Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-484/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızının cavabdeh X4 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul və maddi ziyan tələbi, sübutların düzgün qiymətləndilməməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızının və cavabdeh X3 iştirakı ilə, İddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızının cavabdeh X4 qarşı pul və dəymiş ziyan tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-439/2023 nömrəli qətnaməsindən iddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Arayışdan görünür ki, X5 ilə X6 nikahlarını xx.xx.2021-ci ildə rəsmi qeyd etdirmişlər. Həmin sənədlə arvada Qurbanova soyadı verilmişdir.
2. xx.xx.2018-ci il tarixli 125CLM19914077AA nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Qurbanova (Rüstəmova) Aysel Maarif qızı "xxxx" ASC-dən 48 ay müdddətinə, illik 27,84 faiz ödəmək şərtilə, 6300 manat kredit götürmüşdür.
3. xx.xx.2018-ci il tarixli 125CLM19914077AA nömrəli kredit müqaviləsinə əlavə ödəniş qrafikindən görünür ki, X6 "xxxx" ASC-dən götürdüyü kredit üzrə faizləri ilə birlikdə xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 218,99 manat, sonuncu ay 222,33 manat olmaqla, ümumilikdə 10.514,86 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. 2021-ci ilin may və iyun aylarında iddiaçı ilə cavabdeh arasında olan SMS yazışmalarından görünür ki, iddiaçı kredit ödənişlərini etməyi cavabdehə SMS vasitəsi ilə bildirir, lakin cavabdeh ödəniş edəcəyini bildirsə də həmin pulun onun tərəfindən xərclənməsi həmin SMS-lərdə öz təsdiqini tapmır.
5. Sumqayıt ŞPİ-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X1 şikayətinin mülki xarakterli olması müəyyən edilmiş və müvafiq məhkəməyə müraciət edilməsi hüququnun olması nəzərə çatdırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızının cavabdeh X4 qarşı pul və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8974 (səkkiz min doqquz yüz yetmiş dörd) manat əsas borcun və ödədiyi 110 (yüz on) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Nüsrət Rəcəbov onunla “Cavid” ticarət mərkəzində işləyərkən tanış olmuş, onunla ailə qurmaq istədiyini bildirmiş və onun razılığını almışdir. Özünü onun nişanlısı hesab edən cavabdeh Nüsrət Rəcəbov qonşuda 2 baş inək satıldığını, rəsmi iş yeri olmadığı üçün onlara kredit vermədiklərini, onun işlədiyini, adına kredit götürməsini, kreditə götürdüyü pulla inəkləri alacağını, qalan pula evini tikdirəcəyini və bunlarla yanaşı krediti ödəyəcəklərini bildirmişdir. Cavabdehlə birlikdə “Kapital Bankın” Sumqayıt filialına gedərək aylıq əmək haqqına görə xx.xx.2018cidə 6300 manat pul götürmüş və həmin pulu cavabdeh bankda ondan almışdır. Cavabdehin atası ona bankın yazdığı qrafik əsasında hər ay krediti ödəyəcəklərini bildirmişdir. X11 və atası kredit borcunu 2019-cu ilin fevral ayından ödəməmişlər. Krediti götürdükdən sonra cavabdeh onunla bir bəhanə ilə onunla dalaşmış, ona nifrət etdiyini bildirmişdir. Bu səbəbdən onlar cavabdehin valideynlərinin gətirdikləri hədiyyələri geri qaytarmışlar. Bu illər ərzində cavabdeh dəfələrlə ona zəng etmiş, boş yerə şikayət etməməsini, pulu qaytarmayacağını bildirmiş və pulun qaytarılması ilə bağlı heç bir iş görməmişdir. Yalnız 2021-ci ilin iyun ayında banka 220 manat pul ödəmiş və onunla görüşməsə, banka ödəniş etməyəcəyini bildirmişdir. Onun əvvəllər soyadı Rüstəmova olmuş, lakin ailə qurduqdan sonra Qurbanova olmuşdur. O, cavabdehin təklifini qəbul etmədiyindən, cavabdeh ödəniş etməkdən boyun qaçırmışdır. Cavabdeh ona yazdığı mesajlarda həmin pulun onlara çatdığını bildirmiş və onların ödəməli olduqlarını etiraf etmişdir. Ümumilikdə borc məbləğinin 10514 manat təşkil etdiyini, həmin pulun 1540 manatının cavabdeh tərəfindən ödənildiyini qalan 8974 manat pulun isə onun əmək haqqından tutulduğunu bildirmişdir. Cavabdeh X2 8974 (səkkiz min doqquz yüz yetmiş dörd) manat əsas borcun və ödədiyi 110 (yüz on) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-439/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev), iddianın təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “Cavid” ticarət mərkəzində satıcı işləyərkən cavabdeh Nüsrət Rəcəbovla tanış olmuşlar. Nüsrət onunla ailə qurmaq istədiyini bildirmiş və razılığını almışdir. Cavabdeh Nüsrət Rəcəbov ona kredit götürüb ev tikməyi, inək almağı, 1 aya toy etməyi təklif etmişdir. Cavabdehlə birlikdə “Kapital Bankın” Sumqayıt filialına gedərək aylıq əmək haqqına görə xx.xx.2018cidə 6300 manat pul götürmüşlər. Bankda cavabdeh pulu götürmək istəmiş, lakin xəzinədar pulun onun tərəfindən götürülməsini bildirmişdir. Bundan sonra bankın xəzinəsindən pulu götürmüş və həmin pulu cavabdeh bankda ondan almışdır. Bundan sonra cavabdeh 1500 manata yaxın kredit ödəmişdir. Qalan kredit məbləği isə 2022-ci ildə tam ödənilmişdir. Cavabdehin atası və anası ödəyəcəklərinə söz vermis və fevral 2019-cu il tarixədək ödəmişlər. Bu barədə onların yazışmaları da olmuşdur. Cavabdeh tərəf iyul ayından yanvar ayına qədər ödənişi etmişdir. İddiaçı iddia ərizəsində isə kreditin 1540 manatını cavabdehlərin ödədiyini, qalan 8974 manatın isə onun əmək haqqından tutulduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının izahatı ilə, iddia ərizəsində göstərdiyinin arasında ziddiyyət vardır. Həmçinin o, bankdan götürdüyü kreditin cavabdeh tərəfindən alındığını göstərsə də bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının verdiyi bu ziddiyyətli izahatlar iddiaçının səmimi ifadə verməsini şübhə altına alır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eləcə də iddia tələbi ilə bağlı cavabdehin fikri soruşulduqda o, iddianı qəbul etməyərək iddiaçının bankdan kredit götürməsini atasının borcu ilə bağlı olduğunu bildirmişdir.
10. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının bankdan kredit götürüb cavabdehə verməsini sübutetmə yükü iddiaçının üzərinə düşür.
11. Beləliklə, məhkəmə iddiaçının izahatını, cavabdehin fikrinin təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı Bankdan 6300 manat kredit götürüb cavabdehə verdiyini iddia etsə də, bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır.
12. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cavabdehə bankdan kredit götürüb verməsini sübuta yetirə bilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-439/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 1-ci instansiya məhkəməsinə iddia tələbinin əsasını təşkil edən bəzi sənədlər, cavabdehlə aralarında olan yazışmalar və s. təqdim olunmuş, lakin, məhkəmə, iş materiallarında olan həmin dəlillərdən kifayət qədər istifadə edə bilməmiş, hətta Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə sorğu verib araşdırma materialını ala bilməmişdir. Məhkəmə yalnız mobil telefon vasitəsi ilə cavabdehin özünün və atası Hüseyn Rəcəbovun fikrini öyrənmiş və iş üzrə yekun qərar vermək üçün bununla da kifayətlənmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o, “Cavid” ticarət mərkəzində satıcı işləyərkən cavabdeh Nüsrət Rəcəbov ilə tanış olmuşlar. Cavabdeh onunla ailə qurmaq istədiyini bildirmiş və razılığını almışdır. Cavabdeh Nüsrət Rəcəbov ona kredit götürüb ev tikməyi, inək almağı, 1 aya toy etməyi təklif etmişdir. Çünki, həmin zaman pulunun olmadığını və sonra ona qaytaracağını bildirmişdir. Cavabdehlə birlikdə "xxxx"ın Sumqayıt filialına gedərək aylıq əmək haqqına görə xx.xx.2018-ci il tarixdə 6.300 manat pul götürmüşlər. Bundan sonra bankın xəzinəsindən pulu götürmüş və həmin pulu cavabdeh bankda ondan almışdır. Cavabdeh tərəfindən ödənişlərin edilməsi razılaşmışlar. Kredit müqaviləsi üzrə cavabdeh cəmi 1.540 manat məbləğində kredit ödəmişdir. Kredit müqaviləsi üzrə qalan borcu isə özü ödəmişdir. Cavabdehin atası və anası ödəyəcəklərinə söz vermiş və fevral 2019-cu il tarixədək ödəmişlər. Bu barədə onların yazışmaları da olmuşdur. Cavabdeh tərəf iyul ayından yanvar ayına qədər ödənişi etmişdir. Lakin, daha sonra aralarında olan münasibət pozulduğu və nişan qaytarıldığı üçün cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də cavabdeh barəsində yaşadığı yer üzrə Sumqayıt Polis İdarəsinə şikayət etmiş, mülki xarakterli olduğundan ona məhkəmədə iddia qaldırması izah edilmişdir. Hazırda isə başqa şəxslə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bir azyaşlu uşağı vardır. O, cavabdeə pulu bankın binasında pulu götürən kimi vermişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, “Cavid” ticarət mərkəzində İddiaçı (Rüstəmova) ilə tanış olmuşlar. Daha sonra onlar gələcəkdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmaq üçün nişan mərasimi etmişlər, 2013-cü il tarixdən 2019-cu il tarixədək nişanlı olmuşlar. O, iddiaçı ilə birlikdəxx.xx.2018-ci il tarixdə "xxxx"ın Sumqayıt filialına gedərək iddiaçının adına 6.300 manat pul götürmüşlər. O, həmin zamanı bankda olarkən pulu iddiaçıdan alıb özünə götürmüşdür. Sonradan həmin pulun bir hissəsini iddiaçının atasının cinayət işi ilə zəruri xərclərin borcunun bağlanmasına və öz xərclərinə istifadə etməklə qarşılamışdır. İddiaçının kredit müqaviləsi üzrə götürülmüş puldan bir hissəsini banka ödəmişdir. Bununla bağlı iddiaçının göstərdiyi və banka etdiyi ödənişləri təsdiq edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
26. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
41. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
47. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
48. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
49. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
50. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
51. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
54. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
56. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
57. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh X7 iddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızı ilə birgə ailə həyatı qurmaq üçün nişan mərasimi etmişlər və beş il nişanlı qalmışlar. Tərəflər nişanlı olduqları zamanda cavabdehin evinin təmir edilməsi və mal-qara alınması üçün iddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızı "xxxx" ASC-dən illik 27,84 % olmaqla 48 ay müddətinə 6.300 manat məbləğində kredit götürüb cavabdeh X4 vermiş və həmin kredit müqaviləsi üzrə aylıq ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə razılıq əldə etmişlər. Daha sonra tərəflərin arasında olan münasibətlər pozulduğu üçün onlar ayrılmışlar. Lakin, münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçıdan aldığı 6.300 manat pulu qaytarmamış və kredit müqaviləsi üzrə ödənişləri tam etməmişdir. Buna görə də iddiaçı kredit və faizləri birlikdə cəmi 10.514,86 manat məbləğində banka ödəniş etmişdir. Cavabdeh isə həmin məbləğdən 1540 manat ödəniş etmiş, qalan pulu isə geri qaytarmamışdır.
58. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə iddiaçının izahatını, cavabdehin fikrinin təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı Bankdan 6300 manat kredit götürüb cavabdehə verdiyini iddia etsə də, bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cavabdehə bankdan kredit götürüb verməsini sübuta yetirə bilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır.
59. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
60. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
61. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
62. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
63. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
64. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
65. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
66. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
67. Hazırkı mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
68. İş materiallarından görünür ki, cavabdeh X7 iddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızı ilə birgə ailə həyatı qurmaq üçün nişan mərasimi etmişlər və beş il nişanlı olmuşlar. Tərəflər nişanlı olduqları zaman toy mərasimindən qabaq cavabdehin evinin təmir edilməsi və ondan əlavə mal-qara alınması üçün iddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızı "xxxx" ASC-dən illik 27,84 % olmaqla 48 ay müddətinə 6.300 manat məbləğində kredit götürüb cavabdeh X4 vermiş və həmin kredit müqaviləsi üzrə aylıq ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə razılıq əldə edilsə də, cavabdeh 1540 manat ödəniş etdikdən sonra sonradan ödənişi davam etməkdən yayınmışdır.
69. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən bankdan kreditin götürülməsi işin mübahisəsiz halıdır. Çünki, xx.xx.2018-ci il tarixli 125CLM19914077AA nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Qurbanova (Rüstəmova) Aysel Maarif qızı "xxxx" ASC-dən 48 ay müdddətinə, illik 27,84 faiz ödəmək şərtilə, 6.300 manat kredit götürmüşdür.
70. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatda iddiaçıdan 6.300 manat məbləğdə pul almasını etiraf edir. Lakin, bununla yanaşı bildirir ki, həmin pulun iddiaçının atasının cinayət işi ilə əlaqədar zəruri xərclərin qaşılanması üçün sərf edildiyini bildirir. Ancaq, həmin pulların iddiaçının atası üçün sərf edilməsi və ya pulun iddiaçının özünə qaytarılması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (36&).
72. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir
73. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (40&).
74. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
75. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.
76. Qeyd edilməlidir ki, nişan mərasiminin keçirilməsi ailənin mütləq qurulmasını ehtiva etmir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Belə ki, nişan mərasimi əsasən gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə keçirilir. Göründüyü kimi, iddiaçı da cavabdeh ilə rəsmi nikaha daxil olmamışdan qabaq öz adında kredit götürmüş və pul cavabdehə vermişdir. Lakin, cavabdeh tərəfindən nişan qaytarıldıqdan sonra iddiaçının pulu verilməmişdir.
77. Məhkəmə kollegiyası hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak (pul) əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.
78. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
79. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
80. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
81. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (27-29&).
82. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh ilə ailə həyatı qurmaq üçün zəruri xərclərin qarşılanmasına görə bankdan kredit götürüb sonuncuya vermiş, lakin sonrada ailənin qurulması mümkün olmadığından cavabdeh tərəfindən götürülmüş 6.300 manat məbləğində pul geri qaytarılmamış, nəticədə isə iddiaçıya maddi ziyan dəymişdir. Buna görə də cavabdeh iddiaçıya məxsus pulu qaytarmamaqla əsassız varlanmışdır.
83. Digər tərəfdən, cavabdeh Nüsrət Rəcəbov götürdüyü pulu geri qaytarmadığı üçün iddiaçı sonuncunun təqsiri ucbatından kredit müqaviləsinə görə banka əsas borcdan əlavə faiz ödəməyə məcbur olmuşdur.
84. Belə ki, xx.xx.2018-ci il tarixli 125CLM19914077AA nömrəli kredit müqaviləsinə əlavə ödəniş qrafikindən görünür ki, X6 "xxxx" ASC-dən götürdüyü kredit üzrə faizləri ilə birlikdə xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 218,99 manat, sonuncu ay 222,33 manat olmaqla, ümumilikdə 10.514,86 manat ödəməyi öhdəsinə götürmüşdür.
85. Göründüyü kimi, iddiaçı əsas borcdan əlavə 4.214,86 manat məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı əlavə xərclərə məruz qalmışdır.
86. Qeyd olunan hissədə iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
87. Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21-22&).
88. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (30-31&).
89. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
90. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
91. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyana düşmüş, yəni kredit götürmüş və faiz ödəmişdir. Bu, iş materialları ilə təsdiqlənən haldır. Ona görə də cavabdeh təqsirli hərəkətlərinin nəticəsi olaraq iddiaçıya dəymiş maddi ziyanı və sair xərcləri qarşılamalıdır.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
93. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
94. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
95. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
96. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
97. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
98. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
99. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
100. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
101. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
102. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
103. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-439/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh X2 8.974 (səkkiz min doqquz yetmiş dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 110 (bir yüz on) manat məbləğində pul alınaraq, iddiaçı Qurbanova (Rüstəmova) Aysel Maarif qızına verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.