Məhkəmə qərarları › İş №2(104)-38/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-38/2025

19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-38/2025 19.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: zərərin əvəzinin ödilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(076)- 161/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 aprel 2022-ci il tarixli ********** nömrəli çıxarışın və 05 aprel 2022-ci il tarixli A seriyalı 744682 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Şəmkir rayonu Keçili kənd ərazisində yerləşən 0,0984 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 aprel 2022-ci il tarixli ********** nömrəli çıxarışın və 07 aprel 2022-ci il tarixli A seriyalı 744633 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Şəmkir rayonu Keçili kənd ərazisində yerləşən 0,5237 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 45936 manat maddi ziyan və ödənilmiş 227,81 manat dövlət rüumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər mərhum qardaşı Mehman Əliyevin keçmiş həyat yoldaşının qohumlarıdır. Şəmkir rayonu Keçili kndində yerləşən ona məxsus istilikxananı 2022-ci ilin mart ayında onun xəəri olmadan cavabdehlər söküb materiallarını satmışlar. 102 xidmətinə müraciət etdiinə görə Şəmkir rayon X10 əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmışlar. Cavabdehlər ona 45936 manat ziyan vurmuşdur.

5. İddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh3 cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(076)-2805/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşdur,(qərardadda soyadı Əliyev yazılmışdır.)

7. Şəmkir Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(076)-161/2023 nömrəli (hakim K.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada 45936 (qırx beş min doqquz yüz otuz altı) manat alınıb İddiaçı verilməsi; Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməsi; Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada ödənilmiş 227,81 (iki yüz iyirmi yeddi manat səksən bir qəpik) manat məbləğində dövlət rüsmumuun vəzi tutularaq İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385, 390.1, 425.1, 1096.1, 1096.2-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 124.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməs maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, eləcədə tərəflərin izahatlarına düzgün hüquqi qiymət verilməmişdir. İstilikxananın mülkiyyətçisi Cavabdeh3 olmuş və onun sifarişi əsasında da Cavabdeh1 və Cavabdeh2 fəhlə kimi istixananı sökmüşlər. Belə olan halda Cavabdeh1 və Cavabdeh2 heç bir cavabdehlik daşımır. İstilikxana tam sökülməmiş və sökülən hissənin məhz iddiaçıya məxsus olması müəyyən edilməmişdir. Mütəxəssis rəyinə əsasən sökülməsi mübahisələndirilən istixananın 0,1177 ha hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Əvvəlki və hazırkı, məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, üç ədəd istilikxanada nümayəndəsi olduğu Cavabdeh3 atasının vəsaiti hesabına tikilmişdir. İşdə olan rəydəndə müəyyən olunur ki, mübahisələndirilən istilikxananın bir hissəsi bələdiyə mülkiyyətində olan torpaqda, digər hissəsi isə iddiaçının adına qeydə alınmış kənd təsərrütfatı təyinatlı torpaq sahəsində yerləşir. İstilikxananın konkret olaraq hansı hissəsinin məhs iddiaçıya məxsus torpaq sahəsində sökülüb-sökülməməsi araşdırılmalıdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Əvvəlki məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh1 Vilayət oğlu izahatında bildirmişdir ki, Kürxanın tapşırığı ilə eni 8 metr, uzunluğu 35 metr olan 3 ədəd istilikxananı sökmüşlər. Sökülən istilikxananın materiallarını Kürxan aparmışdır. Sonradan İddiaçı ora gəlmiş və istilikxanaların ona məxsus olmasını bildirərək söküntü işlərinin dayandırılmasını tələb etmiş, onlarda söküntü işlərinin dayandırmışlar.

14. Əvvəlki məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh2da izahatında bildirmişdir ki, Kürxanın tapşırığı ilə eni 8 metr, uzunluğu 35 metr olan 3 ədəd istilikxananı Cavabdeh1lə birlikdə sökmüşlər və sökülən istilikxananın materiallarını Kürxan aparmışdır. İddiaçı ora gəldikdən və istilikxanaların ona məxsus olmasını bildirdikdən sonra söküntü işlərinin dayandırmışlar.

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlunun etibarnamə üzrə nümayəndəsi (anası) X2 izahatında bildirmişdir ki, eni 8 metr, uzunluğu 35 metr olan üç ədəd istilikxana onlara məxsus olduğundan oğlu Kürxanın tapşırığı əsasında fəhlələr sökmüş, sökülən istlikxananın materiallarınıda oğlu Kürxan başqa şəxslərə satmışdır.

16. Hazırkı məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barıədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlu nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

29. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı Əliyev X4 rayonu, Keçili kəndində ona məxsus istilikxanaların 2022-ci ildə cavabdehlər tərəfindən sökülməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər.

35. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, cavabdehhlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cavabdeh3 tərəfindən (birinci instansiya məhkəməsində soy adı Əliyev yazılıb) verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

36. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.

37. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb - maddi ziyanın əvəzinin ödənilməsi barədədir və iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

38. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

39. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

40. Bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı maddi ziyanı ilkin olaraq Cavabdeh1 və Cavabdeh2 tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlu da cavabdeh qismində işə cəlb olunmuşdur. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istər birinci instansiya məhkəməsində icraat zamanı, istərsədə apellyasiya icraatı zamanı verdikləri izahatlarında bildirmişlər ki, sökülən istilikxanaların Cavabdeh3 məxsus olmasını bilmişlər, onun göstərişi əsasında da sökmüşlər. Sökülən materiallarıda Cavabdeh3 aparmışdır. İşin qeyd olunan bu halı apellyasiya icraatı zamanı Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (anası) X1 izahatı ilədə təsdiq olunur. Belə ki, sonuncu izahatında bildirmişdir ki, eni 8 metr, uzunluğu 35 metr olan 3 ədəd istilikxanada əslində onlara məxsus olduğundan fəhlələr oğlu Kürxanın göstərişi əsasında sökümüş, sökülən materiallarıda Kürxan başqa şəxslərə satmışdır. Digər cavabdehlərdə bildirmişlər ki, sökülən istilikxana üç ədəd olmaqla, hər birinin eninin 8 metr, uzunluğu isə 35 metr olmuşdur.

41. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

43. Baxılan işdən isə müəyyən etmək olur ki, Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlu söküntü işləri aparılacaq istilikxanaların ona məxsus olmasını Cavabdeh1 və Cavabdeh2 bildirərək muzd müqabilində istilikxanaların sökülməsi barədə onlara göstəriş vermişdir. İstilikxanaların İddiaçı məxsus olması isə onun həmin əraziyə gəlib bu barədə onlara məlumat verdiya andan məlum olmuş, onlarda dərhal söküntü işlərini dayandırmışlar.

44. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, irəli sürülən iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna (vurulmuş zərərin əvəzini tələb etmək) malik olsa belə, lakin tələbin yönəldiyi cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə cavab verməli olan subyektlər deyil.

45. Birinci instansiya məhkəməsi isə Cavabdeh1 və Cavabdeh2 münasibətdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı yanlış nəticəyə gələrək onlara aid hissədə də iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.

46. Cavabdeh Əlizamanlı (Əliyev) Kürxan Mehman oğluna münasibətdə isə kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

47. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli 3-21-3- 40/2-2168/2023 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, sökülməsi mübahisələndirdiyi X6 məxsus istilikxananın yerləşmiş olduğu torpaq sahəsinin 0,1177 ha hissəsi bələdiyyə, 0,2789 ha hissəsi isə xüsusi mülkiyyətində olan torpaq sahəsinə düşür; İddiaçı sökülməsini mübahisələndirdiyi X6 məxsus istixananın yerləşmiş olduğu torpaq sahəsinin 0.0984 ha hissəsi ********** qeydiyyat nömrəli, 05 aprel 2022-ci il tarixli qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydə alınmış 0,0984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində, 0,1805 ha hissəsi isə ********** qeydiyyat nömrəli, 07 aprel 2022-ci il tarixli qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydə alınmış 0,5237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

48. İddiaçı iddia ərizəsində istilikxanların sökülməsi nəticəsində ona 45936 manat zərər vurulduğunu qeyd etmişdir. İddia tələbinin əsaslılığının araşdırılması bəzi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyi halda, birinci instansiya məhkəməsi hər hansı bir qiyymətləndirmə (ekspertiza təyin etmədən) dəymiş zərərin məbləğinin iddia ərizəsində qeyd olunmuş miqdarda olması qənaətinə gəlmişdir.

49. Ona görə də apellyasiya icraatı zamanı 02 oktyabr 2023-cü ildə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 27 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8424 nömrəli məktubla rəy verilmədən iş geri qaytarmışdır.

50. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2024-cü il tarixli 2(104)-150/2024 nömrəli qərardadı ilə iş üzrə yenidən məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 06 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/3828 nömrəli məktubla rəy verilmədən işi geri qaytarmışdır. Məktuba əlavə olunmuş məlumatdan müəyyən olunmuşdur ki, ekspert qarşısında qoyulmuş suallarala bağlı, mübahisə predmeti olan torpaq sahəsi və istilikxanaya və ya həmin ərazidə yerləşən anoloji torpaq sahələrinə və istilikxanalara dair birja məlumatları, internet saytı məlumatları olmadığından qarardada qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.

51. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(104)-150/2024 nömrəli qərardadı ilə iş üzrə yenidən məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 07 may 2025-ci il tarixli 3-16-16/2-10/9459 nömrəli məktubla rəy verilmədən iş geri qaytarmışdır. Məktuba əlavə olunmuş məlumatdan müəyyən olunmuşdur ki, ekspert qarşısında qoyulmuş suallarala bağlı, Şəmkir rayonu, Keçili kəndində yerləşən torpaq sahəsində mövcud olmuş (faktiki olaraq sökülmüş) istilikxanaların quraşdırılmasının xüsusi növ təmir-quraşdırma işlərinə aid olduğunu nəzərə alaraq, Şəmkir rayonu, Keçili kəndində yerləşən torpaq sahəsində quraşdırılan istilikxanaların sökülməsi nəticəsində dəymiş ziyanın dəyərini müəyyən etmək mümkün olmamışdır.

52. Dəymiş ziyanın məbləğinin müəyyən olunmasına mütləq zərurət olduğu üçün, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2025-ci il tarixli, 2(104)- 38/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşunaslıq ekspertizası (qiymətləndirmə) təyin edilmiş və ekspertizanın (qiymətləndirmənin) aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur.

53. "xxxx" MMC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş 26 noyabr 2025-ci il tarixli, 231/Mİ/2025 nömrəli qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, qiymətləndirmə prosesi zamanı mütəxəssislər tərəfindən əmlaka baxış keçirilərkən və araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən ərazidə söküntüdən əvvəl ümumilikdə 12 ədəd istilikxana olmuşdur. 12 ədəd istilikxanadan 10 ədədi sökülmüş və 2 ədəd istilikxana bu günki günə qədər də sökülməmiş qalmışdır. Halhazırda sözügedən ərazidə sökülmüş olan 10 ədəd istilikxananın yerində yeni istixana tikilmiş və 2 ədəd köhnədən sökülməmiş qalan istilikxanada mövcuddur. İddiaçı dəymiş ziyan sökülmüş 10 ədəd istilikxanaya hesablanmışdır. Hər birinin eni 8 metr, uzunluğu 35 m olan 10 ədəd istilikxananın sökülməsi nəticəsində (istilikxananın inşaası üçün sərf olunan bütün növ mal-materiallar və quraşdırılması üçün usta xərci nəzərə alınmaqla) dəymiş ziyanın dəyəri 51.179 manat təşkil edir.

54. Sökülməsi mübahisələndirilən istilikxananların İddiaçı mülkiyyətində olan torpaqda yerləşməsi iş materialları ilə təsdiq olunur. Cavabdeh Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlu istilikxanaların atasının vəsaiti hesabına tikildiyini qeyd etsə də, lakin bu baradə məhkəməyə hər hansı bir möhtəbər sübut verməmişdir. Onun göstərişi əsasında istilikxanaların sökülməsi və sökülən materiallarında onun özü tərəfindən götürülərək başqa şəxslərə satılması iş materialları ilə təsdiq olunur. İşin qeyd olunan bu halı onun özünün nümayəndəsi (anası) Xoşqədəm Məsdanovanın, digər nümayəndəsi Nümayəndə2, eləcədə Cavabdeh1 və Cavabdeh2 izahatları ilə təsdiq olunur.

55. İş üzrə cavabdehlər hər birinin enu 8 metr, uzunluğu 35 metr olan istilikxana söküldüyüni bildirsədə, lakin "xxxx" MMC-nin 26 noyabr 2025-ci il tarixli, 231/Mİ/2025 nömrəli qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, baxış zamanı müəyyən olunmuşdur ki, hər birinin enu 8 metr, uzunluğu 35 metr olan 10 ədəd istilikxana sökülmüş və bu söküntü zamanı dəymiş ziyan (onların bərpası üçün) 51,179 manat təşkil edir. İddiaçı isə istilikxanaların sökülməsi nəticəsində ona 45936 manat ziyan dəydiyini qeyd edərək cavabdehlərdən həmin məbləğin alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir.

56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Kollegiya hesab edir ki, hazırkı işdə iddia tələbindən kənar çıxmanın müstəsna halı mövcud deyil.

57. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəmkir Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(076)-161/2023 nömrəli qətnaməsi 45936 manat ziyanın, eləcədə ödənilmiş dövlət rüsumunun əvəsi qismində 227,81 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi hissədə ləğv olunmalı, iddia tələbi həmin hissədə təmin edilməməli, cavabdeh Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə cavabdeh Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlundan 45936 manat dəymiş ziyan, eləcədə ödənilmiş dövlət rüsumunun əvəsi qismində 227,81 manat alınaraq İddiaçı verilməsi hissədə dəyişirdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 385, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(076)-161/2023 nömrəli qətnaməsi 45936 manat ziyanın, eləcədə ödənilmiş dövlət rüsumunun əvəsi qismində 227,81 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 45936 manat ziyan, eləcədə ödənilmiş dövlət rüsumunun əvəsi qismində 227,81 manat alınaraq ona verilməsi barədə iddiası təmin edilməsin. Cavabdeh Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(076)-161/2023 nömrəli qətnaməsi cavabdeh Əlizamanlı (Əliyev) Kürxan Mehman oğlundan 45936 manat dəymiş ziyan, eləcədə ödənilmiş dövlət rüsumunun əvəsi qismində 227,81 manat alınaraq İddiaçı verilməsi hissədə dəyişirdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar