Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-415/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(076)-1964/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhər 26 saylı notariat ofisində təsdiqlənmiş 22 dekabr 2022-ci il tarixli 3M-1017 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 100000 manat borc verməyi, borc alan Cavabdeh isə borcu 25 yanvar 2023-cü il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür;
2. Bakı şəhərinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Muğanbank ASC-yə ünvanlanmış 22 dekabr 2022-ci il tarixli X-2296 nömrəli məktubdan görünür ki, İddiaçı kredit müqaviləsinə əsasən ödəməli olduğu 100000 manat müvafiq müqavilə ilə təsdiq edildikdən sonra həmin məbləğin Cavabdeh verilməsi üçün bankda olan depozit hesaba qəbul olunması xahiş edilmişdir;
3. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli orderdən görünür ki, İddiaçı 22 dekabr 2022-ci il tarixli X-2296 nömrəli məktuba əsasən 100000 manat vəsaiti Bakı şəhər 26 saylı notariat ofisinin depozit hesabına köçürmüşdür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cаvаbdеh Cavabdeh 100000 manat əsas borc, maddi və mənəvi ziyan kimi 8000 manat, ödənilmiş 400 manat dövlət rüsumu və vəkilə ödənilən 200 manat, ümumilikdə 108600 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 22 dekabr 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Bakı şəhəri 26 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə əsasən borc verən İddiaçı borc alana Cavabdeh 100000 manat borc vermiş, sonuncu da krediti 25 yanvar 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, tərəflərin razılığına əsasən kreditin faizsiz verilməsi şərtləndirilmiş və pul vəsaiti cavabdehə "xxxx" ASC-nin Binəqədi filialında verilmişdir. İddiaçı müqavilədə göstərilən vaxtda pulunun ödənilməsini tələb etsədə, lakin cavabdeh müqavilə şərtlərini pozaraq müxtəlif bəhanələrlə ödəməkdən imtina etmişdir. Eləcədə qeyd olunan müqaviləyə əsasən əgər cavabdeh borcu vaxtında qaytarmış olsaydı həmin pulu banka depozitə qoyub gəlir əldə edə bilərdir. Belə ki, Respublikada olan Bank uçot dərəcəsi hesablanmaqla (2023-cü il üzrə orta hesabla illik uçot dərəcəsi 8 faiz götürülsə) əldə edilmiş məbləğ 8000 manat olardı. Nəticədə cavabdeh borcu qaytarmadığı üçün ona 8000 manat ziyan dəymişdir.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cаvаbdеh Cavabdeh 65000 manat əsas borc, 8000 manat maddi ziyan, ödənilmiş 400 manat dövlət rüsumu, vəkilə ödənilən 200 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(076)-1964/2024 nömrəli qətnaməsi ilə (hakim H. Məhəmmədi) iddia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borc 65000 (altmış beş min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat, hüquqi xidmət üçün ödənilmiş 200 (iki yüz) manat tutularaq İddiaçı verilməsi; İddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 448.2, 739.1 və 739.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 185.5, 217.3, 217.4, 216-220, 357-361 maddlərinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərini pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi vermiş, lakin heç bir səbəb göstərmədən nə qətnamədə nə də ki, ayrıca qərardadla qarşılıqlı iddia ərizəsinə münasibət bildirilməmişdir. İş materiallarında mövcud olan müqavilədən aşkar göründüyü kimi müqavilə tərəfləri iddiaçı ilə cavabdeh 34 gün müddətinə 100000 manat pulun borc verilməsini qeyd etmiş və bu qısa müddətə verilmiş böyük məbləğdə pul vəsaitinin verilmə məqsədi aydınlaşdırılmamışdır. Halbu ki, həmin borc müqaviləsi əmlak alqı satqısı müqaviləsinin davamı olaraq digər bir əqdi pərdələmək niyyəti ilə bağlanmışdır. Tərəflər həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi lə görüntü üçün borc müqaviləsi bağlayaraq, fərqli subyektlər, yəni bir-birilərini heç vaxt tanımayan şəxslər arasında formal olaraq yalan əqd formasında müqavilə bağlamışlar. Bu da Mülki Məcəllənin 340.1. maddəsinə əsasən görünüş üçün bağlanmış əqd olaraq əhəmiyyətsiz olduğundan həmin müqaviləyə xitam verilməli idi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 100000 manat kredit verilmişdir. Kredit vəsaiti notariat ofisinin depozit hesabına köçürülmüş və cavabdeh həmin vəsaiti qəbul etmişdir. Borcun 35000 manat hissəsi qaytarılmış, 65000 manat qaytarılmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin eidlməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
20. Maddə 740.2. Borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında 22 dekabr 2022-ci il tarixli 3M-1017 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə İddiaçı 100000 manat borc verməyi, borc alan Cavabdeh isə aldığı 100000 manat borcu 25 yanvar 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddianın təmin olunması hissədə qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. İddianın təmin olunmaması hissədən iddiaçı apellyasiya şikayəti verməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırmamış, o cümlədən mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamışdır.
35. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
36. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
37. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
38. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
39. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Kollegiya iddia tələbinin əsaslığı ilə bağlı aşağıdakıları qeyd edir.
41. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).
42. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
43. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
44. İş materiallarına əlavə olunmuş 22 dekabr 2022-ci il tarixli 3M-1017 reyestr nömrəli müqavilədən görünür ki, tərəflər arasında notarial qaydada təsdiq olunmuş yazılı borc müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyin müqavilələrlə bağlı ümumi vahid sistemi həm də borc müqaviləsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslində nəzərdə tutulan xüsusi müddəaları açıq və tərəddüdsüz şəkildə göstərir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Beləki, həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, qanunda borc müqaviləsinin bağlanmış hesab olunması üçün pul və digər əvəz edilən əşyanının verilmiş olması ilə yanaşı verilməsi öhdəliyinin götürülməsi şərt olaraq qeyd olunmuşdur.
45. Kollegiya hesab edir ki, əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Çünki, həmin əqdlə bağlı notariat ofisində açılmış sənədlərə nəzər saldıqda müəyyən olunur ki, Bakı şəhərinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Muğanbank ASC-yə ünvanlanmış 22 dekabr 2022-ci il tarixli X-2296 nömrəli məktuba əsasən İddiaçı kredit müqaviləsinə əsasən ödəməli olduğu 100000 manat Cavabdeh verilməsi üçün bankda olan depozit hesaba köçürmüşdür. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli 3M-1017 reyestr nömrəli kredit müqaviləsi etibarlı əqd olmuşdur.
46. Cavabdeh həmin kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlandığı barədə dəlil irəli sürsə də, lakin məhkəmə araşdırması zamanı bu fakt öz təsdiqini tapmamış, eləcədə cavabdeh tərəfdən də bu barədə hər hansı möhtəbər sübut təqdim edilməmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi 22 dekabr 2022-ci il tarixli 3M-1017 reyestr nömrəli kredit müqaviləsi etibarlı əqd olmuşdur.
47. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). və iddiaçı həmin müqavilə üzrə ödənilməmiş 65000 manatı tələb etməkdə haqlıdır.
48. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, 22 dekabr 2022-ci il tarixli 3M- 1017 reyestr nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 65000 manat tutularaq İddiaçı ödənilməlidir.
49. İddia tələbinin 4000 manat maddi ziyan hissəsinə münasibətdə isə kollegiya hesab edir ki, həmin hissədə tələb əsassız olduğundan təmin edilməməlidir.
50. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
51. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
52. Hazırkı işdə isə, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması müəyyən edilməmişdir. Belə ki, İddiaçı Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi əsası ilə maddi ziyana məruz qaldığını iddia etmişdir. Halbu ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən görünür ki, borc verən borc məbləğini faizsiz olaraq borcalana vermişdir.
53. 200 manat vəkil xidmət haqqının cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə kollegiya iddianı əsaslı sayır.
54. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
55. Həmçinin kollegiya hesab edir ki, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 400 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şəmkir Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(076)- 1964/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, 22 dekabr 2022-ci il tarixli 3M-1017 reyestr nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 65000 (altmış beş min) manat alınıb İddiaçı verilməlidir. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 400 (dörd yüz) manat və hüquqi xidmət üçün ödənilmiş 200 (iki yüz) manat alınaraq, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in, 10-1.,372-376, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(076)-1964/2024 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. 22 dekabr 2022-ci il tarixli 3M-1017 reyestr nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 65000 (altmış beş min) manat alınaraq İddiaçı verilsin. Eləcədə, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 400 (dörd yüz) manat və hüquqi xidmət üçün ödənilmiş 200 (iki yüz) manat alınaraq, İddiaçı verilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.