370/2025
23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver