Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-428/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil Muşafiq oğlunun iştirakları ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-972/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində Bak-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçən 455-ci kilometrliyində “X1” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi Ford Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən öz hərəkət zolağından çıxaraq əks hərəkət zolağına keçib hərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə qarşıdan öz yolu ilə gələn sürücü İddiaçı idarə etdiyi Mercedes-Benz E220 CDl markalı **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş avtoqəza nəticəsində İddiaçı baş beyin silkələnməsi, hər iki bud sümüyü boynunun və orta 1/3-nin qapalı yerdəyişmiş sınıqları, sol diz qapağının sol qapalı yerdəyişmiş qəlpəli sınığı, sağ baldır sümüklərinin orta 1/3-nin açıq, yerdəyişmiş qəlpəli sınığı, hər iki əlin və sol mil-bilək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları diaqnozu qoyulmuşdur. Həmin cinayət işi üzrə ibtidai istintaq zamanı alınmış xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı idarə etdiyi Mercedes-Benz E220 CDl markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14983 manat maddi ziyanlq dəyməsi müəyyən edilmişdir. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan X2 Klinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həmin xəstəxanada xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müalicə almış, xəstəxananın xəzinəsinə 25000 manat ödəniş etmişdir. İşdə olan X2 Klinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı tibbi təxliyyə xidməti ambulansa görə xx.xx.2020-ci il tarixdə 1500 manat pul ödəniş etmişdir. İşdə olan X2 Klinikası tərəfindən verilmiş qəbzlərdən görünür ki, İddiaçı Xəstəxanaya ümumi müayinələr üçün 2018 manat məbləğində pul ödənişi etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq, cinayət yolu ilə ona dəymiş 42361 manat maddi ziyanlığın, 10000 manat dəyərində mənəvi zərərin və ödənilmiş 248 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263- 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022ci tarixli 1(100)-58/2022 saylı hökmü ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onun sağlamlığına zərər yetirilmiş və sağlamlığını itirdiyinə görə işə çıxa bilmədiyindən cavabdehdən əldən çıxmış faydaya və mənəvi zərər tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona cavabdehin təqsiri ucbatından 62361 manat maddi ziyanlıq, 10000 manat dəyərində mənəvi zərər dəymişdir. Onun müalicələri üçün tələb olunan dərman preparatlarına çəkilən xərclər 795 manat, xəstəxana xərcləri 28183 manat, avtomobilinin bərpası üçün 14983 manat, aylıq gəlir olaraq əldən çıxmış faydaya görə xx.xx.2020-ci il tarixdən aylıq 1000 manat, hökm çıxarılan günə 10 ay hesablanmaqla 10000 manat, həyat yoldaşının ona qulluq etməsi səbəbi ilə, işə çıxa bilmədiyi xx.xx.2020-ci il tarixdən hər gün üçün 21 manat, hökm çıxarılan günə 10 ay hesablanmaqla 6300 manat, xəstəliyi ilə bağlı teztez Bakı şəhərində müalicələr və müayinələr olmağına zərurət olduğundan kirayə haqqı aylıq 300 manat, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixə kimi 7 ay hesabı ilə 2100 manat maddi ziyanlıq dəymişdir. Cavabdeh ona dəymiş ziyanlıqdan 20000 manat ödəniş etmiş, qalan məbləği ödəyəcəyinə söz versə də hadisədən kifayət qədər müddət keçməsinə baxmayaraq cavabdeh onun xərclərini ödəmir. Həmin maddi ziyanlıqdan 20000 manatı ödənildiyindən, cavabdehdən 42361 manat maddi ziyanlıq, 10000 manat dəyərində mənəvi zərər tələb edir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-972/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia qismən təmin edilmiş, Cavabdeh 28183 manat maddi, 2000 manat mənəvi zərərə görə və ödənilmiş 248 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 30431 (otuz min dörd yüz otuz bir) manat pulun tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Salıfov Valeh Şahmar oğlu qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(015)-972/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-58/2022 saylı, 22 aprel 2022-ci il tarixli hökmündən göründüyü kimi, o hökm çıxarılanadək həmin zərərçəkmiş şəxs, hazırda İddiaçı ilə barışıq əldə etmiş və maddi ziyanı qarşılamışdır. Dəymiş zərərlə bağlı notariat qaydada rəsmi ərizə mövcuddur ki, hansı ki, zərəri tam olaraq qarşıladıqdan sonra barışdıqları barədə ərizə yazmışdır. Qəzadan sonra avtomobil İddiaçı özündə qalmış, o, isə avtomobili müəyyən qiymətə satmışdır.Özü isə zərəri artıqlaması ilə yəni 13700 manat bir dəfə, 6600 manat isə şəxsən özünə təqdim etməklə ödəmişdir, 6500 manat sığortadan yararlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-916/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 2(015)-972/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Salıfov Valeh Şahmar oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-916/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)-3351/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-916/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil Muşafiq oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, izahatında qeyd etdi ki, Cavabdeh cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Cavabdeh qarşı heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını göstərmişdir Bundan sonra məhkəməyə hər hansı bir ərizə təqdim etməmişdir. Həmin ərizəni imzaladığı tarixdən sonrakı dövrdə hansısa zərərə məruz qaldığını təsdiq edə bilən heç bir sübutu yoxdur. Avtoqəzadan sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X2 Klinikasında müalicə almış, məhz həmin vaxt da xəstəxananın xəzinəsinə 25000 manat ödəniş etmişdir. Sonda iddiaçı şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən müəyyən olunur ki, onun şikayəti qətnamənin iddianın təmin edilmiş hissəsindəndir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxləri və məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə iddianın qismən təmin edilmiş-Cavabdeh 28183 manat maddi, 2000 manat mənəvi zərərə görə və ödənilmiş 248 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 30431 (otuz min dörd yüz otuz bir) manat pulun tutularaq, İddiaçı ödənilməsi hissədə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməməlidir. Belə ki, işə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı maddi və mənəvi zərər dəymişdir. İş üzrə iddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia verməsə də, hazırki vəziyyətdə ona dəymiş maddi və mənəvi zərərə görə mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona 62361 manat məbləğində maddi ziyan dəyməsini və həmin ziyandan 20000 manatı cavabdeh tərəfindən ödənildiyindən, 42361 manat maddi ziyanlıq tələb etsə də, həmin tələbi əsaslandıran hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə iddiaçı məhkəməyə yalnız avtomobilinə və müalicə xərclərinə dəymiş ziyanlığa dair sübutları təqdim etmiş, cavabdeh tərəfindən iddiaçıya 20000 manat ziyanlıq ödənilməsi, həmin ödənişin iddiaçının avtomobilinə dəymiş ziyanlığa, müayinə, dərman və yol xərclərinə çıxılması nəzərə alınmaqla, iddiaçının cavabdehdən tələb etdiyi müalicə xərclərinə görə 28183 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir.Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.2, 1096.1-1096.2, 1097.1, 1115,1118-ci maddələrinə istinad etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin iş üzrə əvvəlki-27 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 2(015)-972/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul etmiş və öz qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı hər hansı araşdırma aparılmamış və işdə olan sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, apelyasiya məhkəməsi iddiaçının sağlamlığına dəyən ziyana görə “X2” Klinikasına ambulans xidmətinə görə 1500 manat, “X2” Klinikasının arayışına əsasən 25000 manat və əməliyyatdan sonrakı müayinələr üçün müxtəlif vaxtlarda edilmiş 2018 manat ödənişin müvafiq sənədlərlə təsdiq edildiyinə istinad edərək, 28183 manat hissəsində iddianın təmin edilməsini əsaslı hesab etmişdir. Lakin, apellyasiya məhkəməsi ziyanın məbləğinin müəyyən edilməsi zamanı cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırmamış və onlara qiymət verməmiş həmin dəlilləri hansı səbəbdən qəbul etmədiyini qətnamədə göstərməmiş, iddiaçıya dəymiş real zərərin həcmini tam, hərtərəfli və obyektiv müəyyənləşdirmədən şikayətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İşdən görünür ki, iddiaçının” X2” Klinikasına 25.000 manat ödənilməsini təsdiq etmək üçün təqdim etdiyi arayışa tarix qoyulmamışdır və arayışın məzmunundan müəyyən edilmir ki, həmin məbləğ hansı dövr üzrə ödənilmişdir. İddiaçı klinikada xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək müalicə almış, sonra isə müxtəlif vaxtlarda həmin klinikada müayinələrdən keçmişdir. Belə olan halda, xx.xx.2020-ci il tarixdə ambulansa görə 1500 manat edilmiş ödənişin və müayinələrə görə 2021-2022-ci illərdə edilmiş ödəniş qəbzləri üzrə 2018 manat məbləğin Klinikanın xəzinəsinə ödənilmiş 25000 manatın tərkibinə daxil olub-olmadığını müəyyən etmək üçün həmin arayışın hansı tarixdə yazıldığı və göstərilən ödənişin hansı dövr üzrə ödənilmiş olması mühüm əhəmiyyət kəsb edir. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiya məhkəməsi həmin arayış sübut qismində qiymətləndirərkən Azərbaycan Respublikası MPM–nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, iddiaçının özünün etiraf etdiyinə görə cinayət işinə baxılan dövrdə cavabdeh tərəfindən ona 20.000 manat ödəniş edilmiş və hökmdən görünür ki, İddiaçı cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Cavabdeh qarşı heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir. Həmçinin apellyasiya məhkəməsinə təqdim edilmiş sığorta aktından görünür ki, cavabdehin idarə etdiyi avtomobilin icbari sığortası üzrə iddiaçının əmlakına dəymiş ziyana görə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Apellyasiya məhkəməsi isə iddiaçıya dəymiş real ziyan məbləğini müəyyən edərkən, həmin ziyana görə iddiaçıya ödənilmiş məbləğlərin hansı səbəbdən nəzərə alınmamasını qətnamədə göstərməmiş, bu barədə apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verməmişdir. Həmçinin, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 20.000 manat ödənildikdən sonra digər ziyanı ödəyəcəyini vəd etdiyini göstərsə də, bu barədə hər hansı sazişin olması barədə sübut təqdim etməmiş, həmçinin təqdim edilən ərizədə dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması barədə qeyd-şərt göstərməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində təqdim edilmiş, iddiaçı tərəfindən cinayət işinə baxan hakimə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, bu ərizənin cinayət işinə baxan məhkəməyə təqdim edilməsi barədə iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün deyildir . Azərbaycan Respublikasının MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Koolegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin ikinci apellyasiya baxışı zamanı izahat verərkən İddiaçı izahatında qeyd etmişdir ki, Cavabdeh cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Cavabdeh qarşı heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını göstərmişdir. Bundan sonra məhkəməyə hər hansı bir ərizə təqdim etməmişdir. Həmin ərizəni imzaladığı tarixdən sonrakı dövrdə hansısa zərərə məruz qaldığını təsdiq edə bilən heç bir sübutu yoxdur. Avtoqəzadan sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X2 Klinikasında müalicə almış, məhz həmin vaxt da xəstəxananın xəzinəsinə 25000 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərir ki, İddiaçı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən sonrakı dövrdə hansısa zərərə məruz qalmasını təsdiq edə bilən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, baxılan işdə Ali Məhkəmənin ifadə etmiş olduğu hüquqi mövqeni önəçəkən мəhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-972/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş-Cavabdeh 28183 manat maddi, 2000 manat mənəvi zərərə görə və ödənilmiş 248 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 30431 (otuz min dörd yüz otuz bir) manat pulun tutularaq, İddiaçı ödənilməsi hissədə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-972/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş-Cavabdeh 28183 manat maddi, 2000 manat mənəvi zərərə görə və ödənilmiş 248 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 30431 (otuz min dörd yüz otuz bir) manat pulun tutularaq, İddiaçı ödənilməsi hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia tələbi həmin hissədə təmin edilməsin. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində maraqları təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-428/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-428/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver