Məhkəmə qərarları › İş №2(104)-53/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-53/2025

07.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-53/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və X2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızıdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli, 2(125)-311/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA serialı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur.

2. Elektron məhkəmə informasiya sistemində olan şəxsi məlumatlardan görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır.

3. RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon ev 19E, mənzil 21 xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır.

4. 0016653 saylı və ******* saylı qaimə fakturalardan görünür ki, Seymur adlı şəxsə Tural adlı şəxs tərəfindən müxtəlif tikinti materialları üçün 556 manat və Hüseyn adlı şəxsə Tural adlı şəxs tərəfindən 191 manat verilmişdir.

5. İş materiallarında olunan “WhatsApp” yazışmalarından görünür ki, həmin yazışmalarda İddiaçı Cavabdeh borcunu qaytarmasını, Cavabdeh isə ona borcununun olmadığını bildirmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/150 saylı rəyindən görünür ki, rəyin “Tədqiqi hissəsin”nin 1-ci bəndində göstərilən səbəblərə görə “WhatsApp” proqram təminatında qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən “WhatsApp” mesajlaşma sisteminin yenilənmiş son versiyasında göndərilən və qəbul edilən mesajların redaktə olunması üçün texniki imkan olmadığından mesaj göndərən və ya qəbul edən şəxsin “WhatsApp” mesajlaşma sistemi və ya proqram təminatı ilə mesajları redaktə etməsi mümkün deyil. “WhatsApp” proqram təminatına dair məlumat bazasının (server) informasiya təhlükəsizliyinə müdaxilə edilərək və ya xüsusi vasitələr (proqram təminatlarına müdaxiləni və dəyişiklikləri təmin edən proqramm arxivləri) istifadə olunaraq kiberhücumlarla hakerlər tərəfindən proqram üzərində hər hansı bir müdaxilənin və redaktələrin mesajlar üzərində edilməsi halları ola bilər.

7. Məhkəmə Ekspertiza Mərkəzinin məlumatından görünür ki, 2(125)-311/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi üçün tədqiqat obyektinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. Qeyd olunur ki, tədqiq olunan mənzilin qapısı bağlı olduğundan tədqiqat obyektinə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3884 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda inşa edilmiş 19E saylı evin, 21 saylı mənzildə əlavə təmir işlərinin görüldüyü, görülmüş əlavə təmir işlərinin usta haqqı da daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 5665 (beş min altı yüz altmış beş) manat məbləğində olduğu müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7430 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qızı X6 adət üzrə 2018-ci ilin sentyabr ayında toy edərək Cavabdeh ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 E, mənzil 21-də birgə yaşamışlar. Sentyabr ayında toy olmazdan əvvəl iddiaçı qızının gəlin getdiyi evi öz hesabına təmir etdirmişdir. Cavabdehlərlə razılaşma bu qaydada olmuşdur ki, iddiaçı evi təmir elətdirir, daha sonra isə cavabdeh bu evin təmirinə xərclənən pulu 2021-ci ilin avqust ayında qədər geri qaytarır. İddiaçı evin təmirinə öz şəxsi büdcəsindən ümumilikdə 7430 manat məbləğində pul xərcləmişdir. Nəticə etibarı ilə ünvan 1 nömrəli mənzildə 2018-ci ilin avqust ayında əsaslı təmir işləri görülmüşdür. Belə ki, evin qapıları tam dəyişdirilmiş, ustaların zəhmət haqqı tam ödənilmiş, oboy çəkilmiş, lak, emusya, plastik şkaf, qapı və pəncərə işləri görülmüşdür. Daha sonra iddiaçının qızı ilə cavabdehin arasında ailə münasibətləri pozulmuş və ayrılmışlar. Ayrıldıqdan sonra o, cavabdeh Turaldan dəfələrlə pulu tələb etməsinə baxmayaraq, cavabdeh evin satılacağı təqdirdə təmirə xərclənmiş pulu verəcəklərini söyləmişdir. Cavabdeh evin satılması üçün elan versə də, evin satılması artıq uzun müddətdir gecikir və cavabdeh bu bəhanə ilə öhdəliyini icra etməkdən yayınır. Odur ki, cavabdehlər Cavabdeh və X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7430 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş olunmuşdur.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil, həmin tələb şər, böhtandan ibarətdir. Belə ki, iddiaçının qızı X6 adət üzrə 2018-ci ilin sentyabr ayında toy edərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 E, mənzil 21-də birgə yaşamışlar. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19 E, mənzil 21də yerləşən mənzil hərbiçilər üçün inşa edilmiş mənzillərdir. Həmin mənzillər hamısı təmirli şəkildə tikilib təhvil verilmişdir. Düzdür iddiaçının qızı ilə ailə qurduqdan sonra iddiaçı öz zövqünə uyğun olaraq otaqların qapısını dəyişmiş, mətbəxdə kafelləri dəyişmişdir. Lakin həmin işləri o özü görmüşdür. Ümumilikdə isə həmin mənzillərin təmirə ehtiyacı olmamışdır. İddiaçı ilə onun arasında whatsapp yazışmaları olmuş, həmin yazışmalardan da görünür ki, iddiaçı tələbin yalan olduğunu etiraf etmişdir. Həmçinin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə iddia vermişdir. Qeyd edilənlərlə əlaqədar iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, malyardır. ünvan 1 ünvanında yerləşən evdə təmir işlərində iştirak etmişdir. Həmin evdə Turalı yalnız bir dəfə görmüşdür. Həmişə Səidə xanımla əlaqə saxlayaraq alınacaq oboy, emusiya kimi materiallar istəmiş, Səidə xanım da ev üçün lazımlı olan materialları onlara çatdırmışdır. 3 otaq, mətbəx və dəhlizdə tavan işlərini, divarların emusiyasını 2 usta və bir fəhlə olmaqla onlar görmüşlər. Səidə xanım evin təmiri üçün onlara 1750 manat vermiş, həmçinin 300 manat yeməklərinə xərcləmişdir. Ümumilikdə nə qədər xərc getməsi barədə məlumatı yoxdur.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o santexnikdir. Həmin evdə usta kimi işləmiş və müəyyən təmir işləri aparmış 500 manat əl muzdu,100 manat yemək pulu verilməsi üçün Səidə xanımla razılaşmışlar. O, Turalı tanımır, bütün təmir işləri ilə də Səidə xanım maraqlanmışdır. Həmçinin Səidə xanımın həmin ev üçün ağ rəng bəzəkli qapılar və mətbəx üçün kafel metlak aldığının da şahidi olmuşdur.

15. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Turalı onların mağazalarından materiallar aldığı üçün tanımışdır. Tural onların mağazasına iki xanımla gəlmiş, onlardan 10 kley, 23 oboy almış, materialların pulunu da, Tural vermişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, 1001 xırdavat mağazasında tikinti materiallarının satışı ilə məşğul olur. Turalı onların mağazalarından materiallar aldığı üçün tanımışdır. Təxminən 2019-cu ilin yay aylarında Tural onların mağazasına gələrək evinin təmiri üçün lazım olan materialları oradan almışdır.

17. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-311/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 7430 manat pulun alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edilmişdir.

Apellyasiya şikayətlərinin və onlara etirazların dəlilləri a) apellyasiya şikayətlərinin dəlilləri

19. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(125)-311/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı X4 iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi iki əsasa görə təmin etmişdir. Birincisi məhkəmə belə qənaətə gəlmişdir ki, guya o iddia tələbini qismən etiraf etmişdir. İkincisi onun ekspertizanın keçirilməsinə mane yaratmağı iddianın 7430 manat hissəsinin təsdiq olunmasına səbəbdir. Hər iki əsasla iddia tələbinin təmin olunması absurddur. Çünki, ilk öncə qeyd edir ki, o iddianı nə qismən, nədə ki, başqa formada etiraf etməmişdir. İş materiallarında olan “müddətin tətbiq edilməsi barədə” ərizədən görünür ki, o iddia tələbini qəbul etmir, buna etiraz edir və müddətin tətbiq olunmasını məhkəmədən xahiş edir. Belə olan halda, onun iddianı etiraf etməyindən necə söz gedə bilər? Məhkəmə bu hissədə onun məhkəmədə söylədiyi bəzi sözləri iddiaçının xeyrinə istifadə etmiş və bunu onun etirafı kimi qəbul etmişdir. Halbuki, o sadəcə məhkəmə iclaslarının birində hakimin suallarını cavablandırarkən, “əgər iddiaçı qızının evinə təmirlə bağlı könüllü xərc çəkirdisə, bunun pulunu sonradan geri istəyəcəkdisə, bu hansı milli mentalitetə aid olan valideynövlad münasibətləri idi?, “deyək ki, əgər iddiaçı bunu könüllü etmişdirsə, o niyə ona gələcəkdə pul qaytarmalıydı” kimi ifadələr söyləmişdir. Bu ifadələr onun iddianı etiraf etməyi demək deyildir. O sadəcə ehtimal edilən və fərziyələrlə söykənən ifadə vermişdir. Lakin, qeyd etdiyi kimi, məhkəmə qətnaməsində onun iddianı qismən etiraf etməyi qeyd edilmişdir. Digər məsələ ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza aparılması ilə əlaqədar mübahisəli mənzilə baxış keçirmək üçün ekspert gəlmişdir. Həmin gün ekspert mənzilə çəkilmiş xərcin bütövlükdə hesablanacağını, yəni “podmayak” (mənzilin tikintidən sonra əlavə istifadə olunmuş mal-materialların miqdarı və s.) nəzərə alınacağı bildirilmiş və təbii ki, o da bununla razılaşmadığından ekspertin mənzilə daxil olmasına icazə verməmişdir. Elə həmin anda ekspertin hərəkətlərindən narazı olduğunu özünə və sonradan məhkəməyə bildirmişdir. Lakin, məhkəmə bu məsələləri nəzərə almadan yekun qətnamə qəbul etmişdir. Göstərilən xüsusatlara əsasən, Gəncə Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(125)-311/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-311/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Yuxarıda göstərilən normaların dispoziya şərtlərindən görünür ki, qanunverici işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsinin əsası kimi göstərilmiş halların üzürlü səbəblərlə əlaqədar olması və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borclu olmaları ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş vəsatətə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, vəsatətdə göstərilən üzürlü hesab ediləcək halın ümumiyyətlə nədən ibarət olması müəyyən deyildir və bu halı əsaslandıracaq mötəbər sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir.

24. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Maddə 429.1.3. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Cavabadeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin tələbin təmin edildiyi hissəsində ləğvinə yönəldiyi üçün, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının iddianın təmin edildiyi hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilməlidir.

31. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı qızı X6 və Cavabdeh 2018-ci ilin sentyabr ayında toyu olmuş, toydan sonra ünvan 1 nömrəli mənzilə köçmüşlər. Toydan əvvəl iddiaçı öz vəsaiti hesabına mənzildə təmir işləri apartdırmışdır. İddiaçı evin təmiri üçün öz şəxsi vəsaitindən ümumilikdə 7430 manat məbləğində pul xərclədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

32. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilir ki, Cavabdeh mənzildə müəyyən təmir işlərinin aparılmasını İddiaçı həvalə etmiş, bunun müqabilində isə təmir işlərinə çəkilmiş xərci ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə iddiaçı ilə aralarında belə bir razılaşmanın olmadığını bildirmişdir. Lakin cavabdehin by xüsusatda etirazının dəlilləri iş materialları ilə təkzib edilir.

33. Belə ki, birinci instansiya məhkəməsindəki icraat zamanı həm iddiaçı, həm də cavabdeh tərəfin vəsatəti əsasında dındirilmiş şahidlərin ifadələri əsasında mənzildə sonradan müəyyən təmir işlərinin aparılması müəyyən edilir. Həmçinin məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3884 saylı ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan məlumatlarla mənzilin faktki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman mənzilə əlavə təmir işlərinin aparıldığı, belə ki, mənzilin divarlarına vurulmuş divar kağızının sökülərək yenisi ilə əvəz olunduğu, mənzilin otaqlararası keçid qapılarının dəyişdirildiyi, mətbəx tikintisində quraşdırılmış mebelin arasına metlaq vurulduğu, mənzilin dəhliz, 3 (üç) ədəd yaşayış otağı və mətbəx tikilisinin tavanına boya vurulduğu müəyyən edilmişdir.

34. Birinci instansiya məhkəməsindəki icraat zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, malyardır. ünvan 1 ünvanında yerləşən evdə təmir işlərində iştirak etmişdir. Həmin evdə Turalı yalnız bir dəfə görmüşdür. Həmişə Səidə xanımla əlaqə saxlayaraq alınacaq oboy, emusiya kimi materiallar istəmiş, Səidə xanım da ev üçün lazımlı olan materialları onlara çatdırmışdır. 3 otaq, mətbəx və dəhlizdə tavan işlərini, divarların emusiyasını 2 usta və bir fəhlə olmaqla onlar görmüşlər. Səidə xanım evin təmiri üçün onlara 1750 manat vermiş, həmçinin 300 manat yeməklərinə xərcləmişdir. Həmçinin birinci instansiya məhkəməsindəki icraat zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, santexnikdir. Həmin evdə usta kimi işləmiş və müəyyən təmir işləri aparmış 500 manat əl muzdu,100 manat yemək pulu verilməsi üçün Səidə xanımla razılaşmışlar. O, Turalı tanımır, bütün təmir işləri ilə də Səidə xanım maraqlanmışdır. Həmçinin Səidə xanımın həmin ev üçün ağ rəng bəzəkli qapılar və mətbəx üçün kafel metlak aldığının da şahidi olmuşdur.

35. Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Turalı onların mağazalarından materiallar aldığı üçün tanımışdır. Tural onların mağazasına iki xanımla gəlmiş, onlardan 10 kley, 23 oboy almış, materialların pulunu da, Tural vermişdir. Həmçinin cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, 1001 xırdavat mağazasında tikinti materiallarının satışı ilə məşğul olur. Turalı onların mağazalarından materiallar aldığı üçün tanımışdır. Təxminən 2019-cu ilin yay aylarında Tural onların mağazasına gələrək evinin təmiri üçün lazım olan materialları oradan almışdır.

36. İş materiallarına əlavə edilmiş olan “WhatsApp” yazışmalarından görünür ki, həmin yazışmalarda İddiaçı Cavabdeh borcunu qaytarmasını, Cavabdeh isə ona borcununun olmadığını bildirmişdir.

37. Birinci instansiya məhkəməsindəki icraat zamanı iş üzrə məhkəmə kompütertexniki ekspertizası təyin edilmiş, təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin “Tədqiqi hissəsin”nin 1-ci bəndində göstərilən səbəblərə görə “WhatsApp” proqram təminatında qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən “WhatsApp” mesajlaşma sisteminin yenilənmiş son versiyasında göndərilən və qəbul edilən mesajların redaktə olunması üçün texniki imkan olmadığından mesaj göndərən və ya qəbul edən şəxsin “WhatsApp” mesajlaşma sistemi və ya proqram təminatı ilə mesajları redaktə etməsi mümkün deyil. “WhatsApp” proqram təminatına dair məlumat bazasının (server) informasiya təhlükəsizliyinə müdaxilə edilərək və ya xüsusi vasitələr (proqram təminatlarına müdaxiləni və dəyişiklikləri təmin edən proqramm arxivləri) istifadə olunaraq kiberhücumlarla hakerlər tərəfindən proqram üzərində hər hansı bir müdaxilənin və redaktələrin mesajlar üzərində edilməsi halları ola bilər.

38. Beləliklə həm birinci instansiya məhkəməsindəki icraat zamanı, həm də məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzildə standart təmirdən əlavə təmir işləri görülmüş və bu təmir işləri iddiaçının vəsaiti hesabına aparılmışdır. Həmçinin cavabdeh özü də birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi izahatında iddiaçının öz vəsaiti hesabına mənzildə müəyyən təmir işlərini aparmasını təkzib etməmişdir. Cavabdeh görülmüş təmir işlərinin dəyərini sonradan iddiaçıya ödəməli olduğu halda, bunu etməmişdir.

39. Məhkəmə kollegiyası tərəfindən mənzilin təmirinə çəkilmiş xərclərin ümumi dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3884 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda inşa edilmiş 19E saylı evin, 21 saylı mənzildə əlavə təmir işlərinin görüldüyü, görülmüş əlavə təmir işlərinin usta haqqı da daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 5665 (beş min altı yüz altmış beş) manat məbləğində olduğu müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, İddiaçı Cavabdeh ilə evin təmirinə dair aralarında razılığa gəldikləri və bu məqsədlə iddiaçının öz vəsaiti hesabına təmir işlərinə 5665 (beş min altı yüz altmış beş) manat pul vəsaitini xərcləməsi təsdiqini tapmışdır.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara məcmu halda hüquqi qiymət verməmişdir.

42. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib, apellyasiya şikayətinin dəlillərini onun qismən təmin edilməsi üçün əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qismən dəyişdirilməsini qanunamüvafiq hesab edir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-311/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilsin. Cavabdeh 5665 (beş min altı yüz altmış beş) manat pul alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 130 (bir yüz otuz) manat pul müştərək qaydada tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar