Məhkəmə qərarları › İş №2(104)-510/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-510/2023

13.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-510/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-1085/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Samux rayon Nəbiağalı qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qərarı ilə ona satılmış 0,08 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə faktının tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-1085/2022 saylı qərardadı ilə (hakim S.Zeynalova) Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sahiblik, istifadə və sərəncam vermə faktının tanınması tələbinə dair ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilməsi və ərizənin ona əlavə edilmiş sənədlərlə birli məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Ərizəçi qərardadın dəlilləri ilə razılaşmayaraq şikayt vermiş, qərardadın ləğv olunması və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Məhkəmə tərəfindən Gəncə İnzibati Məhkəməsinin qərarında göstərilən hallar və torpaq sahəsi üzrə sənədlərin başqa cür əldə edilməsinin mümkünsüzlüyü və məhkəmə müdafiəsindən istifadə etməklə bağlı hallar araşdırılmamışdır. Sözügedən qərardadın ləğv edilməsi və ərizənin məhkəmənin icraatına qəbul edilməsinə dair yeni qərardad çıxarılması xahiş edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-1085/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qərardaddan verilmiş şikayətin əsaslılığını müəyyən etmək üçün ilk öncə Azərbaycan Respublikası MPM-nin aşağıdakı normalarını nəzərdən keçirməyi zəruri sayır. Ərizə və ona əlavə edilmiş materiallar araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçinin eyni tələblə ərizəsi və ona əlavə edilmiş sənədlər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-865/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(058)-513/2022 saylı qərardadı ilə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə ərizəni qəbul etməkdən imtina edilmiş, ərizəçiyə qərardadın mətnində göstərilmiş qaydada Samux rayon Dövlət arxivinə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan ərizəçinin şikayətinə xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində baxılaraq 2(104)-1833/2022 saylı qərardadla şikayət təmin edilməmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-513/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin 153.2-ci və 153.2.1ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əşaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi ərizəni iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 402, 404, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-1085/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə builməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar