Məhkəmə qərarları › İş №2(104)-489/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-489/2024

09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-489/2024 09.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(023)-1244/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 1000 manat dəyərində brilliant qaşlı üzük, 3000 min manat dəyərində qızıl boyunbağ, qolbağ, sırğa və üzük, iki ədəd 400 manat və 300 manat olmaqla, cəmi 700 manat dəyərində olan qızıl boyunbağılar və bir ədəd taclı 200 manat dəyərində olan qızıl üzük, ümumilikdə 5100 manat dəyərində olan qızı-zinyət əşyalarının cavabdehdən alınıb ona qaytarılması, hüquqi yardıma görə vəkilə ödədiyi 600 manatın, yol xərcləri üçün 200 manatın, etibarnamə alınması üçün notariusa rüsum kimi ödədiyi 11 manat 50 qəpik məbləğində pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 80 manatın, ümumilikdə 891 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(023)-1244/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilərək, Cavabdeh 1000 manat dəyərində brilliant qaşlı üzük, 3000 min manat dəyərində qızıl boyunbağ, qolbağ, sırğa və üzük, iki ədəd 400 manat və 300 manat olmaqla, cəmi 700 manat dəyərində olan qızıl boyunbağılar və bir ədəd taclı 200 manat dəyərində olan qızıl üzük, həmin əşyalar mövcud olmadıqda isə dəyəri olan 4900 (dörd min doqquz yüz) manat pul alınıb İddiaçı verilməsi; Cavabdeh 69 (altmış doqquz) manat dövlət alınıb İddiaçı verilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin iyul ayında İddiaçı Cavabdeh ilə kiçik nişan mərasimləri keçirilmiş, həmin mərasimdə qızıl-zinət əşyası olaraq ona 1000 manat dəyərində brilyant qaşlı üzük alınmışdır. Həmin ilin, yəni 2017-ci ilin avqust ayında toy mərasimindən əvvəl onun iştirakı ilə Gəncə şəhərində toy mərasimi üçün 3000 manat dəyərində qızıl boyunbağı, qolbağ, sırğa və üzük dəsti alınmışdır. 2017-ci ilin oktyabr ayının 2-də qohumları tərəfindən əlavə olaraq iki ədəd 400 manat və 300 manat olmaqla, cəmi 700 manat dəyərində qızıl boyunbağı və 200 manat dəyərində bir ədəd taclı olan qızıl üzük alınıb verilmişdir. 2019-cu ilin yanvar ayında ailədə baş verən münaqişələrə görə atası evinə qayıtmışdır. Evdən çıxarkən bütün qızıl-zinət əşyaları əlindən alınmışdır. Sonrakı dövrdə ona məxsus cehiz əşyalarını cavabdehin yaşadığı evdən götürsə də, lakin qızıl-zinət əşyaları ona verilməmişdir. Sözgedən qızıl-zinət əşyalarının götürülməməsi barədə cehiz əşyalarını çıxarması ilə əlaqədar tərtib olunmuş aktda qeydiyyat aparılmışdır. İş materaillarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4865/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 02 oktyabr 2017-ci il tarixdə Qazax rayonu Dəmirçilər kənd icra nümayəndəliyində bağlanmış 1 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan 20 iyul 2019-cu il təvəllüdlü X6 adlı uşağın anası X2 yanında qalmasının müəyyən edilməsi, 20 iyul 2019-cu il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, alimentin tutulmasının əvvəlinin qətnamə çıxarılan 30 sentyabr 2021-ci il tarixdən aparılması qət edilmişdir; Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, Əsmərin cehizləri yığılanda o da orada olmuşdur. Toy mərasimində həqiqətən Əsmərə sep, üzük, qolbağıdan ibarət qızılzinət əşyaları hədiyyə olunmuşdur. Həmin qızılları cavabdehlə Gəncədən 3000 manata almışlar. Digər qızıllar nişan və toy vaxtı hədiyyə olunub; Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, İddiaçı bibisi qızıdır, hər iki tərəflə qohumluq münasibətləri olduğundan toyda iştirak etmişdir. Toyları olan vaxt Əsmərə qızılzinət əşyaları hədiyyə olunmuşdur. Həmin vaxt Əsmərin üzərində boyunbağ, qolbağ, sırğa və üzükdən ibarət dəstindən başqa nazik seplərdə görmüşdür. Əsmərdən soruşduqda komplektin brilyant olduğunu və 4000 manata aldıqlarını bildirmişdir. Əsmər cavabdehdən ayrılıb gəldikdə qızıllarının cavabdehin evində qaldığını bildirmişdir. Sonradan qızılların qaytarılması ilə bağlı cavabdehə müraciət etmişlər; Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, İddiaçı onun qızıdır. Cavabdeh nişan vaxtı qızı Əsmərə 1000 manata tək qaşlı nişan üzüyü almışdır. Toy vaxtı isə boyunbağ, qolbağ, sırğa və üzükdən ibarət komplekti Gəncədən 4000 manata aldıqlarını demişlər. Əsmər cavabdehin evindən çıxdıqda qızıllar cavabdehin anasında qalmışdır. Cehizləri götürməyə gedəndə o özü də iştirak etmişdir, cehiz əşyalarından bəziləri olmamışdır, qızılzinət əşyalarını isə verməmişlər; Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, Cavabdeh onun oğludur. İddiaçıya nişan və toy vaxtı hədiyyə olunmuş qızıl-zinət əşyaları həmişə özündə olmuşdur. İddiaçı evdən gedərkən onun xəbəri olmamışdır. Belə ki, Əsmər qonşuları Nazim Həsənovdan onu vağzala aparıb Bakıya yola salmasını xahiş etmişdir. Sonradan evdən cehiz əşyaları, paltarları götürüləndə bəzi çatışmayan əşyaları qeyd etdiklərini bildirərək ona imzalatmışlar. O həmin hərfi oxuya bilmədiyindən həmin sənəddə nə yazıldığını bilməmişdir. Qızılları oğlu haradansa alıb gətirmişdi, qızıl olub-olmamasını bilməmişdir. Toy vaxtı gəlininə hədiyyə etdiyi isə bijuterya olmuşdur; Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, Cavabdeh qonşusudur. xx.xx.2019-cui il tarixdə İddiaçı onun evinə gəlib atasının xəstə olduğunu bildirərək, onu avtovağzala aparmağını xahiş etmişdir. O İddiaçı avtovağzala aparmış, lakin onun evdən küsüb getdiyini bilməmişdir. Həmin vaxt Əsmərin əlində sumkası olmuşdur; “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş Cavabdeh sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh 09 yanvar 2019-cu il tarixdə ölkə hüdudlarını tərk edərək Surqut şəhərinə getmiş və 05 iyun 2019-cu il tarixdə ölkəyə geri qayıtmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən qızıl-zinət əşyalarının nə çəkisi, nə də ki dəyəri barədə heç bir məlumat verilməmişdir. 2017-ci ilin iyul ayında keçirilən nikah mərasimdə Əsmər Musayevə heç bir fakta istinad etmədən bildirmişdir ki, cavabdeh tərəfindən 1000 manat dəyərində tək qaş brilyant üzük alınmış. Kim tərəfindən bu üzük qiymətləndirilmişdir. Halbuki, həmin üzük onun tərəfindən 400 manata alınmış və həmin üzüyün qaşı brilyanta bənzəsə də, əslində brilyant olmamışdır. Eyni zamanda iddia ərizəsində qeyd edilən 3000 manat dəyərində qızıl boyunbağı, qolbağı, üzük vəsırğanı isə 800 manata Dubay şəhərindən gətirilmişdir. Göründüyü kimi, iddiaçı qızıl-zinət əşyalarına artıq qiymət qoymaqla sanki ondan heyf almağa çalışır. Məhkəmə tərəfindən bu hallar araşdırılmamışdır. Həmçinin, məhkəmə qızıl-zinət əşyalarının onda qalması barədə qənaətini iş materiallarında olan aktla əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, cehiz əşyaları təhvil alınan zaman qızıl-zinət əşyaları götürülməmişdir. Halbuki, həmin akt onun və iddiaçının valideynləri tərəfindən imzalanmışdır. Həmin siyahıda necə olur ki, qab-qacaqların sayı və forması barədə məlumatlar qeyd edilir. Amma qızıl-zinət əşyalarının sayı, çəkisi və formaları barədə heç bir məlumat qeyd edilmir. Bu da onu göstərir ki, qızıllar barədə qeyd sonradan yazılmışdır. Həmin siyahı tərtib olunan zaman qızıl-zinət əşyalarının onda qalması barədə söhbət belə getməmişdir. İddiaçı ilə nikah münasibətləri 10 yanvar 2019-cu il tarixdən pozulmuşdur. İddiaçı həmin gün evdən çıxarkən qonşuluqda yaşayan X9 ilə getmişdir. Həmin vaxt o Rusiya Federasiyasında olmuşdur. İddiaçı gedəndə özü ilə şəxsi əşyalarını da aparmışdır. Bu hal məhkəmədə şahid qismində dindirilmiş Nazim Həsənovun ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, adı qeyd olunan şahid ifadəsində bildirmişdir ki, 10 yanvar 2019-cu il tarixdə İddiaçı avtovağzala aparan zaman onun əlində yük olmuşdur. Bu da onu göstərir ki, İddiaçı evdən gedəndə qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 10 yanvar 2019-cu il tarixdə cavabdehlə birgə yaşamış olduqları evdən çıxıb getmişdir. Cavabdeh Rusiya Federasiyasında yaşamışdır, lakin onun ata-anası iddiaçı ilə bir evdə yaşamışlar. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iş materiallarındakı CD diskdə olan səs yazısı iddia qaldırılmamışdan 3-4 ay əvvəl qeydə alınmışdır. İddiaçıya məxsus qızıllar cavabdehin anası tərəfindən zorla iddiaçıdan alınmışdır. İddia tələbi ilə bağlı nə sübutları varsa, məhkəməyə təqdim ediblər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər 02 oktyabr 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və İddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığı evə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından 20 iyul 2019-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və İddiaçı 10 yanvar 2019-cu il tarixdə cavabdehlə birgə yaşamış olduqları evdən çıxıb getmişdir. Sonradan iddiaçı özünə məxsus cehiz əşyalarını həmin evdən çıxartmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, toy və nişan mərasimində ona hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdehlə birgə yaşamış olduqları evdə olmuşdur və həmin evdən çıxan gün, yəni 10 yanvar 2019-cu il tarixdə cavabdeh ona məxsus qızıl-zinət əşyalarını əlindən almışdır. Cavabdehdən dəfələrlə qızıllarını tələb etsə də, lakin müsbət nəticə olmamışdır. Bununla yanaşı işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, İddiaçı cavabdehlə birgə yaşamış olduqları evdən çıxıb getdiyi gündən (xx.xx.2019) bir gün qabaq, yəni 09 yanvar 2019-cu il tarixdə Cavabdeh ölkə hüdudlarını tərk edərək Surquta getmişdir və 05 iyun 2019-cu il tarixdə ölkəyə geri qayıtmışdır. Mpm-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İşin hallarından göründüyü kimi, İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq Cavabdeh tələb edir. Məhkəmə kollegiyası bununla bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu baxımdan iddiaçıya məxsus qızıl-zinət əşyalarının qaytarılmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin müəyyən edilmiş və faktiki hallarından göründüyü kimi İddiaçı 10 yanvar 2019-cu il tarixdə cavabdehlə birgə yaşamış olduğu evdən çıxıb getmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlə birgə yaşamış olduqları evdən çıxıb getdiyi gündən (xx.xx.2019) bir gün qabaq, yəni 09 yanvar 2019-cu il tarixdə Cavabdeh ölkə hüdudlarını tərk edərək Surquta getmişdir və 05 iyun 2019-cu il tarixdə ölkəyə geri qayıtmışdır. Xüsusilə diqqət yetirilməli haldır ki, İddiaçı iddia ərizəsində (bax iddia ərizəsi ikinci abzas) məhz cavabdehlə birgə yaşamış olduqları evdən çıxarkən bütün qızıl-zinət əşyalarının əlindən alındığını qeyd etmişdir. Başqa sözlə, iddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının cavabdehlə ayrılmamışdan əvvəl sonuncu tərəfindən əlindən alındığını bildirməmişdir. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı da 06 oktyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan (bax səhifə 67) görünür ki, İddiaçı izahatında iddia etdiyi qızıl-zinət əşyalarının hər zaman cavabdehin anasında olduğunu, sonuncunun həmin əşyaları xüsusi günlərdə taxmaq üçün ona verdiyini və sonradan əlindən aldığını bildirmişdir. Digər tərəfdən apellyasiya baxışı zamanı keçirilmiş hazırkı məhkəmə iclasında da iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) iddia olunan qızıl-zinət əşyalarının cavabdehin anası tərəfindən zorla iddiaçıdan alındığını bildirmişdir. Məhkəmə kollegiyası İddiaçı 10 yanvar 2019-cu il tarixdə cavabdehlə birgə yaşamış olduğu evdən çıxıb getməsi, iddiaçının qızıl-zinət əşyalarının evdən çıxarkən əlindən alındığını bildirməsini, habelə həmin gündən bir gün qabaq, yəni 09 yanvar 2019-cu il tarixdə Cavabdeh ölkə hüdudlarını tərk etməsi barədə işin hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək hesab edir ki, hazırkı tələb üzrə Cavabdeh iddiaya cavab verən şəxs deyildir. Bu kontekstdə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin iddianın tələb hüququ olan şəxs tərəfindən verilməsi, eləcə də iddianın ona cavab verməli olan şəxsə qarşı verilməsi ilə bağlı müddəalarına nəzər yetirilməsi zəruridir. MPM-nin 50.2-ci maddəsində deyilir ki, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. Hazırkı iş üzrə iddiaçı özü birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışı zamanı etibarnamə üzrə nümayəndəsi (vəkil) izahatlarında bildirmişlər ki, mübahisə predmeti olan qızıllar cavabdehin anası (keçmiş qaynana) tərəfindən iddiaçının əlindən alınmışdır. İddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının cavabdehin anasının qanunsuz sahibliyində olub-olmamasının araşdırılması hazırkı iddianın predmetini təşkil etmədiyindən məhkəmə kollegiyası bu xüsusatla bağlı araşdırma aparılmasını zəruri hesab etmir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmasına dair sübut kimi iş materiallarına əlavə edilmiş CD diskdəki səs yazısına, habelə onun cehiz əşyalarının cavabdehin yaşadığı evdən götürülməsinə dair tərtib edilmiş əlyazma siyahıya istinad edir. Məhkəmə kollegiyası CD diskdəki səs yazısını və əlyazma siyahı mötəbər sübut hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsinin (vəkil) iştirakı ilə CD diskdəki səs yazısı tədqiq edilərək dinlənilmiş və müəyyən edilmişdir ki, səs yazısında gedən danışıq cavabdeh və iddiaçının qardaşı arasında qeydə alınmışdır. Məhkəmə kollegiyası həmin səs yazsının tərəflər arasında gedən danışıq olmadığını nəzərə alaraq həmin səs yazısını sübut kimi qəbul etməmişdir. İddiaçı məhz işin müəyyən olunmuş sözügedən hallarına istinad edərək müvafiq iddia tələbini irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; hazırkı iş üzrə Cavabdeh isə iddiaçının müvafiq tələbinə cavab verməli olan şəxs deyildir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də qətnamə ləğv olunmalı və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tələb qiymətləndirilən iddia olmaqla iddianın qiyməti 5100 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, cavabdehdən 4900 manat dəyərində qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqsa isə onların dəyəri tutulmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən hazırkı apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə iddia tələbinin təmin olunmuş hissəsi, yəni 4900 manat hissə təşkil etmişdir. Ona görə də, mübahisələndirilən hissə də, iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 378-382, 384, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(023)-1244/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar