Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-448/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi (atası) Nümayəndə1 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh 3930 manat pulun və 60 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayonu, Novo Saratovka kəndində yaşamaqla, fiziki şəxs kimi mağaza işlədir. Cavabdeh yaşadığı ünvanda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçudur. O, mağazadan nisyə formada alış-veriş edir və məvacibini alarkən aldığı əşyaların dəyərini ödəyirdi. Lakin, 2023-cü ilin əvvəlindən mağazadan aldığı əşyalarının əvəzinin ödənilməsini müəyyən bəhanələrlə ləngitməyə başlamışlar. Hazırda Cavabdeh 3930 manat pul borcu vardır. O, borcunun ödəməsi üçün ona dəfələrlə zəng etsə də, o, zənglərə cavab verməmişdir. Borclu Cavabdeh 2000 manat borcu olması barədə qəbz verdikdən sonra əlavə 1930 manat məbləğində alış-veriş etmişdir. Onun cəmi borcu 3930 manat təşkil edir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsi ilə (sədrlik edən Zaur Hünmətov) iddia təmin edilmiş, Cavabdeh 3990 (üç min doqquz yüz doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan 2000 manat aldığını etiraf edərək bildirmişdir ki, onun əmək haqqı kartı iddiaçıda olmuş və o, pulu onun əmək haqqı kartından çıxartmışdır. Məhkəmə isə bununla bağlı heç bir ekspertiza keçirtmədən iddiaçının xeyrinə qətnamə çıxartmışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, o, iddiaçıdan sələmi hesablanmaqla 2000 manat pul götürmüş, cavabdeh isə onun kartından 6000 manat pul çıxartmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (atası) Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh ona məxsus mağazadan nisyə mal götürmüş, əvəzində isə özünə məxsus əmək haqqı kartını ona versə də, kartın müddəti bitmiş olmuşdur. Məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, 2000 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumu Cavabdeh müştərək alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: tərəflər arasında imzalanaraq tərtib edilmiş qəbzin məzmunundan görünür ki, İsmayıl 2000 manat borcu olduğunu etiraf etmişdir. Həmin imza İsmayılın nümayəndəsi tərəfindən mübahisələndirilmiş və aparılmış ekspertiza tədqiqatı ilə imzanın İsmayıla məxsus olması və onun tərəfindən icra edilməsi müəyyən edilmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında malların nisyə alğısatqısı ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh iddiaçıdan 2023cü ildə mağazadan alış-veriş edərək, ümumilikdə 2000 manat borcu yaranmışdır. Belə ki, iddiaçı 2000 manat borcunun etiraf etməsi ilə bağlı yazılı qəbz vermişdir. İşin 4-cü vərəqəsinə əlavə edilmiş tərəflər arasında imzalanaraq tərtib edilmiş qəbzin məzmunundan görünür ki, İsmayıl 2000 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 2023-cü ildə nisyə mal alqı satqısı olmuş və cavabdehin iddiaçıya ödənilməmiş 2000 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin: Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “ praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Cavabdeh iddiaçıdan nisyə aldığı mallara görə 2000 manat borcu olmasını təsdiq etmişdir. İdidaçı tərəf cavabdehin 3930 manat borcuı qalmasını, cavabdeh tərəf isə 500 manat ödəniş etdiklərini göstərsələr də, bununla bağlı, məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya 2000 manat dəyərində ödənilməmiş borcu qalsa da, birinci instansiya məhkəməsi iddia tələbini 3990 manat məbləğində təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına qismən uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmiş və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına qismən uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, 2000 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-711/2024 saylı qətnaməsi dəyişdirilsin və iddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul, ödənilmiş 60 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-448/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-448/2025
19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver