Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-468/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh iş üzrə Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “istifadə hüququ ilə ona məxsus olan Gədəbəy rayonunun, Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş sahəsinə gedib-gəlmək üçün cavabdehin istifadəsində olantorpaq sahəsindən (örüş yerindən) 2000 metr uzunluğunda, 10 metr enində zəruri keçid yolunun verilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-307/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İşin halları
1. Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 102 nömrəli sərəncamına əsasən, Gədəbəy RİH Başçısı ilə Düzyurd kənd sakini İddiaçı arasında yay otlaq sahəsində 23 nömrəli sahədən 122 hektar otlaq sahəsi 15 (on beş) il müddətinə istifadə etmək üçün icarəyə verilməsi barədə bağlanmış 11 iyul 2018-ci il tarixli, 12 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir.
2. İddiaçının Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 102 nömrəli sərəncamı və Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 12 nömrəli icarə müqaviləsi əsasında icarə verilmiş 111,50 ha torpaq sahəsi üzərində icarə hüquqları xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmış və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çəxarış verilmişdir.
3. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-70/2022 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolu yoxdur. İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmamışdır. İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolunun açılması ancaq Cavabdeh icarəyə verilmiş torpaq sahəsindən keçən və hal-hazırda bağlanmış yoldan servitut qaydasında mümkündür.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə müraciət edərək, ona istifadə hüququ ilə məxsus olan, Gədəbəy rayonunun İnzibati ərazisində, Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş sahəsinə gedib-gəlmək üçün, Cavabdeh istifadəsində olan torpaq sahəsindən (örüş yerindən) 2000 metr uzunluğunda, 10 metr enində zəruri keçid yolunun ayrılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışlar ki, Cavabdeh onun həmkəndlisidir. Ona Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən Gədəbəy rayonunun İnzibati Ərazisində Gölməc yaylağı adlanan ərazidə 122 ha örüş yeri verilmişdir. Həmin örüş yeri cavabdehin istifadəsində olan örüş yeri ilə qonşudur. Həmin torpaq sahəsindən 2005-ci ildən istifadə edir və həmin otlaq sahəsinə görə onun istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır. Son iki ilədək o həmin örüş yerinə maneəsiz gedib-gəlmişdir. Lakin son iki ildə cavabdeh həmişə istifadə etdiyi ərazidən öz sahəsinə gedib-gəlməsinə ona maneə yaradır. O, dəfələrlə cavabdehdən ona yaratmış oldğu maneəni aradan qaldırmasını xahiş etsə də, cavabdeh onun xahişinə məhəl qoymur. Bu isə ona arzu olunmayan çətinliklər yaradır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə ona istifadə hüququ ilə məxsus olan, Gədəbəy rayonunun inzibati ərazisində Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş torpaq sahəsinə gedib-gəlməyisinə, cavabdehin istifadəsində olan torpaq sahəsindən 2000 metr uzunluğunda, 10 metr enində zəruri keçid yolu müəyyən etsin. Çünki onun istifadəsində olan torpaq sahəsinə gedib-gəlməsinə başqa yol yoxdur.
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun istifdadəsinə örüş sahəsi verilmişdir. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının örüş sahəsi ilə onun örüş sahəsi həmsərhəddir. İddiaçının istifadəsində olan örüş sahəsinə onun örüş sahəsindən yol olmamışdır. İddiaçının örüş sahəsinə hər tərəfdən bir çox yol vardır. Həmçinin digər örüş sahələrindən də yol ala bilər. Lakin iddiaçı qəzəzli olaraq onun istifadəsində olan torpaq sahəsindən yol istəyir. Onun istifadəsində olan torpaq sahəsindən iddiaçının örüş sahəsində keçid-yol açımasına razı deyildir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-307/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi qanuni əsaslarla cavabdehin icarəsindədir və onun hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu sahədən iddiaçıya dəyəri ödənilmədən zəruri yolun verilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyə görə iddiaçı cavabdehlə servitut barədə razılaşma olmadıqda, onun şərtlərinin tətbiq edilməsilə bağlı məhkəməyə müraciət edə bilər. Hazırki halda isə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri keçid yolunun verilməsi barədə tələbinin hüquqi əsası yoxdur.
11. Həmçinin, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-70/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə keçid digər qonşuların vasitəsi ilə də mümkündür. İddiaçı cavabdehin icarəsində olan torpaq sahəsindən zəruri keçid açılmasını tələb etməsinə baxmayaraq, məhkəmədə müəyyən edildi ki, ididaçı həmin keçidi piyada istifadəsi üçün yox, mal-qaranı örüş sahəsinə aparmaq üçün istifadə etmək istəyir. Belə olan halda cavabdehin istifadəsində olan örüş sahəsindən istifadə etməsinə əhəmiyyətli maneə yarada bilər və ona ziyan vurulması ilə nəticələnə bilər. Həmçinin iddiaçının zəruri keçid üçün tələb etdiyi yolun uzunluğunu və enini nəzərə alsaq, belə bir zəruri keçidin açılması tələbi əsassızdır və cavabdeh hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh icarəsində olan örüş sahəsindən iddiaçıya zəruri keçid yolunun açılması onun öz mükiyyətindən maneəsiz istifadə etmək hüququnun pozulması ilə nəticələnə bilər.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ, İİ və İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 157.8, 169.1, 175.1, 175.3 və 241.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 119.1, 216- 220, 227 və 233-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünü rki, ona məxsus torpaq sahəsində avtomobil yolu yoxdur və həmin torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmamışdır. Avtomobil yolunun açılması isə ancaq Cavabdeh icarəyə verilmiş torpaq sahəsindən keçən və hal-hazırda bağlanmış yoldan servitut qaydasında mümkündür. Yuxarıda sadaladıqları onun iddia tələbinin tam əsaslı və qanuni olmasını sübut edir. Məhkəmə isə bu mötəbər sübutları nəzərə almadan qətnamə qəbul etmiş, bununla da cavabdehin mövqeyindən çıxış etmişdir. Odur ki, məhkəmə qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onun həmkəndlisidir. Ona Gədəbəy rayonunun İnzibati Ərazisində Gölməc yaylağı adlanan ərazidə 122 ha örüş yeri verilmişdir. Həmin örüş yeri cavabdehin istifadəsində olan örüş yeri ilə qonşudur. Son iki ilədək o həmin örüş yerinə maneəsiz gedib-gəlmişdir. Lakin, son iki ildə cavabdeh həmişə istifadə etdiyi ərazidən öz sahəsinə gedib-gəlməyinə ona maneə yaradır. Gədəbəy rayonunun inzibati ərazisində Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş torpaq sahəsinə gedib-gəlməyinə, cavabdehin istifadəsində olan torpaq sahəsindən 2000 metr uzunluğunda, 10 metr enində zəruri keçid yolu müəyyən edilməlidir. Çünki, onun istifadəsində olan torpaq sahəsinə gedib-gəlməyinə başqa yol yoxdur. O, sahibkardır və sahibkarlıqla bağlı VÖEN-i vardır. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıya istifadə hüququ ilə məxsus olan, Gədəbəy rayonunun inzibati ərazisində Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş torpaq sahəsinə gedib-gəlməyinə, cavabdehin istifadəsində olan torpaq sahəsindən 2000 metr uzunluğunda, 10 metr enində zəruri keçid yolu müəyyən etsin. Çünki, iddiaçının istifadəsində olan torpaq sahəsinə gedib-gəlməyinə başqa yol yoxdur. O, iddia ərizəsini hazırladığı zaman tərəflərin VÖEN-nin olduğunu bilmişdir. O, bunu bilsə də iddianı Gədəbəy Rayon Məhkəməsinə vermişdir. İşə baxan hakim işi icraatına götürməməli idi. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun istifadəsinə örüş sahəsi verilmişdir. İddiaçının örüş sahəsi ilə onun örüş sahəsi həmsərhəddir. İddiaçının istifadəsində olan örüş səhəsinə onun örüş sahəsindən yol olmamışdır. İddiaçının örüş sahəsinə hər tərəfdən bir çox yol vardır. Həmçinin digər örüş sahələrindən də yol ala bilər. Lakin, iddiaçı qərəzli olaraq onun istifadəsində olan torpaq sahəsindən yol istəyir. Onun istifadəsində olan torpaq sahəsindən iddiaçının örüş sahəsində keçid-yolunun açılmasına razı deyildir. Bəli, o, sahibkardır və sahibkarlıqla bağlı VÖEN-i vardır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
23. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Plenumunun qərarı
Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bənd 11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
25. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
26. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
27. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
28. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
29. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;
30. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər;
32. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
33. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.
34. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
36. Belə ki, Azərbaycan Respublikasının MPM-in 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
38. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
39. Həmin Məcəllənin 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
40. Məhkəmə qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
41. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində iş üzrə tərəflərə dair elektron vergi məlumatlarından görünür ki, iddiaçı Rzayev X1 Nazirliyi tərfindən vergi uçotuna alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) fiziki şəxsdir. Həmçinin, Cavabdeh da Vergilər Nazirliyi tərəfindən vergi uçotuna alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) fiziki şəxsdir.
42. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər fərdi sahibkar statusuna malik olmaqla yanaşı heyvandarlıqla məşğul olur və bu fəaliyyətin nəticəsi olaraq yay-otlaq sahəsindən istifadə edirlər.
43. Belə olan halda tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və xarakteri baxımından hazırki mübahisəyə ümumi məhkəmələr tərəfidən deyil kommersiya məhkəmələri tərəfindən baxılmalı olması qanunveiciliyin tələbidir.
44. Lakin, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir ki, birinci instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış və işi aidiyyət qaydalarına zidd icraatına qəbul etmişdir.
45. Məhkəmə qeyd etməyi zəruri hesa edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsidir.
46. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır.
47. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmiş və iddiaçının vəkilinin izahatı ilə müəyyən edilmişdir ki, iddia tərəfi işin məhkəmə aidiyyəti məsələsindən məlumatlı olsa da bununla bağlı iddia ərizəsini aidiyyət qaydalarına zidd umumi məhkəməyə verməyə üstünlük vermişdir.
48. Qeyd olunmalıdır ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır (MPM maddə - 24.3). “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.
49. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.
50. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Gədəbəy Rayon Məhkəməsi prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir.
51. Azərbaycan Respublikasının MPM-nin 384.0.4.-cü maddəsinə görə işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, Apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
52. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
53. Həmin Məcəllənin 387.2.9-c maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa ləğv edilməlidir.
54. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
55. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər.
56. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 26, 44, 263, 264, 384, 385, 387 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-307/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “cavabdehin istifadəsində olan örüş torpaq sahəsindən zəruri keçid yolunun açılması” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası üzərindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.