Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-479/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cavabdeh qarşı diplomun etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı adından cavabdehin adına 2009-cu il tarixdə «ibtidai təhsilin pedaqogika və metodikası» ixtisası üzrə verilmiş B seriyalı 106718 saylı 2/0661 qeydiyyat nömrəli diplomun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-764/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız sayılması tələbinə dair iş üzrə icraatın Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun hüquqi baxımdan əsaslı sayılması və imtahanlara buraxılma tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(062)-764/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli e-2(062)- 764/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-764/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli 2(062)-764/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(062)-764/2024 nömrəli qərardadı ilə, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(062)-764/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, şikayət qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 764/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli 2(062)- 764/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(062)-764/2024 nömrəli qərardadı (hakim Fərid Əliyev) ilə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız sayılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, vahid məhkəmə təcrübəsinə əsasən doplomun etibarsız hesab etmə mülki məhkəmə icraatının predmeti üzrə araşdırılır. Bu barədə kifayət qədər məhkəmə qərarları mövcuddur. Lakin məhkəmə bu kimi halları nəzərə almamışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(062)-764/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 479/2025 nömrəli qərardadı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(062)-764/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. İş üzrə iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti Azərbaycan Respublikasının MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, Azərbaycan Respublikasının MPM-in 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Lakin, yenə də qanunvericilik işin icraata qəbul edilməsindən sonra məhkəmə aidiyyəti barədə uyğunsuzluğun aşkar ediləcəyi halda da tənzimləməni müəyyən etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsində göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Baxılan işdə iddia ərizəsi ilə müəyyən edilir ki, Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı adından Cavabdeh adına 2009-cu il tarixdə verilmiş “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə B seriyalı 106718 nömrəli 2/0661 qeydiyyat nömrəli diplomun etibarsız hesab edilməsi mübahisələndirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma» tələbinə dair inzibati iş üzrə icraatın dayandırılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş materialları mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi göstərilən qərarının 37-ci bəndində qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə işə baxan apellyasiya məhkəməsi nəzərə almamışdır ki, məhz inzibati iş üzrə cavabdeh iddiaçının adına tərtib edilmiş sözügedən diplomu etibarlı təhsil sənədi kimi qəbul etmədiyi, başqa sözlə, həmin diplomu etibarsız hesab etdiyi üçün iddiaçı cavabdehə qarşı inzibati icraat qaydasında hazırkı iddianı qaldırmışdır. Yəni, sözügedən diplomun etibarlı olub-olmamasının müəyyən olunması və qiymətləndirilməsi də əslində inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatının predmetini təşkil edir və bu baxımdan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, həm inzibati qaydada hüquqi baxımdan əsaslı sayılması tələb olunan və həm də mülki qaydada etibarsızlığı tələb olunan diplom B seriyalı 106718 saylı 2/0661 qeydiyyat nömrəli olmaqla Cavabdeh məxsusdur. Tərəflərin inzibati və mülki qaydada mübahisə etdikləri hal qeyd olunan diplomla bağlıdır. Kassasiya instansiyası məhkəməsi də məhz apellyasiya instansiyası məhkəməsinin icraatın dayandırılması barədə qərardadını ləğv edən zaman “diplomun etibarlı olub-olmamasının müəyyən olunması və qiymətləndirilməsinin inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatının predmeti” olmasını diqqətə çatdırmışdır. Bu isə hazırki iddiaya mülki məhkəmə qaydasında baxılmasına zərurət olmadığına dəlalət edir. Çünki, elə inzibati icraat çərçivəsində cavabdehə məxsus diplomun etibarlı olub-olmaması araşdırılacaq və hüquqi qiymət veriləcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda qeyd olunan əsaslara görə iş üzrə icraata xitam verilməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının ərizəsi üzrə etdiyi hərəkətlər prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 261.0.1, 263, 264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-764/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-479/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-479/2025
05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver