Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-444/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Eynulla oğlunun cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, qanunsuz istifadədən mülkiyyətdə olan torpaq sahəsinin azad edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Eynulla oğlunun (sonuncu prosesə gəlməmişdir) və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh6 və onların vəkili X4 iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-579/2022 saylı mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh6 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Zivel kənd İƏD üzrə Nümayəndəliyi tərərfindən verilən xx.xx.2022-ci il tarixli, 37 nömrəli arayışdan görünür ki, X3 1993-cü il aprel ayının əvvəllərində, Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonun işğal olunması nəticəsində ailəsi ilə birlikdə məcburi köçkün düşmüşdür və həmin tarixdən müvəqqəti olaraq Gəncə şəhəri, Abbas Səhhət- 38 Metal Anbarının binasında məskunlaşıb yaşayır. Gəncə şəhəri, Abbas Səhhət-38 Metal Anbarının binasında (3 ailə) Səfərova Məleykə ilə birlikdə iki oğlu, gəlinləri, qızı və nəvələri məskunlaşıb yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh X2 qarşı «mülkiyyət hüququnun müdafiəsi, qanunsuz istifadədən mülkiyyətdə olan torpaq sahəsinin azad edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini cavabdehlərin qanunsuz istifadəsindən azad edərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi Vəkil İnqilab oğlu “iddia tələbinin həcminin artırılması” barədə məhkəməyə ərizə verərək, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh2, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh3, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh4, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh5, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh6 cavabdeh qismində cəlb etməklə, onların da azyaşlı övladları ilə birlikdə onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-579/2022 saylı mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh6 zəbtindən azad edilməsi və zəbtdən azad edilmiş torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh6 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-579/2022 saylı mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, hazırda mübahisəli torpaq sahəsində üç ailə yaşayır. Hər bir ailənin ayrıca sayğacı vardır. Həmin yaşayış evləri köhnə anbar binası olmuşdur. Onlar Kəlbəcər rayonundan məcburi köçkün düşmüşlər və 30 ildir ki, həmin binalardan yaşayış sahəsi kimi istifadə edirlər. Mübahisəli ərazi Metal anbarınln ərazisi olmaqla dövlət mülkiyyətində olmuşdur. Qeyd olunan əmlakın hansı əsasla özəlləşdirilməsi barədə iş materiallarında hər hansı bir məlumat yoxdur. Məhkəmə mübahisəli torpaq sahəsində yerləşən tikilinin hüquqi statusu ilə bağlı hər hansı araşdırma aparmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh6 və onların vəkili X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Eynulla oğlu (sonuncu prosesə gəlməmişdir) və onun nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
10. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
11. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 12.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 13.Maddə 139.2.Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 14.Maddə 139.3.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 15.Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
16. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
18. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
19. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 20.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
22. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
23. Maddə 8.3. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
24. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
32. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla işin mübahisəsiz faktiki halları kimi müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi RX ******* seriyalı, ********** qeydiyyat nömrəli hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində mülk kimi İddiaçı adına qeydə alınmışdır. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən qanuni əsas olmadan tutulub istifadə edilir. 34.Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Habelə, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 35.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.
36. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında aşağıdakıları göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz. 37.İddiaçının zəbtdən azad edilməsi barədə iddia qaldırdığı əmlak qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətində olduğundan, cavabdehlərin həmin əmlakdan çıxarılmalarını istisna edən hallar olmadığından, məhkəmə kollegiyası hesab edir ki, iddianı hazırki cavabdehlərə münasibətdə təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. 38.Ona görə də məhkəmə kollegiyası bu qənaətdədir ki, cavabdehlər tərəfindən mülkiyyətçi olan iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-579/2022 saylı mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.