Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-484/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpağın zəbtdən azad edilməsi və tikilmiş evin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(125)- 135/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “torpağın zəbtdən azad edilməsi və tikilmiş evin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha zəbt edilmiş ona məxsus torpağın zəbtdən azad edilməsi, tikilmiş evin sökülməsi və torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları bağ sahəsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla onun xüsusi mülkiyyətindədir. Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək orada istifadəsinə imkan verməmiş və orada qanunsuz ev tikdirmişdir. Hazırda cavabdeh torpağı geri qaytarmaq istəmir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(125)-135/2022 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddia təmin edilərək, RX ******* seriya nömrəli, xx.xx.2014cü il qeydiyyat tarixli, **********05 reyestr nömrəli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin zəbtdən azad olunması, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikilinin Cavabdeh vəsaitini hesabına sökülməsi və həmin tikilinin altında olan torpaq sahəsinin İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi və 20 (iyirmi) manatın Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: AN-İ seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı X2 şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini İddiaçı satmışdır. Satılan daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi 150700614, qeydiyyat tarixi xx.xx.2007-ci il olan Çıxarışa əsasən satıcıya məxsusdur. xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Kirovobad Çini qablar zavodu “Farforist” X3 26 noyabr 1988-ci il tarixli, 02 nömrəli protokol qərarından görünür ki, X5 Gəncə şəhəri Gəc zavodu ərazisində 400 kv.m torpaq sahəsi ayrılmışdır. A seriyalı, 460057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, “Farforist” X3 26 noyabr 1988-ci il tarixli, 02 nömrəli qərarı əsasında X5 Gəncə şəhəri Kəpəz rayonu ərazisində ayrılmış torpaq sahəsi X14 ikitabında 22 avqust 2013-cü il tarixdə, 3010 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları həmin sənəddə qeyd olunmuşdur. 05 aprel 2014-cü il tarixli etibarnamədən görünür ki, X1” X3 26 noyabr 1988-ci il tarixli, 02 nömrəli protokol qərarına əsasən ona ayrılmiş Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən “400 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ediləcək tikilələrə dair əmlakının idarə edilməsi və sərəncam vermə hüququ da daxil olmaqlar bir sıra səlahiyyətlərə bağlı Cavabdeh vəkalət vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 18 may 2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin texniki-tikinti ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 10/4349 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, Seriya RX-331033 nömrəli, **********05 reyestr nömrəli Çıxarışa dair tərtib olunmuş AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsi, cavabdehin yaxın qohumu Könül adlı şəxsin (cavabdehin xalası qızı) faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. İddiaçının mülkiyyətində olan 0.04 ha torpaq sahəsi, cavabdehin yaxın qohumu Könül adlı şəxsin (cavabdehin xalası qızı) faktiki istifadəsində olan 0.04 ha torpaq sahəsi ilə tam hissədə üst-üstə düşür. Qeyd olunan torpaq sahələrinin ölçüləri və koordinatları rəyə əlavə edilmiş Planda öz əksini tapmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, Seriya RX-331033 nömrəli, **********05 reyestr nömrəli Çıxarışa dair tərtib olunmuş AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. X5 məxsus olması qeyd olunan A-469057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin müəyyən hissəsi, faktiki olaraq Cavabdeh istifadəsində olduğu müəyyən olundu. X5 məxsus olması qeyd olunan A-469057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.04 ha torpaq sahəsinin 0.0376 ha hissəsinin, Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Qeyd olunan torpaq sahələrinin ölçüləri və koordinatları rəyə əlavə edilmiş Planda öz əksini tapmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(125)-135/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(125)-135/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi onun iştirakı olmadan keçirilmiş, heç bir məhkəmə prosesinə cəlb olunmamışdır. O, həmin tikilini qanunsuz tikməmiş və torpaqla bağlı ilkin hüquqi sənədləri mövcuddur. İddiaçı qanunsuz yollarla dövlət oraqanını aldadaraq çıxarış əldə etmişdir. Çünki o həmin torpaq sahəsini 10 ilə yaxındır ki, almış və torpaq üzərində tikinti işləri görərkən heç bir kəs ona müdaxilə etməmişdir. Hazırda iddiaçı tərəfin qanunsuz yolla əldə etdiyi çıxarışın etibarsız hesab edilməsinə dair Gəncə İnzibati məhkəməsinə iddia hazırlanır və hesab edir ki, məhkəmə tərəfinfən ədalət təmin olunacaqdır. Gəncə Şəhər Məhkəməsində hazırki işə baxılarkən müvafiq ekspertiza belə təyin olunmamışdır. Odur ki, qətnaməni tamamilə əsassız və qanunsuz hesab edir. Məhkəmə birtərəfli qaydada işə baxdığı üçün sübut təqdim etmə imkanından məhrum olmuşdur. Məhkəmədə iştirakı təmin olunmadığına görə sübut təqdim edə bilməmişdir. Həmin sənədlər apellyasiya icraatı zamanı tərəfindən təqdim olunacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına özünü cavabdehin xalası qızı kimi təqdim edən Könül Əliyeva adlı şəxs gələrək, cavabdehin Türkiyə Respublikasında olması səbəbindən məhkəməyə gələ bilmədiyini bildirərək, müvafiq etibarnaməni məhkəməyə təqdim etmişdir ki, Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinin tələbinə əsasən həmin şəxs cavabdehin nümayəndəsi qismində prosesə buraxılmamışdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 apellyasiya şikayətinin əsassız olduğunu, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubliaksının qanunu:
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.
Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı”.
2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağtikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır ki, həmin torpaq sahəsini o, xx.xx.2013-cü il tarixdə X6 alqı-satqı yolu ilə almışdır. AN-İ seriyalı, ******* nömrəli həmin alqı-satqı müqaviləsindən isə görünür ki, həmin torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin faktiki istifadəçisi olan və üzərində fərdi yaşayış evi tikmiş cavabdehin də sahibliyi qanunsuz olmamışdır. Belə ki, Kirovobad şəhər XDS İK-nin 23 avqust 1998-ci il tarixli, 11 saylı qərarına və “Farforist” X3 Həmkarlar Təçkilatının 26 noyabr 1988-ci il tarixli, 02 nömrəli protokol qərarına əsasən 400 kv.m torpaq sahəsi X5 verilmiş və X11 da həmin torpaq sahəsini idarə etmək, o cümlədən torpaq sahəsi ilə bağlı bir çox hüquqların həyata keçirilməsi ilə bağlı 05 aprel 2014-cü il tarixli etibarnamə əsasında cavabdehə vəkalət vermişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə mütəxəssis və ekspert rəyləri əldə edilmişdir ki, həmin rəylərə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, Seriya RX-331033 nömrəli, **********05 reyestr nömrəli Çıxarışa dair tərtib olunmuş AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, o cümlədən X5 məxsus olması qeyd olunan A-469057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.04 ha torpaq sahəsinin 0.0376 ha hissəsinin də Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmin rəylər məhkəmə kollegiyası tərəfindən mötəbər hesab olunmuşdur. Belə ki, iş materiallarında olan 469057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində və AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində mübahisəli torpaq sahəsinin əsas “x” və “y” döngə koordinatlarının bir-birinə çox uyğun olduğu, yerləşmədəki fərqlərin santimetr və millimetrlərlə ölçülməsi müəyyən edilmişdir. Məsələn, 469057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində “x” kordinatları 611814.44, 611809.10, 611785.58 və 611790.92 olmaqla, AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində isə “x” kordinatları 611814.58, 611809.29, 611785.74 və 611790.03 olmuşdur. Həmin yaxınlıq “y” koordinatlarında da müşahidə olunmuşdur. Bununla da mübahisəli torpaq sahəsinin əsas hissəsinin, yəni 0.0376 ha hissəsinin eyni koordinatlarda yerləşməsi, qalıq 0,0024 ha hissənin isə yerləşmədəki santimetr və millimetrlərlə olan fərqlər hissəsində əmələ gəlməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Lakin, həmin daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüququna dair qeyd mövcudluq və yerləşdiyi yerə görə daşınmaz əmlakın naturada mövcudluğunu və yerləşmə yerini təsdiq edən Torpaq sahəsinin planı və ölçüsü adlı sənədə əsaslanır. Hazırkı iş üzrə isə həm iddiaçının, həm də cavabdehin əsaslandığı müvafiq olaraq AA-001750 nömrəli və 469057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü adlı sənədlər mövcuddur ki, hər iki sənəd status baxımından eyni qüvvəyə malik olmaqla, hər ikisi səlahiyyətli dövlət orqanları tərəfindən verilmişdir. Bundan başqa məhkəmə kollegiyası nəzərə alımışdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı”nın 2.6-cı bəndinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubliaksının qanunun 8.0.7-ci maddəsinə müvafiq olaraq bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinə bağ sahələrinin ayrılmasına dair bağ təsərrüfatı idarələrinin iclas protokolundan çıxarış daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının əldə edilməsini mümkün edən hüquqmüəyyənedici sənədlər hesab olunmaqdadır. Buna görə də cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməsini və bununla da onun həmin torpaq sahəsi üzərindəki faktiki sahibliyinin qanunsuz olmasını birmənalı şəkildə qəbul etmək mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı mübahisəli torpaq sahəsini xx.xx.2013-cü il tarixdə X9 alqı-satqı yolu ilə mülkiyyətinə keçirsə də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi də həmin tarixdə verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş A seriyalı, 460057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi isə 22 avqust 2013-cü il tarixdə verilmişdir. İddiaçı mübahisəli torpaq sahəsini xx.xx.2013-cü il tarixdə X6 alqı-satqı yolu ilə mülkiyyətinə keçirdiyi zaman AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin X8 Torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun verilib-verilməsi qeyrimüəyyən olmaqla yanaşı, uyğun verildiyi təqdirdə isə mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi üzərində başqa şəxsə 460057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi anlaşılmaz olacaqdır ki, bununla da AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü və ya 460057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən ikisindən birinin əsassız verilməsi aydın olmaqdadır. O, cümlədən mübahisəli torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin və buna müvafiq olaraq da hazırda iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və ya Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Kirovobad Çini qablar zavodu “Farforist” X3 26 noyabr 1988-ci il tarixli, 02 nömrəli protokol qərarının cavabdehə münasibətdə müvafiq olaraq əsassız aparılması və verilməsi, yəni iki hüquqi hərəkətdən biri əsassız hesab olunur. Qeyd olunan mübahisə isə hazırkı mübahisənin predmetinə aid olmamaqla, aidiyyəti üzrə məhkəmələrdə həll edilməli olan mübahisə hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin istinad etdiyi hüquqmüəyyənedici və ya texniki sənədlərin etibarsızlığını və ləğvini mübahisələndirməklə iddiası əsaslı hesab olunacağı təqdirdə yeni əsasla hazırkı tələblə məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malik olacaqdır. İddiaçının müabhisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması nəzərə alındıqda isə həmin qeyd ləğv olunmadan cavabdehin həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması da mümkün deyildir. Buna görə də cavabdeh də faktiki sahibliyində olan əmlak üzərində digər şəxslərin mülkiyyət hüququnun əsassız qeydə alındığını iddia etdiyi halda buna dair məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(125)-135/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(125)-135/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(125)-135/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(125)-135/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli manat) İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.