Məhkəmə qərarları › İş №2(104)-45/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-45/2024

21.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-45/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarş mülki iş üzrə Açar sözlər: maneənin aradan qaldırılması və hasarın sökülməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneənin aradan qaldırılması və hasarın sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(125)-128/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2006-cı il tarixli, 000017 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 454,8 kv.m olan yardımçı təsərrüfatı satın almışdır;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2022-ci il tarixli, 10/3751 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadəsində olan 402,64 kv.m torpaq sahəsi mülki iş materiallarına əlavə edilmiş Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş 26 may 2006-cı il tarixli, 000937 nömrəli Texniki Pasportda göstərilən daşınmaz əmlak obyektinin (yardımçı təsərrüfatın) yerləşdiyi 479,02 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/852 nömrəli ekspert rəyindən görünür ki, 000017 qeydiyyat nömrəli 17 iyul 2006-cı il tarixli şəhadətnamə üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yardımçı təsərrüfatın önündə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş evin hasarının yerləşməsinə dair mütəxəssis rəyinə hər hansı bir sxem əlavə olunmadığı və eləcə də mütəxəssis tərəfindən cavablandırılmadığından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş evin hasarı iddiaçıya məxsus yardımçı təsərrüfatın giriş-çıxışını hər hansı qaydada məhdudlaşdırmasını müəyyən etmək mümkün olmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadə sahələrinə istinadən mülki iş materiallarına əlavə edilmiş Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş 26 may 2006-cı il tarixli 000937 nömrəli Texniki pasportda göstərilən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə müdaxilə halı aşkarlanmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan xx.xx.2006-cı il tarixli 000017 qeydiyyat nömrəli şəhadətnamə üzrə ünvan 3 ünvanında yerləşən yardımçı təsərrüfata olan maneənin aradan qaldırılmasına və istifadəsində olan yardımçı təsərrüfatın qarşısında cavabdehlər tərəfindən qanunsuz tikilmiş hasarın cavabdehlərin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1980-ci ildə Kirovabad Şəhər Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən X2 birliyinə 9 ha torpaq sahəsi ayrılmışdır. O, 2003-ci ildə X2 birliyinin yardımçı təsərrüfatının direktoru vəzifəsinə təyin edilmiş və halhazırda da həmin vəzifədə işləyir. X2 birliyinin balansında olan 9 ha torpaq sahəsinin özəlləşdirilməsi üçün İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlaklarının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 avqust 2004-cü il tarixli 216 saylı Sərəncamına əsasən o, ünvan 3 ünvanında yerləşən yardımçı təsərrüfatı ümumi sahəsi 454,8 kv.m torpaq sahəsində yerləşən tikili və tikiliyə məxsus 4351,3 kv.m torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2006-cı il tarixli 000017 qeydiyyat nömrəli şəhadətnaməsinə əsasən ona məxsusdur. Həmin şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. Cavabdehlər X2 birliyinin balansında olan Gəncə şəhəri Asfalt zavodu kiiçəsi ünvanında yerləşən yardımçı təsərrüfatı ümumi sahəsi 454,8 kv.m torpaq sahəsində ona məxsus tikilinin önündə qanunsuz olaraq ev tikmişlər. Onların tikdikləri evin hasarı onun mülkiyyətində olan tikilinin giriş-çıxışını bağlamışdır. Cavabdehlərin tikdirdikləri ev belə demək olar ki, ona məxsus torpaq sahəsindədir. Hətta onların çəkdiyi hasar dövlət tərəfindən nəzərdə tutulmuş yolu da bağlamışdır. Cavabdehlərdən qanunsuz hərəkətlərinə son qoyaraq tikintinin dayandırmasmı tələb etsə də, onlar buna əhəmiyyət verməmişlər.

6. 03 avqust 2022-ci il tarixdə məhkəmə mübahisəli torpaq sahəsinə yerində baxış keçirtmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus obyektlə cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinə aid hasarın ara məsafəsi 9 metrdən artıq olmaqla iddiaçının obyektinə giriş-çıxışa maneə yaradılmır.

7. Gəncə Şəhər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(125)-128/2022 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneənin aradan qaldırılması və qanunsuz çəkilmiş hasarın sökülməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin olunmaması; Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlər onun mülkiyyətində olan tikilinin qarşı tərəfində ev inşa etmişlər, onların evinin hasarı ümumi istifadədə olan yola düşmüş və ona məxsus tikilinin qarşısını kəsməklə onun tikiliyə giriş-çıxışını məhdudlaşdırır. Cavabdehlərin tiktirdiyi hasar onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş-çıxışını məhdudlaşdırdığı üçün o sözügedən hasarın sökülməsi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin həlli üçün həqiqətən də cavabdehlərin tikdirdikləri hasar onun mülkiyyətində olan qeyri yaşayış sahəsinə giriş-çıxışına maneə yaradıb-yaratmamasını aydınlaşdırmaq üçün ekspertiza təyin etsə də, ekspert qarşısında cavabdehlərin tikdirdikləri hasar onun mülkiyyətində olan qeyri yaşayış sahəsina giriş-çıxışını məhdudlaşdırmaqla yanaşı əhəmiyyətsiz olaraq cavabdehlərin tikdirdikləri evin onun mülkiyyətində olan ərazi düşübdüşməməsi, cavabdehlərin onun mülkiyyətində olan ərazini zəbt edib-etməmələri barədə suallar qoymuşdur. Ekspert isə iş üçün əhəmiyyət kəsb edən cavabdehlərin hasarının onun giriş-çıxışına maneə yaradıb-yaratmaması sualına cavab verməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yardımçı təsərrüfatın ümumi sahəsi 454,8 kv.m dir. Mövcud olan bokslardan birinə giriş-çıxışı məhdudlaşıb gedə bilmir, eləcə də, avtomobilllər girib-çıxa bilmir. Belə ki, obyektin üç ədəd boksu var, birinə giriş-çıxışı yoxdur. Cavabdehlərin hasarı yolu bağladığına görə həmin bokuslardan birindən avtomobil yolu kimi istifadə edə bilmirlər. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, Cavabdeh1 qarşı ona görə iddia qaldırmışdır ki, sonuncu Cavabdeh2 məxsus mübahisəli tikilini inşa edən usta olmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh Nurlana Babayeva ümumi istifadədə olan yol hissəsinə daxil olmuşdur. Obyektdə dair iddiaçının adına çıxarış var, lakin, cavabdeh Nurlana Babayevanın istifadə etdiyi sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçıya 2006-cı ildən torpaq sahəsində sahibkarlıq fəaliyyət ilə məşğul olmağa icazə verilmişdir. Cavabdeh2 özbaşına tikili inşa etdirib. Bu səbəbdən hasarın sökülüb geri çəkilməsini istəyirlər. Vəkil Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ona Sərancama əsasən torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. O, tikinti etdirərkən ona ayrılan torpaq sahəsindən kənara çıxmamışdır. O, evi 2014-cü ildə inşa etmişdir və hazırda o və qızı ailəsi ilə birlikdə orada yaşayır. Evin yerləşdiyi torpaq sahəsini sərəncamla almışdır, lakin adına çıxarış verilməyib. Cavabdeh1 evin inşa edilməsində usta işləyib. İddiaçı obyekti ilə onun hasarının ara məsafəsi təxminən 10 metrdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, xx.xx.2006-cı il tarixli, 000017 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 454,8 kv.m olan yardımçı təsərrüfat İddiaçı məxsusdur. Sonuncu ona məxsus obyektə gedən yolda cavabdehlər tərəfindən tikili inşa edildiyini və obyektinə gedən yolun bağlandığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməmişdir.

34. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının yardımçı təsərrüfatı onun sahibliyində və istifadəsində olsa da, həmin əmlakdan onun istifadə etməsinə cavabdehlər tərəfindən hər hansı bir maneçilik törədilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.

35. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

36. İddiaçının yardımçı təsərrüfatının önündə cavabdehlər tərəfindən inşa edilmiş evin hasarının iddiaçıya məxsus yardımçı təsərrüfatın giriş-çıxışını hər hansı qaydada məhdudlaşdırması, habelə Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş 26 may 2006-cı il tarixli, 000937 nömrəli Texniki Pasportda göstərilən iddiaçıya məxsus yardımçı təsərrüfatın yerləşdiyi torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi hallarının həqiqətən də mövcud-olub-olmamasını aydınlaşdırmaq məqsədilə apellyasiya instansiyasında icraat zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/852 nömrəli ekspert rəyinə əsasən 000017 qeydiyyat nömrəli 17 iyul 2006-cı il tarixli şəhadətnamə üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yardımçı təsərrüfatın önündə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş evin hasarının yerləşməsinə dair mütəxəssis rəyinə hər hansı bir sxem əlavə olunmadığı və eləcə də mütəxəssis tərəfindən cavablandırılmadığından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş evin hasarının iddiaçıya məxsus yardımçı təsərrüfatın giriş-çıxışını hər hansı qaydada məhdudlaşdırmasının müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadə sahələrinə istinadən mülki iş materiallarına əlavə edilmiş Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş 26 may 2006-cı il tarixli 000937 nömrəli Texniki pasportda göstərilən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə müdaxilə halının aşkarlanmadığı müəyyən olunmuşdur.

37. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

38. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 39 Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm iddiaçı tərəf, həm də cavabdeh tərəf məhkəmə iclasına vediyi izahatlarında cavabdeh Ülvin Mürvətəliyevin digər Cavabdeh2 məxsus evin inşa edilməsində usta işlədiyini bildirmişlər. Belə olan təqdirdə isə, cavabdeh Ülvin Mürvətəliyev mübahisə predmeti ona tikilinin sökülməsi barədə hazırkı iddia üzrə cavabdehlik daşıyan şəxs hesab edilmir.

40. Beləliklə, iş üzrə alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən İddiaçı yardımçı təsərrüfatının yerləşdiyi torpaq sahəsindən istifadə etməsinə müdaxilə halı aşkar edilməmişdir.

41. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən 03 avqust 2022-ci il tarixdə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus obyektlə cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinə aid hasarın ara məsafəsi 9 metrdən artıq olmaqla həmin ev iddiaçının obyektinə giriş-çıxışa mane yaratmır.

42. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir.

43. Həmçinin işdən müəyyən olunur ki, apellyasiya baxışı zamanı keçirilmiş tikintitexniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(125)-128/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar