Məhkəmə qərarları › İş №2(104)-374/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-374/2025

07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-374/2025 07.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. CD diskə köçürülmüş qəbzlərdən görünür ki, Sberbank vasitəsilə xx.xx.2023-cü il tarixdə Sotan.A adlı şəxs Emin İsrail oğlu adlı şəxsə 200000.00 rubli, Zeyqam Eybulla oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 390000.00 rubli, Hacıbaba Musa oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 140000.00 rubli, Kənan Marqerram oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 10000.00 rubli, Murad Şakir oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 300000.00 və 200000 rubl olmaqla ümumilikdə ******* rubl pul köçürmələri edilmişdir.

2. Məhkəmə kollegiyası qərardadı ilə əldə edilmiş xx.xx.2025-ci il tarixli, 4/409-4/425 saylı məhkəmə-fonoskopik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Ahuang” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.

2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Ahuang” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Cavabdeh məxsusdur. 3. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Ahuang” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda diktoların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmadı. 3. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 (yüz) manat təşkil etmişdir. Həmçinin ekspert rəyində “Whatsapp” səs yazılarında K1 (kişi cinsinə məxsus səslə danışan diktor) tərəfindən – “Eynulla, səbrli ol, qardaşım, səbrli ol. Mən səndən çox tələsirəm, qardaş. Pul məni /// pul tapa bilmirdim e, onun-bunun kartına atdırıb, ordan naliçka çıxartdırıram. Pul tapa bilmirəm. K1 (kişi cinsinə məxsus səslə danışan diktor) tərəfindən – “Qardaşım, bu kartlara oo bayaq summa deyirdin e, bu iki karta onda 900.000 pul atdır, hərəsinə 450-450. İndi mən sənə başqa kart da atajam, kartlarımız limit söhbətinə görə e, burda mən adamlar var, naliçka, nə bilim, şey, perevodla işliyirəm deyə limitdən çıxammaram burda da mən pis vəziyyətdə qalmıyım, o mənada. Bunların hərəsinə 450-450 vur da.” K1 (kişi cinsinə məxsus səslə danışan diktor) tərəfindən – “Gördüm, gördüm, qardaşım, gördüm. Qoy evə çatım zəng eliyəcəm. Gördüm. Pullar gəldi çatıb, görmüşəm. Gördüm hamısını qardaşım.”

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1.110.000 manat Rusiya rublunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Belarusiya Respublikasının Minsk şəhərində ticarətlə məşğul olur. Belə ki, həm Belarusiya Respublikasından, həm də xarici dövlətlərdən topdan ərzaq malları alaraq Minsk şəhərindəki obyektlərə satır. 2023-cü ilin əvvəllərində cavadeh Cavabdeh ilə tanış olmuşdur. Belə ki, Cavid Rusiya Federasiyasının Krasnadar şəhərində meyvətərəvəz satışı bazasında işləyirmiş. O, ona Krasnadar şəhərindən Minsk şəhərinə meyvətərəvəz göndərə biləcəyini demişdir. Ona görə də, onların iş birliyi başlamışdır. Razılaşmalarına əsasən o, Cavidə pul göndərməli, Cavid isə həmin pula topdan meyvə-tərəvəz alaraq Minskə göndərməli idi. Cavid ona pul göndərərkən Rusiyada kartlara limit qoyulduğu üçün pulu hissə-hissə onun dediyi adamların adına göndərməyi xahiş etmişdir. Hətta Cavid “WhatsApp” mobil proqramı vasitəsi ilə həmin şəxslərdən biri olan Emin İsmayılovun bank kartının şəklini də ona atmışdır. Bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə həm özü şəxsən, həm də, işçilərinin vasitəsi ilə ümumilikdə 1.240000 (bir milyon iki yüz qırx min) Rusiya rublunu Cavidin dediyi şəxslərə göndərmişdir. Cavid isə həmin puldan ona 130.000 rubul (2392 manat) mal göndərib. Qalıq qalan ******* (bir milyon yüz on min) rubl dəyərində malı isə göndərməmişdir. O dəfələrlə Caviddən pulunu tələb etmiş, lakin Cavid hər dəfə müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Ona görə də, Cavabdeh ona olan borclu olduğu ******* (bir milyon yüz on min) rubl pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tovuz Rayon Məhkəməsinin 2(062)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbinin təmin edilməsi, Cavabdeh Rusiya rublunun ödəniş zamanı Azərbaycan manatı məzənnəsinə uyğun hesablanmaqla 1.110.000 (bir milyon yüz on min) Rusiya rublu və 150 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun alıcı qarşısında icra edilməmiş öhdəliyi qalmışdır. Bununla da alıcının qanunla qorunan hüquqları pozulmuşdur. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin özünün verdiyi izahatla da müəyyən edilmişdir ki, ona göndərilən pul vəsaiti ayrı-ayrı şəxslərin adlarına göndərilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Sberbank vasitəsilə ******* rubl pul köçürmələri edilmiş, cəmi 130.000 rubl dəyərində mal göndərilmiş, qalan pul və ya mal iddiaçıya göndərilməmişdir. Odur ki, 1.110.000 Rusiya rublu cavabdehdən alınara iddiaçıya verilməlidir.

7. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442, 529.2, 567, 600.1 və 600.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Tovuz Rayon Məhkəməsinin 2(062)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Tovuz Rayon Məhkəməsinin 2(062)- 1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə qətnamənin əsası kimi iddiaçının ərizəsinə, izahatlarına və aidiyyatı olmayan tarixi bəlli olmayan səs yazılarına istinad etmişdir. Ümumiyətlə məhkəmənin sözügedən qətnaməsi belə məhkəmə proseslərini qeydə alan çəkilişə belə uyğun gəlmir, uzlaşmır. Hətta məhkəmə qətnaməsində iclasın gedişini və tərəflərin izahatlarını iddiaçının xeyrinə həll etmişdir. İddiaçının ərizəsinə əsasən qətnamədə görərik ki, iddiaçı qeyd edir ki, 2023-cü ildə Cavidlə tanış olmuşdur. Cavidlə “necə tanış oldu bir birləri necə tanıdı alverləri necə oldu” işin bu halları tam araşdırılmamışdır. Tovuz Rayon Məhkəməsində mülki işə baxılarkən o, qeyd etmişdir ki, o, iddiaçı Eynulla adlı şəxsi ümumiyyətlə tanımamışdır. Eynulla ilə cəmi bir dəfə İlyas adlı şəxsin vasitəsi ilə danışmışdır. Onda da İlyas adlı şəxsə mal haqqında danışmışdır. Onunla hər hansı bir ünsiyyəti və münasibəti olmamışdır. Məhkəməyə təqdim edilmiş səs yazısını o, iddiaçı Eynullaya deyil bu iş üçün heç bir əhəmiyyəti olmayan şəxs olan İlyas adlı şəxsə göndərmişdir. Cavidin əgər Eynulla ilə alveri var idisə, danışıqlarda niyə alver barədə nə qədər mal nə qədər borc qalması, malın göndərilmə tarixləri hansı mallar adları mövcud deyil? Hətta həmin tarixdə onun İlyas adlı şəxsə göndərdiyi malları sübut edəcək qaimələri belə məhkəmə iclasında təqdim etsə də, məhkəmə işə əlavə etməmişdir. Onun iddiaçı ilə hər hansı bir alış-verişi olmamışdır. Tovuz Rayon Məhkəməsi isə öz qətnaməsinin əsası kimi onun bu səs yazılarını rəhbər tutmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Bundan əlavə Tovuz Rayon Məhkəməsi öz qətnaməsinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci və 600.4-cü maddələrinə istinad etmişdir ki, bu hal da işin mahiyyətini əhatə etmir. Yəni maddələrin tələblərinə diqqət yetirdikdə tam aydın olur ki, məhkəmə mübahisənin həlli üçün alqı-satqı müqaviləsinin tələblərinə istinad etmişdir. Amma məhkəmə nəzərə almamışdır ki, İddiaçı ilə onun arasında hər hansı bir alqı-satqı və ya digər müqavilə mövcud olmamışdır. Bu da onu deməyə əsas verir ki, onun İddiaçı qarşısında heç bir mülki məsuliyyəti yaranmamışdır. Məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətli hesab edilərək tədqiq edilmiş səs yazıları isə montaj edilmiş səs yazılarıdır. Belə ki, diskdə olan səs yazılarına diqqət yetirilsə, onlara məlum olar ki, həmin səs yazılarının əvvəli və özlərinə ziyan edən hissə kəsilmiş və qalan hissəni isə özlərinə uyğunlaşdıraraq təqdim etmişlər (montaj edilmişdir). Bundan əlavə məhkəmə qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 448 və 449-cu maddəsi ilə əsaslandırmışdır ki, məcəllənin bu tələbləri də, işin halları ilə uzlaşmır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, İddiaçı ilə onun arasında hər hansı bir borc müqaviləsi mövcud deyildir. Maddi hüquq normalarının düzgün tətbiq edilməməsi isə qətnamənin ləğvi üçün əsasdır. Ona görə də, yuxarıda qeyd olunanları rəhbər tutaraq, hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1501/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə (rədd edilməsinə) dair yeni qətnamə qəbul edilməlidir. Tovuz Rayon Məhkəməsində mülki işə baxılarkən o, qeyd etmişdir ki, o, iddiaçı Eynulla adlı şəxsi ümumiyyətlə tanımır. Eynulla ilə cəmi bir dəfə İlyas adlı şəxsin vaistəsi ilə danışmışdır. Onda da İlyas adlı şəxsə mal haqqında danışmışdır. Onunla hər hansı bir ünsiyyəti və münasibəti olmamışdır. Məhkəməyə təqdim edilmiş səs yazısını o, iddiaçı Eynullaya deyil bu iş üçün heç bir əhəmiyyəti olmayan şəxs olan İlyas adlı şəxsə göndərmişdir. Cavidin əgər Eynulla ilə alveri var idisə danışıqlarda niyə alver barədə nə qədər mal nə qədər borc qalması, malın göndərilmə tarixləri hansı mallar adları mövcud deyildir? Hətta həmin tarixdə onun İlyas adlı şəxsə göndərdiyi malları sübut edəcək qaimələri belə məhkəmə iclasında təqdim etsə də, məhkəmə işə əlavə etməmişdir. Onun iddiaçı ilə hər hansı bir alış-verişi olmamışdır. Tovuz Rayon Məhkəməsi isə öz qətnaməsinin əsası kimi onun bu səs yazılarını rəhbər tutmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, İddiaçı ondan tələb etdiyi pulun əsası yoxdur. O, ümumiyyətlə İddiaçı tanımır. Onunla sadəcə bir dəfə “whatsapp” sosial şəbəkəsində danışmışdır. Onunla hər hansı bir ünsiyyəti və münasibəti olmamışdır. Onun özü də bazarda işləyir və mal ixrac edir. Bir gün Eynulla ona zəng edib qohumu üçün mal gəlməli olduğunu demişdir. O, isə xəbərinin olmadığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, səs yazısını o, iddiaçı Eynullaya deyil bu iş üçün heç bir əhəmiyyəti olmayan şəxs olan İlyas adlı şəxsə göndərmişdir. Onun iddiaçı ilə hər hansı bir alış-verişi olmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçını İlyas vasitəsi ilə tanımışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, kartları həmin adama İlyas vermişdir.

12. İddiaçı və onun nümayəndəsinə(vəkili) məhkəmə iclasınını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh nümayəndəsi(vəkili) Vəkil2 məhkəmə kollegiyasina ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

15. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.

16. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

22. 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

25. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

26. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

32. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların alqı-satqısına dair razılaşma olmuş, iddiaçı X2 Cavabdeh 900.000 rubl pul göndərmiş, əvəzində isə cavabdeh iddiaçıya 130.000 rubl dəyərində malı göndərmişdir. Lakin, cavabdeh qalan məbləğ üçün isə mallarıı göndərməmiş, bununla da, üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir.

33. Cavabeh apellyasiya şikayətinin dəlillərində iddiaçını tanımadığını, məhkəməyə təqdim edilmiş səs yazısını o, iddiaçı Eynullaya deyil bu iş üçün heç bir əhəmiyyəti olmayan şəxs olan İlyas adlı şəxsə göndərməsini, həmçinin İlyas adlı şəxsə malları göndərməsi və göndərdiyi malları sübut edəcək qaimələri belə məhkəmə iclasında təqdim etməsini bildirsə də, iş materiallarına olan tədqiq edilmiş səs yazısından da görünür ki, Cavabdeh İddiaçı müraciət edərək “Eynulla, səbrli ol, qardaşım, səbrli ol. Mən səndən çox tələsirəm, qardaş. Pul məni /// pul tapa bilmirdim e, onun-bunun kartına atdırıb, ordan naliçka çıxartdırıram. Pul tapa bilmirəm.” deməsi müəyyən edilmişdir. Bu hal isə cavabdehin həmin dəlilini təkzib edir. Məhkəmə kollegiyası qeyd edilən səs yazılarına və cavabdehin iddiaçıya deyil, İlyas adlı şəxsə malları göndərməsi barədə bildirdiklərini nəzərə alaraq o nəticəyə gəlir ki, iddiaçı və cavabdeh arasında meyvə tərəvəzin alqısatqısına dair şifahi müqavilə bağlanmışdır.

34. Cavabdehin apellyasiya şikayətinin dəlilində tədqiq edilmiş səs yazılarının montaj edilməsi, səs yazılarının əvvəli və özlərinə ziyan edən hissə kəsilmiş və qalan hissəni isə özlərinə uyğunlaşdıraraq təqdim etməsi ilə bağlı dəlilinin araşdırılması üçün məhkəmənin təşəbbüsü ilə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/409-4/425 saylı məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsinin və nitqinin Cavabdeh məxsus olması, həmçinin mübahisəli fonoqramlardakı danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən edilməmişdir.

35. Bundan başqa Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/409- 4/425 saylı məhkəmə-fonoskopik ekspertizasının rəyində tələb olunan danışıqların mətni tərtib edilmiş və Cavabdeh məxsus səs yazısınında onun “Eynulla, səbrli ol, qardaşım, səbrli ol. Mən səndən çox tələsirəm, qardaş. Pul məni/// pul tapa bilmirdim e, onun-bunun kartına atdırıb, ordan naliçka çıxartdırıram. Pul tapa bilmirəm. Digər səs yazılarında “Qardaşım, bu kartlara oo bayaq summa deyirdin e, bu iki karta onda 900.000 pul atdır, hərəsinə 450-450. İndi mən sənə başqa kart da atajam, kartlarımız limit söhbətinə görə e, burda mən adamlar var, naliçka, nə bilim, şey, perevodla işliyirəm deyə limitdən çıxammaram burda da mən pis vəziyyətdə qalmıyım, o mənada. Bunların hərəsinə 450- 450 vur da.”- “Gördüm, gördüm, qardaşım, gördüm. Qoy evə çatım zəng eliyəcəm. Gördüm. Pullar gəldi çatıb, görmüşəm. Gördüm hamısını qardaşım.” kimi ifadələr deməsi müəyyən olunur. Səs yazılarından görünür ki, cavabdeh danıçıqında Eynulla adlı şəxsə müraciət edir. Bu isə cavabdehin iddiaçını tanımaması ilə bağlı qeyd etdiyi halı təkzib edir. Həmçinin həmin səs yazılarından müəyyən edilir ki, iddiaçı Cavabdeh xahişi ilə ona göndərdiyi pulu ayrı-ayrı şəxslərin kart hesabına göndərmişdir.

36. Məhkəmə kollegiyası iddia tələbinin 900000 rubldan artıq hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehə 124000 rubl göndərdyini qeyd edərək həmin halı təsdiq edən sübut kimi Sberbank vasitəsilə xx.xx.2023-cü il tarixdə Sotan.A adlı şəxs Emin İsrail oğlu adlı şəxsə 200000.00 rubl, Zeyqam Eybulla oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 390000.00 rubl, Hacıbaba Musa oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 140000.00 rubl, Kənan Maqerram oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 10000.00 rubl, Murad Şakir oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 300000.00 və 200000.00 rubl olmaqla köçürmələrə dair qəbzləri məhkəməyə təqdim etmişdir. Lakin, təqdim edilmiş qəbzlərdən görünür ki, həmin qəbzlər iddiaçı tərəfindən deyil, başqa şəxslər tərəfindən cavabdehə deyil, başqa şəxslərin hesabına köçürülmüşdür. Lakin, iddiaçı nə qəbz əsasında pulları göndərən şəxslərin göndərilən pulları onun tapşırığı əsasında göndərməsini, nə də, qəbz əsasında pulları almış şəxslərin həmin pulları cavabdehə verməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan apellyasiya şikayəti həmin hissədə təmin edilməlidir.

37. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər arasında meyvə-tərəvəzin alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı cavabdehin istəyi ilə onun göndərdiyi iki karta 900000 rubl pul köçürmüş və cavabdeh “Whatsapp” səs yazısında həmin pulu aldığını təsdiq etmişdir. İddiaçı cavabdehin ona 130000 rubl dəyərində mal göndərdiyini etiraf etmişdir. Odu ki, iddia tələbi 770000 rubl hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.

38. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Tovuz Rayon Məhkəməsinin 2(062)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Rusiya rublunun ödəniş zamanı Azərbaycan manatı məzənnəsinə uyğun hesablanmaqla 770.000 (yeddi yüz yetmiş min) Rusiya rublu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar