Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-566/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 2(021)-320/2023 nömrəli mülki iş üzrə qəbul etdiyi 06 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı(bundan sonra- iddiaçı) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən, birgə mülkiyyətində olan 5,02 ha pay torpaq sahəsinin ona düşən hissəsində payının müəyyən edilməsi, naturada ayrılması, sahiblik və istifadə hüququnun təmin edilməsi və Cavabdeh1 4416 manat (əldən çıxmış fayda) pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(021)-320/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən verilmiş JN-267 KOD 61000078 nömrəli “Torpağa mülkiyyət hüquna dair” dövlət aktı ilə Cavabdeh1, X3, X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 5,02 ha torpaq sahəsindən iddiaçı X1 payına düşən 1/9 hissənin naturada ayrılaraq İddiaçı naturada tanıdılması və həmin sahənin ayrılaraq iddiaçının sahiblik və istifadəsinə verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı payına düşən 1/9 hissə pay torpaq sahəsindən çıxarılmaları, TEKUİS məlumat bazasına əsasən JN-267 KOD 61000078 nömrəli “Torpağa mülkiyyət hüquna dair” dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsi 2 hissədən ibarətdir olduğundan bölünmə suvarma istiqamətləri və bölgü layihəsi nəzərə alınmaqla həyata keçirilməsi qət edilmişdir. İddiaçı həmin qətnaməyə “düzəliş edilməsi” barədə ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 5,02 ha torpaq sahəsindən İddiaçı payına düşən 1/9 hissə ölçüdə torpağın qütblərinin (şimal, cənub və s.) və sərhədlərinin dəqiq müəyyən edilməsinə dair düzəliş edilməsini xahiş etmişdir. İddiaçı “qətnaməyə düzəliş edilməsi” barədə ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-320/2023 nömrəli icra sənədi üzrə torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün torpağın qütbləri(şimal, cənub və s.) və sərhədləri qətnamədə dəqiq öz əksini tapmalıdır. Bu səbəbdən mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasında və naturada ayrılıb ona tanıdılmasında çətinlik yaranır. Ərizəyə baxmış Bərdə Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Bərdə Rayon Məhkəməsi şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bərdə Rayon Məhkəməsi “qətnaməyə düzəliş edilməsindən” imtina barədə mövqeyini onunla əsaslandırmışdır ki, qətnamədə yanlışlığa yol verilməmiş, bu səbəbdən də qətnamədə düzəliş edilməsi üçün heç bir əsas mövcud deyildir. Qətnamə çıxarılarkən işdə olan mütəxəssis rəyinə istinad edilmişdir ki, orada torpağın qütbləri (şimal, cənub) üzrə naturada bölgünün aparılması ilə bağlı heç bir qeyd yoxdur. Şikayət “qətnaməyə düzəliş edilməsi” barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər(maddə 228.2). Məhkəmə qeyd edir ki, MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İş materailları ilə müəyyən edilir ki, iddiaçı cavabdehlər ilə birgə mülkiyyətində olan 5,02 ha torpaq sahəsinin payına münasibətdə naturada ayrılmasını məhkəmədən xahiş etmiş və Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının tələbi qismən təmin edilmiş, iddiaçının payına düşən 1/9 hissə torpaq sahəsinin naturada ayrılması və iddiaçıya tanıdılması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Həmin qətnaməyə izah verilməsi barədə icra məmurunun ərizəsinə baxan Bərdə Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərardadı ilə sözügedən qətnaməyə izah verilmiş və torpaq sahəsinin plan və ölçüsündə nəzərdə tutulmuş koordinatlar daxilində mütəxəssis rəyinə uyğun aparılması izah edilmişdir. Məhkəmə qeyd edir ki, qətnamədə buraxılmış yanlışlıq dedikdə qətnamədə buraxılmış səhvlər nəzərdə tutulur. Həmin səhvlər adların, tarixlərin, rəqəmlərin və ya digər məlumatların yazılışında buraxılmış səhvlər, hesablama səhvləri, dil və ifadə səhvləri şəklində yarana bilər ki, düzəliş edilməsi xahiş edilən qətnamədə belə səhvlər müəyyən olunmur. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar qətnaməyə izah verilməsi üçün əsas ola bilər. Belə olan halda hesab edilməlidir ki, Bərdə Rayon Məhkəməsi “qətnaməyə düzəliş edilməsindən” imtina barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-566/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-566/2025
10.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver