Məhkəmə qərarları › İş №2(104)-509/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-509/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-509/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Xəzər- Audit” 2020” MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xocalı Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2(070)-424/2024 nömrəli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Xəzər-Audit” 2020” MMC-yə qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin törətdiyi əməllərə, əmlakı mənimsəməsinə və israf etməsinə görə Cavabdeh 25147,23 manat maddi zərər, Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla əldən çıxmış fayda, israf etmə və zərərə görə 6648 manat və ödənilmiş 185,4 manat dövlət rüsumunu alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2(070)-424/2024 nömrəli (hakim T.Ələkbərov) qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı QSC şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(070)-424/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prоsessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 150.1.2. maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5. maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.2. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə köçürülür; Həmin Qanunun 4.6 maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur. Yuxarıda da qeyd olunduğu kimi, İddiaçı QSC cavabdehdən 25147,23 manat maddi zərər, Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla əldən çıxmış fayda, israf etmə və zərərə görə 6648 manat tutulmasını xahiş etmişdir. Əldən çıxmış faydanın hansı tarixlər üçün tələb edildiyini və həmin məbləğin nə qədər olmasının dəqiq göstərilmədiyini və bu qeyri-müəyyənliyin iş üzrə ödəniləcək dövlət rüsumunun məbləğinə təsir göstərməsinə, eləcədə ödənilmiş dövlət rüsumunun Xocalı Rayon Məhkəməsinin hesabına deyil, Xankəndi Məhkəsinin hesabına ödənildiyini əsas gətirərək birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmışdır. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, mülki prosessual qanunvericiliyə görə iddianın predmeti və qiyməti, iddiaçının tələbləri və cavabdehə qarşı yönələn tələb aydın və dəqiq göstərilməlidir. İddiaçı tərəfin vermiş olduğu şikayətə sonradan 125,40 AZN dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etsədə, lakin kollegiya bunu qərardadın ləğvi üçün əsas saymır. Çünki yuxarıda da qeyd olunduğu kimi əldən çıxmış fayda hissədə tələb hansı tarixlər üçün və hansı məbləğin tələb edilməsi qeyri-müəyyəndir və bu qeyri müəyyənlik də özlüyündə ödəniləcək dövlət rüsumunun məbləğinə təsir göstərən amildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Xocalı Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2(070)-424/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2(070)-424/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar