Məhkəmə qərarları › İş №2(104)-385/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-385/2024

27.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-385/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-708/2023 saylı mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Məmmədova (Hüseynova) Yazgül Qiyas qızının verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 2(061)-708/2023 saylı mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia qismən təmin edilmiş, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə Tərtər rayonunun Qaradağlı kəndinin ərzsindən Məmmədova (Hüseynova) Yazgül Qiyas qızının, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan “Torpağa Mülkiyyət Hüququna Dair” JN-221, KOD 61106038 olan Dövlət Aktında göstərilən 1,52 ha torpaq sahəsinin X1 müəyyən edilmiş 1/5 hissəsi, yəni 0,304 ha payın naturada ayrılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Məmmədova (Hüseynova) Yazgül Qiyas qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-708/2023 saylı mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-708/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsi və baxılması üçün işlə birlikdə aidiyyəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 2994/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayətə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli 2(104)-2994/2023 saylı qərardadı ləğv edilməli, iddiaçı Məmmədova (Hüseynova) Yazgül Qiyas qızının Tərtər Rayon Məhkəməsinin 2(061)- 708/2023 saylı mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Apellyasiya verən şəxsin İddiaçı olması qeyd edilsə də, şikayəti verən şəxsin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməmiş və bununla da, MPM-in tərkib hissəsi olan 2 saylı Əlavənin 1.5, 1.6, 1.7 və 1.8-ci maddəsinin tələbləri pozulmuşdur. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətindən isə görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, apellyator işin faktiki hallarına istinad etməklə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Lakin apellyator qeyd olunan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş, bununla da şikayətin forma və məzmunu ilə bağlı tələblərə əməl olunmamışdır. Halbuki, apellyasiya şikayəti cədvəl formasında tərtib edilməklə, hər bir qrafada pozuntusu qeyd edilən maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, hər bir qrafanın qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Azərbaycan Reespublikası MPM-nin: 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda qeyd edildiyi kimi, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməsi qaydası müəyyən edilmişdir. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin forması “Apellyasiya şikayətinin forması” adlı MPM-in tərkib hissəsi olan 2 saylı Əlavədə əks olunmuşdur. Məcəllənin 363.1.1-1-ci maddəsində isə birbaşa müəyyən edilmişdir ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd edilən apellyasiya şikayəti isə bu tələblərə cavab vermir və Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, iddiaçı Məmmədova (Hüseynova) Yazgül Qiyas qızı apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bu isə apellyasiya şikayətidə iddiaçının tələbinin qeyrimüəyyən olması deməkdir. Azərbaycan Respublikası MPM-nin: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi, İddiaçı Tərtər Rayon Məhkəməsinin 2(061)-708/2023 saylı mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən olunur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli 2(104)- 2994/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı Tərtər Rayon Məhkəməsinin 2(061)- 708/2023 saylı mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarında göstərmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd etdiyi hüquqi mövqeyinə uyğun olaraq, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, hazırkı qərardadın təqdim edildiyi vaxtdan 10 gün müddətində şikayət verən şəxsin yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli 2(104)-2994/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı Tərtər Rayon Məhkəməsinin 2(061)-708/2023 saylı mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar