Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-456/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-1826/2023 saylı qətnaməsindən iddiaçı Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-1826/2023 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 1 ünvanı, Abonent kodu: **********00590) hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi, Cavabdehndən dövlət büdcəsinə 35,55 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(045)-1826/2023 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, barəsində Cavabdeh əməkdaşları tərəfindən hesablanmış 1555,20 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, yaşadığı ərazidə Cavabdeh abonenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında ödəmişdir. Heç vaxt Cavabdeh əməkdaşları ilə arasında mübahisə və yaxud narazılıq olmamışdır. O, qazda narazılıq yarandığını görmüş və Cavabdeh İctimai Birliyininə müraciə etmişdir. Cavabdeh İctimai Birliyi əməkdaşları yaşadığı ünvanda qaz sayğacına baxış keçirərək qaz sayğacının əridiyini görmüşlər. Qaz sayğacının üst hissəsi yanmış və ərimişdir. Cavabdeh İctimai Birliyinin 27 mart 2023-cü il də tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-da göstərilir ki, Qaz sayğacının üst hissəsi yanıb və ərimişdir. Sayğac istifadəyə yararsızdır. Bu səbəbdən də Cavabdeh İB-nin əməkdaşları tərəfindən guya ki, itirilmiş qazın bərpası məqsədilə ona 1555,20 manat cərimə tətbiq edilmişdir. Barəsində tərtib edilmiş cəriməni qanunsuz hesab edir. Hesab edir ki, cərimə ləğv edilməlidir. Onların evi üçün quraşdırılmış qaz sayğacına heç bir müdaxilə olmayıb, bu borcun haradan yaranmasını aydınlaşdırmaq üçün qaz istismar idarəsinə müraciət etmiş, idarədən ona akt təqdim edərək bildirilib ki, qaz sayğacının üst hissəi yanıb və əriyib hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bu səbəbdən də qazdan istifadə qaydalarını pozduğu üçün dəymiş ziyanı ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçıya 2023-ci ilin mart ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. İddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-cü ilin mart ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Lakin məhkəmə qaz sayğacının iddiaçının iştirakı ilə (akta imza olunmaqla) xx.xx.2023-cü il tarixdə şəbəkədən açılarkən sayğacda olan qüsurun, yəni sayğacın hesablama mexanizmin üst hissəsinin əridildiyi yerində aşkarlanmış, lakin buna qiymət verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2 nömrəli əlavəsi olanqazın alqı-satqısı müqaviləsinin 2.1.7-ci yarımbəndlərinin tələblərinə əsasən Paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğac göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSKMSK-14-2-2/3-5-3359-1 saylı, xx.xx.2023-ci il tarixli aktına əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin üst hissəsinin əridildiyi təsdiqini tapmışdır. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 12960 m3 itirilmiş qazın bərpası üçün 1 555.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin mart ayında sayğac üzrə müəyyən edilmiş məbləğin silinməsini qət etmişdir. Göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli qaz sayğacı onun müvəqqəti yaşadığı mənzilin eyvanında quraşdırılmış, bir müddətdən sonra qaz sayğacından qaz iyinin gəldiyini görmüş, bundan sonra qaz idarəsinə müraciət etmiş, qaz idarəsinin əməkdaşları tərəfindən yoxlama aparılaraq qaz sayğacından qaz itkisinin olmadığı bildirilmiş, bundan sonra həmin yerə su qızdırıcısı yerləşdirmiş və onu işə salarkən qaz sayğacının üst hissəsi ərimiş və bundan sonra qaz sayğacı iddiaçı təşkilat tərəfindən tərəfindən dəyişdirilmiş və məbləğ şişirdilməklə ona əsasız olaraq 1555.20 manat itirilmiş qaza görə borc yazılmışdır. Ona görə də, şikayətin təmin edilməməsini, birinci instansiya məhkməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməməsi barədə iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)- 1826/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Cavabdeh İB-nin Gəncə RQİİ (paylayıcı) ilə İddiaçı (istehlakçı) arasında bağlanmış AKX-05294xx/xx-2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilədən surətindən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri Dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən isitilik nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu örtüyünun üst hissəsi və çıxış plastmas borusu ərimiş, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli **********817 saylı aktın surətindən görünür ki, abonent kodu **********00590 olan İddiaçı yaşadığı mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsi və çıxış plasmas borusunun əriməsi və keçən qazın həcminin qeyd etməməsi olunmuşdur. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən göürünür ki, İddiaçı dəymiş ziyana görə G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 6x24x90=12960 m3 itki hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ona 1555,20 manat məbləğində borc pul hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 917 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı ərazidə Cavabdeh abonomenti olduğu üçün təbii qaz istifadəçisidir. Qaz sayğacı yaşadığı mənzilin eyvanında yerləşir. İddiaçının özünün bildirdiyinə görə mənzilinin eyvanında yerləşən qaz sayğacına daxil olan qaz borusundan qaz sızmasının olduğunu bildiyi halda qaz sayğacına yaxın yerdə su qızdırıcısı quraşdırmış, baş vermiş alışma nəticəsində sayğacın üst hissəsi ərimiş, nəticədə qaz sayğacı keçən qaz həcmini lazımi qaydada qeydə almamışdır, yəni qaz sayğacının keçən qaz həcmini lazımi qayda qeydə almaması istehlakçının təqsirindən baş vermişdir. Bu səbəbdən də qazdan istifadə qaydalarını pozduğu üçün dəymiş ziyanı ödəməlidir. Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını və qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Buna görə qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 1555,20 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün hazırda 35,55 manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət büdcəsinə tutulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Verdiyev Kəlbəcər rayonundan məcburi köçkün düşmüş İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışdır. Ona məxsus qaz sayğacı mənzilin eyvanında quraşdırılmışdır. İddiaçının su qızdırıcısın düzgün quraşdırmaması səbəbindən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsi və çıxış plasmas borusunun əriməsi və keçən qazın həcminin qeyd etməməsi müəyyən olunmuş və bu səbəbdən Cavabdeh İctimai Birliyinin əməkdaşları tərəfindən 27 mart 2023-cü il tarixli akt tərtib olunmuşdur. Göründüyü kimi iddiaçının təqsiri ucbatından cavabdeh təşkilata zərər dəymişdir. İşdə olan abonent saldosundan görünür ki, iddiaçının mənzilində 2012-2017-ci illər ərzində orta aylıq qaz sərfiyyatı 100 kub metrdən artıq olduğu halda 2017-ci ildən sayğacın dəyişdirildiyi 2013-cü ilədək orta illik qaz sərfiyyatı 50 kub metrdən də az olmuşdur. Halbuki həmin mənzildə daimi yaşayış olmaqla qaz işlədicilərdən daimi istifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası “Qazdan istifadə Qaydaları”nın 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Yuxarıda göstərilə qayda ilə İddiaçı tərəfindən G-4 markalı qaz sayğacın müdaxilə ilə bağlı cavabdeh tərəfindən iddiaçıya 90 gün *12 saat *6m3/saat= 6480 m3 dəymiş ziyan hesablanmalı idi. Cavabdeh təşkilat isə iddiaçıya 6480 m3 artıq sərfiyyat hesablamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və cavabdeh tərəfindən itirilmiş qazın dəyərinə görə iddiaçıya artıq hesablanmış borcdan iddiaçının tələb etdiyi məbləğin yarısı, yəni 760 manat borc İddiaçı abonent hesabından silinməli, dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosessual hüquq normalarının pozulmasına yol verdiyindən həmin qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının МPМ-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-1826/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 1 ünvanı, Abonent kodu: **********00590) hesablanmış 1555,20 manat borcdan 760 (yeddi yüz altmış) manat silinsin. İddia qalan hissədə təmin edilməsin Cavabdehndən 35,55 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-456/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-456/2024
17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver