Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-454/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Əsassız borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Goranboy Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(045)-1255/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir.
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi istilik nəticəsində ərimiş. Hesablama mexanizminin iş prinsiplərinə maneə törədilmiş və sayğac istismara yararsız olduğu müəyyən edilmişdir.
3. Abonentin saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1036,80 manat pul abonentdən tələb olunur.
4. Fotoşəkillərdən görünür ki, qaz sayğacı iddiaçının evindən kənarda yerləşir
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən hesablanmış 1036,80 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Sarovlu kəndində yaşayır. Yaşadığı ərazidə “Azəriqaz” İstehsalat Birliyinin abonomenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu həmişə vaxtlıvaxtında, gecikdirmədən ödəmiş və heç vaxt X1 nümayəndələri ilə arasında mübahisə və yaxud narazılıq olmamışdır. Məhkəməyə təqdim etdiyi Abonomentin saldosundan görünür ki, 05 may 2023-cü il tarix üçün onun X2 1068 manat 04 qəpik borcu var. O, bu borcun haradan və necə yaranmasını öyrənmək üçün X1 Goranboy şöbəsinə müraciət etdmişdir. Goranboy şöbəsindən ona 18 yanvar 2023-cü ildə tərtib olunmuş ******* saylı Akt verərək bildirdilər ki, guya ki, o, sayğaca müdaxilə etmiş, bu səbəbdən də təbii qazdan istifadə qaydalarını pozmuşdur. O, hesab edir ki, barəsində yazılmış borcu qanunsuzdur və borc ləğv edilməlidir. Əlavə olaraq qeyd edir ki, onun evi üçün nəzərdə tutulmuş qaz sayğacı evindən 80-100 metr uzaqda, qamışlarla əhatə olunmuş bir yerdə quraşdırılmışdır. Bundan başqa ilin əvvəllərində sayğacın quraşdırıldığı qamışlıqda yanğın olmuşdur. Bu səbəbdən də sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi ərimişdir. “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş Akt-dan da görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi istilik nəticəsində ərimişdir. Ona görə sayğac yenisi ilə dəyişdirilmişdir. Dəyişdirilərkən də ona hər hansı bir irad, nöqsan tutulmamışdır. Ona hər-hansı bir qərarın, baxış aktının sürəti verilməmişdir. Hesab edir ki, o, təbii qazdan istifadə edərkən heç bir qanun pozuntusuna yol verməmiş, heç vaxt sayğacın yaxınına getməmişdir. Çünki, sayğac həyətdən çox uzaqda, çöldə quraşdırılmışdır. Ona nəzarət etmək isə onun vəzifəsi deyildir.
7. Goranboy Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(045)- 1255/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 1 ünvanı, Abonent kodu: **********0211) hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət büdcəsinə 30,37 (otuz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunun 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(045)-1255/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi iddiaçıya 2023-ci ilin yanvar ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Lakin, məhkəmə qaz sayğacının iddiaçının iştirakı ilə (akta imza olunmaqla) xx.xx.2022-ci il tarixdə şəbəkədən açılarkən sayğacda olan qüsurun, yəni sayğacın hesablama mexanizminin alt hissəsinin əridildiyini yerində aşkarlanmış, lakin buna qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sayğacdan kənar hər hansı hesabatın aparılmadığını nəzərə almamışdır. Bildirirlər ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-cü ilin yanvar ayında hər hansı əlavə hesabat yüklənməmişdir. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSKMSK- 29/1710-04892-2 saylı aktına əsasən istismardan çıxarılmış qazsayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən əridildiyi təsdiqini tapmışdır. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 1.036,80 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin yanvar ayında sayğac üzrə müəyyən edilmiş məbləğin silinməsini qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İş üzrə İddiaçı və cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
14. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Goranboy rayonu, Sarovlu kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.
30. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.
31. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.
32. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(045)- 1255/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .