Məhkəmə qərarları › İş №2(104)-467/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-467/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-467/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı1 Cavabdeh1 qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, pəncərənin açılması, tikilinin sökülməsi barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X1 və X8 qarşı tikilinin sökülməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mülkiyyətə edilən müdaxiləyə son qoyulması, pəncərənin açılması və tikilinin sökülməsi. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 İnqilab oğlunun, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli e-2(125)-322/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 01 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, 70 nömrəli binanın 4 nömrəli mənzili İddiaçı1 adına qeyd edilmişdir.

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1391/2021 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək ünvan 1 ünvanda yerləşən mənzillərin ümumi giriş-çıxış yollarının ayrılması, mövcud darvazanın sökülməsi və 7.20 m enində olan (Əttarlar küçəsi, dalan 1 ünvanında) divarın üzərində iki ədəd ayrıayrılıqda darvaza quraşdırılması, torpaq sahəsi tən ortadan iki hissəyə bölünməsi və iddiaçının yaşayış evinə bitişik şəkildə sərhəd hasarının çəkilməsi qət edilmişdir.

3. 25.05.2005-ci il tarixdə X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış 5406 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 50.3 kv.m yaşayış otağı Cavabdeh1 adına qeyd edilmişdir.

4. Gəncə Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 2(104)-3811/2021 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1391/2021 saylı qətnaməsindən iş üzrə Mursaquliyeva (Cəfərova) Xatirə Sədrəddin qızı və X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1391/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3389 saylı rəyindən görünür ki, İddiaçı1 məxsus ünvan 2 ünvanda yerləşən mənzilin 10.3 kv.m olan otağın pəncərəsinin qarşısında cavabdeh tərəfindən tikili inşa edildiyindən pəncərənin açılmasının mümkün olmadığı müəyyən edilmişdir. İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin 10.3 kv.m olan otağın pəncərəsinin qarşısında ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin inşaasına dair sənədlər mülki iş materiallarınba əlavə edilmədiyindən həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa olunub-olunmamasını dəqiqliklə müəyyən etmək mümkün deyildir. İddiaçı1 məxsus ünvan 2 ünvanda yerləşən mənzilin 10.3 kv.m olan otağın pəncərəsinin qarşısında ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş İddiaçı1 məxsus yaşayış evinin giriş-çıxış qapısından aralı inşa olunduğunu nəzərə alaraq iddiaçının yaşayış evinə giriş-çıxışa mane törətmədiyi müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

6. 06 fevral 2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilin 10.3 kv.m olan otağında yerləşən pəncərənin mövcud olduğu müəyyən olunmuşdur. Lakin pəncərənin qarşısında cavabdehə məxsus tikilinin yerləşdiyi müəyyən edilmişdir. İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin 10.3 kv.m olan otağın pəncərəsinin qarşısında ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikililər iddiaçı X9 məxsus yaşayış evinin giriş-çıxış qapısından aralı inşa olunduğunu nəzərə alaraq iddiaçının yaşayış evinə giriş çıxışa mane törətmədiyi müəyyən olunur. Cavabdeh1 yaşayış evinə küçə tərəfdən və ya başqa yerdən digər girişçıxış yolu yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 Cavabdeh1 qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, pəncərənin açılması, tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən onun mülkiyyətinə edilən qəsdə son qoyulması, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilin 10.3 kv.m olan otağın pəncərəsinin açılması, həmin pəncərənin qarşısında ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh1 tərəfindən tikilən otağın, həmçinin Cavabdeh1 tərəfindən ümumi istifadə də olan torpaq sahəsində tikilən qarajın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev xx.xx.2008-ci il tarixli ******* saylı qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir və ona aid mənzil Əttarlar küçəsində istifadədə olan 0.085 ha torpaq sahəsində yerləşən 70 saylı 1 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində 63.5 kv.m ümumi, 53.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqdan ibarətdir. Həmin ünvanda cəmi üç mənzil yerləşir və həmin mənzillərdən biri cavabdehin mülkiyyətindədir. Mənzillərin qarşısında yerləşən torpaq sahəsi isə onların ümumi istifadəsindədir və onun mülkiyyətində olan mənzil 3 otaqdan ibarətdir, həmin otaqlardan - 10.3 kv.m olan otağın 2 pəncərəsi var və bu pəncərələr ümumi istifadədə olan həyətə baxırdı. Ona məxsus mənzilə aid texniki pasportda pəncərələr göstərilmişdir. Lakin buna baxmayaraq cavabdeh həmin otağın qarşısında olan torpaq sahəsini zəbt etmiş, orada tikili inşa etdirmiş və onun pəncərələrinin birinin qabağını hörmüşdür. Hazırda cavabdehin ona məxsus mənzilin pəncərəsini sol tərəfdən qanunsuz olaraq bağlanması nəticəsində onun mülkiyyət hüququna qəsd edilməklə yanaşı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2-ci maddəsində bir sıra zəruru şərtlər, yəni havalandırma, təbii və süni işıqlandırma kimi vacib komponentlər də pozulmaqdadır. Halbuki, sanitariya normaları bütün istehsalat, inzibati, köməkçi və məişət otaqlarında təbii işıqlandırma olmasını tələb edir ki, bu zəruri norma cavabdehin qanunsuz əməlləri nəticəsində pozulmuşdur. Təbii işıqlandırma insana böyük bioloji və psixoloji təsir göstərir, işıq bütün orqanizmin fəaliyyətini gücləndirir, uzun müddət təbii işıq olmadıqda bu, insanlara cansıxıcı təsir göstərir və onların ruhunu sarsıdır. Bundan başqa cavabdeh onların ümumi istifadələrində olan torpaq sahəsində özünə qaraj tikdirmiş və həmin qarajın tikilməsi nəticəsində də onlar ümumi istifadələrində olan torpaq sahəsindən sərbəst, təyinatı üzrə istifadə edə bilmirlər ki, bu da onların hüquqlarının pozulmasına səbəb olmuşdur. xx.xx.2008-ci il tarixli ******* saylı qeydiyyat vəsiqəsindən görünür ki, Əttarlar küçəsində istifadədə olan 0.085 ha torpaq sahəsində 63.5 kv.m ümumi, 53.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil onun mülkiyyətindədir və mənzilin texniki pasportunda 10.3 kv.m otağın 2 pəncərəsi var. Məhkəməyə sübut kimi təqdim olunmuş fotoşəkillərdə pəncərənin otaqdan görünüşü və həyətdən görünüşü, həmçinin ümumi istifadədə olan torpaq sahəsində tikilən qarajın görüntüsü əks olunmuşdur.

9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X1 və X8 qarşı tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsinin və ümumi istifadədə olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, həmçinin ümumi gırış-çıxış yoluna tökülmüş torpağın cavabdehlərin hesabına yığılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda üç mənzil yerləşir və hər üç mənzil dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Gəncə şəhər İcraiyyə Komitəsiin xx.xx.1991-ci il tarixli 10 saylı qərardan çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 23.0 kv.m və 24.5 kv.m iki yaşayış otaqları, 9.0 kv.m örtülü eyvan, 11.0 kv.m mətbəx, 18.0 kv.m qaraj və 4.0 kv.m hamam X6 şəxsi mülkiyyətinə verilmişdir. Qeyd olunan tikililərə dair X6 adına xx.xx.1991-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 7 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V-1-120 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə həmin mənzil onun adına keçmiş və xx.xx.2005-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 3639 saylı sərəncamına əsasən 22.1 kv.m, 21.0 kv.m, 10.3 kv.m üç yaşayış otaqları, 10.1 kv.m dəhliz X7 şəxsi mülkiyyətinə verilmişdir. Qeyd olunan tikililərə dair X7 adına xx.xx.1992-ci il tarixli 7341 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun xx.xx.2008-ci il tarixli 2V-1- 105 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin mənzil İddiaçı1 adına keçmiş və bu hüquq xx.xx.2008-ci il tarixli qıxarışla rəsmiləşdirilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2972 saylı sərəncamı ilə verilmiş 57 nömrəli order, Gəncə şəhəri Mənzil İstismar Trestinin 1 saylı Mənzil İstismar Trestinin xx.xx.1997-ci il tarixli 2866 saylı arayışı, Gəncə şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1998-ci il tarixli 12 saylı qərarından çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, ev 70, 4 saylı mənzil X5 adına özəlləşdirilmiş və ona xx.xx.1998-ci il tarixli 12457 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 22.1 kv.m, 21.0 kv.m və 10.3 kv.m üç yaşayış otaqlarından və 10.1 kv.m dəhlizdən ibarət 1-ci mənzil cavabdeh İddiaçı1 məxsusdur və hər üç mənzilin yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olmasına baxmayaraq, X10 ümumi istifadədə olan torpaq sahəsini hasar çəkərək ayırmışdır. Həmin mənzilin hasar çəkilərək torpaq sahəsinin ayrılmasından sonra ümumi bir gırış-çıxış yolları qalmaqdadır. X5 hasar çəkməsindən sonra cavabdehlərlə ümumi giriş-çıxış yolunun könüllü ayrılmasında fikir ayrılıqları olduğundan mübahisənin məhkəmə qaydasında həll olunması üçün iddia qalmırmalı olmuşdur. Hazırda bu iddia tələbinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmiş və mübahisələri davam edir. İddia ərizəsinin məhkəməyə təqdim olunmasından sonra cavabdehlər X2 və X11 bilərəkdən onun mənzilə daxil olmasına qanunsuz maneə yaradaraq, ümumi istifadələrində olan giriş-çıxış yolundan başlayaraq mənzilinin qarşısınadək əraziyə torpaq boşaltmış, həmin torpaq sahəsi yağış yağan zaman onun mənzilinin su ilə dolmasına səbəb olur, həmçinin mənzilə daxil olmağa ciddi maneə yaradır. Cavabdehlərə açıq-aydın məlumdur ki, o, qoca və yaşlı qadındır və bu cür qanunsuz hərəkətlərin edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa, cavabdeh İddiaçı1 ümumi istifadələrində olan torpaq sahəsində qanunsuz tikililər inşa etmişdir. Həmin tikililərdən biri xüsusilə ona məxsus olan mənzilin tam qarşısında inşa olunmuş, ümumi istifadədə olan torpaq sahəsində hər hansı tikinti həyata keçirmək qanuna ziddir və tikinti işlərinin aparılmasından öncə müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmalıdır. Çünki, ümumi istifadədə olan torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması zamanı digər mülkiyyətçinin hüquqlarının pozulması yol verilməzdir. Odur ki, hər hansı tikinti aparılması müvafiq icazə əsasında aparılmalı və tikinti normalarına uyğun olmalıdır. Həmin qanunsuz tikililər onun mülkiyyətində olan mənzilin havalandırma, təbii və süni işıqlandırma kimi vacib komponentləri pozmaqdadır, eyni zamanda həmin tikililər gələcəkdə yarana biləcək hər hansı fövqəladə halın, yəni yağış, sel, yanğın və s kimi hadisələrin qarşısını almaqda ciddi maneçilik törədəcəkdir.

11. Gəncə şəhəri Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli e-2(125)-322/2022 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) ilkin iddianın təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı1 aid edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 aid edilməsi, iş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manatın İddiaçı1 tutulması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, iddiaçıların (ilkin və qarşılıqlı) mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbləri təmin edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən həmçinin qərardadı ilə alınmış ekspert rəyinə də istinad etmişdir.

13. Məhkəmə maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi və ya prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, məhkəmənin istinad etdiyi ekspert rəyində cavabdeh tərəfindən inşa edilən tikilinin iddiaçının pərcərəsinin açılmasına maneçilik törətməsi qeyd edilsə də məhkəmə bu hala münasibət bildirməmişdir. Bundan başqa, işdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 2(104)-3811/2021 nömrəli qətnaməsi ilə də müəyyən edilir ki, həmin tikililər ümumi istifadədə olan torpaq sahəsində tikilmişdir. Məhkəmə işdə olan sübutlara, o cümlədən ekspert rəyinə düzgün qiymət verməmiş, tikililərin ümumi istifadə olan torpaq sahəsində tikilməsini nəzərə almamışdır. Həmin torpaq sahəsi nə iddiaçının nə də ki cavabdehlərin mülkiyyətindədir. Həmin torpaq sahəsi Mənzil Təsərrüfat İdarəsinin balansında olmaqla tərəflərin ümumi istifadəsindədir və məhlədə yaşayanlar torpaq sahəsini təyinatına uyğun istifadə etməlidirlər.

16. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qəbul edilmişdir. Belə ki, DƏRDX-nin Gəncə ərazi idarəsi tərəfindən verilmiş sorğuya cavab məktubu ilə müəyyən edilir ki, Gəncə şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10 nömrəli qərarından çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 23.0 kv.m və 24.5 kv.m iki yaşayış otaqları, 9.0 kv.m örtülü eyvan,11.00 kv.m mətbəx, 18.0 kv.m qaraj və 4.0 kv.m hamam X6 şəxsi mülkiyyətinə verilmişdir. Qeyd olunan tikililərə dair X6 adına xx.xx.1991-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 7 saylı notariat kontorunun xx.xx.2005ci il tarixli 2V-1-120 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin mənzil Cavabdeh1 adına keçmiş və bu hüquq xx.xx.2005-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilməklə rəsmiləşdirilmişdir. Deməli, qeyd olunan sənədlərlə tam sübut olunur ki, iddiaçının iddia etdiyi tikililər uzun müddət bundan əvvəl mövcud olmuş və qanuna uyğun olaraq rəsmiləşdirilmişdir. İşdə olan fotoşəkillərindən görünür ki, ilkin iddia üzrə İddiaçı1 və qeyriləri ümumi istifadə olunan torpaq sahəsinə torpaq tökmüş və eləcə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan tikililərin qarşısında əlavə tikililər inşa etmişdir. İşdə olan arxiv sənədlərindən görünür ki, Cavabdeh1 məxsus olan mənzilin tikililəri onun mərhum ərinin yaşadığı dövrdə mövcud olmuş və müvafiq orqanın icazəsi ilə sənədləşdirilmişdir. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 İnqilab oğlu ilk iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 103.1 Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli e-2(125)- 322/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İşin halları ondan ibarətdir ki, İddiaçı1 ünvan 1 ünvanda yerləşən ev xx.xx.2008-ci il tarixli ******* saylı qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir və ona aid mənzil Əttarlar küçəsində istifadədə olan 0.085 ha torpaq sahəsində yerləşən 70 saylı 1 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində 63.5 kv.m ümumi, 53.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqdan ibarətdir. Həmin ünvanda cəmi üç mənzil yerləşir və həmin mənzillərdən biri cavabdehin mülkiyyətindədir. Mənzillərin qarşısında yerləşən torpaq sahəsi isə onların ümumi istifadəsindədir və onun mülkiyyətində olan mənzil 3 otaqdan ibarətdir, həmin otaqlardan - 10.3 kv.m olan otağın 2 pəncərəsi var və bu pəncərələr ümumi istifadədə olan həyətə baxır. Cavabdeh həmin otağın qarşısında olan torpaq sahəsini zəbt etmiş, orada tikili inşa etdirmiş və onun pəncərələrinin birinin qabağını hörmüşdür. Bundan başqa cavabdeh iddiaçının ümumi istifadələrində olan torpaq sahəsində özünə qaraj tikdirmiş və həmin qarajın tikilməsi nəticəsində də onlar ümumi istifadələrində olan torpaq sahəsindən sərbəst, təyinatı üzrə istifadə edə bilmirlər ki, bu da onların hüquqlarının pozulmasına səbəb olmuşdur. Qarşılıqlı iddia üzrə qeyd olunmuşdur ki, Gəncə şəhər İcraiyyə Komitəsiin xx.xx.1991-ci il tarixli 10 saylı qərardan çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 23.0 kv.m və 24.5 kv.m iki yaşayış otaqları, 9.0 kv.m örtülü eyvan, 11.0 kv.m mətbəx, 18.0 kv.m qaraj və 4.0 kv.m hamam X6 şəxsi mülkiyyətinə verilmişdir. Qeyd olunan tikililərə dair X6 adına xx.xx.1991-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 7 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V-1-120 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə həmin mənzil Cavabdeh1 adına keçmiş və xx.xx.2005-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər X2 və X11 bilərəkdən onun mənzilə daxil olmasına qanunsuz maneə yaradaraq, ümumi istifadələrində olan giriş-çıxış yolundan başlayaraq mənzilinin qarşısınadək əraziyə torpaq boşaltmış, bu da maneə yaradır. Bundan başqa, cavabdeh İddiaçı1 ümumi istifadələrində olan torpaq sahəsində qanunsuz tikililər inşa etmişdir. Həmin tikililərdən biri xüsusilə ona məxsus olan mənzilin tam qarşısında inşa olunmuşdur.

29. İlk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsi ekspertiza rəyinə istinad edərək qeyd etmişdir ki, iddiaçıların (ilkin və qarşılıqlı) mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbləri təmin edilə bilməz.

30. İlk iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ekspert rəyində cavabdeh tərəfindən inşa edilən tikilinin onun pərcərəsinin açılmasına maneçilik törətməsi qeyd edilsə də məhkəmə bu hala münasibət bildirməmişdir. Bundan başqa, işdə olan qətnaməsi ilə də müəyyən edilir ki, həmin tikililər ümumi istifadədə olan torpaq sahəsində tikilmişdir. Məhkəmə tikililərin ümumi istifadə olan torpaq sahəsində tikilməsini nəzərə almamışdır. Həmin torpaq sahəsi Mənzil Təsərrüfat İdarəsinin balansında olmaqla tərəflərin ümumi istifadəsindədir və məhlədə yaşayanlar torpaq sahəsini təyinatına uyğun istifadə etməlidirlər.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər formal xarakter daşıyır və təmin edilə bilməz. Belə ki, ekspertiza rəyi ilə İddiaçı1 məxsus ünvan 2 ünvanda yerləşən mənzilin 10.3 kv.m olan otağın pəncərəsinin qarşısında cavabdeh tərəfindən tikili inşa edildiyindən pəncərənin açılmasının mümkün olmadığı müəyyən edilmiş, İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin 10.3 kv.m olan otağın pəncərəsinin qarşısında ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh1 tərəfindən tikililərin inşa edilməsi, İddiaçı1 məxsus ünvan 2 ünvanda yerləşən mənzilin 10.3 kv.m olan otağın pəncərəsinin qarşısında ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş İddiaçı1 məxsus yaşayış evinin giriş-çıxış qapısından aralı inşa olunduğunu nəzərə alaraq iddiaçının yaşayış evinə giriş-çıxışa mane törətmədiyi müəyyən edilmişdir. Bundan başqa həmin tikili köhnə tikili olmaqla Cavabdeh1 məxsus olan yaşayış binalarının sxemində, invertar sənədlərdə, qərarda, eyni zamanda Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qaraj və digər tikililərin mövcudlugu qeyd olunmuşdur.

32. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, DƏRDX-nin Gəncə ərazi idarəsi tərəfindən verilmiş sorğuya cavab məktubu ilə müəyyən edilir ki, Gəncə şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10 nömrəli qərarından çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 23.0 kv.m və 24.5 kv.m iki yaşayış otaqları, 9.0 kv.m örtülü eyvan,11.00 kv.m mətbəx, 18.0 kv.m qaraj və 4.0 kv.m hamam X6 şəxsi mülkiyyətinə verilmişdir. Qeyd olunan tikililərə dair X6 adına xx.xx.1991-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 7 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V- 1-120 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin mənzil Cavabdeh1 adına keçmiş və bu hüquq xx.xx.2005-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilməklə rəsmiləşdirilmişdir. Deməli, qeyd olunan sənədlərlə tam sübut olunur ki, iddiaçının iddia etdiyi tikililər uzun müddət bundan əvvəl mövcud olmuş və qanuna uyğun olaraq rəsmiləşdirilmişdir. İşdə olan fotoşəkillərindən görünür ki, ilkin iddia üzrə İddiaçı1 və qeyriləri ümumi istifadə olunan torpaq sahəsinə torpaq tökmüş və eləcə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan tikililərin qarşısında əlavə tikililər inşa etmişdir. İşdə olan arxiv sənədlərindən görünür ki, Cavabdeh1 məxsus olan mənzilin tikililəri onun mərhum ərinin yaşadığı dövrdə mövcud olmuş və müvafiq orqanın icazəsi ilə sənədləşdirilmişdir. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamışdır.

33. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər formal xarakter daşıyır və təmin edilə bilməz. Belə ki, işdə olan İddiaçı1 ogluna məxsus texniki pasportdan və yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehlər X2 və X11 tərəfindən Cavabdeh1 mənzilə daxil olmasına görə ümumi istifadələrində olan giriş-çıxış yolundan başlayaraq mənzilinin qarşısınadək əraziyə torpaq boşaltmamışdır, yəni hazırda mənzilə daxil olmağa maneə yoxdur. Bundan başqa, cavabdeh İddiaçı1 ümumi istifadələrində olan torpaq sahəsində əlavə tikililər inşa etmiş, həmin tikililərdən biri qonşu mənzilin tam qarşısında, eyni zamanda iddiçının öz evinə aid pəncərəsinin qarşısında inşa olunmuş və köhnə tikilidir.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Həmçinin məhkəmə kollegiyası tərəfindən yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzilin 10.3 kv.m olan otağında yerləşən pəncərənin mövcud olduğu müəyyən olunmuşdur. Lakin pəncərənin qarşısında cavabdehə məxsus tikilinin yerləşdiyi müəyyən edilmişdir. İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin 10.3 kv.m olan otağın pəncərəsinin qarşısında ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikililər iddiaçı X9 məxsus yaşayış evinin giriş-çıxış qapısından aralı inşa olunduğunu nəzərə alaraq iddiaçının yaşayış evinə giriş çıxışa maneə törətmədiyi müəyyən olunur. Cavabdeh1 yaşayış evinə küçə tərəfdən və ya başqa yerdən digər giriş-çıxış yolu yoxdur. Bundan başqa, cavabdeh İddiaçı1 ümumi istifadələrində olan torpaq sahəsində əlavə tikililər inşa etmiş, həmin tikililərdən biri Cavabdeh1 mənzilin tam qarşısında, eyni zamanda iddiçının öz evinə aid pəncərəsinin qarşısında inşa olunmuş və köhnə tikilidir. İşdə olan arxiv sənədlərindən görünür ki, tərəflərə məxsus olan mənzillər və əlavə köhnə tikililər (qaraj və s.) barədə müvafiq sənədlər mövcud olmuş və müvafiq orqanın icazəsi ilə sənədləşdirilmişdir. Ona görə də hər iki apellyasiya şikayəti təmin edilə bilməz.

35. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli e-2(125)-322/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar