Məhkəmə qərarları › İş №2(104)-483/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-483/2024

29.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-483/2024 29.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(125)-5375/2023 nömrəli qətnaməsindən İddiaçı və qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 29 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(044)- 633/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X10 ilə Cavabdeh arasında 30 dekabr 2003-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 638 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 25 yanvar 2005-ci il təvəllüdlü X11 və xx xxxx 2007-ci il təvəllüdlü İddiaçı anası X4 himayəsində saxlanılması, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(044)-633/2021 nömrəli qərardadının ləğv edilməsi, 27 aprel 2021-ci ildən başlayaraq, Cavabdeh 25 yanvar 2005- ci il təvəllüdlü X7 və xx xxxx 2007-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir.

2. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları X15, X12, icra sənədi üzrə borclu Cavabdeh, icra sənədi üzrə tələbkar X10, tələbkarın vəkili və nümayəndəsi Vəkil1, sahə rəisi polis leytenantı X18, icra sənədi üzrə borclunun atası X16, hal şahidləri X17, X5 tərəfindən imzalanaraq tərtib edilmiş 21 oktyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh yaşayış ünvanı olan ünvan 1 icra tədbirləri nəticəsində Gəncə Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(044)-1606/2021 nömrəli icra vərəqəsində qeyd olunan əşyaları tam və yararlı şəkildə tələbkar X8 təhvil vermişlər.

3. İcra sənədi üzrə icraata xitam verilməsi barədə 21 oktyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(044)-1606/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, aparılmış araşdırmalara və təhlillərə əsasən İddiaçı təqdim etdiyi videogörüntülərə və foto şəkillərə əsasən 19 (on doqquz) sayda cehiz əşyalarının müqayisə yanaşması ilə 08 sentyabr 2023-cü il tarixə real bazar dəyəri 11400 (on bir min dörd yüz) manat təşkil edir.

5. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(044)-1606/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “cehiz, qızıl-zinət əşyalarının və onların ümumi dəyərini alınması” tələbinə dair iddiası qismən təmin edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən meyvə qabı “Aleş” firmasından açıq yaşıl rəngli 2 ədəd böyük ölçülü, meyvə qabı “Aleş” firmasından xrustal ağ şəffaf 2 ədəd kiçik ölçülü, ləpə qabı “Aleş” firmasından xrustal ağ şəffaf 4 ədəd böyük ölçülü, qrafin dəsti (qrafin+stəkan 6 ədəd) “Aleş” firmasından xrustal ağ şəffaf, konfet qabı (səbət tipli böyük) “Qold” firmasından xrustal ağ rəngli, konfet qabı (səbət tipli kiçik) “Aleş” firmasından xrustal ağ şəffaf 4 ədəd, çay stəkanı “Qold” firması xrustal 24 ədəd ağ şəffaf, nəlbəki “Kobalt” firması 24 ədəd göy rəngdə, mürəbbə qabı “Kobalt” firması 24 ədəd göy rəngdə, tort boşqabı “Kobalt” firması 24 ədəd göy rəngdə, limon qabı “Qold” firması xrustal 12 ədəd ağ şəffaf, bakal “Qold” firması xrustal 24 ədəd ağ şəffaf, konfet qabı “Qold” firması xrustal 6 ədəd ağ şəffaf, gül qabı (böyük ölçüdə) “Aleş” firması 1 ədəd ağ şəffaf, kül qabı “sadə xrustal” 1 ədəd ağ şəffaf, salfet qabı “Qold” firması xrustal 2 ədəd ağ şəffaf, giləmeyvə qabı “Qold” firması 2 ədəd ağ şəffaf, tort qabı “Aleş” firması 2 ədəd ağ şəffaf, qazan dəsti “Korkmaz” firması 4 dəst nikkel materiallı əşyaların Cavabdeh naturada alınıb özünə verilməsi, əgər əşyaların özləri naturada olmadıqda həmin əşyaların ümumi dəyərinin 11400 (on bir min dörd yüz) manat, həmçinin ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun (məhkəmə xərcinin) alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xaiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh atasıdır. Valideyinləri 2020-ci ildə məhkəmə qaydasında ayrılmışlar və iddiaçı anası Qanuni nümayəndə yanında qalmış, hazırda da anası ilə birlikdə yaşayır. Anası ilə atası 17 il evli olmuş və həmin müddət ərzində nənəsi X13 müxtəlif vaxtlarda ad günlərində və digər əlamətdar günlərdə hədiyyə şəklində ona bir çox əşyalar almışdır. Həmin əşyalar daima cavabdehə məxsus olan evdə, yəni Gəncə şəhəri Ə.Qarayev küçəsi ev 15 ünvanında olmuşdur. Lakin valideyinləri ayrıldıqdan sonra nənəsi tərəfindən ona hədiyyə edilmiş əşyalar cavabdehə məxsus evdə qalmış və atası həmin əşyaları ona qaytarmamışdır. Cavabdehdən həmin əşyaların verməsini tələb etsədə, sonuncu qaytarmamışdır. Qeyd edilən əşyaların siyahısı və qiymətləri aşağıdakı kimidir: meyvə qabı “Aleş” firmasından açıq yaşıl rəngli 2 ədəd böyük ölçülü – 1100 manat dəyərində, meyvə qabı “Aleş” firmasından xrustal ağ şəffaf 2 ədəd kiçik ölçülü – 900 manat dəyərində, ləpə qabı “Aleş” firmasından xrustal ağ şəffaf 4 ədəd böyük ölçülü – 680 manat dəyərində, qrafin dəsti (qrafin+stəkan 6 ədəd) “Aleş” firmasından xrustal ağ şəffaf – 400 manat dəyərində, konfet qabı (səbət tipli böyük) “Qold” firmasından xrustal ağ rəngli 4 ədəd – 880 manat dəyərində, konfet qabı (səbət tipli kiçik) “Aleş” firmasından xrustal ağ şəffaf 4 ədəd – 800 manat dəyərində, çay stəkanı “Qold” firması xrustal 24 ədəd ağ şəffaf – 380 manat dəyərində, nəlbəki “Kobalt” firması 24 ədəd göy rəngdə - 200 manat dəyərində, mürəbbə qabı “Kobalt” firması 24 ədəd göy rəngdə - 460 manat dəyərində, tort boşqabı “Kobalt” firması 24 ədəd göy rəngdə - 640 manat dəyərində, limon qabı “Qold” firması xrustal 12 ədəd ağ şəffaf – 200 manat dəyərində, bakal “Qold” firması xrustal 24 ədəd ağ şəffaf – 700 manat dəyərində, konfet qabı “Qold” firması xrustal 6 ədəd ağ şəffaf – 960 manat dəyərində, gül qabı (böyük ölçüdə) “Aleş” firması 1 ədəd ağ şəffaf – 650 manat dəyərində, kül qabı “sadə xrustal” 1 ədəd ağ şəffaf – 100 manat dəyərində, salfet qabı “Qold” firması xrustal 2 ədəd ağ şəffaf – 200 manat dəyərində, giləmeyvə qabı “Qold” firması 2 ədəd ağ şəffaf – 550 manat dəyərində, tort qabı “Aleş” firması 2 ədəd ağ şəffaf – 400 manat dəyərində, qazan dəsti “Korkmaz” firması 4 dəst nikkel materiallı – 1200 manat dəyərində olmaqla, cəmi 11400 (on bir min dörd yüz) manat.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsinin 5-ci sırada yer almış konfet qabı (səbət tipli böyük ölçülü) “Qold” firmasından olan əşya kimi qeyd edilən əşyanı 2 ədəd böyük ölçülü və 2 ədəd kiçik ölçülü kimi oxunmasını xahiş etmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(125)-5375/2023 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) İddiaçı Cavabdeh qarşı əşya tələbinə dair iddiası rədd edilməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət olunmuşdur.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 213, 216-220, 218.3, 233, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, xx xxxx 2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, validenləri ilə birlikdə 2021ci il tarixədək ünvan 3 ünvanında yaşamışdır. Valideyinlərinin nikahı məhkəmə qaydasında ləğv edilmişdir. Nənəsi, babası və dayısı ad günlərində və digər əlamətdar günlərdə ona bir çox əşyalar hədiyyə etmişlər. Həmin əşyalar atasının evində olmuş və əksəriyyətinin bağlamalar heç açılmamışdır. Valideyinləri ayrıldıqdan sonra ünvan 3 ünvanında qalmışdır. Cavabdeh onlara aliment ödəyir və əşyaları həmin alimentlə əvəzləşdirmək niyyətindədir. Birinci instansiya məhkəməsi isə təqdim etdiyi şəkilləri və dindirilmiş şahidlərin ifadələrinə düzgün qiymət verməmişdir. Belə ki, X21 onun nənəsidir və həmin əşyaların əksər hissəsi məhz onun tərəfindən hədiyyə edilmişdir. Müşabə Verdiyevadan başqa əşyaların adlarını, rəngini və ölçülərini bilən ikinci bir şahid yoxdur. Eləcədə digər şahid Nənəxanım Quliyeva onların evində təmizlik işləri aparmış və işin halları barədə məlumatlı olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, tələb olunan əşyaları ana tərəfdən nənəsi Müşabə və babası Yaqub almışlar. Həmin əşyalar atasının evində qalmışdır. Anası özünə məxsus cehiz əşyalarını götürsədə, ona məxsus əyları götürməmişdir. İşdə olan fotoşəkilləri iddia ərizəsi verilərkən anası mağazada çəkmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddia ərizəsinə əlavə olunmuş (işin 99-cu vərəqində konvertdə olan) fotoşəkilləri iddia verilən ərəfədə Gəncə şəhərində yerləşən “Kral” mağazasında çəkmişdir. İşin 9-11-ci vərəqində olan əşyaların bəzisi yaşadıqları evdə, bəziləri isə mağazada onun tərəfindən çəkilmişdir. Tələb olunan əşyalar qızı Fidana cehiz kimi alınmış və qablarında olduğu kimi saxlanılmışdır. Bir necəsi açıq şəkildə olmuşdur. Nənəxanım əvvəllər onun valideyinlərinin evində işləmişdir. Ərə getdikdən sonra Nənəxanım onun yaşadığı ər evində də təmizlik işləri aparmaq üçün gəlib-getmişdir. Ailə münasibətləri pozulduğundan cavabdeh qızına alınmış qeyd olunan əşyaları qaytarmaqdan imtina etmişdir. Qanuni nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və qanuni nümayəndəsi Qanuni nümayəndə etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddia ərizəsini təqdim edən zaman 12 ədəd fotoşəkil əlavə etmiş, lakin bəziləri işin içərisindən çıxarılmışdir. Həmin şəkillərdən 4 ədədi evdə çəkilmişdir. Vəkil1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 157.2 Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh ilə Qanuni nümayəndə birgə nikahından xx xxxx 2007-ci il tarixdə anadan olmuş İddiaçı nənəsi Müşabə Verdiyeva tərəfindən müxtəlif vaxtlarda cehizlik əşyaları kimi ona hədiyyə olunmuş 1100 manat dəyərində “Aleş” firmasından açıq yaşıl rəngli 2 ədəd böyük ölçülü meyvə qabı, 900 manat dəyərində “Aleş” firmasından xrustal ağ şəffaf 2 ədəd kiçik ölçülü meyvə qabı, 680 manat dəyərində “Aleş” firmasından xrustal ağ şəffaf 4 ədəd böyük ölçülü ləpə qabı, 400 manat dəyərində “Aleş” firmasından qrafin dəsti (qrafin+stəkan 6 ədəd) ağ şəffaf xrustal, 880 manat dəyərində “Qold” firmasından 4 ədəd ağ rəngli xurustal konfet qabı, (səbət tipli kiçik) 800 manat dəyərində “Aleş” firmasından (səbət tipli böyük) 4 ədəd ağ şəffaf xrustal, 380 manat dəyərində “Qold” firmasından ağ rəngli 24 ədəd xurustal çay stəkanı, 200 manat dəyərində “Kobalt” firmasından 24 ədəd göy rəngli nəlbəki, 460 manat dəyərində “Kobalt” firmasından 24 ədəd göy rəngdə mürəbbə qabı, 640 manat dəyərində “Kobalt” firmasından 24 ədəd göy rəngli tort boşqabı, 200 manat dəyərində “Qold” firmasından 12 ədəd ağ şəffaf xurustal limon qabı, 700 manat dəyərində “Qold” firmasından 24 ədəd ağ şəffaf xurustal bakal, 960 manat dəyərində “Qold” firmasından 6 ədəd ağ şəffaf xurustal konfet qabı, 650 manat dəyərində “Aleş” firmasıından (böyük ölçüdə) 1 ədəd ağ şəffaf gül qabı, 100 manat dəyərində 1 ədəd aö şəffaf “sadə xurustal” kül qabı, 200 manat dəyərində “Qold” firmasından 2 ədəd ağ şəffaf xurustal salfet qabı, 550 manat dəyərində “Qold” firmasından 2 ədəd ağ şəffaf giləmeyvə qabı, 400 manat dəyərində “Aleş” firmasından 2 ədəd ağ şəffaf tort qabı və 1200 manat dəyərində “Korkmaz” firmasından 4 dəst nikkel materiallı qazan dəstinin valideyinləri ayrıldıqdan sonra atası evində qalmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.

29. Kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “nənəsi, babası və dayısı ad günlərində və digər əlamətdar günlərdə ona bir çox əşyalar hədiyyə etmişlər, valideyinləri ayrıldıqdan sonra həmin əşyalar atasının yaşadığı ünvan 3 ünvanında qalmışdır, cavabdeh onlara aliment ödəyir və əşyaları həmin alimentlə əvəzləşdirmək niyyətindədir, birinci instansiya məhkəməsi təqdim etdiyi şəkilləri və dindirilmiş şahidlərin ifadələrinə düzgün qiymət verməmişdir, həmin əşyaların əksər hissəsi məhz nənəsi Müşabə Verdiyeva tərəfindən hədiyyə edilmişdir, eləcədə işin halları barədə evlərində təmizlik işi aparan Nənəxanım Quliyevanın işin hallarından məlumatlı olması dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

30. Belə ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. İddiaçı (eləcədə onun qanuni nümayəndəsi Qanuni nümayəndə) iddia ərizəsində göstərilən və ümumi dəyəri 11400 manat olan əşyaların ad günlərində, eləcədə digər əlamətdar günlərdə nənəsi Müşabə Verdiyeva tərəfindən hədiyyə olunmasını qeyd etsədə, lakin həmin əmlakların həqiqətən də nənəsi tərəfindən alınmasını, eləcədə hansı əlamətdar gündə, eləcədə hansı yaş həddinə çatdıqda hədiyyə olunmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. İddia ərizəsində adları qeyd olunan əşyaların yalnız ana nənəsi Müşabə Verdiyeva tərəfindən alınması göstərilsədə, apellyasiya şikayətində həmin əşyaların nənə və babası, eləcədə dayısı tərəfindən alınıb hədiyyə olunması qeyd olunmuşdur.

32. Adları qeyd olunan əşyaların mövcudluğunun sübütu kimi iddiaçı tərəfin işə əlavə etdiyi fotoşəkillərə münasibətdə isə kollegiya qeyd edir ki, təqdim olunmuş fotoşəkkillərdəki əşyaların məhz iddiaçının nənə və babası, eləcədə dayısı tərəfindən alınıb ona hədiyyə olunması, valideyinləri ayrıldıqdan sonra isə cavabdehin (iddiaçının atası) yaşadığı evdə qalması kimi qiymətləndirilə bilməz. Belə ki, apellyasiya icraatı zamani iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə izahat verərək göstərmişdir ki, işin 99-cu vərəqində konvertdə olan fotoşəkillər onun tərəfindən məhkəmədə iddia qaldırılan ərəfələrdə Gəncə şəhərində yerləşən “Kral” mağazasında, işin 9-11-ci vərəqində olan fotoşəkillərin isə ilkin olaraq bəzilərinin evdə, bəzilərinin isə mağazada çəkildiyini qeyd etsədə, lakin sonradan həmin şəkillərin hamısının yaşadığı evdə çəkildiyini göstərmişdir.

33. Eləcədə, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və qanuni nümayəndəsi Qanuni nümayəndə etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 izahatında göstərmişdir ki, iddia ərizəsini təqdim edən zaman 12 ədəd fotoşəkil əlavə etmiş, lakin bəziləri işin içərisindən çıxarılmışdir. Həmin şəkillərdən 4 ədədi evdə çəkilmişdir. Sonuncunun irəli sürdüyü dəlil araşdırılarkən 12 ədəd foto şəkillərin işin 9-11-ci vərəqlərində olduğu müəyyən olunmuşdur.

34. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinə düzgün hüquqi qiymət verilməməsi dəlilinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

35. İşdən görünür ki, birinci instansiya məhkəməsi şahid ifadələrini işdə iştirak edən şəxslərə münasibətdə aydınlaşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyasıda hesab edir ki, iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X13, eləcədə X1 ifadəsini sübut növü kimi qəbul etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

36. Belə ki, X13 şahid qismində dindirilərkən bildirmişdir ki, kiçik vaxtlarından nəvəsi Fidana ad günlərində, eləcədə digər bayramlarda müxtəlif qiymətli qablar alıb hədiyyə etmiş, qızı Qanuni nümayəndə ilə Cavabdeh ayrıldıqdan sonra həmin əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. X21 iddiaçının ana tərəfdən nənəsidir. X6 iddianın əsasını təşkil edən əşyaların mövcudluğu, eləcədə onun tərəfindən alınıb nəvəsinə hədiyyə olunması barədə verdiyi ifadəni inandırıcı saymır və hesab edir ki, onun bu davranışı iddianın təmin olunmasına yönələn hərəkətlər kimi qiymətləndirilməlidir. Çünki yuxarıda da qeyd olunduğu kimi, iddia ərizəsində adları qeyd olunan əşyaların (iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərdə əks olunanlar) ümumiyyətlə mövcudluğu hər hansı bir möhtəbər sübutlarla təsdiq olunmur.

37. Digər şahid X2 iddiaçının ana nənəsi Müşabə Verdiyevanın yaşadığı evdə təmizlik işlərinə baxır, eləcədə sonuncunun qızı Vüsalə hazırkı iş üzrə Cavabdehlə evləndikdən sonra onların yaşadığı evdə təmizlik işləri aparmışdır. (iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya icraatı zamanı verdiyi izahat) Göründüyü kimi şahid Nənəxanım Quliyeva istər iddiaçının nənəsi Müşabə Verdiyeva, istərsədə anası Qanuni nümayəndə ilə yaxın münasibətdə olan şəxsdir. Bu da onu deməyə əsas verir ki, Nənəxanım Quliyeva İddiaçı nənəsi Müşabə Verdiyeva tərəfindən tez-tez hədiyyə olaraq cehizlik qabların alındığını, sonuncu dəfə Fidana 1 gül qabı və 2 meyvə qabı aldığının şahidı omuşam deməsi dolayısı ilə onun iddianın təmin olunmasında maraqlı olduğuna dəlalət edir.

38. Apellyasiya şikayətinin “cavabdeh onlara aliment ödəyir və əşyaları həmin alimentlə əvəzləşdirmək niyyətindədir” dəlilənə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəf belə bir dəlil irəli sürsədə, lakin hazırkı iş üzrə Cavabdeh aliment borcunun olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372, 382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı və qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(125)-5375/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar