Məhkəmə qərarları › İş №2(104)-403/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-403/2025

07.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-403/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(066)-1373/2024 nömrəli qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı MMC və X1 Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmurunun 1.70 ha torpaq sahəsində yerləşən 441kv/m. Daş sexinin 360.000 (üç yüz altmış min) manata xx.xx.2014cü ildə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifariş məktubunun ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(066)-1373/2024 nömrəli qərardadı ilə (hakim Rəşad Mustafayev) iddiaçılar İddiaçı MMC-nin direktoru X2 və X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “İcra məmurunun xx.xx.2014-cü il tarixli "xxxx" hərrac mərkəzi” MMC-yə sifariş məktubunun ləğv olunması barədə” iddia ərizəsinin məhkəmənin icraatına götürülməsindən imtina edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayaraq iddiaçı X1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddiadan əvvəl də məhkəməyə verdikləri müvafiq iddia əizələri geri qaytarılmış və izah edilmişdir ki, Göygöl Rayon Məhkəməsində iddia qaldırmaq hüquqları vardır. Bu səbəbdən hazırkı ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, lakin ərizə geri qaytarılmışdır. Halbuki, əmlakları vaxtı ilə Göygöl rayon ərazisində olduğundan qətnamənin icrası Göygöl rayon icra və propasiya şöbəsi tərəfindən aparılmışdır. İddia icraata qəbul edilib baxılmalı idi. Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(066)-1373/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin icraata qəbulundan imtina barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı MMC və X1 Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı icra məmurunun sifariş məktubunun ləğv edilməsi barədə iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişlər, birinci instansiya məhkəməsi də iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Ərizəni icraata qəbul etməkdən imtina edən birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkət və hərəkətsizliyə yol verildikdə, onun müahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir, bu halda qeyd edilən məsələyə iddia icraatı qaydasında müstəqil olaraq məhkəmədə baxılmalı deyil. Bu səbəbdən iddia ərizəsinin icraata götürülməsindən imtina edilməli və iddiaçılara izah edilməlidir ki, müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkət və hərəkətsizliyinə qiymət verilməsi üçün icra sənədi üzrə icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və eyni zamanda kollegiya qeyd edir ki, şikayətdə göstərilən dəlillər qərardanın ləğvi üçün əsas deyil. Belə ki, MPM-nin 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulun imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. MPM-nin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Bu kontekstdə hüquqi dəyərləndirmə aparıldıqda müəyyən olunur ki, iddiaya məhkəmədə baxılması üçün qanuni əsas mövcud deyildir. İş materiallarındakı sənədlərdən aydın olur ki, iddiaçılar Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli 2(043)-166/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra orqanının sifariş məktubunun ləğv olunmasını xahiş edirlər. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası istiqamətində görülən tədbirlər nəticəsində mübahisəsi gedən sifariş məktubu tərtib edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmənin qəbul etdiyi aktın icrasına nəzarət etmək funksiyası vardır. “İcra haqqında” Qanunun 26-cı maddəsində deyilir ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkətsizliyə yol verildikdə, onun müahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Bu baxımdan da iddiaçılar (icra icraatında tələbkar) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 153, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(066)-1373/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar